İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu sığorta sahəsinin mühüm bir hadisəsi kimi dəyərləndirilə bilər. Qanunun məqsədi, əhəmiyyəti və sığortaya olan münasibətin formalaşmasında rolu haqda oxuculuarımızı maraqlandıran sualları "Atəşgah Həyat" sığorta şirkətinin idarə heyətin sədrinin müavini İntiqam Hüseynov cavablandırır.
-İntiqam müəllim, sizin sığorta sahəsində zəngin təcrübəniz var. Bir peşəkar sığortaçı kimi bu qanun haqda nə deyə bilərsiniz?
-İlk növbədə onu qeyd edim ki, ümumiyyətlə, bu qanunun zəruriliyi müzakirə mövzusu ola bilməz. Qanunun əhəmiyyəti böyükdür. Bu çox mühüm bir hüquqi sənəddir. Belə düşünürəm ki, sosial yönümlü bütün qanunlar gərəklidir, o cümlədən də haqqında bəhs etdiyimiz "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu. Belə tədbirlər hamını, xüsusən də işəgötürənləri nizam-intizamlı olmağa sövq edir. Belə ki, istehsalat prosesində bir çox xoşagəlməz hallar - qanundan kənar işə cəlb edilmə, əmək müqavilələrinin olmaması geniş vüsət alıb. Bu şərtlərlə işə cəlb olunanlar müdafiəsiz olur. Bu baxımdan qanun çox aktualdır.
Vacib bir məsələni də nəzərinizə çatdırmaq istərdim. Çoxları, əsasən də elə işəgötürənlər özü, belə bir yanlış fikrə düşür ki, yeni qanun vergi siyasətinin bir hissəsidir. Mən deyərdim ki, bu, tamamilə səhv fikirdir. Bir məqamı unutmaq olmaz ki, qanun sosial yönümlüdür və belə olan təqdirdə heç zaman vergi məqsədi daşıya bilməz. Amma onun realizəsi və mənimsənilməsi məsələsi də başqa bir vacib tədbirdir.
-Sizcə, qanunun uğurlu icrası üçün nə etmək olar?
-Düşünürəm ki, qanunun düzgün və uğurlu icrası üçün ilk növbədə, peşəkar kadrlar olmalıdır. Bu həm sığorta şirkətlərinə, həm də dövlət orqanlarında çalışanlara aiddir. Birincilər qanunda nəzərdə tutulan əsas icraçılar, ikincilərsə, yerinə yetirilənləri analiz və monitorinq edənlərdir. Qanunla bağlı bütün fəaliyyət istiqamətləri elə qurulmalıdır ki, lazımi informasiya cəmiyyət tərəfindən düzgün formada mənimsənilsin. Əlbəttə ki, bu asan məsələ deyil. Çünki qanun yenidir. Azərbaycanda belə bir qanun ilk dəfə qəbul olunur. Çatışmamazlıqlar da olacaq. Bu təbii haldır. Amma yenə də qeyd edirəm ki, sığorta şirkətlərindən çox şey asılıdır. Onlar bu qanunun əsas icraçılarıdır. Sığorta şirkətlərinin kadr hazırlığı və işəgötürən təşkilatlara lazımi informasiyanı çatdırmaq bacarığından çox şey asılıdır.
Burada narazı tərəf ancaq işəgötürənlər ola bilər. Çünki onlar, adətən, əlavə vəsait xərcləmək istəyində olmur. Ona görə biz düzgün təşviqat işi aparmalıyıq ki, onlar bu tədbirlərin mühümlüyünü anlayıb özləri məsələyə başqa prizmadan yanaşa bilsinlər. İşəgötürəni hər dəfə cərimələr ilə hədələmək olmaz. Bu, əksinə, onun psixologiyasında vergi formasında köklənə bilər - "Əgər məcburi hal varsa və cəza tətbiq olunmursa deməli bu vergidir".
-İntiqam müəllim, bəs qanunu pozanlarla nə etməli?
-Bu qanundur. Ona riayət edənlər də olur, onu pozanlar da. Düzdür, bütün qanunların icrası zamanı, təbii ki, pozuntulara görə inzibati cəza tədbirləri həyata keçirilir. Bu da təbiidir, olmalıdır. Çünki bu, həm də qanunun bir hissəsidir. Əgər parlament tərəfindən qanun qəbul olunub və Prezident tərəfindən imzalanıbsa, o zaman hamı istisnasız olaraq, ona riayət etməlidir. Pozuntu varsa, onun cəzası da olmalıdır. Amma bu sığortayla bağlı bir hissə deyil. Biz başqa yolla getməliyik. Müştərilərimizi - işəgötürənləri düzgün başa salmalıyıq ki, qanun nə məqsəd daşıyır və hansı nəticələr ola bilər.
İşəgötürənlər üçün yeni məhsulun faydası izah olunmalıdır. Çünki bəziləri elə fikirləşir ki, işəgötürənin burada heç bir marağı yoxdur. Bu qətiyyən belə deyil. Məsələn, hər hansı bir işçi ilə bədbəxt hadisə baş verərsə, işəgötürən plandan kənar əlavə xərclər çəkməli olur. Bu onun büdcəsinə ziyan vurur. Amma yeni qanundan sonra xərclər artıq planlaşdırılmış olur və onların maddi məsuliyyəti azalır. Təbliğat işini məhz bu istiqamətdə aparmaq lazımdır.
-Sizcə, bu qanununu icrası ilə bağlı nəzarət mexanizmi necə qurulmalıdır?
-Bu sual daha çox qanunun düzgün icrası ilə bağlı nəzarət işini aparacaq orqanlara ünvanlanmalıdır. Əlbəttə ki, qanun və qaydalar eyni olaraq, hamı tərəfdən icra edilmir. Onu pozanlar da olur. Belələrinə qarşı təbii ki, cərimələr tətbiq olunacaq. Müəyyən müddət keçdikdən sonra isə artıq qanunları pozanlar da olmayacaq. Çünki özünə hörmət edən təşkilat rəhbəri heç zaman qanunu pozmaz.
Nəzarət mexanizminin qurulmasına gəldikdə, mən bu məsələ ilə bağlı dövlət orqanlarına göstəriş vermək istəməzdim. Artıq indidən çox şirkətlər bizə müraciət edib bu haqda müəyyən məsləhətlər istəyir. Hətta regionlardan məsləhət istəyənlər olur. Bu qanunun əsas üstünlüyü ondadır ki, burada bütün məqamlar konkret qeyd edilib - sığorta olunanlar, sığorta edənlər və nəzarət məsələləri, onların qarşılıqlı fəaliyyəti. Bu sığortaçıların işini xeyli yüngülləşdirir. Əgər haradasa zəif bir bağlantı olsa bütün proses uğursuzluğa düçar ola bilər. Yeni qanunda hər şey aydındır və mənim fikrimcə, o, işlək olacaq.
-"Atəşgah Həyat" sığorta şirkəti yeni məhsulu təqdim etməyə hazırdırmı?
-Mən digər sığorta şirkətlərinin imkanlarını kiçiltmək istəməzdim, amma bizim şirkət 2000-ci ildən başlayaraq, həyat sığortası sahəsində peşəkar kadrlar hazırlayıb. "Atəşgah" Sığorta şirkətinin bir çox əməkdaşları Almaniyanın dünyaca məşhur "Munich Re" şirkətində təcrübə keçmişlər. "Atəşgah Həyat" əməkdaşlarının peşəkarlığına şübhəm yoxdu. Bu qanun qəbul edilən gündən etibarən "Atəşgah Həyat" sığorta şirkətində bu sahədə ciddi hazırlıqlara başlanılmışdır. Elə bunun nəticəsidir ki, bizim şirkət yeni qanunla tələb olunan icbari sığorta müqavilələrini bağlamağa keçən ilin sonunda başlamış və çox qısa zaman çərçivəsində yüzlərlə icbari sığorta müqaviləsi bağlamağa müəssər olmuşdur.
-Rəqabət burada özünü necə biruzə verə bilər?
-Burada rəqabət ancaq cəldliklə ölçülə bilər. Kim cəld hərəkət edəcək, o da qazanacaq. Çünki şirkətlər özləri sığortaçılara müraciət etməyəcək. Çox güman ki, proses əksinə baş verəcək.
-Qanunun tətbiqi Azərbaycan sığorta bazarına nə verəcək?
-Məncə, sığorta bazarı böyüyəcək və sığorta yığımları çoxalacaq. Mənim fikrimcə, beş ildən sonra Azərbaycan sığorta bazarı məhz həyat sığortası sahəsində MDB məkanında birinci də olmasa, ikinci və üçüncü yeri mütləq tutacaq.
-Qanun cəmiyyət arasında sığortaya olan münasibəti yaxşı mənada dəyişə biləcəkmi?
-Məncə qanun deyil, onun düzgün çatdırılması sığortaya olan münasibəti yaxşı mənada dəyişə biləcək. Əgər biz buna müvəffəq ola bilsək, onda ictimai rəy yaxşı mənada dəyişəcək. Buna inanmaq lazımdır. Sığortaçı optimist olmalıdır. Bu sahədə elə insanlar çalışmalıdır ki, gələcəyə inamı olsun. Çünki sığorta uzunmüddətli prosesdir.
Sonda mən bütün sığorta şirkətlərinə yeni qanunun icrasında uğurlar arzulayardım. Onlara tövsiyəm odur ki, düzgün rəqabət aparsınlar. İş kifayət qədərdir. Hətta mən deyərdim ki, işin həcmli olması sığorta şirkətlərindən daha çox vaxt, səy və çalışqanlıq tələb edəcək.
{nl}
"Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.