Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün dəmiryolçular qarşısında qoyulan ən mühüm tapşırıq yük daşımalarının, xüsusilə tranzit yük daşımalarının həcminin artırılmasıdır. Bu məqsədə isə daşımaların sürətini artırmaqla, daşınan yüklərin təhlükəsizliyini təmin etməklə, çevik tarif siyasətini, irimiqyaslı logistika və marketinq işini canlandırmaqla çatmaq mümkündür. Hazırda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində (QSC) bu istiqamətdə önəmli tədbirlər reallaşdırılır, tranzit yüklərin ölkə ərazisindən keçirilməsi nəticəsində əlavə valyuta resurslarının Azərbaycan iqtisadiyyatına cəlb olunmasına xüsusi diqqət yetirilir.
Yeni Azərbaycan Partiyası QSC üzrə təşkilatının sədri Xeyrulla Hümbətov bununla bağlı dedi:
- Azərbaycan son illərdə trans-regional nəqliyyat, enerji və informasiya-kommunikasiya texnologiyaları bağlantılarının gücləndirilməsi yolu ilə Avrasiya regionunun davamlı inkişafının sürətləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirir.
Prezident İlham Əliyevin respublikamızın tranzit potensialının artırılması ilə bağlı məqsədyönlü və qətiyyətli siyasəti, qlobal miqyaslı təşəbbüsləri ölkəmizin hərtərəfli inkişafına əsaslı töhfə verir. Məsələn, ölkəmizin dəmir yollarının beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiya olunması istiqamətində reallaşdırılan Azərbaycan və İran dəmir yollarının birləşdirilməsi işlərinə nəzər salaq. Xatırladım ki, bununla əlaqədar respublikamızın ərazisində 2016-cı il aprelin 20-də başlayan tikinti qısa müddət ərzində başa çatdırılıb. Həyata keçirilən tədbirlər nəticəsində, ümumilikdə, 16 kilometrdən çox dəmir yolunun və Azərbaycan-İran sərhədində, Astara çayı üzərində 82,5 metr uzunluğu olan körpünün inşası tam yekunlaşdırılıb, bu il martın 3-də ilk sınaq qatarı həmin körpüdən keçərək İran ərazisinə daxil olub.
XXI əsrin əsas layihələrindən olan və təkcə üç xalqı, üç ölkəni deyil, həmçinin onlarla xalq və ölkə arasında körpü rolunu oynayacaq Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun isə tezliklə istifadəyə veriləcəyi gözlənilir. Hazırda Gürcüstan ərazisində tamamlanma işləri görülür. Artıq bəzi sınaq əməliyyatları həyata keçirilib. Belə ki, bağlantının Gürcüstan hissəsindən Türkiyə sərhədinə kimi qatarların dizel ilə işləyən lokomotivlərlə bir neçə dəfə sınağı baş tutub. İşçi qatarları müntəzəm hərəkətdədir. Lokomotivlər bütün yol boyunca maneəsiz hərəkət edə bilir.
Təməli 2007-ci il noyabrın 21-də Gürcüstanın Marabda kəndində qoyulan Bakı-Tbilisi-Qars dəmir yolu Bosfor boğazında dəmir yolu tunelinin inşasını, Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxışını təmin etməsini nəzərdə tutan layihədir. Bu dəmir yolu vasitəsilə Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə edəcək. Dəmir yolu ilə bir günə Qarsa və iki gün yarıma İstanbula getmək mümkün olacaq.
Xatırladaq ki, BTQ dəmir yolu bağlantısı layihəsi barədə danışıqlara hələ 1993-cü il iyulun 26-29-da Ankara şəhərində keçirilən Türkiyə-Gürcüstan arasında Qarışıq Nəqliyyat Komissiyasının iclasında başlanılıb. 2002-ci il iyulun 20-21-də Türkiyənin İstanbul şəhərində Türkiyə-Gürcüstan nəqliyyat nazirlərinin iclasında bu layihənin reallaşdırılması barədə imzalanan protokolda layihə üzrə hazırlıq işlərinin görülməsi nəzərdə tutulub. Azərbaycan Prezidenti İlham Əliyev 2004-cü il iyunun 14-də Gürcüstana rəsmi səfəri zamanı keçirdiyi mətbuat konfransında bu ölkədən Türkiyəyə dəmir yolu tikintisinin layihəsini dəstəklədiyini bildirib və respublikamızın da bu layihədə iştiraka hazır olduğunu bildirib. Həmin vaxtdan layihənin həyata keçirilməsi istiqamətində danışıqlar intensivləşib və ötən müddət ərzində sözügedən bağlantının reallaşması istiqamətində bir sıra görüşlər keçirilib.
Yeri gəlmişkən, 2005-ci il may ayının 25-də Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin açılışında mühüm bir sənəd də imzalanıb. Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri hər üç ölkə arasında Bakı-Tbilisi-Qars birləşdirici dəmir yolu xətti layihəsi haqqında bəyannamə imzalayıblar. Bu bəyannamə əslində adıçəkilən dəmir yolu bağlantısı layihəsinin mühüm önəm daşımasından xəbər verir.
Layihə ilə bağlı danışıqların məntiqi zirvəsi isə 2007-ci il fevralın 7-də Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri zamanı Bakı-Tbilisi-Qars dəmir yolu tikintisinin layihəsinin artıq başlanması ilə bağlı sazişin imzalanması olub. Həmin vaxt Gürcüstan parlamentinin binasında Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli regional əməkdaşlıq sammiti sənədlərinin imzalanması mərasimi keçirilib. Həmin il fevralın 21-də isə Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.
Mütəxəssislərin fikrincə, BTQ Bakı-Tbilisi-Ceyhan xəttindən sonra Azərbaycan iqtisadiyyatının inkişafına təkan verən ikinci böyük layihədir. Belə ki, BTQ region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya prosesinin sürətlənməsinə, ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edir.
Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə intermodal və konteyner daşımalarının həcmini dəfələrlə artıracağı da şübhəsizdir. Yeri gəlmişkən, BTQ-nin istifadəyə verilməsindən sonrakı ilk illərdə Azərbaycanın təkcə tranzitdən illik gəlirinin 50 milyon dollar olacağı gözlənilir.
Proqnozlar göstərir ki, bu dəmir yolu xətti vasitəsilə ilk illərdə 5 milyon ton, növbəti illərdə isə 15 milyon tona qədər yükün daşınması mümkün olacaq.
Bakı-Tbilisi-Qars marşrutu üzrə hərəkət edəcək sərnişin qatarları üçün Azərbaycan tərəfi İsveçrənin “Stadler” şirkətinə 30 ədəd yataq tipli vaqon sifariş edib. Vaqonlar “standart”, “komfort”, “biznes” və “restoran” olmaqla dörd kateqoriyada istehsal olunur. Müasir texnoloji üstünlüklərlə təchiz olunan vaqonların alt hissəsinin müvafiq rels ölçüsünə uyğunlaşdırılması avtomatlaşdırılan sistem sayəsində mümkün olacaqdır ki, bu da sərhəd-keçid məntəqələrində vaxt itkisinin qarşısını alacaq və sərnişinlərin rahat səfər etmələrini reallaşdıracaq.
Yeri gəlmişkən, burada mühüm bir məqama da toxunmaq istərdim. Azərbaycan dəmir yollarının beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiya olunmasını zəruri edən əsas amil Azərbaycanın tranzit daşımaları üçün əlverişli coğrafi mövqedə yerləşməsidir. Belə ki, Böyük İpək yolunun üstündə yerləşən Azərbaycan həm ölkədaxili ictimai-siyasi sabitlik baxımından, həm də quru və su sərhədlərinə malik olmasına, eləcə də iqtisadi resurslarına görə beynəlxalq tranzit daşımaları üçün kifayət qədər cəlbedici məkandır. Eyni zamanda, respublikamızda yaradılan müasir yol-nəqliyyat infrastrukturu sayəsində region ölkələrinin həm daşımalarla bağlı problemləri həllini tapır, həm də onların da tranzit imkanları artır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Azərbaycanın yol-nəqliyyat infrastrukturunun ən müasir səviyyəyə qaldırılması istiqamətində görülən işləri yüksək qiymətləndirərək deyib: “Belə infrastrukturların qurulması Böyük İpək yolu marşrutu üzrə Asiya ilə Avropa arasında ticarət və tranzit daşımalarının inkişafına, eləcə də, Xəzər regionunun nəqliyyat və tranzit potensialının daha səmərəli istifadəsinə töhfədir”.
Dövlətimizin başçısı, eyni zamanda, yol-nəqliyyat infrastrukturunun inkişafından bəhs edərkən vurğulayıb: “ Nəqliyyat sektorunda önəmli hadisələr baş vermişdir. Xüsusilə Şimal-Cənub dəhlizinin yaradılması istiqamətində çox ciddi addımlar atılmışdır… Azərbaycan Şimal-Cənub dəhlizi ilə bağlı öz üzərinə düşən vəzifəni cəmi səkkiz ay ərzində yerinə yetirmişdir. İndi biz bu böyük layihənin işə düşməsi ilə bağlı əlavə təşəbbüslər irəli sürmüşük ki, bu prosesi sürətləndirək. Bu, həm bizə, həm qonşu ölkələrə, bütün dünyaya lazımdır. Bu layihənin icrası nəticəsində Hindistandan, Pakistandan gələn yüklər Azərbaycan ərazisindən İrana, Rusiyaya, Şimali Avropaya və əks istiqamətdə gedəcəkdir. Bu, böyük nəqliyyat hərəkatına gətirib çıxaracaq. Milyonlarla ton yük ərazimizdən keçəcək və minlərlə iş yeri yaradılacaq. Biz bu layihənin icrası ilə, eyni zamanda, Naxçıvanı da dəmiryolu blokadasından çıxaracağıq. Naxçıvan İran ərazisindən dəmir yolu vasitəsilə Azərbaycanla birləşəcək. Yəni, bu, tarixi layihədir və biz bunu qonşu, dost ölkələrlə birlikdə icra edirik”.
Azərbaycan Şərqdən Qərbə, Şimaldan Cənuba gedən yolların qovuşuğunda yerləşir. O, İran vasitəsilə Fars körfəzinə, Rusiya vasitəsilə Şimala, Xəzər dənizi vasitəsilə Asiyaya və Mərkəzi Asiyaya, Gürcüstan vasitəsilə Türkiyə və oradan da Qərbə çıxır. Son illərdə Azərbaycan transmilli enerji və nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsi, ölkənin beynəlxalq tranzit mərkəzinə çevrilməsi sahəsində çox mühüm nailiyyətlər əldə edib. Respublikamızda hava, dəniz, dəmir yolu nəqliyyatı infrastrukturu ən müasir standartlara uyğun yenidən qurulub.
Hazırda Azərbaycan ildə 30 milyon ton yükü Çindən Avropaya və Avropadan Çinə, İrandan və Şərqdən Şimala və Rusiyaya, Rusiyadan da Yaxın Şərqə daşımaq imkanına malikdir. Burada ciddi rəqabət var və Azərbaycan da beynəlxalq tranzit sistemində yer tutmaq üçün lazımi tədbirlər görür. Bu məqsədlə Azərbaycandan keçən Şərq-Qərb və Cənub-Şimal nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində işlər sürətlə gedir. Ölkəmizdə artıq beynəlxalq səviyyəli yeni hava limanları, dəniz limanı tikilib. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin başa çatması da ölkəmizin tranzit imkanlarını kifayət qədər genişləndirəcək, Asiya ilə Avropa arasında yük daşımalarını və kommunikasiyaları asanlaşdıracaq.
Söhbəti qələmə aldı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.