Yeni uğurlara atılan imza

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Heydər Əliyev Mərkəzində bu il sentyabrın 14-də əsrin müqaviləsi imzalandı. Bu saziş təkcə Azərbaycanın sosial-iqtisadi həyatında deyil, beynəlxalq səviyyədə regionun və dünyanın diqqətini çəkən əhəmiyyətli hadisə kimi dəyərləndirilməkdədir.

Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinliklərində yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş saziş mahiyyət etibarı ilə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ilin 20 sentyabrında imzalanmış “Əsrin müqaviləsi”nin davamı olsa da, ölkəmiz üçün daha əlverişli şərtləri özündə ehtiva edən tarixi sənəddir. Bu saziş Prezident
İlham Əliyevin siyasi dühasının, gərgin və fədakar əməyinin bəhrəsi olaraq Azərbaycan xalqına töhfəsidir.

...Allah hər bir xalqa müəyyən sərvət bəxş etmişdir: kimisinə okean və dənizləri, kimisinə yamyaşıl meşələri və uca dağları, kimisinə göz işlədikcə uzanan əkin və örüş yerləri, kimisinə faydalı sərvətləri. Görünür, Azərbaycan xalqı ulu Yaradan yanında məqamı ucadır ki, bu torpağa hər şeyi bəxş etmişdir. Altı da, üstü də zəngin olan Azərbaycanımızın ən qiymətli sərvətlərindən biri, heç şübhəsiz ki, Abşeron yarımadasının və Xəzər dənizinin zəngin neft və qaz yataqlarıdır. Təsadüfi deyildir ki, dünyada nefti həm də “qara qızıl” adlandırırlar. Xoşbəxt o xalqdır ki, onların “qara qızıl” ehtiyatlarını səmərəli şəkildə istifadə edərək, millətin ağ gününə yönəldirlər.

Azərbaycan dünyada ən qədim neft dövləti kimi tanınır. Tarixi faktdır ki, neftin sənaye üsulu ilə çıxarılması 170 il bundan öncə ilk dəfə Bakıda həyata keçirilmişdir. İlk dəfə dənizdən neftin çıxarılması da ötən əsrin 40-cı illərində Bakıda baş vermiş və dünyada dənizdən neft çıxarma ənənəsi Azərbaycan təcrübəsi altında formalaşmışdır.

Neftin Azərbaycan xalqının taleyində tarixi rolunu vurğulayan ümummilli lider Heydər Əliyev deyirdi: “Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün əsas amildir.”

Azərbaycan nefti II Dünya müharibəsində sovet ordusunun tarixi qələbəsində böyük rol oynamışdır. Həmin dövrdə hərbi texnikanın 80 faizi, hərbi təyyarələrin isə 100 faizi Bakı nefti ilə işləyirdi.

Neftin milli sərvət olaraq tam, bütövlüklə milli maraqlarımıza xidmət etməsi isə Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ümummilli lider Heydər Əliyevin böyük nüfuzu, gərgin əməyi və uzaqgörən siyasəti sayəsində mümkün olmuşdur. Ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın siyasi, dövlətçilik, sosial-iqtisadi həyatında çox mühüm rol oynadı. Bu müqavilədə Azərbaycanın payı az olmasına baxmayaraq, həmin dövrdə bu şərtlər ölkəni böhrandan çıxarmaq üçün dövlət maraqlarımıza uyğun idi. Həmin müqavilədən ötən 23 il ərzində ölkəmizdə 436 milyon ton neft hasil edilmiş və Azərbaycan 125 milyard manat mənfəət əldə etmişdir. Məhz bu gəlirlərin nəticəsində ölkə iqtisadiyyatı böhrandan və tənəzzüldən xilas olmuş, dövlətçilik möhkəmlənmiş, 2003-cü ildən başlayaraq isə respublikamız özünün intibah mərhələsinə qədəm qoymuşdur.

Neft gəlirlərinin qeyri-neft sektoruna və sosial sahəyə yönəldilməsi sayəsində ölkə regionlarının inkişafı təmin edilmiş, 1,6 milyondan çox yeni iş yerləri açılmış, işsizlik 40 faizdən 5 faizə enmiş, yoxsulluq səviyyəsi 49 faizdən 5,1 faizə düşmüşdür. Ölkə üzrə orta aylıq əmək haqqı, yaşayış minimumu, pensiya və müavinətlərin məbləği dəfələrlə yüksəlmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”nin ölkəmizin sosial həyatında oynadığı mühüm rolu yüksək qiymətləndirərək demişdir: “Bu gün bizim abadlaşan bölgələrimiz, inkişaf edən ölkə, Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən biridir, tikdiyimiz
3 mindən artıq məktəb, 600-dən çox xəstəxana, bölgələrdə tikdiyimiz 50-dən çox olimpiya mərkəzi, inşa etdiyimiz 11 min kilometrdən çox yollar, enerji infrastrukturumuz, iqtisadi inkişafımız, iqtisadiyyatın şaxələndirilməsi – bütün bunların təməlində neftdən əldə edilən gəlirlərdən səmərəli istifadə etmə imkanlarımız dayanır.

Biz bu illərdə Dövlət Neft Fondundan məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün böyük vəsait ayırdıq və 250 min köçkünü 100-ə yaxın yeni salınan qəsəbədə gözəl evlərlə, mənzillərlə təmin etdik. Bu proses davam edir.”

Müstəqilliyinin 26-cı ilini yaşayan ölkəmiz bu illər ərzində tarixi inkişaf yolu keçmiş, qüdrətlənmiş, beynəlxalq aləmdə nüfuzlu dövlət, etibarlı tərəfdaş kimi tanınmışdır. İstər daxili siyasətdə, istər beynəlxalq münasibətlər müstəvisində böyük uğurlara imza atmış Azərbaycanımızın tərəqqisində “Əsrin müqaviləsi”nin tarixi rolu danılmazdır.

Bu ilin 14 sentyabr tarixində imzalanan yeni sazişin şərtlərinin Azərbaycan üçün daha əlverişli olmasının əsas səbəbi də məhz, bu illər ərzində dövlətimizin öz ayaqları üstündə möhkəm dayanması, güclü, qüdrətli olmasıdır. Əgər 1994-cü ildə dünya neft gücləri daha çox diktə edən, prosesləri nəzarət altında saxlayan tərəf kimi çıxış edirdisə, bu gün mənzərə tamamilə fərqlidir. Bu gün diktə edən tərəf Azərbaycandır! Əgər 1994-cü il müqaviləsində Azərbaycanın iştirak payı 11,6 faiz idisə, bu gün biz neft gəlirlərinin 25 faizinə sahib tərəfik. İndiki müqavilədə Azərbaycana veriləcək bonus əvvəlkindən qat-qat çoxdur – 3,6 milyard dollar həcmindədir.

Yeni sazişin ölkəmizin və xalqımızın taleyində çox əhəmiyyətli rolu olacaqdır:

– Ən azı XXI əsrin ikinci yarısına qədər Azərbaycanın ictimai-sosial sabitliyi təmin olunacaq, sosial-iqtisadi yüksəlişimiz ölkəmizin yeni intibah dövrünə qədəm qoymasını şərtləndirəcəkdir.

– Azərbaycan beynəlxalq aləmdə öz siyasi mövqeyini daha da gücləndirmək imkanı əldə edəcək, dünya neft bazarında mühüm oyunçuya çevriləcək, etibarlı tərəfdaş imicini qoruyub saxlayacaqdır.

– Beynəlxalq tərəfdaşların sayının çoxalması Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında daha geniş platforma əldə etməyə və problemin beynəlxalq normalara uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsində mühüm rol oynayacaqdır.

 – ARDNŞ-in bu kontrakt əsasında yataqların işlənməsində podratçı şirkət kimi çıxış etməsi ölkəmizin müasir neft sənayesi sahəsində nüfuzunun yüksəlməsindən xəbər verir və Azərbaycanın istehsal etdiyi neftçıxarma alət və avadanlıqlarına dünya bazarında tələbatı artıracaqdır.

– Yeni sazişin imzalanması bir daha onu göstərir ki, yaxın 30 ildə Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycan əsas söz sahiblərindən biri olacaqdır.

– Milli Ordumuz öz döyüş qüdrətini daha da artıracaq, ən müasir silahlarla təchizat güclənəcək, dünyanın yüksək döyüş qabiliyyətli ordularından biri kimi torpaqlarımızın işğaldan tam azad edilməsinin təminatçısına çevriləcəkdir.

– Qeyri-neft sektorunun inkişafı davam edəcək, neft kapitalının insan kapitalına çevrilməsi əhalimizin həyat keyfiyyətini daha da yüksəldəcəkdir.

 – Əhalinin sosial rifahı yüksələcək, maaşlar, pensiyalar, müavinətlər və digər sosial ödəmələr dəfələrlə artacaq, ölkəmiz inkişaf etmiş sosial dövlətə çevriləcəkdir.

– Azərbaycan təkcə Cənubi Qafqazda deyil, bütövlükdə Xəzər dənizi– Qara dəniz regionunda nüfuzlu dövlətə çevriləcək, böyük transmilli layihələrin əsas iştirakçısı olacaqdır.

– 2003-2013-cü illərdə öz inkişafının “Qızıl onluğu”nu yaşamış ölkəmiz yaxın illərdə öz intibahının yeni dövrünə qədəm qoyacaqdır.

Yeni neft sazişinin xalqımıza bəxş edəcəyi mənfəətlərin siyahısını daha da uzatmaq olar. Lakin məsələnin əsas məğzi ondan ibarətdir ki, bu saziş Azərbaycan dövlətinin ən böyük uğurlarından biridir.

Bu sazişin hazırlanması və imzalanması cənab Prezident İlham Əliyevin fədakar əməyinin, uğurlu siyasət kursunun nəticəsi, doğma xalqına məhəbbətinin ifadəsidir. Məhz cənab Prezidentin rəhbərliyi altında respublikamız 2003-cü ildən bəri olduqca sürətli inkişaf yolu keçmiş, beynəlxalq siyasət, iqtisadiyyat, mədəniyyət, idman, sosial həyatımızın bütün başqa sahələrində tarixi uğura imza atmış, ölkəmiz kosmos dövlətinə çevrilmişdir.

Azərbaycan xalqı, eləcə də bütün dünya ictimaiyyəti tam əmindir ki, Prezident İlham Əliyevin siyasi kursu ölkəni yeni inkişaf üfüqlərinə doğru cəsarətlə aparır, alternativi olmayan bu siyasət neçə onilliklər ərzində  uğurla davam edəcəkdir.

Musa QULİYEV,
Milli Məclisin deputatı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında