Regionların inkişafı prioritet vəzifə kimi dövlətin diqqət mərkəzindədir

Ölkə regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrası Azərbaycanda bölgələrin tarazlı inkişafında,  işsizlik probleminin aradan qaldırılmasında,  sahibkarlığın inkişafında, yeni iş yerlərinin açılmasında mühüm rol oynayıb.   

2004-cü ildən uğurla icra olunan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları rayonların iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, biznes və investisiya mühitinin, əhalinin rifahının yaxşılaşmasına səbəb olub, bununla da ölkənin strateji inkişaf hədəflərinə, müəyyən edilmiş məqsədlərə çatmasına əhəmiyyətli töhfəsini verib.

Azərbaycan Prezidentinin bölgələrə vaxtaşırı  səfərləri  çərçivəsində müxtəlif təyinatlı infrastruktur obyektlərinin, yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirakı, müəssisələrin fəaliyyəti ilə yaxından tanış olması, eləcə də ictimaiyyətlə keçirilən görüşlərdə qaldırılan məsələlərin həlli məqsədilə müəyyən vəsaitin ayrılması barədə imzaladığı çoxsaylı sərəncam regionların inkişafına göstərilən   diqqətin bariz nümunəsidir.

Regional proqramların reallaşdırılması  aqrar sahədə aparılan islahatların həyata keçirilməsini sürətləndirib. Bunun nəticəsində respublikamızda bir sıra strateji məhsullara tələbat yerli istehsal hesabına tam ödənilib, ərzaq təhlükəsizliyində xarici bazardan asılılıq azalıb, ixracyönümlü məhsulların istehsal həcmi artıb. Fermerlərin dövlət tərəfindən çoxşaxəli subsidiyalarla təmin edilməsi kənd təsərrüfatı ilə məşğul olanların rifah halının yüksəldilməsinə gətirib çıxarıb.

Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə də bu məsələyə diqqət yönəldilərək, 2020-ci ilədək ölkədə kənd təsərrüfatı məhsullarının ixracı üzrə 200 fermerin ixtisaslaşması nəzərdə tutulub. Bununla yanaşı, Azərbaycan Prezidentinin ixracın təşviqi üzrə qəbul etdiyi qərarlara uyğun olaraq, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, ixrac missiyalarının təşkilinə və digər tədbirlərin icrasına başlanılıb.

Son illərdə Azərbaycanın regionlarında ən çox diqqət yetirilən məsələlərdən biri də magistral, eyni zamanda, kənd yollarının yenidən qurulmasıdır. Bu da təsadüfi deyil. Çünki bölgənin, eləcə də hər bir yaşayış məntəqəsinin abadlığının əsas şərti   yolların rahat olmasıdır. İndi Azərbaycanın demək olar ki, əksər regionlarında yolların təmiri və yenidən qurulması prosesi uğurla davam edir.

Regionlarda insanların rahat və maneəsiz şəkildə gediş-gəlişini təmin etmək, yükdaşımaları asanlaşdırmaq məqsədilə təkcə ötən il ərzində yol infrastrukturunun yenidən qurulması ilə bağlı ölkə Prezidenti tərəfindən 48 sərəncam imzalanıb. Bu sərəncamlarla nəzərdə tutulan layihələrin icrası 2 milyon əhalinin yaşadığı 356 yaşayış məntəqəsini birləşdirən 900 kilometr avtomobil yolunu əhatə edib.

Cari ilin ötən aylarında da bu istiqamətdə tədbirlər davam etdirilib və daha 40 kəndlərarası, qəsəbələrarası avtomobil yollarının tikintisi ilə bağlı sərəncam verilib. Dövlətimizin başçısı ölkədə həyata keçirilən yol-infrastruktur layihələrinin əhəmiyyətini vurğulayaraq deyib:  “Bu il 40 kənd yolu layihəsi icra edilməlidir. Bu layihələrin icrası yüzlərlə kəndin yol təsərrüfatını yaxşılaşdıracaq və əlbəttə ki, həm insanlara rahatlıq verəcək, eyni zamanda, iqtisadi inkişaf üçün də bunun böyük müsbət təsiri olacaq. Keçən il də kənd yolları layihələri uğurla icra edilmişdir. Bu il bu proses davam etdiriləcək. Əminəm ki, yaxın gələcəkdə bir dənə də olsun təmirsiz kənd yolu qalmayacaq”.

Regionların inkişafından danışarkən, hazırda torpaqların su ilə təmin edilməsinə, su layihələrinin uğurla gerçəkləşdirilməsinə mühüm önəm verildiyini də xatırlatmaq istərdik.  Prezident İlham Əliyev avqustun 19-da Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun açılışı mərasimində deyib: “… Bu vaxta qədər suvarılmayan torpaqlarda indi su təminatı vardır. Bu, əlbəttə ki, kənd təsərrüfatının inkişafına böyük təkan verib. Vaxtilə əkilməyən sahələrdə indi gözəl işlər görülür. Mənə verilən məlumata görə, artıq boş torpaq qalmayıb. Nəyə görə? Ona görə ki, su var. Su olmayanda heç kim əkib becərmir. Suyu gətirmək üçün biz çox böyük işlər gördük. Şəmkirçay su anbarı tikilib. Bu, tarixi layihədir. Biz onu bir neçə il bundan əvvəl istifadəyə verdik. O layihəyə yüz milyonlarla manat vəsait qoyulubdur. İlkin hesablamalara görə, o layihənin icrası nəticəsində təqribən 70-80 min hektar torpaq sahəsinə suyun verilməsi və yaxşılaşdırılması nəzərdə tutulurdu. Son məlumata görə, əlavə kanalların çəkilişi hesabına biz bu rəqəmi 110 min hektara çatdıracağıq. Ona görə Şəmkirdən Samuxa qədər kanal çəkilib. Mən indi onun açılışını etdim. O kanalın çəkilişi davam etdiriləcək, Goranboy və Göygöl rayonlarının ərazisini əhatə edəcək. Beləliklə, indi 100 min hektardan çox torpaqda suvarma işləri təmin olunur. Kəndlilər, fermerlər, sahibkarlar dərhal bundan istifadə edirlər, əkirlər, becərirlər, yaxşı pul qazanırlar. Bu, bizim ərzaq təhlükəsizliyimizə də böyük töhfədir”.

Dövlətimizin başçısı tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqlardan daha səmərəli və məqsədli şəkildə istifadə edilməsi, o cümlədən münbit torpaqların yenidən əkin dövriyyəsinə qaytarılması ilə bağlı genişmiqyaslı tədbirlər görülür, müvafiq tapşırıqlar verilir. Nəticədə belə torpaq sahələri yenidən gəlir mənbəyinə çevrilir. Eyni zamanda,  həmin sahələrdə əkin prosesinin aparılması bol məhsul əldə edilməsinə şərait yaradır. Bu isə ölkədə ərzaq təhlükəsizliyinin reallaşdırılmasına öz töhfəsini  verir.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2017-ci ilin ilk 6 ayı ərzində 32 müraciət üzrə 95 min hektardan artıq torpaq sahəsinin təyinatı dəyişdirilib. Bundan 81 min 739 hektar torpaq sahəsində 19 aqroparkın və 13 min 680 hektar torpaq sahəsində isə 4 iri taxılçılıq təsərrüfatının yaradılması nəzərdə tutulub. 

Həyata keçirilən belə tədbirlər aqrar sektorun dinamik inkişafına imkan verir. Bu isə istehsal olunan məhsulun tələbatı tam ödəməsinə, Ümumi Daxili Məhsulun həcmində qeyri-neft sektorunun payının artmasına əlverişli şərait yaradır. Eyni zamanda, bol məhsulun əldə edilməsi xarici bazarlara çıxış imkanlarını genişləndirir.

Azərbaycanın güclü infrastruktur təminatına malik ölkəyə çevrilməsi qazlaşdırma sahəsində də qabarıq nəzərə çarpır. Bu gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədilə həyata keçirilən qazlaşdırma layihələri uğurla davam etdirilir. Belə ki, əhali istehlakçılarının mənzillərində uzun illər istismar edilən sayğaclar yenisi ilə əvəz olunur, respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması, həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən mavi yanacaqla təmin edilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün son 7 ay ərzində 957,8 kilometr yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 119,3 kilometr qaz kəməri əsaslı təmir olunub. Aparılan tikinti-quraşdırma işləri nəticəsində Goranboy, Ağcabədi, Bərdə, Şəki, Ucar, Quba, Qusar, Oğuz, İmişli, Saatlı, Sabirabad, Lerik, Ağstafa, Xaçmaz və Masallı rayonları üzrə 37 yaşayış məntəqəsi təbii qazla təmin edilib.

Son illərdə infrastruktur layihələrinin icrası, biznes və investisiya mühitinin yaxşılaşdırılması, həyata keçirilən dövlət dəstəyi tədbirləri regionların iqtisadi potensialını gücləndirməklə, Prezident İlham Əliyevin iqtisadi siyasətinin   prioritet istiqamətlərindən biri kimi sahibkarlığın inkişafına təkan verib. 

Bu ilin ötən ayları ərzində bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, prosedurların sadələşdirilməsi, əsassız müdaxilələrin qarşısının alınması və digər istiqamətlər üzrə mühüm işlər görülüb, elektron xidmətlərin sayı artırılıb. 

Regionlarda kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı infrastrukturunun qurulması, o cümlədən logistik mərkəzlərin və taxıl anbarı komplekslərinin yaradılması əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında mühüm rol oynayır, istehlak bazarında qiymətlərin sabitliyi təmin edilir.

Regionların inkişafı strategiyasının uğurla həyata keçirilməsi nəinki bölgələrin, eləcə də ölkənin inkişafında bir dönüş nöqtəsi olub, bütün regionlarda quruculuq işləri geniş vüsət alıb, Azərbaycanın istənilən bölgəsində yaşayan vətəndaşların bu strategiyanın nəticələrinin öz gündəlik həyatında hiss etməsinə gətirib çıxarıb. 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında