Fındıqçılıq sənayesi yeni mərhələyə qədəm qoymuşdur

Bu sahənin Azərbaycanda tərəqqisi üçün münbit şərait var

Hesab olunur ki, 10 min il öncə, son buzlaq dövrü başa çatdığı zaman, bəşəriyyətin təşəkkülü çağında əcdadlarımızı aclıqdan xilas etmiş məhsuldar bitki növlərindən biri də məhz fındıq ağacı olmuşdu. Vergili, Teofrast, Sofokl və digər qədim filosofların əsərlərində də meşə fındığı başqa məhsuldar bitkilərdən daha çox xatırlanır. Türkiyənin Trabzon şəhərində yerləşən və dünyada yeganə olan Fındıqçılıq İnstitutunun məlumatına görə, fındıq sənaye bitkisi kimi 600 ildir məlumdur, ancaq meşə fındığı ağacı antik dövrlərdən insanlara tanışdır. Qeyri-neft sənayesinin inkişafında mühüm mərhələdə olan Azərbaycanda da fındıqçılıq təsərrüfatının zəngin tarixi vardır və son illərdə dövlət dəstəyi sayəsində bu sahədə çiçəklənmə prosesi müşahidə olunur.

Ümumiyyətlə, Qafqaz regionunda fındıq becərilməsinin tarixi eramızdan öncə 4-cü minilliyə gedib çıxır. Azərbaycan ərasizində də qədim vaxtlardan meşə fındığı ağacları olub. Fındıqçılığın, xüsusilə də ölkəmizin şimal və şimal-qərb bölgəsində zəngin tarixi vardır. Sovet dövründə də bu sahəyə diqqət verildiyi məlumdur. Lakin müstəqilliyimizin bərpasından sonra fındıqçılıq sahəsinin inkişafı yeni mərhələyə qədəm qoymuşdur. Prezident İlham Əliyevin aqrar sektorun inkişafına dair imzaladığı qanun və sərəncamlar sayəsində bu gün fındıqçılıq digər təsərrüfat sahələri kimi, ölkəmizə valyuta gətirən əsas kənd təsərrüfatı məhsullarından birinə çevrilmişdir.

Statistik məlumatlara görə, 2016-cı ildə Azərbaycandan 25-ə yaxın xarici ölkəyə 105 milyon ABŞ dolları məbləğində fındıq ixrac olunmuşdur. Şəki-Zaqatala iqtisadi-coğrafi rayonunda istehsal edilən fındıq dünya bazarında keyfiyyəti ilə fərqləndiyindən ixrac potensialı olduqca yüksəkdir. Regionda fındıqçılığın inkişafı üçün zəruri addımlar atılır. Belə addımların nəticəsidir ki, Şəki rayonunda 2016-cı ilədək cəmi 979 hektar sahədə fındıq bağı mövcud olduğu halda, 2017-ci ilin yaz mövsümündə fındıq bağlarının ümumi sahəsi 1761 hektara çatdırılmışdır. Bu ilin payızında 600 hektar ərazidə fındıq bağı salınması nəzərdə tutulur və artıq 550 hektar sahədə təmizlik işlərinə başlanmışdır.

Fındıq badamdan sonra dünyada yetişdirilən ən geniş yayılmış sərtqabıqlı tozağacıkimilər fəsiləsinə aid bitki növüdür. Fındığın mədəni növləri Türkiyə, İtaliya, İspaniya, ABŞ, Çin, İran, Yunanıstan, Fransa, Azərbaycan, Rusiya, Qırğızıstan, Portuqaliya, Belarus, Moldova, Tacikistan, Gürcüstan, Ukrayna, Tunis, Macarıstan, Kipr və Kamerunda becərilir. Bununla yanaşı, Argentina, Avstriya, Avstraliya, Estoniya, İran, Yeni Zelandiya, Rumıniya, Sloveniya, Suriya, Ukrayna, Böyük Britaniya  kimi ölkələrdə də az da olsa, fındıq istehsal edilir və bu sahədə əhəmiyyətli işlər aparılır. Dünyada fındıq istehsalı 1960-cı illərdə təxminən 250 min ton həcmində olmuşdu, lakin bu rəqəmin son 8 ildə orta hesabla 797 min tona yüksəldiyi bildirilir. Diqqətəlayiq faktlardan biri də budur ki, dünya fındıq istehsalında lider olan Türkiyəni  İtaliya, Azərbaycan və Gürcüstan təqib edir. Bununla bağlı, türkiyəli mütəxəssislər Türkiyənin fındıqla bağlı beynəlxalq bazarlarda rəqabət gücünün azalmasından narahat olduqlarını bildirir və Azərbaycan və Gürcüstandakı istehsal artımının Türkiyənin ixracına mənfi təsir edəcəyini düşünürlər.

Türkiyənin iqtisadi araşdırma mərkəzləri vurğulayır ki, son illərdə xarici bazarlarda fındıq qiymətlərinin bahalaşması və Azərbaycan kimi ölkələrdə istehsal xərclərinin aşağı olması nəticəsində fındıq istehsalı genişlənir. Bundan başqa, türkiyəli mütəxəssislər bildirirlər ki, şokolad sənayesində fəaliyyət göstərən firmalar da xam maddə xərclərini azaltmaq məqsədi ilə Azərbaycan və Gürcüstanda  fındıq yetişdirilməsini təşviq edərək Türkiyənin bazardakı fəaliyyətini azaltmağı hədəf seçirlər.

Azərbaycanlı mütəxəssislər isə bildirirlər ki, xarici alıcılar Azərbaycanda yetişdirilən fındıqlara daha çox üstünlük verirlər. Bunun da əsas səbəbi Azərbaycan fındıqlarının yağlılıq dərəcəsinin yüksək olmasıdır. Prezident İlham Əliyev respublika müşavirəsində bu məsələyə toxunaraq demişdir ki, Azərbaycanda yetişdirilən fındıq sortları çox keyfiyyətlidir və xarici bazarlarda yüksək qiymətləndirilir. Bundan başqa, şokolad məhsullarının istehsalında yağlılıq səviyyəsinin yüksək qiymətləndirildiyi də məlumdur. Son 10 ilin hesablamalarına görə, 700 min hektar ərazidə fındıq ağacları əkilmiş Türkiyədə illik fındıq istehsalı 550 min ton səviyyəsindədir. İstehsal dəyərinin isə 3,5 milyard dollar olduğu bildirilir. Göründüyü kimi, fındıqçılıq çox perspektivli sənayedir və bu sahənin inkişafı ölkəyə böyük məbləğdə valyuta gətirə bilər. Məlumat üçün qeyd etmək yerinə düşər ki, İtaliya, İspaniya, Azərbaycan, Gürcüstan, ABŞ və digər ölkələrin ümumi fındıq istehsalı Türkiyə istehsalının təxminən 30 faizi qədərdir.

Ümumiyyətlə, Türkiyəni bu sahədə arxa plana keçirmək müşkül məsələdir. Çünki dünyada fındıq istehsalı və ixracının təxminən 70 faizi Türkiyənin payına düşür. Bununla belə, son illər mühüm fındıqalıcı firmalar, xüsusən də Argentina və Çili kimi ölkələrdə fındıq istehsalının inkişafı üçün həvəsləndirici və təşviqedici addımlar atılır. Mütəxəssislər Türkiyədə məhsuldarlığın aşağı səviyyədə olduğunu bildirir və bunu da mənfəətə mənfi təsir edən əsas amil kimi göstərirlər. Türkiyə mütəxəssisləri düşünürlər ki, fındıq istehsalında səmərəliliyi və keyfiyyəti artırmaq üçün fındıq bağlarını yeniləmək lazımdır. Mütəxəssislərin sözlərinə görə, fındıq bağlarının kiçik olması istehsal xərclərini yüksəldir. Türkiyədə və dünyada istehsal olunan fındığın təqribən 80 faizi şokolad sənayesində, 10-12 faizi konditer və biskvit məmulatlarında, 3-4 faizi quru meyvə şəklində və 2-3 faizi isə dondurma-yağ sənayesində işlədilir. Türkiyədə istehsal olunan fındığın 15-20 faizi daxili bazara yönəldilir, yəni qardaş ölkədə illik fındıq istehlakı təxminən 80 min ton təşkil edir.

İxracatının 75 faizinin Avropa İttifaqı ölkələrinin payına düşən Türkiyə orta hesabla 250 min ton fındıq ixrac edir. Statistik məlumatlara görə, qardaş ölkə 2016-cı ildə fındıq satışından təqribən 2,2 milyard dollar qazanmışdır. Türkiyədə fındığın kənd təsərrüfatı məhsulları ixracatındakı payı da olduqca mühümdür. Qardaş ölkədə ixracatın təxminən 14 faizini kənd təsərrüfatı məhsulları təşkil edir və fındığın ümumi ixracatdakı payı 1,5 faizə bərabərdir. Kənd təsərrüfatı məhsulları ixracatında isə fındığın payı 15-20 faiz səviyyəsindədir.

Azərbaycan iqtisadçıları bildirirlər ki, fındıqçılıq sahəsində uzun illərdir uğurla çalışan Türkiyənin təcrübəsindən bəhrələnmək lazımdır. Prezident
İlham Əliyevin aqrar sektora yönəltdiyi diqqət də fındıq istehsalçılarına Azərbaycanı xarici bazarda layiqincə təmsil etmək imkanı yaradır. Doğrudur, dünya fındıq bazarında rəqabət sürətlə artır. Xüsusilə də ABŞ-ın fındıq istehlakında payının artması fındıq istehsalçıları arasında varlı bazar uğrunda rəqabəti qızışdırır. Qiymətlərin yüksəlməsi İtaliya və İspaniyada, eləcə də Almaniya və İngiltərədə də fındıq bağlarının salınmasına marağı sürətləndirir.

Belə şəraitdə isə fındıq istehsalçıları müxtəlif yollara əl atırlar. Məsələn, liderliyini itirməmək üçün Türkiyənin iş adamları Azərbaycan və Gürcüstanda fındıq bağlarını uzunmüddətli kirayəyə götürür və ya yeni bağlar salırlar. Təbii ki, belə üsul Azərbaycanda fındıq istehsalının inkişafına müsbət təsir göstərir. Bir tərəfdən, fındıq bağlarının sahəsi genişlənir və yeni iş yerləri yaradılır. Son məlumatlara görə, hazırda fındıqçılıqla 9 min nəfər məşğuldur, yeni bağlar salınandan sonra təqribən 20 min nəfərə çatacaqdır. Digər tərəfdən, bu proses ölkəyə xarici valyutanın daxil olmasını stimullaşdırır. Bununla yanaşı, Azərbaycan hökumətinin dəstəyi ilə ölkədə fındıq istehsalının artmasına yönəlmiş kompleks tədbirlərə də fasilə verilmir.

Mütəxəssislər bildirirlər ki, maya dəyəri digər kənd təsərrüfatı bitkiləri ilə müqayisədə daha az olduğundan yüksək rentabelliyi ilə seçilən, daxili və xarici bazarlarda daimi alıcısı olan fındıq istehsalçılar üçün daha əlverişli hesab edilir və bu sahənin inkişaf məsələləri daim diqqət mərkəzində saxlanılmalıdır. Məhz yeni fındıq bağlarının salınmasında istifadə olunan pöhrələrə və tinglərə görə hökumət tərəfindən subsidiyanın verilməsinin nəzərdə tutulması fındıqçılığın sürətli inkişafına təkan verir. Bundan başqa, fındıqçılığın inkişafına göstərilən dövlət dəstəyi tədbirlərindən biri də güzəştli kreditlərin verilməsidir. Bu məqsədlə 50-dən çox sahibkara 10,6 milyon manat, o cümlədən 2017-ci ilin ötən dövrü ərzində fındığın tədarükü, emalı və ixracyönümlü layihəyə 600 min manat güzəştli kredit verilmişdir.

Bir sözlə, kənd təsərrüfatının ən perspektivli sahələrindən  olan fındıqçılığın inkişafı ilə bağlı Prezident İlham Əliyevin hökumət qarşısında qoyduğu tapşırıqlara uyğun olaraq, yeni fındıq bağlarının salınması prosesi uğurla davam edir və bu da Azərbaycanın ixrac potensialının genişlənməsinə öz müsbət təsirini göstərir. Keçən il fındığın qeyri-neft sektoru üzrə ən böyük ixrac məhsulu olması bu sahəyə diqqətin daha da artırılmasına zəmin yaradır və fındıqçılıq sənayesinin gələcəyinə olan nikbinliyi artırır. Ölkə başçısının sədrliyi ilə Qaxda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində qeyd edildiyi kimi, baramaçılıq, tütünçülük, fındıqçılıq da uğurla inkişaf edəcək, həm fermerlər, kəndlilər daha da böyük fayda görəcək, eyni zamanda, dövlətimiz daha da güclənəcək.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında