Aqrar sektor inqilabi dönüş ərəfəsində

Bu gün ölkədə aparılan iqtisadi islahatlar Azərbaycan iqtisadiyyatının yaxın bir neçə il ərzində yeni – neftsiz bir müstəviyə transfer edilməsini hədəfləyib. Son üç ildə bu məqsədə çatmaq üçün onlarca yeni qərarlar, qanunlar qəbul edilib, bütövlükdə, islahatların sistemliliyi və sürətli gedişi təmin olunub. Bu məsələdə ən önəmlisi odur ki, islahatların gedişi ölkə başçısı cənab İlham Əliyevin şəxsi nəzarətindədir. Onun rəhbərliyi altında bu istiqamətdə ciddi addımlar atılır.

Ölkə  başçısının bölgələrə son səfərləri onun  məsələlərə nə qədər böyük önəm verdiyini bir daha göstərir. Bu gün dövlət real sektorda,  xüsusilə də onun ən aparıcı sahəsi olan aqrar sahədə inqilabi dəyişikliklər həyata keçirir. Bunun belə olduğunu bir çox kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində son üç ildə əldə olunmuş uğurlar da sübut edir. Görünən budur ki, müasir dövrdə aqrar sektorda məhsulların istehsalını artırmaq sahəsində beynəlxalq aləmdə mövcud olan təcrübənin istifadə edilməsi və yeni  texniki imkanların tətbiqi məhsuldarlığın bir neçə dəfə artırılmasına imkan verir. Deməli, indi keçmişdəki zirvə göstəricilərini də geridə qoymaq şansları mövcuddur və bu inkanlar gerçək bir şəkildə reallaşmaqda davam edir.

Azərbaycan Prezidentinin bölgələrə səfərləri zamanı müzakirə olunan əsas məsələ yerlərdə kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq və ərzaq təhlükəsizliyini əsaslı şəkildə həll etməkdir. Digər mühüm vəzifə isə idxalı əvəz etmək və ixrac imkanlarını genişləndirməkdən ibarətdir. Burada qarşıya qoyulan vəzifə olduqca mühümdür. Biz bir neft ölkəsi olaraq məhz bu yolla ölkə iqtisadiyyatının neftdən asılılığını optimal bir səviyyəyə endirə bilərik. Ölkə Prezidenti cənab İlham Əliyevin bölgələrə səfərləri real sektorun inkişafını sürətləndirmək və bunun üçün bütün imkanların bir araya gətirilməsini təmin etmək məqsədini daşıyır. Vaxtilə Azərbaycan strateji kənd təsərrüfatı məhsullarının istehsalında çox böyük uğurlar əldə etmişdir. Yəni, bu artıq keçilmiş  yoldur və indi bütün imkanlardan istifadə edərək bu ənənələri bərpa etmək lazımdır.

Sentyabrın 3-də Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində çıxışı zamanı ölkə başçısı  demişdir: “Qarşıya vəzifə qoyulur ki, ənənəvi olan sahələrin bərpası, dirçəldilməsi prosesi növbəti illərdə daha da sürətlə getsin və biz tezliklə bu ənənəvi sahələri bərpa edə bilək”.

Ötən ay Qaxda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində də bu məhsulların istehsalı sahəsindəki mövcud durum araşdırılaraq onların istehsalını artırmaq istiqamətində konkret hədəflər müəyyən edildi. Yaxın perspektivdə bu məhsulların istehsalında son üç ildə əldə edilmiş göstəricilərin dəfələrlə yaxşılaşacağı tam gözləniləndir. Bir sözlə, bu gün dövlət bu məhsulların istehsalını genişləndirmək üçün mümkün ola biləcək hər bir addımı atır. Prezident İlham Əliyev həmin müşavirədə baramaçılığın inkişafı ilə bağlı demişdir: “Əminəm ki, baramaçılığın inkişafında çox ciddi artım olacaqdır. Hazırda 3 min kümçü ailəsi baramaçılıqla məşğuldur. Gələcək planlarımıza gəldikdə, real artım tempi göstərir ki, gələn il 500 ton barama tədarük edilə bilər. Əkilən və əkiləcək ağacları nəzərə alsaq, biz 2019-cu ildə ən azı 1000 ton səviyyəsinə qalxa bilərik. Əgər bütün planlarımız həyatda öz əksini tapsa, biz 2025-ci ildə 6 min ton barama istehsal edə bilərik. Beləliklə, sovet vaxtının ən yüksək səviyyəsinə qalxıb, hətta onu keçə də bilərik. Real imkanlar var. Kütləvi şəkildə ağaclar əkilir. Bizdə iki il bundan əvvəl təqribən 300 mindən bir qədər çox tut ağacı var idi. Son 1-2 il ərzində isə onların sayı 2 milyon 200 minə çatdı. Bütün tinglər dövlət tərəfindən alınır, özü də xaricdən, valyuta ödənilir, baramaqurdu toxumları da gətirilir və ağacəkmə prosesi kütləvi xarakter alıbdır. Dövlət yenə də əsas yükü öz üzərinə götürür və tapşırıq verilmişdir ki, gələn dörd il ərzində əlavə 8 milyon tut tingi əkilsin”.

Ölkədə uğurla inkişaf edən sahələrdən biri də tütünçülükdür. 2015-ci ildə  yalnız Şəki, Zaqatala və Qax rayonlarında tütün əkilirdisə bu gün 13 rayonda 3200 hektar sahədə tütün becərilir. Tütünçülükdə yeni hədəflər isə belə müəyyən olunub:  2021-ci ilə qədər tütün istehsalı üçün əkin sahələri iki dəfə genişləndirilməli və indiki 3200 hektardan 6 min hektara çatdırılmalıdır. Belə olan halda hər il Azərbaycanda 12 min ton quru tütün istehsal olunacaq və nəticə etibarilə bu məhsulun ixrac imkanları genişlənəcək.

Son illər ərzində ölkəmizdə fındıqçılıq daha sürətlə inkişaf edir. 2000-ci ildə Azərbaycanda fındıq bağlarının sahəsi 18 min hektar olmuşdusa, 2013-cü ildə bu göstərici 30 min hektara, 2015-ci ildə 32,7 min hektara çatıb. Hazırda 55 min hektarda fındıq bağları salınıb. Fındıqçılıqda bu qədər sürətli inkişaf dövlətin bu sahəyə son illərdə göstərdiyi qayğı hesabına baş verib. Sahənin inkişafı üçün lazım olan bütün texniki tədbirlər dövlət hesabına aparılıb, xaricdən tinglər gətirilib, Azərbaycanda da tinglər yetişdirilib və qısa müddət ərzində çox böyük işlər görülüb.  Son bir ildə 14 min 800 ton fındıq ixrac edilib və ölkəyə 105 milyon dollar valyuta daxil olub. 

Göründüyü kimi, artıq ölkədə strateji məhsulların istehsalında əsaslı dönüş əldə olunmuşdur. Məsələn, pambıq, barama, tütün, fındıq kimi ölkəyə möhkəm valyuta gətirən məhsulların istehsalı son üç ildə dəfələrlə artmışdır. Lənkəranda keçirilən  müşavirədə qeyd edildiyi kimi, çəltiyin, çayın və sitrus meyvələrin  istehsalı da dəfələrlə artırılmışdır. Belə ki, əgər 1991-ci ildə 1000 hektar sahədə çəltik əkilmişdisə, 2016-cı ildə 2500 hektarda, cari ildə isə 5 min hektarda çəltik əkilib. Yəni, keçən illə müqayisədə əkin sahələri iki dəfə genişləndirilib.

Eyni uğurlar sitrus meyvələrin və çayın da istehsalında qeydə alınıb. Lakin bütün bunlara baxmayaraq, həmin məhsulların istehsalı daxili bazarın tələbatını tam ödəyə bilmir. Elə buna görə də ölkə Prezidenti cənab İlham Əliyev yerli iş adamlarının diqqətini bu vacib məsələyə cəlb edərək dedi: “Beləliklə, əgər bu üç sahənin ümumi idxal həcmini götürsək görərik ki, hər il ölkəmizə 45 milyon dollarlıq çay, 37 milyon dollarlıq düyü, 17 milyon dollarlıq sitrus meyvələri idxal olunur. Bu da təqribən 100 milyon dollar deməkdir. Biz bu ənənəvi sahələri daxili istehsal hesabına inkişaf etdirsək, özümüzü təmin etsək bu məbləğə qənaət etmiş olarıq”.

Bütün bunlar o deməkdir ki, aqrar sektorun sürətli inkişafı, ənənəvi məhsul növlərinin istehsal imkanlarının genişləndirilməsi ölkə iqtisadiyyatına çox böyük dividentlərin əldə olunmasına gətirib çıxara bilər. Bu, həm də regionların iqtisadiyyatının inkişafında ciddi dönüşü təmin edən, eyni zamanda, milli valyutamızın sabitliyinə yaxşı zəmin yarada bilən ən etibarlı yoldur.

Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında