Dünən ölkəmizin həyatında əlamətdar və tarixi bir gün yaşanıb. Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilib və yenidən tərtib olunan sazişin imzalanması mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış edərək bildirib ki, imzalanacaq kontraktın ölkəmiz üçün çox böyük əhəmiyyəti var. “Azəri-Çıraq-Günəşli” (AÇG) neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılır. Bu kontrakt Azərbaycan üçün daha da əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə imzalanan kontrakt da respublikamızın maraqlarını tam təmin edirdi. Bu dəfə isə daha da yaxşı şərtlərlə kontrakt imzalanır.
Dövlətimizin başçısı çıxışında sözügedən müqavilənin bir neçə əsas parametrini də diqqətə çatdırıb. Bildirib ki, kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək, SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək. Bundan başqa, kontrakta əsasən, SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək.
Prezident İlham Əliyev qeyd edib ki, müqavilənin əsas şərtləri göstərir ki, Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarının genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var.
Xatırladaq ki, 1994-cü il sentyabrın 20-də Bakıda “Gülüstan” sarayında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın 6 ölkəsinin 11 tanınmış neft şirkəti arasında “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” sazişin imzalanması müstəqil dövlətimizin qarşıya qoyduğu məqsədlərə doğru aparan böyük bir yolun başlanğıcı oldu. Bu saziş, eyni zamanda, təbii sərvətlər amilinin Azərbaycanın gələcək inkişafındakı rolu barədə ictimai düşüncədə dolaşan mücərrəd təsəvvürləri konkretləşdirdi, qarşıdakı istiqamətlərə aydınlıq gətirdi. “Əsrin müqaviləsi” ilə Azərbaycan özünün təbii sərvətlərinə sahib çıxmaq haqqını bütün dünyaya bəyan etdi, milli mənafelərimizi, iqtisadi və strateji maraqlarımızı qorumaq əzmini sərgilədi. Bu müqavilə dövlət müstəqilliyimizin mühüm təminatına çevrildi. “Azəri-Çıraq-Günəşli” yataqlarından hasilat isə 20 il əvvəl - 1997-ci ilin noyabr ayında başladı.
Təkcə Azərbaycan yox, Qərb dövlətləri, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üçün də böyük strateji əhəmiyyət daşıyan “Əsrin müqaviləsi” ilə dünyanın neft sənayesi tarixində yeni bir dönəm başlandı. Digər tərəfdən, bu müqavilə sonralar dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanmasına yol açaraq ilk növbədə Azərbaycan dövlətinin inkişafında və xalqımızın rifahının yüksəlməsində mühüm rol oynadı. “Əsrin müqaviləsi” Azərbaycanın bir dövlət kimi dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə əlverişli şərait yaratdı.
“Əsrin müqaviləsi”ndən sonra antiazərbaycan dairələr Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinə qarşı piara başladılar. Lakin bu, nəticəsiz qaldı və sözügedən kəmərin tikintisi qısa müddətdə reallaşdı.
Onu da deyək ki, adıçəkilən boru kəmərinin inşasının uğurla başa çatdırılması ümummilli lider Heydər Əliyevin siyasi xəttini böyük bacarıqla davam etdirən Prezident İlham Əliyevin qətiyyəti sayəsində mümkün oldu.
Prezident İlham Əliyev nitqində bütün bu məsələlərə toxunaraq bəyan edib ki, Azərbaycanın çox böyük enerji potensialı var: “Mən xatırlayıram, 1994-cü ildə “Əsrin kontraktı” imzalananda bizi istəməyən bəzi qüvvələr, həm ölkə daxilində, həm xarici qüvvələr deyirdilər ki, Azərbaycanda kifayət qədər neft yoxdur, “Azəri-Çıraq-Günəşli”də neft azdır. Heç bir neft kəmərinin tikintisinə ehtiyac yoxdur, çünki bu kəmər boş qalacaq… Burada hasilat 1997-ci ildən başlamışdır. İyirmi ildən sonra yeni kontrakt imzalanır ki, 2050-ci ilə qədər “Azəri-Çıraq-Günəşli”dən lazımi səviyyədə neft hasil ediləcək. Bu, həm o bədbin və qərəzli fikirlərə bir cavabdır, eyni zamanda, onu göstərir ki, ölkəmizin çox böyük enerji potensialı var”.
Dövlətimizin başçısı Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin imzalanması mərasimindəki çıxışında, həmçinin diqqətə çatdırıb ki, 23 il ərzində kontraktın icrası çox uğurlu olub. Bu illər ərzində “Azəri-Çıraq-Günəşli”dən 436 milyon ton neft hasil edilib: “Yaxşı xatırlayıram ki, 1994-cü ildə kontrakt imzalananda təxmin edilən neft ehtiyatları 511 milyon ton müəyyən olunmuşdu. Ancaq bugünkü məlumat, - əminəm ki, bu, son məlumat deyil, ehtiyatlar daha da artacaq, - onu göstərir ki, hələ də “Azəri-Çıraq-Günəşli”də hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatı vardır. Yenə də qeyd etmək istəyirəm ki, bu, ilkin hesablamalardır. Əminəm ki, kontraktın icrası müddətində bu rəqəm daha da artacaq”.
Azərbaycan Prezidenti nitqində sözügedən müqavilənin imzalanmasından ötən müddətdə respublikamızın sürətlə inkişaf etdiyini, ölkəmizin dünyada qüdrətli bir dövlət kimi tanındığını, beynəlxalq əlaqələrimizin getdikcə genişləndiyini xatırladıb. Bildirib ki, Azərbaycan beynəlxalq aləmdə çox yüksək və müsbət reputasiyaya layiq olan ölkədir. Təsadüfi deyil ki, bir neçə il bundan əvvəl 155 ölkə tərəfindən Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi də beynəlxalq aləmin respublikamıza olan rəğbət və dəstəyinin bariz ifadəsi idi.
Azərbaycan bu gün o ölkələrdəndir ki, öz hesabına yaşayır. Respublikamızın kifayət qədər böyük valyuta ehtiyatları var, iqtisadiyyat dinamik şəkildə inkişaf edir. Son illərdə iqtisadi şaxələndirmə, neft-qaz amilindən asılılığın azaldılması istiqamətlərində önəmli addımlar atılıb.
Prezident İlham Əliyev mərasimdə deyib: “Azərbaycan bundan sonra ancaq uğurla inkişaf edəcək, ölkəmizin böyük potensialı var. Son illər ərzində biz bu potensialı gücləndirmişik və bu potensialın inkişafında “Əsrin kontraktı”nın xüsusi rolu vardır. İndi təsəvvür etmək çətindir ki, əgər 1994-cü ildə “Əsrin kontraktı” imzalanmasaydı, biz hansı vəziyyətlə üzləşə bilərdik. Biz bu gün müstəqil siyasət aparan ölkələrdənik. Bunun təməlində bizim həm güclü siyasi iradəmiz və iqtisadi müstəqilliyimiz dayanır. Biz heç kimdən asılı deyilik, öz taleyimiz öz əlimizdədir və müstəqil siyasət aparmaq imkanlarımız, ilk növbədə, iqtisadi imkanlarımızdan qaynaqlanır. Bu imkanları da bizə “Əsrin kontraktı” yaratdı”.
Mərasimdə diqqətə çatdırılıb ki, “Azəri-Çıraq-Günəşli” neft yatağı üzrə kontrakt imzalanandan iki il sonra, 1996-cı ildə dünyanın ən böyük qaz yataqlarından biri olan “Şahdəniz” yatağı üzrə kontrakt da imzalanıb. Bu isə göstərir ki, Azərbaycan həm də zəngin qaz mənbələrinə malikdir.
Yeri gəlmişkən, “Şahdəniz” həm də Azərbaycan qazını Avropaya nəql edəcək 3500 kilometrlik “Cənub” qaz dəhlizinin əsas ehtiyat mənbəyidir. Lakin “Şahdəniz” Xəzərdə tək deyil. Yaxın gələcəkdə bir sıra digər perspektivli yataqlardan da hasilata başlanacaq.
Bu yaxınlarda “Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimində Prezident İlham Əliyev bununla bağlı demişdir: “Şahdəniz”in minimum qaz ehtiyatı 1,2 trilyon kubmetrdir. Bu, dünyanın ən böyük qaz yataqlarından biridir. Ümumilikdə isə qaz ehtiyatlarımız 2,6 trilyon kubmetrdir. Yəni, Azərbaycan bundan sonra ən azı 100 il ərzində özünü və bir çox ölkələri təbii qazla təmin edəcək”.
“Şahdəniz” sahildən təxminən 75 kilometr cənubda yerləşən nəhəng yataqdır. Nəhəngliyi onunla sübut olunur ki, bu yatağın ehtiyatlarını iki mərhələdə işləmək lazım gəlib. Mütəxəssislərin dediklərinə görə, hətta “Şahdəniz-3”ün də olacağı istisna deyil.
“Şahdəniz-1”dən 11 ildir qaz hasil olunur. 2006-cı ilin sonlarından başlayaraq mavi yanacaq Cənubi Qafqaz Boru Kəməri (CQBK) vasitəsilə Azərbaycana və Gürcüstana, 2007-ci ildən isə bu kəmərə birləşən 280 kilometrlik xətlə Ərzurumadək (bütövlükdə Bakı-Tbilisi-Ərzurum kəməri) çatdırılır.
Artıq “Şahdəniz-2” layihəsi üzrə quruda və dənizdə aparılan işlərin 96 faizi tamamlanıb. Genişləndirilən CQBK “Şahdəniz-2”nin ilk qazını Gürcüstan-Türkiyə sərhədinə çatdıracaq. Türkiyə ərazisində isə qazı 1900 kilometrlik TANAP (Transanadolu Qaz Boru Kəməri) nəql edəcək. 2020-ci ildən Azərbaycan qazı TAP (Transadriatik Qaz Boru Kəməri) vasitəsilə Avropa ölkələrinə də ixrac edilməyə başlayacaq.
“Əsrin kontraktı” Azərbaycana indiyədək olduğu kimi, neftdən gələn gəlirləri qeyri-neft sektoruna yönəltmək imkanı verəcək. Bununla da respublikamız bir çox neft hasil edən ölkələrdən fərqli olaraq nefti insan kapitalına çevirə bilən dövlət imicini qoruyub saxlayacaq. Çünki Prezident İlham Əliyevin dediyi kimi, “neft həm xeyir, həm də başağrısı, problem gətirə bilər. Biz bilirik ki, dünyada neft üstündə əvvəlki dövrlərdə də, hazırda da mübarizələr, münaqişələr gedir, qan axıdılır. Neft hasilatı hələ o demək deyil ki, ölkələr çiçəklənəcək, orada inkişaf olacaq. Neftlə zəngin olan bir çox ölkələrdə bu gün müşahidə edilən mənzərə bunun əksini deyir. Ona görə, bizim əsas vəzifəmiz ondan ibarət idi ki, neft gəlirlərini insan kapitalına çevirək və hər bir Azərbaycan vətəndaşı bu müsbət dəyişikliyi görsün”.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.