“Standard&Poor’s” beynəlxalq reytinq agentliyi Azərbaycan iqtisadiyyatının artacağını proqnozlaşdırır

Azərbaycanın sosial-iqtisadi sahədə qazandığı uğurlar, eləcə də ölkədə həyata keçirilən iqtisadi islahatlar, rəqabətə davamlı, innovativ iqtisadi sistemin formalaşdırılması istiqamətində atılan ardıcıl və qətiyyətli addımlar dünyanın aparıcı iqtisadi və maliyyə institutlarının, reytinq agentliklərinin, iqtisadi azadlıq səviyyəsini tədqiq edən fond və mərkəzlərin diqqətindən kənarda qalmır və yüksək qiymətləndirilir. “Standard&Poor’s” (S&P) beynəlxalq reytinq agentliyinin hesabatı da bu baxımdan diqqət çəkir.

Adıçəkilən reytinq agentliyi 2019-2020-ci illərdə Azərbaycanda illik ümumi daxili məhsul istehsalının (ÜDM) artımının 3,5 faiz səviyyəsində olacağını proqnozlaşdırır.

“S&P”nin mütəxəssislərinin rəyinə əsasən, ÜDM gələn il 2 faiz (nominal həcm 44 milyard dollar), 2019-cu ildə 3,5 faiz (47 milyard dollar), 2020-ci ildə isə 3,5 faiz (48 milyard dollar) artacaq.

Ekspertlər belə göstəricilərin əldə ediləcəyini “Şahdəniz-2” yatağından qazın nəqlinin başlanması ilə əlaqələndirirlər. Eyni zamanda, bu məsələdə qeyri-neft sektoruna investisiya qoyuluşunun dinamik artımının, həmçinin inflyasiyanın səngiməsinin və beləliklə, istehsalın yüksəlməsinin də önəmli rol oynadığını diqqətə çatdırırlar.

“S&P”nin proqnozuna görə, Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların həcmi 2017-ci ildə 5,5 faiz, 2018-ci ildə 3,5 faiz, 2019-cu ildə 2,5 faiz, 2020-ci ildə isə 2,5 faiz artacaq.

Azərbaycanda 2016-cı ildə 12,4 faiz olan orta illik inflyasiya bu il 9 faizədək geriləyəcək, 2018-2020-ci illərdə də inflyasiyanın səngiməsi tendensiyası davam edəcək. İllik inflyasiyanın 2018-ci ildə 7 faiz, 2019-2020-ci illərdə isə 5 faiz təşkil edəcəyi proqnozlaşdırılır.

“Standard&Poor’s” beynəlxalq reytinq agentliyinin hesabatında 2017-2020-ci illərdə Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldonun qorunacağı da vurğulanır.

“S&P” hesab edir ki, bu il dövlət büdcəsinin icrasında yaranan kəsir ÜDM-in 3,2 faizini təşkil edəcək. Bununla belə, gələn il dövlət büdcəsinin profisiti ÜDM-in 1 faizinə bərabər olacaq. 2019-2020-ci illərdə isə dövlət büdcəsinin icrası zamanı yaranacaq profisit ÜDM-in 2,5 faizini təşkil edəcək.

Sözügedən beynəlxalq reytinq agentliyinin proqnozları bir daha təsdiq edir ki, dövlət başçısı cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin ilk günündən bəyan etdiyi strateji hədəflər, qarşıya qoyduğu vəzifələr artıq reallığa çevrilib. Təsadüfi deyil ki, Azərbaycan artıq 2009-cu ildə iqtisadi keçid dövrünü başa çatdırıb və hazırda dünyanın inkişaf etmiş ölkələri ilə müqayisə olunur.

Yeri gəlmişkən, “S&P” mütəxəssislərinin rəyində vurğulanan Azərbaycanda ümumi daxili məhsul istehsalının artımına təsir göstərəcək amilləri də xatırlatmaq istərdik. Burada, ilk növbədə, biznes mühitinin inkişafına nəzər salaq. Belə ki, son illərdə sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən gələn gəlirlərin sürətlə artması bazar iqtisadiyyatı sisteminin formalaşdırılması, habelə özəl mülkiyyətin əsaslarının möhkəmləndirilməsi fonunda reallaşıb ki, buna da səbəb qanunvericilik bazasının təkmilləşdirilməsi, müxtəlif dövlət proqramlarının həyata keçirilərək iqtisadiyyatın ayrı-ayrı sahələrinə dövlət qayğısının artırılması, eyni zamanda, iqtisadiyyatın idarə edilməsinə müasir yanaşmanın ortaya qoyulması olub. Gəlirlərin artımının inflyasiyanı ciddi faizlərlə üstələməsi həm son istehlaka, həm də yığıma yönəldilən vəsaitlərin effektiv artımına gətirib çıxarıb.

Biznes mühitinin dinamik inkişafı ilə bağlı onu da xatırladaq ki, respublikada təkcə yerli sərmayədarlar üçün deyil, həm də xarici investisiyalara əlverişli vergi mühiti yaradılıb. Biznesə başlama prosedurları əsaslı şəkildə sadələşdirilib, vergi qanunvericiliyində çoxlu güzəştlər müəyyən edilib, sahibkarlığın və ixracın təşviqinə yönələn tədbirlər reallaşdırılıb.

Özəl sektor, kiçik və orta sahibkarlıq, sadəcə olaraq, biznes mühitini yaxşılaşdırmaq, yeni iş yerləri yaratmaq üçün deyildir. Sahibkarlığın inkişafı, əslində, çox böyük islahat deməkdir. Bu islahat dövlət başçısı İlham Əliyevin fərman və sərəncamlarına əsasən, Azərbaycanda uğurla aparılır. Ölkə Prezidentinin “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına uyğun olaraq son illərdə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, o cümlədən prosedurların sadələşdirilməsi, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, əsassız yoxlamaların qarşısının alınması və digər istiqamətlər üzrə davam etdirilib.

Ölkədə sahibkarlığın inkişaf etdirilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində hazırda sistemli tədbirlər həyata keçirilir, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla daha mütərəqqi normativ-hüquqi baza formalaşdırılır. Sahibkarlıq subyektlərinin elektron qeydiyyatı, xarici ticarət əməliyyatlarının aparılması, daşınmaz əmlaka hüquqların qeydiyyatı sahəsində keçirilən islahatların davamı olaraq, tikintiyə icazələrin verilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi, investorların maraqlarının qorunması və müflisləşmə üzrə qanunvericiliyə zəruri dəyişikliklər edilib.

Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq edilən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda onun tətbiq dairəsi, yoxlamaların məqsəd və prinsipləri, yoxlayıcı orqanların səlahiyyətləri ilə yanaşı, sahibkarlara məsləhətlərin verilməsi kimi çox əhəmiyyətli müddəalar nəzərdə tutulub. Hazırda ölkədə tətbiq edilən bu qanun vahid məlumat reyestrinin olmasına, sahibkarların işə məsuliyyətlə yanaşmalarına və nəticədə istehlakçıların hüquqlarının qorunmasına yönəldilib.

Yuxarıda Azərbaycan iqtisadiyyatına qarşıdakı illərdə yatırılan investisiyaların həcmində artım nəzərə çarpacağının proqnozlaşdırıldığını da xatırlatdıq. “S&P” mütəxəssislərinin bu rəyi təsadüfi deyil. Belə ki, son illərdə milli iqtisadiyyatın tərəqqisinə və ixracın şaxələndirilməsinə yönələn tədbirlər sırasında investisiya siyasəti diqqət mərkəzində saxlanılıb.

Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev Azərbaycanda investisiya siyasətinin həyata keçirilməsi barədə deyib: “Bu ilin altı ayında ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulub. Bu gün sərmayə qoyuluşu demək olar ki, bütün ölkələrdə azalır. Çünki maliyyə sıxıntıları, problemlər var. Amma Azərbaycana sərmayə qoyulur və bu sərmayənin böyük hissəsi xarici sərmayədir. Yəni, xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Nəyə görə? Təkcə ona görə yox ki, bizdə yaxşı investisiya iqlimi var. Ona görə ki, Azərbaycan bu gün sabitlik məkanıdır və investorlar ancaq sabit olan yerlərə sərmayə qoyurlar. Sabit olan ölkələrin sayı kəskin azalır. Ona görə əminəm ki, gələcəkdə daha çox xarici sərmayədar Azərbaycana investisiya qoymaq üçün bizə müraciət edəcək”.

Bu gün Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu xarici investorlara və tərəfdaşlara təqdim edilməsi məqsədilə xarici investisiyaların cəlbi üçün nəzərdə tutulan layihələrin sahibkarlıq subyektlərindən qəbuluna xüsusi önəm verir. Bu zaman investisiya layihələrində əsas diqqət maliyyə baxımından əsaslandırılan və iqtisadi cəhətdən səmərəli olan, beynəlxalq standartlara uyğun gələn müəssisələrin yaradılmasına və həmin obyektlərdə ixracyönümlü və idxaləvəzləyici məhsulların istehsal edilməsinə yetirilir.

Azərbaycanın xarici investisiya üçün cəlbedici olması təsadüfi deyil. Çünki respublikamızda əcnəbi investorların səmərəli fəaliyyəti məqsədi ilə hər cür şərait, xüsusilə mükəmməl qanunvericilik bazası yaradılıb, “açıq qapı” siyasəti prioritet istiqamət kimi qəbul edilib. Bundan başqa, son illərdə Azərbaycan hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması ilə bağlı 50-dən çox saziş imzalanıb. Avropa İttifaqının 23 üzv ölkəsi ilə respublikamız arasında ikiqat vergitutma aradan qaldırılıb.

 Azərbaycana investisiya qoyuluşuna marağın getdikcə artması ölkəmizin siyasi cəhətdən sabit olması, milli, dini və irqi tolerantlığı baxımından seçilməsi ilə bağlıdır. Bununla yanaşı, respublika hökuməti tərəfindən həyata keçirilən iqtisadi siyasət, aparılan islahatlar nəticəsində ölkədə güclü iqtisadi potensial mövcuddur. Son 10 il ərzində iqtisadiyyatın 3 dəfə artması, müasir infrastruktur yaradılması, yüzlərlə müasir müəssisənin fəaliyyətə başlaması da bunun nəticəsidir. Yaradılan əlverişli biznes və investisiya mühiti, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, regionda əlverişli mövqeyə malik olan mühüm tranzit mərkəzi olması, insan kapitalının inkişafı da ölkəmizin investisiya qoyuluşu baxımından cəlbediciliyini artırır. Eyni zamanda, Azərbaycan beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirir. Ölkəmizin təşəbbüskarı olduğu transmilli layihələr bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşundan danışarkən, yerli sərmayədarların fəaliyyətinə də qısaca toxunmaq istərdik. Xatırladaq ki, son illərdə sahibkarların fəaliyyətinə əsassız və qanunsuz müdaxilələrin, bürokratik yoxlamaların aradan qaldırılması, liberal biznes mühitinin formalaşdırılmasının xüsusi diqqət mərkəzində saxlanılması investisiya şəraitini daha da yaxşılaşdırıb. Şübhəsiz ki, bu da yerli investorların fəaliyyətinə öz müsbət təsirini göstərib. Lakin bütün bunlarla bərabər, özəl sərmayənin cəlb edilməsində hələ də müəyyən problemlər tamamilə aradan qaldırılmayıb. Əlbəttə, belə hal dövlət başçımızı narahat edir. Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bununla bağlı deyib: “Mən sərmayə qoyuluşu ilə bağlı rəqəmləri səsləndirdim, 5 milyard dollar sərmayə qoyulub. Ancaq bunun böyük hissəsi xarici sərmayədir. Biz çalışmalıyıq ki, daxili sərmayəni də cəlb edək. Daxili sərmayə deyəndə mən dövlət investisiyalarını nəzərdə tutmuram. Onsuz da biz bunu edirik və Dövlət İnvestisiya Proqramı uğurla icra olunur və tam icra edilməlidir. Buraya məktəb, xəstəxana, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, infrastruktur layihələri, yol salınması və sair daxildir. Mən özəl sərmayəni nəzərdə tuturam. Özəl sərmayənin cəlb edilməsi üçün təkcə mərkəzi icra orqanları məsuliyyət daşımırlar, yerli icra orqanları da, mən bunu demişəm, bir daha demək istəyirəm ki, daha fəal olmalıdırlar. Xüsusilə bölgələrdə investisiyaları cəlb etmək üçün icra başçıları gərək fəal olsunlar. Bəzi yerlərdə bu fəallıq, nəticələr var, amma bəzi yerlərdə bu fəallıq yoxdur, biganəlik var. Bəzi hallarda investorlara kömək etmək əvəzinə problemlər yaradılır. Bunlara son qoyulmalıdır. İlin sonunda – dekabr ayında Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyi mənə məlumat, siyahı verməlidir ki, hansı rayonda nə qədər özəl sərmayə cəlb olunub. Hər bir icra başçısının işinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcək. Mən müşavirələrin birində də demişəm ki, icra başçılarının fəaliyyətinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcəkdir. Bir daha deyirəm ki, dekabrın 15-də mənə geniş arayış təqdim edilsin və ondan sonra həm yüksək qiymət veriləcək, həm də cəza tədbirləri görüləcəkdir…”.

Yuxarıda qeyd edilənlər, şübhəsiz ki, iqtisadiyyatın dinamik inkişafına öz müsbət təsirini göstərib. Nəticədə isə Azərbaycanın şəhər və kəndlərinin siması dəyişib, insanların həyat tərzi yeniləşib. Genişmiqyaslı dövlət proqramları həyata keçirilib, xalqımızı düşündürən sosial-iqtisadi problemlər həll edilib. İstehsal və sosial infrastruktur obyektləri yaradılıb, yeni iş yerləri açılıb. Təhsilə, elmə, mədəniyyətə, səhiyyəyə, idmana dövlət qayğısı artıb. Aqrar sahədə müsbət dinamika davamlı xarakter alıb.

Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası sürətlənib. Respublikamızın Qafqaz bölgəsində lider mövqelərinin möhkəmlənməsi, Avropanın enerji təhlükəsizliyi sistemində mühüm yer tutması onun dünya birliyində nüfuzunu artırıb. Dövlətimizin beynəlxalq mövqelərinin daha da güclənməsi ölkəmizin inkişafı yolunda ən böyük maneə olan Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq prinsipləri və normaları, xüsusən onların arasında təməl prinsipi olan dövlətlərin ərazi bütövlüyü əsasında sülh yolu ilə həll edilməsinə yeni imkanlar açıb.

Azərbaycanda əhalinin etibarlı sosial müdafiəsinin təmin olunması və ailə gəlirlərinin artırılması istiqamətində mütəmadi olaraq məqsədyönlü tədbirlər həyata keçirilir. Bu isə şübhəsiz ki, yoxsulluğun azaldılmasına müsbət təsir göstərir. Bundan başqa, inklüziv inkişaf indeksində diqqət mərkəzində saxlanılan səhiyyənin inkişafına da mühüm önəm verilir. 2004-cü ildən indiyədək 700-ə yaxın tibb ocağının tikilməsi və ya təmir edilməsi bunun bariz ifadəsidir.

Azərbaycanda əhalinin etibarlı sosial müdafiəsi bundan sonra da diqqət mərkəzində saxlanılacaq. Dövlət başçısının “Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm ki, bizim siyasətimizin məqsədi ölkəmizi gücləndirməkdir, müstəqilliyimizi möhkəmləndirməkdir və dayanıqlı inkişafa nail olmaqdır. Əlbəttə, məqsədimiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşı daha da yaxşı yaşasın. Yəni, biz bütün bu işləri onun üçün edirik ki, xalqımız daha da yaxşı yaşasın. Ona görə sosial məsələlərin həlli bütün proqramlarda nəzərdə tutulmuşdur, həm maaşların, pensiyaların, sosial müavinətlərin, ünvanlı sosial yardımın artırılması və eyni zamanda, sosial infrastrukturun yaradılması qarşımıza məqsəd kimi qoyulmuşdur”,- fikri bu əminliyi yaradır.

“Standard&Poor’s” beynəlxalq reytinq agentliyinin proqnozları da bir daha təsdiqləyir ki, Azərbaycan artıq iqtisadi cəhətdən azad ölkədir. Respublikada əlverişli biznes, investisiya mühiti mövcuddur. Eyni zamanda, hökumət vergi gəlirlərində və kapital xərclərində, habelə milli valyutanın məzənnəsi ilə bağlı təsirli nizamlayıcı addımlar atmaqla mövcud valyuta ehtiyatlarının azalmasının qarşısını alır. Bu isə liberal iqtisadi islahatların, düşünülmüş, elmi əsaslara malik inkişaf konsepsiyasının həyata keçirilməsi, siyasi iradə nəticəsində mümkün olub və Azərbaycan dövlətinin dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatmaq əzmindən xəbər verir. Ölkə Prezidenti cənab İlham Əliyev deyib:”Azərbaycanın çox möhtəşəm inkişafı hələ qabaqdadır. Azərbaycan bundan sonra da inamlı inkişaf yolu ilə gedəcək, beynəlxalq müstəvidə öz yerini möhkəmləndirəcək və bütün beynəlxalq təşəbbüslər xalqın maraqlarını müdafiə edəcəkdir”.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında