Azərbaycan iqtisadiyyatının davamlı inkişafının qorunub saxlanılması prioritet vəzifədir

Hazırda  respublikamızda qeyri-neft sektorunun inkişafına iqtisadi artımın başlıca mənbəyi kimi yanaşılır. Elə buna görə də milli iqtisadiyyatın tərəqqisi və ixracın şaxələndirilməsi istiqamətində  əsaslı tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. İnvestisiya siyasətinə üstünlük verilməsi, iqtisadi sahəyə yönəldilən əsaslı vəsait qoyuluşunun artırılması da mühüm önəm daşıyır. Bunu son 15 il ərzində Azərbaycan iqtisadiyyatına ayrılan əsaslı vəsait qoyuluşu həcminin 100 milyard manatdan çox olması faktı da təsdiqləyir.

Dövlətimizin başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında da respublikada investisiya siyasətinə prioritet məsələ kimi yanaşıldığını diqqətə çatdırıb: “Bu ilin altı ayında ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulub. Bu gün sərmayə qoyuluşu demək olar ki, bütün ölkələrdə azalır. Çünki maliyyə sıxıntıları, problemlər var. Amma Azərbaycana sərmayə qoyulur və bu sərmayənin böyük hissəsi xarici sərmayədir. Yəni, xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Nəyə görə? Təkcə ona görə yox ki, bizdə yaxşı investisiya iqlimi var. Ona görə ki, Azərbaycan bu gün sabitlik məkanıdır və investorlar ancaq sabit olan yerlərə sərmayə qoyurlar. Sabit olan ölkələrin sayı kəskin azalır. Ona görə əminəm ki, gələcəkdə daha çox xarici sərmayədar Azərbaycana investisiya qoymaq üçün bizə müraciət edəcək”.

Bir sözlə, siyasi sabitlik, zəngin təbii ehtiyatlar və iqtisadi potensial, yaradılan  əlverişli biznes və investisiya mühiti, müasir ­infrastruktur, əlverişli coğrafi mövqe, beynəlxalq aləmdə etibarlı tərəfdaşlıq ölkəmizi investisiya qoyuluşu üçün cəlbedici məkana çevirib.

Nəticə isə göz önündədir: ölkə iqtisadiyyatının quruluşunda əhəmiyyətli dəyişikliklər baş verib, innovasiya xarakterli texnologiyaların tətbiqinə əsaslanan yeni müəssisələr işə salınıb, iş yerləri açılıb, genişmiqyaslı sosial-mədəni obyektlər istifadəyə verilib, irimiqyaslı infrastruktur layihələri reallaşdırılıb.

Ümumiyyətlə, bu gün sosial-iqtisadi həyatın bütün sahələrində dinamik inkişaf nəzərə çarpır. Statistik məlumata əsasən, cari ilin ilk yarısında qeyri-neft iqtisadiyyatı 1,7 faiz yüksəlib. Qeyri-neft sənayesində isə bu göstərici  4,4 faiz təşkil edib. Hesabat dövründə ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulub. Valyuta ehtiyatları da artıb və   40,6 milyard dollar həcmində olub. Bundan başqa, 101 mini daimi olmaqla   122 min yeni iş yeri açılıb, ixracda 36 faiz, qeyri-neft ixracında isə 27 faiz artım qeydə alınıb.  

Əlbəttə, sadalanan uğurlar həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının məntiqi nəticəsidir. Ölkə rəhbəri cənab İlham Əliyev çıxışlarının birində bu barədə deyib: “Uzun illər Azərbaycan iqtisadiyyatına qoyulan vəsait, şaxələndirmə siyasəti, qeyri-neft sektorunun inkişafı imkan verir ki, iqtisadiyyat dayanıqlı surətdə inkişaf etsin, bir sektordan – neft-qaz sektorundan asılı olmasın. Hətta dünyada neftin qiymətinin kəskin şəkildə düşməsi Azərbaycanın ümumi iqtisadi inkişafına  təsir etməmişdir. Budur, Azərbaycanın iqtisadi modelinin unikallığı və bu göstəricilər bizim seçdiyimiz yolun nə qədər düzgün olmasını bir daha göstərir...”.

Azərbaycanda reallaşdırılan uğurlu sosial-iqtisadi inkişaf strategiyasından danışarkən, ölkə regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasının əhəmiyyətini xüsusi qiymətləndirmək lazımdır. Çünki keçid dövrünə xas bir sıra köklü problemlərin həlli prosesinə dövlət başçısının imzaladığı müvafiq fərmanlarla start verilib, nəticədə qısa zaman ərzində ölkə iqtisadiyyatında mütərəqqi inkişaf meyilləri nəzərə çarpıb. Bu çərçivədə atılan ardıcıl addımlar Azərbaycanda işsizlik probleminin aradan qaldırılması, regionların tarazlı inkişafı, qeyri-neft sektoruna diqqətin artırılması, sahibkarlığın inkişafı, yeni iş yerlərinin açılması istiqamətində müsbət nəticələrlə müşayiət olunub. 

Xatırladaq ki, regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının uğurlu icrası həm əhalinin işgüzar fəallığının artmasına, yerlərdə sahibkarlıq fəaliyyətinin daha da genişlənməsinə, infrastruktur layihələrinin həyata keçirilməsinə, həm də beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisə və obyektlərin yaradılmasına səbəb olub. Əvvəlki dövlət proqramlarının məntiqi davamı olan “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” da ölkə iqtisadiyyatının, xüsusilə regionların inkişafında mühüm əhəmiyyətə malikdir. Bu proqramda müəyyənləşdirilən vəzifələr hazırda uğurla icra olunur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 19-da Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun açılışı mərasimindəki çıxışında regionların sosial-iqtisadi inkişafından danışarkən, bölgələrin tərəqqisinə mühüm təsir göstərən bir sıra məsələlərə də toxunub. Regionlarda yol infrastrukturunun yenidən qurulması ilə bağlı geniş layihələrin reallaşdırılmasını diqqətə çatdırıb: “Yol olan yerdə inkişaf da olur. İndi həm sərmayə qoyuluşu, həm kənd təsərrüfatının inkişafı yol infrastrukturuna bağlıdır. Çünki yol həm insanlar üçün xidmət edir, gediş-gəliş asanlaşır, eyni zamanda, sizin məhsulunuz da bazarlara tez bir zamanda çatdırılır, itki də olmur. Yol kənd təsərrüfatı ilə məşğul olmaq üçün də əlavə imkanlar yaradır. Ona görə yol həm sosial, həm iqtisadi layihədir. Ölkəmizdə yol layihələrinə çox böyük diqqət verilir. Demək olar ki, indi bütün magistral yollarımızda ən müasir səviyyə yaradılıbdır...”.

Azərbaycan Prezidenti aqrar sektorun inkişafında suvarma işinin xüsusi rol oynadığını da xatırladıb. Son illər ərzində bu məsələyə ciddi fikir verildiyini bildirən ölkə rəhbəri bu vaxta qədər suvarılmayan torpaqlarda indi əlverişli su təminatı yaradıldığını qeyd edib: “Bu, əlbəttə ki, kənd təsərrüfatının inkişafına böyük təkan verib. Vaxtilə əkilməyən sahələrdə indi gözəl işlər görülür. Mənə verilən məlumata görə, artıq boş torpaq qalmayıb. Nəyə görə? Ona görə ki, su var. Su olmayanda heç kim əkib becərmir. Suyu gətirmək üçün biz çox böyük işlər gördük. Şəmkirçay su anbarı tikilib. Bu, tarixi layihədir. Biz onu bir neçə il bundan əvvəl istifadəyə verdik. O layihəyə yüz milyonlarla manat vəsait qoyulubdur. İlkin hesablamalara görə, o layihənin icrası nəticəsində təqribən 70-80 min hektar torpaq sahəsinə suyun verilməsi və yaxşılaşdırılması nəzərdə tutulurdu. Son məlumata görə, əlavə kanalların çəkilişi hesabına biz bu rəqəmi 110 min hektara çatdıracağıq. Ona görə Şəmkirdən Samuxa qədər kanal çəkilib. Mən indi onun açılışını etdim. O kanalın çəkilişi davam etdiriləcək, Goranboy və Göygöl rayonlarının ərazisini əhatə edəcək. Beləliklə, indi 100 min hektardan çox torpaqda suvarma işləri təmin olunur. Kəndlilər, fermerlər, sahibkarlar dərhal bundan istifadə edirlər, əkirlər, becərirlər, yaxşı pul qazanırlar. Bu, bizim ərzaq təhlükəsizliyimizə də böyük töhfədir”, - deyə dövlət başçısı vurğulayıb.

Ümumiyyətlə, son illər ərzində kənd təsərrüfatını stimullaşdırmaq üçün böyük həcmli meliorasiya tədbirləri görülüb. Yüz minlərlə hektar torpağın meliorasiya vəziyyəti yaxşılaşdırılıb və suvarılan sahələr dövriyyəyə buraxılıb. Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə nəhəng su anbarları tikilib.

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində Azərbaycanın perspektivli və potensial üstün sahələri müəyyənləşdirilib, 2025-ci il və sonrakı dövr üçün görüləcək tədbirlərin yol xəritəsi göstərilib. Orta və uzunmüddətli dövrləri əhatə edən sənədlər iqtisadi inkişafa töhfə verən bütün amillərin, o cümlədən yerli və beynəlxalq özəl sektor nümayəndələrinin kommunikasiyası və əməkdaşlığı üçün imkanlarının təmininə yönəlib.

Xatırladaq ki, qlobal miqyasda baş verən iqtisadi böhrandan Azərbaycan analoji problemlərlə üzləşən ölkələr arasında az itkilərlə çıxan dövlətdir. Cari ilin beş ayının sosial – iqtisadi qiymətləndirməsi də deməyə əsas verir ki, respublikamızda maliyyə sabitliyinin təmini yönümündə həyata keçirilən tədbirlər praktik baxımdan özünü doğruldub. Əvvəlki illərdən yaradılan möhkəm maliyyə-iqtisadi potensial hesabına ölkə iqtisadiyyatının dayanıqlığı qorunub saxlanılıb. Ötən dövrün pozitiv nəticələri respublika iqtisadiyyatının yalnız neft amilindən asılılığı barədə indiyədək irəli sürülən müəyyən iddiaların əsassızlığını tam sübuta yetirib.

Azərbaycan artıq dünyada özünəməxsus milli inkişaf modeli ilə seçilən, habelə sərmayədar dövlət və qlobal böhran şəraitində belə makroiqtisadi sabitliyi təmin edən ölkə kimi tanınıb. Respublikamız, eyni zamanda, dünyada güclü, müstəqil və müasir inkişaf edən bir dövlət olaraq nüfuz qazanıb.

Diqqəti bir məqama da yönəltmək istərdik. Keçən ildən etibarən dünyada baş verən iqtisadi proseslər fonunda Azərbaycan iqtisadiyyatının inkişafı, investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın genişləndirilməsi üçün əlverişli imkanların yaradılması, qeyri-neft ixrac potensialının artırılması, idxalın əvəzlənməsi, o cümlədən yerli sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi istiqamətində bir sıra mühüm qərarlar qəbul edilib və sistem xarakterli dərin iqtisadi islahatların aparılması əsas hədəf kimi müəyyənləşdirilib.    

Hazırda qarşıda duran ən mühüm məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Bu gün ölkədə aparılan hər bir iqtisadi islahatın əsasında sosial problemlərin aradan qaldırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və hər bir vətəndaşın rifahının artırılmasına imkan verən mühitin yaradılması məqsədi dayanır. Belə bir mühitin yaradılması isə dayanıqlı iqtisadi inkişafın reallaşdırılması, maliyyə sisteminin, sahibkarlıq mühitinin inkişaf etdirilməsi, insanların hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi yolu ilə, həmçinin sosial problemlərin birbaşa həllinə yönələn tədbirlər vasitəsilə həyata keçirilə bilər.

Azərbaycan Respublikası Prezidenti tərəfindən dərin iqtisadi islahatlar paketi çərçivəsində biznes mühitinin yaxşılaşdırılması, lisenziya tələb olunan fəaliyyət növlərinin sayının 59-dan 37-yə endirilməsi, sahibkarlıq fəaliyyəti növlərinə verilən icazələrin sayının təqribən 4 dəfə azaldılaraq 330-dan 87-yə endirilməsi ilə bağlı mühüm qərarlar qəbul olunub. Bundan başqa dövlət başçısının  imzaladığı müvafiq fərmanlarla ölkədə sahibkarların şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuraları yaradılıb.  

“İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının müvafiq sərəncamı ilə qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına geri ödəmə dəstəyinin verilməsi ilə bağlı hüquqi baza yaradılıb.  

Azərbaycan Prezidentinin “Qeyri-neft ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanında isə 2016-2020-ci illərdə respublika ərazisində istehsal olunan və istehsal prosesində istifadə edilən yerli komponentlərin və qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisindən, habelə ixrac edilən həmin məhsulların növündən asılı olaraq, qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsi nəzərdə tutulub. 

Respublika Prezidentinin müvafiq sərəncamları ilə sahibkarlıq sahəsində son illər ərzində nail olunan sürətli inkişafın davamlılığının təmin edilməsi və rəqabət qabiliyyətinin möhkəmləndirilməsi, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə komissiyanın, habelə makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi və maliyyə dayanıqlılığının təmin edilməsi məqsədilə Maliyyə Sabitliyi Şurasının yaradılmasının da əhəmiyyəti böyükdür.

Aparılan iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsi və bu sahədə işlərin səmərəli əlaqələndirilməsinin təmin edilməsi üçün cənab ­Prezident tərəfindən İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzi yaradılıb.  

Ölkənin perspektiv inkişaf hədəflərini və istiqamətlərini müəyyənləşdirmək, onların gerçəkləşdirilməsini təmin etmək məqsədilə dövlət başçısının 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiqlənən  milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin icrası da qarşıya qoyulan mühüm vəzifələrin yerinə yetirilməsində mühüm rol oynayacaqdır. Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir. Bu strateji yol xəritələrinin sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində Azərbaycanın gələcək inkişaf perspektivlərini dərin elmi əsaslarla müəyyənləşdirən konseptual əhəmiyyətli sənəddir.

Azərbaycana bu gün inamla rəhbərlik edən Prezident İlham Əliyev ulu öndərin xilas edib inkişaf yoluna çıxardığı dövləti daha da möhkəmləndirib, onun müstəqil siyasət yeritməsini təmin edib. “Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil ölkədir. Azərbaycan azad ölkədir. Azərbaycan dünyəvi ölkədir. Eyni zamanda, Azərbaycan inkişaf edən ölkədir. İqtisadi cəhətdən əldə edilmiş bütün uğurlara baxmayaraq, biz hələ də inkişaf edən ölkəyik. Bizim məqsədimiz Azərbaycanı inkişaf etmiş ölkəyə çevirməkdir. Mən şübhə etmirəm ki, biz buna nail olacağıq. Biz inkişaf etmiş bütün ölkələrin təcrübəsini bilirik, öyrənirik və biz o istiqamətdə inkişaf edirik. Eyni zamanda, Azərbaycan demokratik inkişaf baxımından çox sürətlə irəliyə gedir”, – deyən Prezident İlham Əliyevin son illərdəki fəaliyyətinin təhlilinə nəzərən əminliklə demək olar ki, ulu öndər Heydər Əliyev siyasi kursunun davam etdirilməsi ictimai zərurət olmaqla yanaşı, Azərbaycanın dövlət müstəqilliyinə əbədi təminatdır.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında