Biznes mühitinin yaxşılaşdırılması, yeni müəssisələrin yaradılmasının dəstəklənməsi, sənaye istehsalının artırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq, investisiya təşviqi mexanizmi yaradılıb. İnvestisiya təşviqi sənədi Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanunda müəyyənləşdirilən güzəştləri əldə etməyə əsas verən sənəddir. Bu güzəştlərə 7 il müddətinə mənfəət və ya gəlir vergisinin 50 faizindən azadolma, habelə torpaq və əmlak vergisindən, layihə çərçivəsində xaricdən idxal olunan texnika, texnoloji avadanlıq və qurğunun gömrük rüsumu, eyni zamanda, ƏDV-dən tam azadolması aiddir.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, indiyədək 169 sahibkarlıq subyektinə 182 investisiya təşviqi sənədi təqdim edilib. Sözügedən sənəd əsasında layihələrin reallaşması nəticəsində isə yerli istehsala 1,6 milyard manat investisiya yatırılması, 11 mindən çox yeni iş yerinin açılması nəzərdə tutulub.
İnvestisiya təşviqi sənədləri hesabına reallaşdırılacaq layihələrin 1-i Bakı şəhərində, 66-sı Bakıətrafı qəsəbələrdə və Abşeronda, 115-i isə digər iqtisadi rayonlarda həyata keçiriləcək. Verilən 182 investisiya təşviqi sənədinin 70-i kənd təsərrüfatı, 112-i isə sənaye yönümlü layihələrdir.
Ən çox investisiya təşviqi sənədi intensiv bağçılıq, bostançılıq və çayçılıq, qida məhsullarının istehsalı, rezin və plastmas məmulatların istehsalı sahələrində reallaşdırılan layihələrə verilib. Eyni zamanda, texnikanın, texnoloji avadanlıqların və qurğuların güzəştli şərtlərlə idxalı üçün 169 sahibkarlıq subyektinə 744 təsdiqedici sənəd təqdim edilib. Təsdiqedici sənədlər əsasında sahibkarlıq subyektləri tərəfindən əldə olunan ümumi güzəştin dəyəri 30,5 milyon ABŞ dollarıdır.
Özəl bölmənin inkişafında xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi də önəmli rol oynayır. Belə ki, Azərbaycan Prezidentinin “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” 19 oktyabr 2015-ci il tarixli fərmanına uyğun olaraq, 2015-ci il noyabrın 2-dən etibarən lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə verilməsinə başlanılıb. Həmin vaxtdan indiyədək sahibkarlıq subyektləri tərəfindən 4300-dən çox lisenziya alınıb. Lisenziyalar, əsasən, əczaçılıq, özəl tibb, tikinti-quraşdırma işləri, təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması, təhsil və s. fəaliyyət sahələrinə verilib.
Sahibkarlığın inkişafına müsbət təsir göstərən amillərdən biri də investisiya qoyuluşunun diqqət mərkəzində saxlanılmasıdır. Respublikamızda investisiya layihələrinin maliyyələşdirilməsindən danışarkən, Prezident İlham Əliyev deyib: “Biz əsas vəsaitimizi ölkəmizə qoyuruq. Eyni zamanda, xarici investorlar üçün də Azərbaycan cəlbedici ölkə kimi tanınır. Biz çalışmalıyıq ki, investisiya iqlimini daha da yaxşılaşdıraq və bu sahədə əlavə tədbirlər görüləcəkdir”.
Məhz elə buna görə də təkcə cari ilin birinci yarısında ölkə iqtisadiyyatına 5 milyard ABŞ dolları həcmində investisiya yatırılıb. Ümumiyyətlə, bu məsələyə üstünlük verilməsi sayəsində Azərbaycan hazırda investisiya cəlb edən ölkədən investisiya yatıran və xüsusilə, strateji əhəmiyyətli layihələrdə nümunə göstərən regional gücə çevrilib.
Hazırda bütün dünyada maliyyə resurslarının məhdudlaşdığı, sahibkarların investisiya qoyuluşlarına son dərəcə ehtiyatla yanaşdığı bir şəraitdə respublikamızda bu işə mühüm önəm verilməsi müsbət haldır. Etiraf edək ki, ölkəmizin regionlarında əlverişli biznes və investisiya mühitinin formalaşması, iş adamlarının fəaliyyət imkanlarının genişlənməsi, bölgələrin istehsal potensialının səmərəli istifadəsi daxili istehsalın təşviq edilməsi ilə şərtlənir. Daxili investisiya qoyuluşlarının həcminin əhəmiyyətli dərəcədə artması, xaricdən maliyyə asılılığının minimuma endirilməsi, real sektorun, istehsalla məşğul olan müəssisələrin hərtərəfli dəstəklənməsi, daxili bazarın qorunması bu baxımdan xüsusi önəm daşıyır.
Bu ilin ötən aylarında büdcə vəsaitlərinin müəyyən qisminin investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilməsi də respublikamızın milli inkişaf modelinin obyektiv mahiyyətindən irəli gəlir. İnvestisiya layihələrinin reallaşdırılması insanların firavan və rahat yaşayışı, sahibkarlığın dinamik inkişafı ilə yanaşı, hazırda həm də ölkənin milli təhlükəsizliyi ilə bağlı məsələdir. Bütün bunlar isə nəticə etibarilə Azərbaycan insanının mədəni-intellektual səviyyəsinin yüksəlişinə, mənəvi-əxlaqi dəyərlərin cəmiyyətdə əsas meyara çevrilməsinə xidmət edir. Bu, başqa cür mümkün də deyil. Çünki müasir tələblərə cavab verən investisiya layihələrini gerçəkləşdirmədən, infrastruktur yaratmadan sahibkarlığın inkişafından danışmaq qeyri-mümkündür.
Bir az əvvəl vurğuladığımız kimi, investisiya qoyuluşu, eyni zamanda, ölkədə sahibkarlığın inkişafı deməkdir. Buna görə Azərbaycanda özəl bölmənin tərəqqisi priroritet istiqamətdir. Elə bu səbəbdəndir ki, Azərbaycanda sahibkarlığa əngəl olan problemlərə sərt mövqe ilə yanaşılır. Prezident İlham Əliyev bununla bağlı deyib: “Sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının əsas şərtidir. Ona görə sahibkarlara maksimum sərbəstlik verilməlidir və verilir. Son vaxtlar qəbul edilmiş qərarlar, qanunlar, verilmiş sərəncamlar bu məqsədi güdür ki, sahibkarlara heç kim mane olmasın, süni əngəllər aradan götürülsün, sahibkarlar maksimum dərəcədə sərbəst, rahat şəraitdə işləsinlər, ölkəmizə vəsait qoysunlar, iş yerləri yaratsınlar və Azərbaycanda biznes mühiti daha da yaxşılaşsın.
Bu gün biznes mühitinin yaxşılaşması üçün bütün şərait yaradılır. Siyasi iradə var, qanunvericilikdə düzəlişlər edilibdir, yeni qaydalar tətbiq olunur və əlbəttə ki, ictimai nəzarət daha da güclü olmalıdır. Çünki bəzi hallarda sahibkarlara qarşı ədalətsizliklər göstərilir, onların işinə müdaxilələr olur, onlara qarşı əsassız tələblər irəli sürülür, qanunsuz ödəmələr tələb olunur. Bütün bunlara son qoyulur və son qoyulacaq. Bütün hallarda həm inzibati tədbirlər, həm cəza tədbirləri davam etdiriləcək. Bu gün biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət edirlər. Çünki ölkəmizin uğurlu inkişafı biznesin inkişafından asılıdır. Dövlət siyasəti, Prezidentin siyasi iradəsi var. Belə olan halda dövlət qurumları burada maneçilik törətməməlidirlər, əskinə, kömək etməlidirlər, şərait, imkan yaratmalıdırlar ki, biznes inkişaf etsin”.
Prezident İlham Əliyev, eyni zamanda, vurğulayıb ki, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə bundan sonra da aparılacaq. İş adamlarının fəaliyyətinə müdaxilə edən dövlət qurumları bundan sonra da cəzalandırılacaq, artıq ictimaiyyət bunu görür və görəcək. Bizim çox güclü siyasi iradəmiz var. Bu iradənin təməlində Azərbaycan xalqının dəstəyi dayanır. Xalq da bizim bütün təşəbbüslərimizi alqışlayır, bəyənir, dəstəkləyir. Əgər bu dəstək olmasa, biz heç bir iş görə bilmərik.
Dövlət başçısının sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasına, lisenziyaların sayının kəskin azaldılması və prosedurların sadələşdirilməsinə dair qərarları da özəl bölmənin inkişafına, şübhəsiz ki, öz müsbət töhfəsini verir.
Azərbaycan Prezidentinin dərin iqtisadi islahatlar paketi çərçivəsində biznes mühitinin yaxşılaşdırılması, lisenziya tələb olunan fəaliyyət növlərinin sayının 59-dan 37-yə endirilməsi, sahibkarlıq fəaliyyəti növlərinə verilən icazələrin sayının təqribən 4 dəfə azaldılaraq 330-dan 87-yə endirilməsi ilə bağlı mühüm qərarlar da biznes mühitinin yaxşılaşdırılmasına müsbət təsir göstərib.
Ümumiyyətlə, ötən ildən başlayaraq dünyada baş verən iqtisadi proseslər fonunda ölkə iqtisadiyyatının inkişafı, investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın genişləndirilməsi üçün əlverişli imkanların yaradılması, qeyri-neft ixrac potensialının artırılması, idxalın əvəzlənməsi, o cümlədən yerli sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi istiqamətində bir sıra mühüm qərarlar qəbul edilib və sistem xarakterli iqtisadi islahatların aparılması əsas hədəf kimi müəyyənləşdirilib. Belə ki, dövlət başçısının ötən ilin əvvəlində imzaladığı müvafiq fərmanlarla ölkədə sahibkarların şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuraları fəaliyyətə başlayıb.
Ölkənin perspektiv inkişaf hədəflərini və istiqamətlərini müəyyənləşdirmək, onların gerçəkləşdirilməsini təmin etmək məqsədilə dövlət başçısının 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilən milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin icrası da qarşıya qoyulan mühüm vəzifələrin yerinə yetirilməsində mühüm rol oynayacaqdır. Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir. Bu strateji yol xəritələrinin sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində Azərbaycanın gələcək inkişaf perspektivlərini dərin elmi əsaslarla müəyyənləşdirən konseptual əhəmiyyətli sənəddir.
Azərbaycan Prezidentinin 2016-cı il 21 may tarixli fərmanı ilə malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin daha çevik, şəffaf həyata keçirilməsi və məmur-vətəndaş münasibətlərinin müasir idarəçilik prinsipləri əsasında inkişaf etdirilməsi məqsədilə gömrük-sərhəd buraxılış məntəqələrindən sahibkarların buraxılışının risk qiymətləndirilməsi əsasında buraxılışı təmin olunub, Dövlət Gömrük Komitəsi tərəfindən “Yaşıl dəhliz” və digər buraxılış sistemlərinin tətbiqi ilə əlaqədar müvafiq infrastruktur yaradılıb. 2016-cı il avqustun 1-dən etibarən sahibkarlar “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə etmək imkanı qazanıblar.
Azərbaycan Prezidentinin 2016-cı il 4 avqust tarixli “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” sərəncamını da xüsusi qeyd etmək lazımdır. Sərəncamın icrası ilə əlaqədar Vergi Məcəlləsində ümumilikdə 56 maddəni əhatə edən 201 dəyişiklik olunub. Mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığının artırılması məqsədilə yeni qəbul edilən “Nağdsız hesablaşmalar haqqında” qanun da ölkədə iqtisadi fəallığın artırılmasını, sahibkarlığın inkişaf etdirilməsini, bütövlükdə ölkənin davamlı inkişafını nəzərdə tutur.
Yuxarıda qeyd edilənlərlə yanaşı, Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisdə qəbul olunmuş “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanun da ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin formalaşdırılması və vergi yükünün optimallaşdırılması məqsədi daşıyır. Həmin qanuna əsasən, vergi ödəyicilərinin vergilərin Vergi Məcəlləsi ilə müəyyənləşdirilən müddətdə ödənilməməsinə görə hesablanmış faizlər üzrə 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan borcları tamamilə, maliyyə sanksiyaları üzrə borcları isə ödəniş müddətinə mütənasib şəkildə silinib.
Sahibkarlığa verilən dəstəyin davamı olaraq Azərbaycan Prezidentinin 2016-cı il 15 sentyabr tarixli “İcra hakimiyyəti orqanlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların fəaliyyətində satınalmaların səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərmanını da qeyd edə bilərik. Bu fərman icra hakimiyyəti orqanlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların fəaliyyətində səmərəliliyi artırmaqla yanaşı, ölkədə sahibkarlıq fəaliyyətini genişləndirmək, habelə biznes və investisiya mühitinin əlverişliliyini və rəqabətqabiliyyətini daha da artırmaq məqsədi daşıyır. Sənəd, eyni zamanda, idxalın əvəzlənməsi, eləcə də ixracın artırılması üçün sahibkarlığın inkişafına yeni imkanlar açır.
Azərbaycan iqtisadiyyatı 2015-ci ildən etibarən keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Qlobal iqtisadi çağırışların milli iqtisadiyyata transformasiyası ilə bağlı yeni iqtisadi islahat istiqamətləri müəyyən edilib. Belə ki, 2016-cı ildən etibarən dünyada baş verən iqtisadi proseslər fonunda ölkə iqtisadiyyatının inkişafı, investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın genişləndirilməsi üçün əlverişli imkanların yaradılması, qeyri-neft ixrac potensialının artırılması, idxalın əvəzlənməsi, o cümlədən yerli sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi istiqamətində bir sıra mühüm qərarlar qəbul edilib və sistem xarakterli dərin iqtisadi islahatların aparılması əsas hədəf kimi müəyyənləşdirilib.
Azərbaycan Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi, hazırda qarşıda duran ən başlıca məqsəd ölkəmizi inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Bu gün respublikada aparılan hər bir iqtisadi islahatın kökündə sosial problemlərin aradan qaldırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və hər bir vətəndaşın rifahının artırılmasına imkan verən mühitin yaradılması məqsədi dayanır. Belə bir mühitin yaradılması dayanıqlı iqtisadi inkişafın reallaşdırılması, maliyyə sisteminin, sahibkarlıq mühitinin inkişaf etdirilməsi, insanların hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi yolu ilə, həmçinin sosial problemlərin birbaşa həllinə yönələn tədbirlər vasitəsilə həyata keçirilə bilər.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.