Prezident İlham ƏLİYEV: Etibarlı ərzaq təminatı Azərbaycanın iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir

Prezident İlham Əliyevin sədrliyi ilə sentyabrın 3-də Lənkəranda keçirilən çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi bir daha göstərdi ki, respublikamızda qeyri-neft sektorunun prioritet sahəsi olan kənd təsərrüfatının inkişafı, məhsul istehsalının və satışının stimullaşdırılması  Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinin əsasını təşkil edir. Dövlətimizin başçısı giriş nitqində qeyd edib ki,  ölkəmizdə son illərdə ərzaq təhlükəsizliyi istiqamətində çox önəmli addımlar atılıb. Kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafına xüsusi diqqət yetirilib. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla həyata həyata keçirilməsi nəticəsində rayonlarda çoxsaylı infrastruktur layihələri reallaşıb, sahibkarlıq üçün əlverişli şərait yaradılıb və ölkə iqtisadiyyatı şaxələndirilib.    

Azərbaycan Prezidenti İlham Əliyev daha sonra deyib: “Bu illər ərzində biz iqtisadi inkişafımızın əsasını qoyduq. Çünki proqramın icrasına başlayarkən Azərbaycanda vaxtilə yaradılmış infrastruktur demək olar ki, köhnəlmişdi. Biz özümüzü elektrik enerjisi ilə, qazla təmin edə bilmirdik, idxaldan asılı idik. Belə olan halda, sənayenin, kənd təsərrüfatının inkişafından söhbət gedə bilməzdi. Biz, ilk növbədə, inkişaf üçün baza yaratdıq. Son illərdə 20-dən çox elektrik stansiyası tikilib. Biz indi nəinki özümüzü təmin edirik, elektrik enerjisini xarici ölkələrə də ixrac edirik. Azərbaycanda qazlaşdırma çox aşağı səviyyədə idi. Xatırlayıram, 2000-ci ildə parlament seçkiləri ərəfəsində mən Lənkəran rayonuna gəlmişdim. O vaxt vətəndaşlarla görüş zamanı ən çox qaldırılan məsələ təbii qazın olmaması idi. Mən o günləri xatırlayıram. Ancaq bu gün Lənkəran rayonunun təxminən 90 faizi qazlaşdırılıb. Ölkə üzrə isə qazlaşdırma 93 faizə çatıbdır. Növbəti illərdə bütün bölgələrdə qazlaşdırma işləri davam etdiriləcəkdir. Biz təbii qazı ixrac etməyə başlamışıq və ölkəmizə çox lazım olan valyuta gəlir”.

Ölkə rəhbəri çıxışında son illər ərzində 11 min kilometrdən çox yol salınması, 3 mindən çox məktəbin, 600-dən çox tibb mərkəzinin istifadəyə verilməsi, Azərbaycanda işsizliyin təqribən 5 faiz səviyyəsində olması,  habelə  1 milyon 600 mindən çox iş yeri yaradılması kimi mühüm məqamlara da toxunub. Bildirib ki, bölgələrdə yaradılan belə yüksək şərait böyük şəhərlərə miqrasiyanın qarşısını alıb, əks proses başlayıb, indi insanlar şəhərlərdən kəndlərə qayıdırlar. Çünki kənd təsərrüfatının inkişafı üçün çox gözəl imkanlar mövcuddur.

Müşavirədə aqrar sektorun inkişafı ilə bağlı reallaşdırılan tədbirlərlə bağlı geniş danışılıb. Bildirilib ki, son illər ərzində sahibkarlara dövlət tərəfindən 2 milyard manatdan çox güzəştli kreditlər verilib, təkcə cari ilin ötən aylarında Azərbaycana 10 min ən müasir texnika gətirilib, yanacağın, gübrənin böyük hissəsi dövlət tərəfindən təmin edilib, 40-a yaxın müasir aqropark yaradılıb.

Kənd təsərrüfatında aparılan islahatlar və bu sahəyə dövlət qayğısı bir sıra strateji məhsullara tələbatın yerli istehsal hesabına ödənilməsinə, xarici bazarlardan asılılığın azalmasına, ixracyönümlü məhsulların istehsalının artırılmasına səbəb olub.

Müşavirədə aqrar sahənin inkişafı ilə bağlı görülən işlərə ayrı-ayrı rayonların timsalında nəzər salınıb. Xatırladılıb ki, Lənkəranda 1990-cı illərin əvvəllərində bütün sahələr kimi çayçılıq da tənəzzülə uğramış, baxımsızlıqdan sıradan çıxmışdı. Lakin cənab İlham Əliyevin aqrar sektora olan diqqəti, digər sahələrdə olduğu kimi, çayçılığın da inkişafına böyük təkan verib. Hazırda rayonda 568 hektar çay sahəsi mövcuddur ki, onun da 456 hektarı yeni salınmış plantasiyalardır. Məhsul verən 214 hektar sahədən 102 hektarı son illərdə salınan ərazilərdir. Keçən il rayonda 313 ton yaşıl çay yarpağı istehsal olunub, 3 milyon manat gəlir əldə edilib.

Lənkəranlı sahibkarlar və fermerlər mövcud çay plantasiyalarını yaxın gələcəkdə 1000 hektara çatdırmağı və 4 min daimi iş yeri açmağı qarşıya məqsəd qoyublar. Əgər müasir tinglik təsərrüfatı yaradılarsa, xüsusi təyinatlı texnikalar və müasir suvarma avadanlıqları gətirilərək lizinq yolu ilə fermerlərə verilərsə, əlavə çay plantasiyası salmaq və daha çox iş yeri yaratmaq mümkündür.

Rayonda kənd təsərrüfatının digər sahələri kimi, subtropik və sitrus meyvəçiliyinin inkişafına da maraq xeyli artıb. 2015-ci ildən başlayaraq “Gilan Orchards” MMC tərəfindən Koreya Respublikasından gətirilən “Hallabonq” sitrus meyvə ağacları 100 hektar sahədə əkilib. Hazırda sitrus bağlarının ümumi ərazisi 1228 hektar, burada çalışan işçilərin sayı isə 2700 nəfərdir. Ötən il yığılan 12,8 min ton məhsul ölkəmizin və Rusiyanın bazarlarına çıxarılıb.

Çəltikçilik cənub zonası üçün ənənəvi təsərrüfat sahəsi olub. Ötən əsrin 60-cı illərinədək Lənkəranda becərilmiş “Haşimi”, “Həsəni”, “Ənbərbu”, “Qırmızı Əmbərbu”, “Çampo”, “Sədri” və digər düyü növləri özünəməxsus dadı, keyfiyyəti ilə seçilib və keçmiş ittifaqın müxtəlif şəhərlərinə, hətta xarici ölkələrə göndərilib. Lakin sonradan bu sahə tamamilə unudulub. Aqrar sektora olan dövlət dəstəyindən ruhlanan rayon sakinləri yenidən bu gəlirli sahə ilə məşğul olmağa başlayıblar.  Bu il qabaqcıl texnologiyanın tətbiqi nəticəsində çəltik əkini 526,5 hektara çatdırılıb və burada çalışan işçilərin sayı 1068 nəfər olub. Növbəti illərdə çəltik sahələrinin 1000 hektara çatdırılması və toxumçuluq təsərrüfatının yaradılması nəzərdə tutulur.

Çəltiyin istehsalı üçün rayonda illik emal gücü 7 min ton, düyü qurutma gücü 10 min ton olan yeni zavod tikilib. Lənkəranda istehsal edilən düyü daha keyfiyyətli olduğu üçün onun alıcısı çoxdur və satışı üçün kifayət qədər bazar var. Gələcəkdə daxili tələbatı ödədikdən sonra artıq qalan məhsulu xarici bazarlara çıxarmaq nəzərdə tutulur.

Lənkəranda baramaçılığın inkişafına dövlət dəstəyindən ruhlanan sakinlərdə rayon üçün əvvəllər o qədər də ənənəvi olmayan bu sahəyə maraq yaranıb. Əhalinin məşğulluğunu təmin etmək üçün ötən il Lənkəranda ümumilikdə 54 min 700 tut tingi əkilib ki, onların da 40 mini Çindən gətirilib.   Yeni salınan tut bağlarında olan yem bazası növbəti ildə ilkin olaraq 3 ton barama istehsal etməyə  imkan verir.

Azərbaycanda zəngin tarixi ənənələri olan çayçılıq və çəltikçiliyin, habelə sitrus meyvəçiliyinin hərtərəfli dəstəklənməsi məqsədilə dövlət tərəfindən müxtəlif yardım və təşviq mexanizmlərinin, o cümlədən, güzəştli kreditlərin, son məhsula görə subsidiyaların təmin edilməsi, eləcə də aqrolizinq xidmətlərinin göstərilməsi Astarada da bu sahələrin inkişafını sürətləndirib. Rayonda çay, çəltik, sitrus meyvələri istehsalının inkişafı məsələlərinə mühüm önəm verilib.

Astara üçün əsas ənənəvi istehsal sahəsi sitrusçuluqdur. Hazırda rayonda əvvəlki illərlə müqayisədə 8 dəfə çox - 2350 hektar sitrus bağı var ki, onun da 425 hektarı ötən il salınıb. Keçən il bu bağlardan 44 min ton sitrus meyvələri tədarük olunub. Cari ildə isə məhsulun daha çox olması gözlənilir.  

Hazırda Astarada mövcud olan 345 hektar çay plantasiyasından 188 hektarı bərpa olunan, 157 hektarı isə yeni salınan çay sahələridir. Ötən il 1500-dək sakinin  çalışdığı plantasiyalardan 646 ton yaşıl çay yarpağı tədarük edilib. Cari ildə isə bu göstəricinin 1000 tona çatdırılması nəzərdə tutulur.

Son illər diqqətdən kənarda qalan, kənd təsərrüfatının ən gəlirli sahələrindən biri də çəltikçilikdir. Aqrar sahəyə olan dövlət dəstəyi və aparılan maarifləndirmə işlərinin nəticəsidir ki, son iki ildə çəltik əkini 7 dəfədən çox artırılaraq 450 hektara çatdırılıb. Aqrotexniki qulluğun yaxşılaşdırılması, daha məhsuldar toxumun əkilməsi ilə bu il 2 min tona yaxın çəltik istehsalı gözlənilir. Artıq çəltik yığımına başlanıb, indiyədək sahələrdən 1750 ton məhsul yığılıb və biçin davam edir. Bu il Astarada çəltik əkini ilə məşğul olanların sayı 1345 nəfər olub. Azərbaycan bazarlarında yerini tutmuş, ekoloji cəhətdən təmiz və keyfiyyətli olan, ətirli Astara düyüsünün ixrac potensialı da böyükdür. Aparılan təhlillər göstərir ki, rayonun suvarma şəbəkələrini genişləndirməklə çəltik sahələrini bir neçə dəfə artırmaq mümkündür.

Hazırda rayonda 8 kiçik çəltik emalı sahəsi fəaliyyət göstərir. Növbəti ildə müasir tələblərə cavab verən və saatda istehsal gücü 5 ton olan yeni çəltik emalı və qablaşdırılması zavodu inşa ediləcək.

Bu il Astara rayonunda ümumi dəyəri 50 milyon manata yaxın çay, çəltik və sitrus meyvələri tədarük ediləcək. Bu da ölkəmizin ərzaq təhlükəsizliyinə töhfə olmaqla yanaşı, sakinlərin maddi rifah halının yaxşılaşmasına səbəb olacaq.

Müşavirədə Masallıda aqrar sektorda həyata keçirilən tədbirlər barədə də ətraflı danışılıb. Bildirilib ki, rayon   iqtisadiyyatının əsasını aqrar sahə təşkil edir. Əhalisinin sayı 222 min nəfər olan Masallı respublikanın ən sıx əhali yaşayan və aztorpaqlı rayonları sırasındadır. Təhlillər göstərir ki, burada 37 min ailənin istifadəsində olan əkinəyararlı 24 min hektara yaxın sahənin 82 faizi dəniz səviyyəsindən aşağıda yerləşməklə şoran və təkrar şoranlaşmış torpaqlardır. On min hektara yaxın sahə isə bilavasitə Xəzər dənizi sahilindədir və onun bir hissəsi daim subasmalara məruz qalır.

Son illərədək Masallıda əkin sahələrinin 60 faizə qədərində taxıl yetişdirilir, 25 faizə qədəri istifadəsiz qalırdı. Rayonun torpaq-iqlim şəraiti üçün əlverişsiz sayılan taxıl əkinlərinin hər hektarından 10-20 sentner məhsul götürülür, bu qədər sahədə cəmi 150-180 iş yeri yaranırdı. Lakin dövlət başçısının ötən ilin sentyabr ayında Masallıda olarkən yaranmış vəziyyətin aradan qaldırılması ilə bağlı verdiyi tapşırıq və tövsiyələrin icrası ilə bağlı əhali və mütəxəssislərlə müntəzəm məsləhətləşmələr aparılıb, təbii iqlim şəraitinə uyğun əkin strukturuna yenidən baxmaqla torpaq mülkiyyətçiləri əmək tutumlu, daha gəlirli, bazarda çox tələbat duyulan məhsulların istehsalına istiqamətləndirilib. Nəticədə fermerlər tərəfindən səmərəsiz taxıl əkinləri ilkin olaraq 35 faizə qədər azalıb, həmin sahələr hesabına tərəvəz, çəltik, giləmeyvə, faraş kartof, tərəvəz, noxud, sarımsaq, tütün, qarğıdalı kimi bitkilərin əkinləri xeyli genişləndirilib.

Əkin strukturunda baş verən bu dəyişiklik nəticəsində rayonda bitkiçilik məhsullarının istehsal həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 31,2 faiz artıb, əkinlərin rentabelliyi taxıla nisbətən bir neçə dəfə yüksək olub, 6400 hektarda 13 min 178 iş yeri yaranıb. Aprel ayından başlayaraq yüzlərlə əlavə işçi qüvvəsinə tələbat yaranıb.

İstehsal edilən məhsullar əsasən ixracyönümlü olub. Belə ki, bu ilin 7 ayında yaxın və uzaq xarici ölkələrə Azərbaycan brendi ilə ümumilikdə 29 milyon manata yaxın tərəvəz, faraş kartof, sarımsaq və çiyələk ixrac olunub.

Müşavirədə bir məqama da toxunulub. Diqqətə çatdırılıb ki, əkinçiliyin ən qədim sahələrindən olan çəltikçilik əsasən cənub bölgəsinə xas olsa da, Ağdaş rayonunda da əhalinin daim maraq göstərdiyi kənd təsərrüfatı sahələrindən biridir. Lakin 1990-cı illərin əvvəllərində məlum səbəblər üzündən aqrar sektora göstərilən biganəlik bu sahənin də geriləməsinə səbəb olub.

Ölkəmizdə kənd təsərrüfatının strateji sahələrinin inkişaf etdirilməsi ilə bağlı Azərbaycan Prezidentinin qəbul etdiyi müdrik qərarlar, verdiyi tapşırıq və tövsiyələr əsasında çəltikçiliyin də sürətli inkişafı üçün qısa müddətdə əlverişli şərait yaradıldı. Çəltik istehsalçılarına il ərzində hər hektara görə 90 manat subsidiyanın verilməsi insanların bu sahəyə marağını artırıb və bunun nəticəsində Ağdaşda da əkinçiliyin ənənəvi növü olan çəltikçilik xeyli inkişaf edib.

2017-ci ildə Ağdaşın 59 yaşayış məntəqəsində 2454 hektarda çəltik əkilib. Bu, 2014-cü illə müqayisədə təqribən 5 dəfə çox olmaqla respublikada əldə edilən ən yüksək göstəricidir. Yerlərdə aparılan monitorinqlər onu deməyə əsas verir ki, hər hektardan çəltiyin məhsuldarlığı 30-35 sentner olacaq və təqribən 8 min tonadək çəltik, yəni 6 min tonadək düyü istehsal ediləcək. Bu da təqribən 12 milyon manat vəsait və yaxud 7 milyon manat xalis gəlir deməkdir.

Fermerlər “Yerli bezos”, “Ağ mirvari”, “Qırmızı mirvari”, “Çappa”, “Ağ gilə” sortlarının əkilməsinə daha çox üstünlük verirlər. Ölkəmizdə istehsal olunan digər kənd təsərrüfatı məhsulları kimi,  yerli düyü ekoloji cəhətdən təmiz, qidalılıq fərqinə görə idxal edilən düyülərdən daha keyfiyyətlidir. Təsadüfi deyildir ki, yetişdirilən yerli düyü bu gün daxili bazarda “Ağdaş düyüsü” adı ilə ­tanınır.

Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Lənkəranda keçirilən çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi də bir daha göstərdi ki,  dövlət başçısının respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı məqsədilə vaxtaşırı verdiyi tapşırıqlar, tövsiyələr, imzaladığı fərman və sərəncamlar, dövlət proqramları növbəti illərdə də Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsində müstəsna əhəmiyyət kəsb edəcək və qarşıya qoyulan vəzifələr uğurla icra olunacaqdır.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında