Azərbaycanın neft-qaz sənayesi özünün yüksəliş dövrünü yaşayır

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Bu gün bizim abadlaşan bölgələrimiz, inkişaf edən ölkə, Bakı şəhəri, – dünyanın ən gözəl şəhərlərindən biridir,- tikdiyimiz 3 mindən artıq məktəb, 600-dən çox xəstəxana, bölgələrdə tikdiyimiz 50-dən çox Olimpiya mərkəzi, inşa etdiyimiz 11 min kilometrdən çox yollar, enerji infrastrukturumuz, iqtisadi inkişafımız, iqtisadiyyatın şaxələndirilməsi–bütün bunların təməlində neftdən əldə edilən gəlirlərdən səmərəli istifadə etmə imkanlarımız dayanır.   

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Getdikcə daha da qüdrətlənən, sosial-iqtisadi yüksəliş tempinə görə dünyanın aparıcı dövlətləri ilə bir sırada dayanan, tarix üçün çox qısa müddətdə beynəlxalq  birliyin nüfuzlu üzvünə çevrilən  Azərbaycan Respublikası hazırda öz qədim tarixinin ən şərəfli dövrlərindən birini yaşayır. Ölkədə abadlıq – quruculuq işləri genişlənir, şəhərlər, kəndlər simasını dəyişir, sosial infrastruktur layihələri müvəffəqiyyətlə həyata keçirilir. Uğurla gerçəkləşdirilən iqtisadi islahatların bəhrələri xalqımızın gündəlik həyatında, məişətində, maddi rifahında hiss olunur. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən enerji strategiyası bu intibahın etibarlı təməlini təşkil edir.

Azərbaycanın həyati əhəmiyyət daşıyan bütün  istiqamətlər üzrə dinamik inkişaf yolunda inamla irəliləyən suveren və demokratik bir respublikaya çevrilməsi, milli maraqlarını yüksək səviyyədə təmin etməklə, beynəlxalq nüfuzunu möhkəmləndirməsi məhz həmin strateji kursun uğurlu nəticəsidir. Mahiyyət etibarı ilə müstəqil Azərbaycan dövlətinin uzunmüddətli inkişaf və tərəqqi konsepsiyası olan bu strategiyanın tarixi əhəmiyyəti zaman keçdikcə daha aydın görünür, Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi, “neft strategiyası Azərbaycanda sənayenin bir çox başqa sahələrinin yaranmasına və inkişaf etməsinə əsas yaradır”.

1994-cü il sentyabrın 20-də Bakıda dünyanın aparıcı neft şirkətləri ilə müasir tariximizə “Əsrin müqaviləsi” adı ilə əbədi həkk olunan “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və  hasilatın pay bölgüsü haqqında” saziş imzalandı və ötən müddətdə epoxal önəm daşıdığını təsdiqlədi. Əsrlərdən bəri qədim neft diyarı kimi tanınan ölkəmizin şanlı ənənələrinə əsaslanan bu müqavilə dünya dövlətlərinin nəzərini bir daha Azərbaycana cəlb etdi, neft sənayesinin beşiyi hesab olunan  ölkəmizin tarixi şöhrətini yenidən özünə qaytardı.

XX əsrin əvvəllərindən başlayaraq, Bakı karbohidrogenlərin hasilatı, emalı və nəqli sahələrində çoxsaylı yeniliklərin generasiya mərkəzi olmuşdu: sənaye üsulu ilə ilk neft quyuları məhz burada qazılmış, “qara qızıl”ın tankerlərlə, dəmir yolu ilə, boru kəmərləri ilə daşınması, emal olunması, sahildə, açıq dənizdə, Xəzərin dərinsulu hissələrində yataqların kəşfi  və istismar edilməsi tarixi burada başlamışdı. Amma bu da həqiqət idi ki, XX əsrin sonlarına qədər Azərbaycan xalqı heç zaman öz təbii sərvətlərinin sahibi olmamış, neftin və qazın gətirdiyi mənfəətdən tam şəkildə faydalana bilməmişdi. 1990-cı illərin əvvəllərində, kritik bir dönəmdə ümummilli liderin rəhbərliyi altında xalqımız faktiki olaraq qeyri-mümkün görünən ağır bir vəzifənin öhdəsindən gəlmək üçün əzmkarlıq göstərirdi. Ətrafını bürümüş güclü əleyhdarlarının maraqlarına rəğmən, Azərbaycan- Xəzərin dərinsulu hissələrində hələ sovet dövründə kəşf edilmiş yataqlarda istismara başlamaq, Qərbin nüfuzlu  neft şirkətləri ilə milli mənafelərə söykənən səmərəli əməkdaşlıq qurmaq, bölgəyə müasir texnologiyalar, yeni nəsil avadanlıqlar, ən əsası isə yeni istehsalat münasibətləri gətirmək xətti götürmüşdü.

Dövlət müstəqilliyini yenicə bərpa edən, xarici təcavüzlə, daxili iqtisadi-siyasi böhranla üz-üzə qalan gənc bir respublika adıçəkilən sazişin müddəalarını gerçəkləşdirə biləcəkdimi? Dünya birliyi bu suala cavab tapmaq istəyi ilə “Əsrin müqaviləsi”nin icrasını   maraqla izləyirdi. Həm də ona görə ki, XX əsrin bu möhtəşəm qlobal enerji layihəsinə  start verilməsi təkcə Azərbaycan üçün deyil, Qərb dövlətləri, habelə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üçün strateji əhəmiyyət daşıyan bir hadisə, ümumdünya neft sənayesi tarixində yeni bir mərhələnin başlanğıcı idi.

Öz liderinə dərin inam, sonsuz sevgi və sədaqət bəsləyən Azərbaycan xalqı bütün çətinliklərə sinə gərərək, onun strateji kursunu son qələbəyədək aparmaq naminə  bütün fədakarlıqlara hazır olduğunu dünyaya nümayiş etdirdi. Nəticə etibarı ilə qoca tarix XX əsrdə bəşəriyyətin yetirdiyi ən böyük siyasi liderlərdən olan Heydər Əliyevin dərin zəkası, müdriklik və uzaqgörənliyi, çevik geosiyasi manevr məharəti, zəngin idarəçilik təcrübəsi sayəsində qeyri-mümkün görünən vəzifələrin reallığa çevrilməsi kimi nadir bir fenomenlə yenidən, özü də o zaman dünya siyasətinin periferiyası hesab olunan Azərbaycanda qarşılaşdı. “Əsrin müqaviləsi” gözlənilən və gözlənilməyən  maneələrə rəğmən, uğurla reallaşdı və ölkənin  sosial-iqtisadi yüksəlişinin təməl daşı oldu. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, “Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Yeni neft strategiyamız ölkəmizin suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil dövlət olduğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu  dünyaya bir daha nümayiş etdirir”.

Azərbaycanın sürətli inkişafına yönəlmiş bu hərtərəfli strateji kurs sonrakı illərdə möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildi. Respublikamız dünyada alternativ karbohidrogen mənbəyi, transmilli neft-qaz şirkətlərinin etibarlı tərəfdaşı, qlobal enerji təhlükəsizliyi sistemində əvəzolunmaz yeri olan bir ölkə kimi tanındı. Dünya iqtisadiyyatına sürətlə inteqrasiya olunan respublikamız enerji daşıyıcılarının beynəlxalq bazarlara nəql edilməsi istiqamətində möhtəşəm layihələr həyata keçirdi. Xəzər hövzəsi ölkələri ilə Qərbin enerji korporasiyaları  arasında əməkdaşlığın başlanğıcını qoymuş “Əsrin müqaviləsi” çərçivəsində qazanılan nailiyyətlər xarici neft və qaz şirkətlərinin Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarına marağını daha da artırdı.

Hazırda quruda və dənizdə yerləşən əməliyyat sahələrində 17 layihə üzrə imzalanmış Hasilatın Pay Bölgüsü sazişi uğurla həyata keçirilməkdədir. Xarici tərəfdaşlarla yaradılmış 35 birgə müəssisə, 6 alyans, müxtəlif ölkələrdə çoxsaylı törəmə şirkətlər müasir neft və qaz sənayesinin, demək olar ki, bütün sahələrini əhatə edir. Ölkə iqtisadiyyatının, xüsusən sənayenin, o cümlədən neft sektorunun şaxələndirilməsi, beynəlxalq standartlara uyğun yenidən qurulması, innovativ texnologiyalarla təchiz olunması, yeni idarəçilik metodlarının mənimsənilməsi üçün geniş imkanlar yaranmışdır. Xarici neft şirkətləri ilə birlikdə axtarış-kəşfiyyat, qazma, tikinti və hasilat üzrə böyük iş həcmi görülmüş və uğurlu nəticələr alınmışdır. Nəhəng “Şahdəniz” qaz-kondensat  yatağı, orta səviyyəli “Əşrəfi” və “Qarabağ” yataqları aşkar edilmiş, “Abşeron” və “Ümid” yataqlarının işlənilməsinə başlanılmışdır.

“Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda ilk neftin alındığı 1997-ci ildən 20 il keçir. Ötən müddətdə həyata keçirilən kompleks tədbirlər hasilatın sürətli templərlə inkişafına güclü təkan vermişdir. Ölkə üzrə neft hasilatı 1997-ci ildəki 9 milyon tondan 2010-cu ildə 50,4 milyon  tona çatdırılmış, son illərdə 42-43 milyon  ton səviyyəsində stabilləşdirilmişdir. Xüsusi vurğulamaq lazımdır ki, indiyədək ölkəmizdə 1 milyard 971 milyon ton neft çıxarılmışdır. Yaxın aylarda isə biz Azərbaycanda neft hasilatının 2 milyard  tona çatacağını gözləyirik.

Hazırda hasil edilən karbohidrogenlərin əsas hissəsi “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan və “Şahdəniz” yatağından əldə olunur. AÇG yatağının “Əsrin müqaviləsi” çərçivəsində işlənməsi Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçirilən ən böyük neft layihəsidir. Yatağın ilkin geoloji neft ehtiyatları 16,6 milyard barel (təqribən 2,26 milyard ton) həcmində dəyərləndirilir. İşlənmənin əvvəlindən indiyədək layihə üzrə 436  milyon ton neft, 136,3 milyard kubmetr qaz hasil edilmişdir. Artıq neçə illərdir ki, AÇG layihəsi mənfəətlə işləyir, Azərbaycanın payına düşən mənfəət neftinin həcmi ilbəil artır. İndiyədək Azərbaycan 244,8 milyon ton həcmində mənfəət nefti qazanmışdır. Ölkəmiz bu layihənin işlənilməsindən 125 milyard  ABŞ dollarından artıq birbaşa mənfəət əldə etmişdir. Layihə çərçivəsində çıxarılan səmt qazının əvəzsiz olaraq SOCAR-a verilməsi də iqtisadiyyatımız üçün mühüm töhfədir. İndiyədək AÇG yataqlar blokundan SOCAR-ın qaz təchizat sisteminə 30 milyard  kubmetrdən artıq, bu ilin yanvar-avqust aylarında isə 2,2 milyard  kubmetr səmt qazı verilmişdir. 

AÇG yataqları bu gün də neft-qaz ehtiyatları ilə kifayət qədər zəngindir. Azərbaycan dövləti neft hasilatının sabit davam etdirilməsinin vacibliyini nəzərə alaraq, bu layihə üzrə yeni Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) imzalanması üçün tərəfdaşlarla müzakirələr aparmış və “Neftçilər Günü” ərəfəsində AÇG layihəsi üzrə sazişin 2050-ci ilədək uzadılmasını nəzərdə tutan yeni müqavilə imzalanmışdır.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  imzalanma mərasimindəki çıxışında Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarımızın genişləndirilməsi üçün yeni sazişin çox böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırmışdır.  Sazişə əsasən,  SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən  25 faizə qaldırılacaq və xarici investorlar tərəfindən Azərbaycan Dövlət Neft Fonduna  3,6 milyard ABŞ dolları həcmində bonus ödəniləcəkdir.

Növbəti 32 il müddətində AÇG-yə 40 milyard  ABŞ dolları həcmində sərmayə qoyulması nəzərdə tutulur. Eyni zamanda, SOCAR-ın AzAÇG şirkəti podratçı qismində kontraktın icrasında iştirak edəcək, Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz  təşkil edəcəkdir. Yeni sazişə əsasən, AÇG layihəsində tərəfdaşların iştirak payları bu nisbətdə olacaq: BP – 30,37 faiz; AzAÇG (SOCAR) – 25 faiz; Chevron- 9,57 faiz; INPEX- 9,31 faiz; Statoil – 7,27 faiz; ExxonMobil- 6,79 faiz; TPAO – 5,73 faiz; ITOCHU – 3,65 faiz və ONGC Videsh Limited (OVL) – 2,31 faiz. 

İmzalanma mərasimində bildirilmişdir ki, yeni müqavilənin daha əlverişli şərtlərlə imzalanması Azərbaycanın və onun Dövlət Neft Şirkətinin bu gün daha zəngin maliyyə və texnoloji imkanlarını əks etdirir, habelə tərəfdaş şirkətlərin konstruktiv mövqeyinin göstəricisidir. Yeni müqavilənin, hələ əvvəlki müqavilənin müddəti tam bitməmiş, cari ildən qüvvəyə minməsi nəzərdə tutulur. Bununla da layihədən ölkəmizin qazandığı mənfəət daha da artırılır ki, bu da yeni müqavilənin iqtisadi cəhətdən səmərəli olduğunu göstərir. Digər tərəfdən, yeni müqavilənin 32 il müddətinə imzalanması, xarici tərəfdaşlarımızın Azərbaycan dövlətinə və SOCAR-a olan etimadını növbəti dəfə nümayiş etdirir.

Hasilat göstəricilərindən danışarkən, SOCAR-ın öz müəssisələrində çıxarılan məhsulun bu həcmlərin əhəmiyyətli hissəsini təşkil etdiyi qeyd olunmalıdır.  Ötən il ölkə üzrə hasil olunan 41 milyon ton neftin 7,5 milyon tonu, 29,4 milyard kubmetr qazın isə 6,3 milyard kubmetri, habelə bu ilin 8 ayında  çıxarılmış 25,6 milyon ton neftin 5 milyon tonu, 18,7 milyard kubmetr qazın isə 4 milyard kubmetri SOCAR tərəfindən hasil edilmişdir. Yeni quyuların qazılması neft-qaz hasilatını yüksəltmək üçün ən etibarlı üsul olaraq qalır. Odur ki, qazmada müsbət dinamika əldə edilməsi şirkətin prioritet fəaliyyət istiqamətlərindəndir. Bu ilin 8 ayında SOCAR üzrə 93646 metr qazma işi görülmüş və 52 quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilmişdir. “Ümid”, “Günəşli”, “Çilov”, “Neft Daşları”, “Darvin bankası”, “Bulla-dəniz”, “Qərbi Abşeron”, quruda yerləşən “Qaradağ”, “Pirallahı”, “Səadan”  yataqlarında  qazma işləri uğurla davam etdirilir. Bu il, ümumiyyətlə, 148 min metrə yaxın qazma işinin aparılması və 93 yeni quyunun istismara daxil edilməsi nəzərdə tutulur. Qazma prosesində yeni texnologiyalardan istifadə edilməsi günün tələbi olduğu kimi, köhnəlmiş qazma qurğularının yeniləşdirilməsi də daim diqqət mərkəzindədir. 2012-2016-cı illərdə 9 müasir qazma qurğusunun müəssisələrin istifadəsinə verilməsi axtarış-kəşfiyyat qazma işləri zamanı keyfiyyətin yüksəlməsinə səbəb olmuşdur. Bu proses qarşıdakı illərdə də davam etdiriləcəkdir.  

Xəzər akvatoriyasında neft-qaz əməliyyatlarının genişlənməsi yeni nəsil üzən qazma qurğularının tikilməsini zərurətə çevirmişdir. Cari ilin mayında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimi keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edərək, ölkənin sənaye potensialının daha da möhkəmləndirilməsində mühüm rol oynayacaq bu qurğunun yerli mütəxəssislər tərəfindən inşa olunmasını yüksək qiymətləndirdi. Tədbirdə bildirildi ki, öz texnoloji keyfiyyətləri və qazma xüsusiyyətlərinə görə unikal olan  qurğu qazma əməliyyatları üçün ən müasir avadanlıqla, o cümlədən, böyük həcmli avtomatik idarəetmə sistemi ilə təchiz edilib. Dənizdə suyun 1000 metr dərinliyə qədər hissələrində  12,2 min metrədək qazma əməliyyatları həyata keçirə bilən qurğunun istismara buraxılması ilə dərinsulu yataqlarda qazma işlərini intensivləşdirməyə, yeni strukturlarda kəşfiyyat axtarışına başlamağa imkan  yaranacaqdır. Azərbaycanın 6-cı nəsil ilk üzən yarımdalma qazma qurğusu işlərin indikindən 4 dəfə daha sürətlə aparılmasını təmin edəcəkdir.

İstismarın intensivləşdirilməsi məqsədilə köhnə quyularda mühüm təmir-bərpa işləri aparılmışdır. Sentyabrın 1-nə olan məlumata əsasən, “Azneft” İstehsalat Birliyinin neft-qazçıxarma idarələrində   həyata keçirilmiş 3524 geoloji və texniki tədbir nəticəsində 211,6 min ton əlavə neft hasil edilmişdir. Bu ildən başlayaraq SOCAR-ın işlədiyi bir neçə yataqda Yaponiyanın “ITOCHU” şirkəti ilə birgə neftvermə əmsalını artıran yeni təsir üsullarının tətbiqi istiqamətində tədqiqatlar aparılmış, alınan nəticələrə əsasən, ilkin layihənin başlanılması üçün Pirallahı yatağı seçilmişdir. Yeni üsullar əvvəlcə yatağın kiçik bir sahəsində sınaqdan keçiriləcək, iqtisadi səmərəlilik amili qiymətləndirildikdən sonra isə layihənin tam miqyaslı tətbiqinə baxılacaqdır.

Xəzərin Azərbaycan sektoru, demək olar ki, bütünlüklə ikiölçülü və üçölçülü dəqiq seysmik kəşfiyyat işləri ilə əhatə olunmuş, “AÇG” yataqlar blokunda isə dördölçülü və dördkomponentli modifikasiyalarda tədqiqatlar aparılmışdır. Ümumiyyətlə, 1994-2017-ci illərdə SOCAR istər xarici şirkətlərlə birlikdə, istərsə də müstəqil olaraq dənizdə və quruda 30-dan çox sahədə axtarış-kəşfiyyat qazmasını yerinə yetirmişdir. SOCAR ilə BP şirkəti arasında imzalanmış sazişlər çərçivəsində 2015-2016-cı illərdə Abşeron yarımadasının dayazsulu hissəsində perspektivli strukturların axtarışı məqsədilə  ikiölçülü, üçölçülü seysmik tədqiqat işləri yerinə yetirilmişdir. Əldə edilmiş məlumatlar interpretasiya mərhələsindədir. Orta və Cənubi Xəzər hövzələrinin sərhəddindəki (D-230) sahələrdə də seysmik işlərin aparılmasına hazırlıq görülür.  BP tərəfindən “Şəfəq-Asiman” strukturunda aparılan 3D seysmik kəşfiyyat işləri başa çatdırılmışdır. Kəşfiyyatın nəticələri strukturda qaz yığımına malik böyük bir yatağın olmasını ehtimal etməyə imkan verir. Tezliklə orada ilk kəşfiyyat qazmasının həyata keçirilməsi nəzərdə tutulur. Sonra “Zəfər-Məşəl” və “Naxçıvan” strukturlarında işlərə başlanılacaq. Gələn ilin ikinci yarısında isə “Babək”dən kəşfiyyat qazmasına başlanılması planlaşdırılır. “Qarabağ” yatağında da bizi böyük iş həcmi gözləyir. Burada artıq  mühəndis-axtarış işləri başa çatdırılmış, özülün yeri müəyyən edilmişdir. Hazırda layihənin texniki-iqtisadi qiymətləndirilməsi aparılır. Burada  ilk məhsulun alınması 2021-ci ilə gözlənilir.

SOCAR tərəfindən 2016-2017-ci illərdə aparılmış seysmik işlər nəticəsində “Bulla-dəniz” yatağının və “Qoşadaş” strukturunun tektonik quruluşu dəqiqləşdirilmiş, neftli-qazlı kollektorların yayılma arealı müəyyən edilmişdir. Hazırda Bakı arxipelaqının şimal-qərb hissəsində də neftlilik-qazlılıq perspektivinin qiymətləndirilməsi məqsədilə “Səngəçal-dəniz – Duvannı-dəniz – Xərə – Zirə” yatağında 2D seysmik tədqiqatları davam etdirilir.

“Hövsan” yatağında qazılmış axtarış quyusunda sınaq-mənimsəmə işləri zamanı üst Miosen çöküntülərindən sənaye əhəmiyyətli qaz və kondensat alınması yarımadada axtarış-kəşfiyyat işlərinin genişləndirilməsi üçün əlavə stimul yaratmışdır. Geoloji – kəşfiyyat işləri ölkəmizdə karbohidrogen resurslarının səmərəli işlənilməsinin rəhnidir və qarşıdakı dövrdə bu istiqamətdə fəaliyyətimizi daha da genişləndirəcəyik.

Bütün dünyada təbii qaza tələbatın artdığı müasir dövrdə qaz hasilatının yüksəldilməsi də qarşımızda duran əsas vəzifələrdəndir. Son illər ərzində Azərbaycanda qaz hasilatı  artaraq ildə 29 milyard   kubmetr səviyyəsini ötmüşdür. Neft ölkəsi  kimi hələ qədim zamanlardan dünyada məşhur olan Azərbaycan “Şahdəniz” yatağının uğurla işlənilməsi nəticəsində qısa müddətdə dünya bazarında həm də alternativ təbii qaz mənbəyi kimi tanınmışdır. İndiyədək “Şahdəniz” yatağından təxminən 85 milyard kubmetr qaz, 21,2 milyon ton kondensat, ötən il isə 10,7 milyard kubmetr qaz və 2,5 milyon ton kondensat çıxarılmışdır. İstismar dövrünün başlandığı 2006-cı ildən bu il sentyabrın 1-dək bu yataqda hasil olunan 83 milyard kubmetr  qaz və 21 milyon ton kondensat yerli və xarici bazarlara nəql edilmişdir. Hazırda “Şahdəniz” yatağında 8 quyudan sutkada orta hesabla 30 milyon kubmetr qaz və 7 min ton kondensat çıxarılır.

Qarşıda bizi ümumi ehtiyatları 1,2 trilyon kubmetr qaz, 240 milyon tondan artıq kondensat həcmində qiymətləndirilən “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi gözləyir. “Şahdəniz-2” çərçivəsində hazırkı illik hasilata daha 16 milyard kubmetr qaz əlavə olunacaq, bu həcmin ildə 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya–Yunanıstan, Bolqarıstan və İtaliyaya tədarük ediləcəkdir. Layihə üzrə ilk qazın 2018-ci ilin sonlarında Türkiyəyə çatdırılması nəzərdə tutulur. Bu məqsədlə bir-birinə körpü ilə birləşdirilən iki yeni yaşayış və hasilat platformasının, suyun 550 metrədək dərinliyində quraşdırılacaq 500 kilometr  uzunluğunda sualtı boru kəmərlərinin inşası, iki yarımdalma qazma qurğusundan 26 sualtı quyunun qazılması və Səngəçal terminalının genişləndirilməsi işləri həyata keçirilir. Hazırda həmin quyulardan 13-ü qazılaraq konservasiya olunmuşdur, 1 quyuda isə qazma işləri davam etdirilir. Layihə üzrə işlərin ümumilikdə 96  faizdən çoxu icra edilmişdir.

“Şahdəniz-2” layihəsi çərçivəsində əldə etdiyimiz uğurlardan biri də “Xankəndi” sualtı tikinti gəmisinin inşası oldu. “Neftçilər Günü” ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə gəminin təqdimat mərasimi keçirildi. Bakı gəmiqayırma zavodunda BP şirkətinin sifarişi ilə inşa edilən “Xankəndi” gəmisi DNV GL Norveç və Almaniya təsnifat cəmiyyətinin nəzarəti altında tikilmişdir. Dalğalı şəraitdə normal fəaliyyət göstərməsi üçün dinamik mövqeləndirmə sistemi, 600 metrədək sualtı əməliyyatlar aparmaq üçün 900 tonluq əsas kranı, 18 nəfərlik iki dalğıc kapsulu sistemi, digər zəruri avadanlıqlarla təchiz edilən və hazırda Xəzərdəki neft-qaz donanmasının ən müasir gəmisi–“Xankəndi” məxsusi olaraq suyun dərinliyi 550 metrədək olan hissələrində dünya standartlarına uyğun sualtı qurğular inşa etmək üçün layihələndirilmişdir. Gəmi Bakı gəmiqayırma zavodunda icra olunan ən mühüm sifariş kimi SOCAR üçün böyük önəm daşıyır. Ən böyük səhmdarı olduğumuz zavod bu gəmini ərsəyə gətirməklə Xəzər dənizi hövzəsinin gəmiçilik tarixində yeni eranın başlanğıcını qoymuşdur.  Onun inşası Azərbaycanın iqtisadi və sənaye potensialının möhkəmlənməsinin yeni bir təzahürüdür. Gəmi 2017-2027-ci illərdə “Şahdəniz-2” layihəsi çərçivəsində sualtı quraşdırma işlərində istifadə ediləcəkdir.

Yaxın və orta perspektivdə qaz hasilatının artırılması məqsədilə SOCAR xarici tərəfdaşları ilə birlikdə “Ümid”, “Abşeron” və digər yataqlarda məqsədyönlü işlər aparır. “Ümid” yatağı "Şahdəniz"dən sonra Xəzərin milli sektorunda kəşf edilən ilk yeni qaz yatağıdır. Hesablamalar göstərir ki,  yatağın karbohidrogen ehtiyatları 200 milyard kubmetr qaz, 40 milyon ton kondensat həcmindədir.

Yataqda 3 istismar quyusu qazılaraq işlənilməyə verilmiş, indiyədək 1486,6 milyon kubmetrə qədər qaz və 237,4 min tonadək kondensat hasil edilmişdir. Ötən il qazılmış 14 nömrəli istismar quyusundan alınan müsbət nəticə yatağın şimal-qərb hissəsində yeni platformaların quraşdırılmasına əsas verir.

Hazırda 16 nömrəli   kəşfiyyat quyusunda qazma davam edir. Yatağın genişmiqyaslı istismarını həyata keçirmək üçün 10 quyuluq yeni özülün qurulması  planlaşdırılır. Geoloji tədqiqatlar bu yatağın yaxınlıqda yerləşən “Babək” strukturuna bağlı olduğunu göstərmişdir. “Ümid” yatağı və “Babək” strukturunun birgə işlənilməsinin effektiv təşkili üzrə saziş imzalanmışdır. 2018-ci ildə “Babək” strukturunda kəşfiyyat işlərinin başlanılmasına hazırlıq görülür.

Xəzərin Azərbaycan sektorunda nəhəng qaz-kondensat mənbələrindən olan “Abşeron” yatağında Fransanın “Total” şirkəti ilə birlikdə müvəffəqiyyətlə çalışırıq. Yatağın işlənmə layihəsi üzrə inkişaf proqramının cari ildə başa çatdırılması və yekun investisiya qərarının verilməsi məqsədilə hazırlıq işləri sona çatmaq üzrədir. Qazma işlərinin yaxın zamanlarda Heydər Əliyev adına üzən qazma qurğusu vasitəsi ilə başlanılması planlaşdırılır. Proqnozlara əsasən, ilk quyu 2019-cu ildə sutkalıq  4  milyon kubmetr qaz hasilatı ilə istismara verilməlidir. Həmin il “Abşeron” yatağından ilk faza çərçivəsində 1,5 milyard kubmetr, 2022-2023-cü illərdə isə ikinci faza üzrə 5 milyard kubmetr təbii qazın hasil edilməsi gözlənilir.

Qaz hasilatının artırılmasında SOCAR-ın müstəqil surətdə işlədiyi yataqlarda aparılan tədbirlər də mühüm rol oynamışdır. Son illər “Bulla-dəniz” yatağında qazılmış 90, 124 və 125 nömrəli quyulardan alınan nəticələr məhsuldar qatın alt şöbələrində perspektivliyin böyük olduğunu təsdiq etmişdir. Yatağın II tektonik blokunda 123 nömrəli istismar quyusunda qazma işləri başa çatdırılmışdır və mənimsəmə işləri başlanmaq üzrədir. Həyata keçirilən layihəyə əsasən 2016-2025-ci illərdə “Bulla-dəniz” yatağında 5 yeni özülün quraşdırılması və ümumilikdə 26 quyunun qazılması nəzərdə tutulur.

Ölkədə hasil olunan neftin və qazın dünya bazarlarına çıxarılması məqsədi ilə şaxələndirilmiş boru kəmərləri sisteminin yaradılması və müvəffəqiyyətlə istismar olunması Azərbaycan neft sənayesinin şəksiz üstünlüklərindəndir. Hazırda karbohidrogen ehtiyatlarımız 7 müxtəlif neft və qaz ixrac kəməri vasitəsilə nəql edilir. Bakı-Novorossiysk, Bakı-Supsa neft kəmərləri ilə birlikdə bütün Avrasiya regionunda unikallığı ilə seçilən BTC əsas ixrac neft kəməri artıq neçə ildir ki, qlobal enerji təhlükəsizliyinin vacib elementlərindən biri kimi uğurla istismar edilir. İstifadəyə veriləndən indiyə qədər bu kəmər vasitəsi ilə 339,6 milyon ton Azərbaycan nefti nəql olunmuşdur. Zaman keçdikcə kəmərin əhəmiyyəti daha da artır. BTC ilə Türkmənistan və Qazaxıstanda hasil olunan neft həcmləri də dünya bazarlarına nəql edilir. Bu da Azərbaycanın enerji strategiyasının bütün regionun makroiqtisadi yüksəlişində əhəmiyyətli rol oynadığına daha bir nümunədir.

Hazırda biz Avropanın ən iri infrastruktur layihəsini–“Cənub” qaz dəhlizi layihəsini həyata keçiririk. Bu, “Şahdəniz-2” və sonrakı layihələrimiz çərçivəsində Azərbaycanda çıxarılacaq böyük təbii qaz həcmlərinin Aİ  ölkələrinə daşınması məqsədilə yaradılan nəhəng infrastruktur zənciridir. “Cənub” qaz dəhlizi layihəsi çox sayda müxtəlif maraqlı tərəfləri və 3500 kilometrlik geniş bir coğrafiyanı əhatə edir. Təsadüfi deyil ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu möhtəşəm layihəni “21-ci əsrin layihəsi” adlandırmışdır.  

Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəmərinin (TAP) inşası layihələri təməli 2014-cü ildə  qoyulmuş “Cənub” qaz dəhlizi zəncirinin həlqələrini təşkil edir.  Bu dəhliz ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək. Dəhlizin boru kəməri sistemi elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchizi üçün ötürücülük gücü ikiqat artırıla bilər. Bu möhtəşəm layihə üzrə işlərin təsdiq olunmuş qrafikə uyğun həyata keçirilməsi ən böyük nailiyyətlərimizdən sayılmalıdır.

Azərbaycan və Gürcüstan əraziləri boyunca CQBK-nin genişləndirilməsi üzrə işlərin 90 faizi artıq yerinə yetirilib. Hazırda bu kəmərlə “Şahdəniz” qazı Gürcüstan və Türkiyəyə nəql olunur. Genişləndirmə işləri çərçivəsində faktiki olaraq hazırkı kəmərə paralel yeni bir boru xətti və infrastruktur  inşa olunur. Gürcüstan ərazisində tikinti işləri artıq tamamlanmışdır. Layihə başa çatdıqdan sonra kəmərin ümumi ötürücülük gücü ildə 23 milyard  kubmetrə çatdırılacaqdır.

Azərbaycan və Türkiyə prezidentlərinin təşəbbüsü ilə “Cənub” qaz dəhlizinin birləşdirici həlqəsi kimi həyata vəsiqə almış TANAP “Şahdəniz” qazını 1850 kilometrlik bir məsafədə nəql edəcəkdir. Kəmərin ilkin ötürücülük gücü ildə 16 milyard kubmetr həcmində planlaşdırılır. Sonradan bu həcmin 31 milyarda qədər artırılması imkanları da nəzərə alınmışdır. Boru kəmərinin Əskişəhərə qədər olan hissəsi 2018-ci ilin ortasında, Yunanıstan sərhədinə qədər olan hissəsi isə 2019-cu ildə istismara veriləcək. TANAP layihəsi üzrə işlərin 82 faizi  yerinə yetirilmişdir. 

TANAP Türkiyə–Yunanıstan sərhədində dəhlizin son seqmenti olan TAP ilə birləşəcəkdir. TAP kəməri qazın Yunanıstan və Albaniya ərazilərinə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Azərbaycan qazının bu kəmər vasitəsilə Avropaya çatdırılması 2020-ci ilə planlaşdırılır. Uzunluğu 878 kilometr olacaq boru kəmərinin ilkin ötürücülük gücü ildə 10 milyard kubmetr, potensial ötürmə qabiliyyəti isə ildə 20 milyard kubmetr həcmində nəzərdə tutulur. Hazırda Yunanıstanda və Albaniyada boru kəmərinin tikintisi üzrə işlər uğurla davam etdirilir. Layihə üzrə bütün əsas müqavilələrin imzalanması yekunlaşmış, ümumi iş həcminin yarıdan çoxu görülmüşdür.

Xarici tərəfdaşlarımızla birgə fəaliyyət prosesində qazanılmış texnoloji üstünlüklər iştirak etdiyimiz regional və qlobal əhəmiyyətli layihələrdə şirkətimizin mövqelərini möhkəmləndirmişdir. Möhtərəm Prezidentimiz İlham Əliyev hər zaman SOCAR-ın xarici tərəfdaşlarla, xüsusilə BP ilə  əməkdaşlığını yüksək qiymətləndirmişdir. Həm investor, həm də kontraktor şirkətləri ilə əməkdaşlığımız sağlam təməllər və qarşılıqlı faydalı maraqlar üzərində qurulmuşdur. “AÇG” üzrə yeni sazişin imzalanma mərasimində möhtərəm Prezidentimiz İlham Əliyevin dediyi kimi, “Azərbaycan aparıcı xarici neft, enerji şirkətləri ilə çox uğurlu əməkdaşlıq formatı yaratmışdır. Bu, bizə böyük faydalar gətirib. Əlbəttə ki, xarici tərəfdaşlar da bu layihələrin icrası nəticəsində böyük mənfəət əldə ediblər. Bu, o hadisələrdəndir ki, burada hər iki tərəf qalib gəlir”. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AÇG yataqları üzrə yeni sazişin imzalanması mərasimində demişdir: “Bizim kifayət qədər böyük valyuta ehtiyatlarımız var, iqtisadiyyat dinamik şəkildə inkişaf edir, iqtisadi şaxələndirmə, neft-qaz amilindən asılılığın azaldılması istiqamətində çox önəmli addımlar atılmışdır və ölkəmizin gələcək inkişafı üçün nə siyasi, nə iqtisadi, nə hər hansı bir başqa maneə və ya problem yoxdur. Azərbaycan bundan sonra ancaq uğurla inkişaf edəcək... Biz bu gün müstəqil siyasət aparan ölkələrdənik. Biz heç kimdən asılı deyilik, öz taleyimiz öz əlimizdədir və müstəqil siyasət aparmaq imkanlarımız, ilk növbədə, iqtisadi imkanlarımızdan qaynaqlanır. Bu imkanları da bizə “Əsrin kontraktı” yaratdı”. Möhtərəm Prezidentimizin tövsiyəsinə uyğun olaraq, ölkəmizdə neft kapitalının insan kapitalına transformasiyası davamlı olaraq həyata keçirilir. SOCAR ölkə daxilində və xaricdə başladığı çoxsaylı investisiya layihələrini qarşıdakı illərdə də inamla davam etdirmək, daha böyük uğurlar  qazanmaq məqsədi ilə müasir biliklərə yiyələnmiş, daha çevik və yaradıcı düşüncəli, perspektivli kadrların hazırlanması sahəsində icra etdiyi proqramlarla gənclərimiz arasında böyük rəğbət qazanmışdır.

Dövlətimiz və onun müdrik rəhbəri, möhtərəm Prezidentimiz İlham Əliyev cənabları daim neftçi əməyinə yüksək dəyər verir, neft-qaz sənayesinin inkişaf və yüksəlişi, neftçilərin həyat şəraitinin yaxşılaşması üçün önəmli addımlar atır. AÇG layihəsi üzrə yeni müqavilənin imzalanması mərasimində də cənab Prezident iqtisadi uğurlarımızın əldə edilməsində Azərbaycan neftçilərinin zəhmətini xüsusi qeyd etdi, şirkətimiz haqqında xoş sözlər söylədi. Hər il olduğu kimi bu il də sərəncamlar imzalayaraq, neftçilərin peşə bayramı ərəfəsində onların böyük bir qrupunu dövlətimizin ali mükafatları ilə təltif etdi. Neftçi əməyinə göstərdiyi böyük diqqət və qayğıya görə dövlətimizin müdrik başçısına dərin və sonsuz minnətdarlığımızı bildirir, onu əmin edirəm ki, SOCAR-ın əməkçiləri möhtərəm Prezidentimizin çıxışlarını özlərinə fəaliyyət proqramı hesab edirlər. Cənab Prezident qarşıdakı illər üçün başlıca hədəflərimizi dəqiq müəyyənləşdirmişdir və çoxminli neftçilər ordusu həmişə olduğu kimi, göstərilən hədəflərə doğru inam və qətiyyətlə  irəliləyəcək, Vətənimizin qüdrətinin daha da möhkəmlənməsi naminə yeni-yeni qələbələrə imza atacaqlar.  

Rövnəq ABDULLAYEV,
SOCAR-ın prezidenti, Milli Məclisin deputatı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında