Azərbaycan çayçılıq sahəsində yeni mərhələyə qədəm qoyur

Sudan sonra ən məşhur içki hansıdır? Əlbəttə ki, çay. Təsadüfi deyil ki, dünyada hər gün 3 milyard fincan müxtəlif növdə çayın içildiyi təxmin olunur. Buna görə də, çay sənayesinin sürətlə inkişaf etməsi və böyük gəlir gətirməsi heç kimdə şübhə doğurmur. Dünyaya özünü müxtəlif növ çay məhsulları ilə tanıtmış Azərbaycanda da çayçılıq sənayesinin inkişafında yeni mərhələyə qədəm qoymuşdur. Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafına yönəlmiş sosial-iqtisadi siyasəti nəticəsində digər sektorlarda müşahidə olunduğu kimi, çayçılıqda da tərəqqinin Azərbaycanda yeni gəlir mənbələrinin və iş yerlərinin yaranmasına öz töhfəsini verəcəyi şübhəsizdir.

Buna görə də, bu perspektivli sahədə hər il yeni kreativ ideyaların, dəbli tendensiyaların və mütərəqqi innovasiyaların peyda olması təsadüfi deyil. Bəs bu sahənin inkişaf proqnozu necədir? Cari ildə çay sənayesində hansı meyillər müşahidə olunacaq? Azərbaycan dünya çayçılıq sənayesində müşahidə olunan inkişaf tendensiyasından necə istifadə edə bilər? Bütün bu suallara qismən də olsa cavab vermək üçün “World of Tea” təşkilatının çayçılıq sənayesində çalışan məşhur şirkət rəhbərlərinə istinadən dərc etdiyi fikir və proqnozlara diqqət yetirmək lazımdır. “Rare Tea Company” şirkətinin sahibi Henrietta Lovell 2017-ci ildə sürət götürmüş tendensiyanın cari ilin sonunadək davam edəcəyini düşünür. Onun sözlərinə görə, istehlakçıları təkcə məhsulların dad xüsusiyyətləri deyil, həm də çayın harada yetişdirilməsi haqqında informasiya və çayı istehsal etmiş şirkət barədə ətraflı məlumatlar da maraqlandırır.

“Teacraft Ltd” şirkətinin direktoru Nigel Melikan isə hesab edir ki, 2017-ci il yaşıl çay ili olacaq. Onun sözlərinə görə, yaşıl çaya onun yetişdirildiyi ənənəvi ərazilərdən əlavə olaraq, Avstraliya, Kolumbiya və Havay sakinləri də maraq göstərirlər. N.Melikan düşünür ki, çay emalında qeyri-ənənəvi metodlardan istifadə də inkişaf edəcək. Şirkət direktoru “World of Tea” təşkilatına açıqlamasında dünya çay bazarının 2024-cü ildə 21 milyard dollara qədər artacağını deyərək, əlavə edir ki, 2016-cı ildə bu rəqəm 14,5 milyard olmuşdu. Göründüyü kimi, qarşıdakı illərdə çay sənayesinin genişlənəcəyi proqnozlaşdırılır. Bu isə o deməkdir ki, çay bazarında gəlir artacaq və bu da rəqabəti gücləndirəcək.

“Leaves & Flowers” şirkətinin həmtəsisçisi Emili Erb düşünür ki, hazırda insanlar çay istehlakını “sağlam qidalanma” məhsulu kimi gündəlik həyatlarına daxil etməyə çalışırlar. Məlumdur ki, çayın tərkibində böyük miqdarda antioksidant var və bitki cövhəri sağlamlıq üçün bir sıra üstünlüklərə malikdir. Buna kosmetik və detoks çayları nümunə göstərmək olar. “Flavor Dynamics Inc.” şirkətinin meneceri Volfqanq Bemerin sözlərinə görə, şokolad və karamel kimi təbii və ətirli çaylar dəbə minir. V.Bemer düşünür ki, buzlu ətirli çay özünün tərkibində papatya, çiyələk, şaftalı və ya manqo kimi meyvə kombinasiyalarını cəmləşdirir və bu tendensiya davam edəcək. “World of Tea” təşkilatının rəsmi saytının direktoru Jordan Hardin isə bitki çaylarının çeşidinin artacağını düşünür və əlavə edir ki, belə artım da bazarı zənginləşdirəcək. Onun sözlərinə görə, bitki çaylarından istifadə edənlərin sayı artır və son iki ildə yeni eksklüziv çay barlarının sayında da artım müşahidə olunur. Yəni çay mərasimlərinin keyfiyyətcə yeni üslubda təqdim olunması tendensiyası güclənir və getdikcə daha çox ölkəni əhatə edir.

Beləliklə, ümumi tendensiya aydındır – çay sənayesinin inkişaf etməsi üçün baza və stimul var. Bu isə o deməkdir ki, çay sənayesi qarşıdakı illərdə də sürətlə inkişaf edəcək və belə bir inkişaf da istehlakçı ölkələr arasında rəqabəti gücləndirəcək. Bu gün dünyanın ən böyük çay ixracatçısı olan Çin Xalq Respublikası çay bazarında təkanverici qüvvə kimi çıxış edir. Əlverişli iqlim Çində müxtəlif çay növlərinin yetişdirilməsinə imkan verir. Məhsulun plantasiyalardan toplama texnologiyaları və istehsalı da müxtəlifdir. Qeyd etmək yerinə düşər ki, son illər davamlı olaraq kənd təsərrüfatı sektorunu gücləndirən və müasirləşdirən Çin hökuməti kənd əhalisinin gəlirlərini artırmağa şərait yaradan siyasət yürüdür. Son 20 ildə bol məhsul və daxili tələbatın artması sayəsində Çin yaxın qonşusu Hindistanı qabaqlayaraq, hazırda dünya çay istehsalında 33 faiz paya malikdir. Bütün bunlara görə də, Çinin çay istehsalında lider mövqeyinə malik olması təəccüblə qarşılanmır.

Hindistanın çay ixracatına görə böyük qonşusu Çindən geri qalması rəsmi Mumbayı narahat edir. Əlbəttə, belə geriqalmanın iqtisadi səbəbləri var. Belə ki, bu gün Hindistanda çaya olan təklif tələbatdan çoxdur və buna görə də, çay istehsalı praktiki olaraq ixraca yönəlmişdir. Hindistanda əsasən qara çay yetişdirilir və belə çay da dadına görə fərqlənir. Lakin mütəxəssislərin sözlərinə görə, hind qara çayı ətrinə görə Çin çaylarına uduzur. Məşhur Seylon çayları isə dünya çay ixracatında təqribən 10 faiz paya malik olan Şri-Lankada yetişdirilir. Yüksək dağ plantasiyalarında yetişdirilən çay növləri ən qiymətli hesab olunur. Dəniz səviyyəsindən 2000 metr yüksəklikdə salınan plantasiyalarda yetişdirilən Seylon çayları bütün dünyada məşhurdur. Yaponiya, Keniya, İndoneziya və Vyetnam kimi ölkələr də dünya çay sənayesində iri satıcılar sayılır. Çay sənayesinin də inkişaf etməsi daha çox ölkəni çay bazarına daxil olmağa həvəsləndirir.

Lakin belə bir şəraitdə böyük çay ixracatçıları bazarı bölüşdürməkdə maraqlı görünmürlər. 2013-cü ildə Hindistanın, Keniyanın və Şri-Lankanın çay karteli yaratmaları bu sənayedə rəqabətin gücləndiyini bir daha təsdiqləmişdi. Bazara və qiymətlərə nəzarət etmək məqsədilə təsis edilmiş bu alyansın əsasən Çinlə Vyentamın ixracat potensialına qarşı yönəldiyini bildirirlər. Məlumdur ki, Hindistanın illik çay istehsalı 990 min ton təşkil edir. Qeyd etdiyimiz kimi, istehsal həcminə görə Hindistan illik çay istehsalı təqribən 1,5 milyon ton olan Çindən geri qalır. Mütəxəssislər belə bir yeni ittifaqın yaradılmasını bir fincan çaydan fərqli olaraq su şüşəsinə daha çox pul ödəməyə meyilli olan beynəlxalq iqtisadi ictimaiyyətə atılan çağırış kimi qiymətləndirmişdilər. Doğrudan da, dünya miqyasında bir şüşə suyun qiyməti orta hesabla 2,5 dollardır. Qərb ölkələrində 3,79 litr su hazırda 10 dollara bərabərdir. Bu, dünyada benzinə ödənilən qiymətdən təqribən 3 dollar çoxdur. Dünya üzrə bir kiloqram yüksək keyfiyyətli çayın qiyməti hazırda 3,9 dollara satılır. Çay qiymətlərinin bahalaşması Keniyada quraqlıq mövsümü ilə əlaqələndirilir. Hesablamalara görə, hər il dünyada 4 milyon tondan artıq çay istehlak edilir. Bu göstərici hər il artır. Sürətlə inkişaf etməkdə olan ölkələrdə gəlirlərin artması çay istehlakına öz təsirini göstərir və mütəxəssislər düşünürlər ki, çay istehlakı qarşıdakı illərdə daha da yüksələcək. Son hesablamalara görə, qarşıdakı 3 il ərzində Keniyada, Hindistanda, Şri-Lankada və Çində çay istehsalı təqribən 20-25 faiz artacaq.

Buna görə də ixracatçı ölkələr istehsalı artırmaqda maraqlıdır. Məsələn, qara çay bazarında böyük paya malik olan Keniya 2020-ci ilədək istehsalı 20 faiz artırmağı planlaşdırır. Bu Afrika ölkəsi yeni çay kolları əkməklə belə nəticə əldə etməyi düşünür. “Bloomberg” agentliyi xəbər verir ki, 3 ildən sonra Keniyada çay istehsalı 2017-ci ildə 500 min tonadək artacaq. Bu ilin yanvar ayından aprel ayınadək Keniyada çayın qiymətinin ötən illə müqayisədə 24 faiz bahalaşdığı bildirilir. Buna baxmayaraq, mütəxəssislər vurğulayırlar ki, çay Keniyaya xarici valyuta gətirən ikinci məhsuldur. Təsadüfi deyil ki, ötən il Keniya çay satışından 1,16 milyard dollar gəlir əldə etmişdi. Göründüyü kimi, heç də pis məbləğ deyil, keniyalılar bu mənfəəti əldən verməmək üçün bütün imkanları araşdırırlar. Amma bəzi faktorlar var ki, Keniya kimi ölkələrin gəlirlərinə təsir göstərə bilər. Məsələn, mütəxəssislər gələcəkdə çay bazarına Çində və Hindistanda ümumi istehlakın artan həcminin təsir göstərəcəyini düşünürlər. Proqnozlara görə, yaxın 10 ildə bu iki ölkədən çay ixracatı azalacaq. Buna görə də, Çin və Hindistanda çay istehsalı daxili tələbatın ödənilməsinə də yönələcək və bu da dünya bazarlarında çay yarpağının çatışmazlığına gətirib çıxara bilər. Bununla yanaşı, belə perspektivin çay sənayesində rəqabətin azalmasına gətirib çıxaracağı şübhə doğurur. Çünki böyük kapital dəyəri olan bazarda iştirak payının azalmasına imkan verilməyəcəyi düşünülür.

Məhz belə tendensiya fonunda Azərbaycan çayçılıq təsərrüfatı tərəqqi yoluna qədəm qoyur. Əlbəttə, Azərbaycanın çay istehsalında Hindistan və ya Çin kimi ölkələrə çatması yaxın illərin işi deyil. Bununla belə, bir zamanlar Azərbaycanda da çayçılıq əsas inkişaf etmiş sahə hesab olunurdu. İstehsal həcminə görə, ölkəmiz Qafqazda Gürcüstandan (Kolxida düzündə) sonra ikinci yeri tuturdu. Çay kolları əsasən Lənkəran, Astara, Masallı, qismən də Zaqatalada əkilirdi. Xatırladaq ki, ilk çay fabriki Lənkəranda 1937-ci ildə təsis olunmuşdu. Çayın kütləvi istehsalına da məhz bu fabrikin işə düşməsindən sonra başlanmışdı. Çox keçmədən 6 rayonun 63 təsərrüfatında 3413 hektardan çox çay plantasiyası salınmışdı. 14 çay emal edən, 2 çayçəkici və qablaşdırıcı fabrik fəaliyyətə başlamışdı. Keçmiş SSRİ dövründə 34 min ton çay yarpağının hazırlandığı məlumdur. Belə inkişafın nəticəsidir ki, Lənkəran çayı 1981-ci ildə Almaniyanın Leypsiq şəhərində keçirilən müsabiqədə “Azərbaycan buketi” mükafatına və qızıl medala layiq görülmüşdü.

Ancaq müstəqillik dövründə çay təsərrüfatında inkişaf meyilləri müşahidə olunsa da, istehsal səviyyəsi arzuolunan həddən hələlik uzaqdır. Hamıya məlumdur ki, çayçılıq ümummilli lider Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə geniş vüsət almışdı. Məhz 1970-82-ci illərdə ölkədə çayın həm maddi, həm də texniki bazası yaradılmışdı. Azərbaycan Prezidenti İlham Əliyev Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair keçirilən respublika müşavirəsində xatırlatmışdır ki, çayçılığın sürətli inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1970-ci ildə 8 min hektarda çay əkilirdisə, 1982-ci ildə təxminən 12 min hektarda çay əkilmiş və çayın istehsalı 26 min tona çatmışdı. O zaman yerli çay mütəxəssisləri hazırlanmış və hər il 10-12 nəfər xaricə təhsil almağa göndərilmişdi. Mütəxəssislər vurğulayırlar ki, sovetlər dövründə Azərbaycan özünü 70 faiz çayla təmin edirdi. Müasir statistik rəqəmlər indi bu rəqəmin azaldığını göstərir. Bundan başqa, sovetlər dövründə Azərbaycanda çayçılıq üçün yararlı torpaqların xəritələnməsi prosesi həyata keçirilmişdi. Nəticədə müəyyən edilmişdi ki, Lənkəran-Astara bölgəsində 23 min hektar çay əkini üçün istifadəyə yararlı torpaq var. O illərdə hökumətin “Çayçılığın inkişafına dair” məlum qərarı çıxmış, lakin SSRİ-nin dağılması Azərbaycanda çayçılığa da zərbə vurmuşdu.

Bu gün dövlət tərəfindən çayçılıq təsərrüfatına xüsusi diqqət ayrılır. Respublika müşavirəsində ölkə başçısı çıxışında Azərbaycanın çayçılığı itirmək ərəfəsində olduğunu vurğulamış və əlavə etmişdir ki, son illər ərzində bu sahəyə göstərilən xüsusi diqqət hesabına çayçılıq bərpa edilir. Prezident İlham Əliyev hələlik min hektarda çay plantasiyalarının əkildiyini demiş və bunun əvvəlki dövrlə müqayisədə çox aşağı olduğunu diqqətə çatdırmışdır. Bununla belə, ölkə başçısı çay plantasiyalarının tədricən bərpa ediləcəyini bildirmişdir. Yeni çay plantasiyalarının salınmasının əsas vəzifələrdən biri olduğunu qeyd edən Prezident İlham Əliyev xüsusi olaraq vurğulamışdır ki, bu prosesdə dövlət öz dəstəyini göstərməlidir, yerli icra orqanları fermerlərə dəstək verməlidirlər. Ölkə başçısı istifadəsiz qalan torpaq sahələrində, çayçılıq üçün münbit olan torpaqlarda plantasiyaların salınmasının zəruriliyinə toxunaraq bildirmişdir ki, çayçılığın inkişaf etdiyi dünyanın aparıcı ölkələrinin təcrübəsi də öyrənilməlidir. Prezident İlham Əliyev dünyanın ən qabaqcıl texnologiyalarının çayçılıq təsərrüfatında tətbiq edilməsinin vacib olduğunu diqqətə çatdırmış və əlavə etmişdir ki, ən qabaqcıl texnologiyaları tətbiq etməklə, məhsuldarlığı bir neçə dəfə artırmaq olar. “Bu, onu deməyə əsas verir ki, biz hətta məhdud olan torpaq sahələrində keyfiyyətli və böyük həcmdə çay istehsalına nail ola bilərik”,– deyən ölkə başçısı çayçılığın intensiv şəkildə inkişaf etdiriləcəyini bildirmişdir. Onun sözlərinə görə, ötən əsrin 80-ci illərindən fərqli olaraq, hazırda bu sahə üzrə kənd təsərrüfatı elmi inkişaf etmişdir və dünyanın ən qabaqcıl texnologiyaları Azərbaycanda tətbiq olunmalıdır.

Prezident İlham Əliyev respublika müşavirəsində tövsiyə və tapşırıqlarını vermişdir. İri çayçılıq və tingçilik təsərrüfatının yaradılmasını vurğulayan ölkə başçısı əlavə etmişdir ki, bu işlərin yerinə yetirilməsi üçün xüsusi texnika gətirilməlidir. Qarşıdakı illərdə xüsusilə çayçılıq, çəltikçilik və sitrusçuluq üçün də xüsusi texnikanın alınmasının vacib olduğunu diqqətə çatdırmışdır. 10 min yeni texnikanın gətirildiyini xatırladan ölkə başçısı xüsusi olaraq vurğulamışdır ki, çayçılıq təsərrüfatında görülən işlərin daha da sürətlənməsi üçün Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara güzəştli kreditlər verilməlidir. Bundan başqa, dövlət başçısı nəzərə çatdırmışdır ki, 2016-cı ildə Azərbaycana 12 min 600 ton çay idxal edilmişdir. Bununla yanaşı, ötən il 1110 ton çay ixrac edilmiş və ölkəyə 6 milyon 100 min dollar məbləğində valyuta daxil olmuşdur. İxrac-idxal balansının Azərbaycanın xeyrinə olmadığını vurğulayan Prezident diqqətə çatdırmışdır ki, respublikada yetişdirilən çay emal olunaraq ixrac edilməlidir.

Göründüyü kimi, Azərbaycan hökuməti də çayçılıq sənayesinin inkişafında maraqlıdır və bu sahənin həm valyuta gəlirlərinin artmasında, həm də yeni iş yerlərinin yaradılmasında rolunu yüksək qiymətləndirir. Ölkəmizdə bu təsərrüfat növünün inkişafı üçün böyük potensial var. Mütəxəssislərin fikrincə, çayçılıq üçün olduqca əlverişli olan Azərbaycanın cənub bölgəsinin bərəkətli torpaqlarında yetişdirilən çay yarpaqları öz tərkibindəki göstəricilərə görə yüksək səviyyədədir. Belə ki, Azərbaycan çayının tərkibində tanin, kofein və ekstratlı maddələr var. Xoş ətri və gözəl rəngi ilə insanların sevgisini qazanan Azərbaycan çayının dünya çay süfrəsində özünəməxsus yerini tutmaq şansı böyükdür. Şübhə yoxdur ki, Prezident İlham Əliyevin kənd təsərrüfatı sahəsinin inkişafına yönəlmiş son qanun və qərarları Azərbaycanda çayçılıq sənayesinin daha da inkişaf etdirilməsinə böyük təsiri olacaq.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında