Bakı – Tbilisi – Qars dəmir yolu təkcə iqtisadi deyil, həm də siyasi layihədir

 

 

 

 

 

 

 

 

 

 


Bilirsiniz ki, bu gün biz böyük nəqliyyat layihələri üzərində işləyirik. Bakı-Tbilisi-Qars və Şimal-Cənub layihələri ilə bağlı Azərbaycanın üzərinə düşən vəzifələr tam icra edilib. İndi əlbəttə ki, tərəfdaş ölkələrdə bu işlərin sürətləndirilməsi prosesi gedir. Biz də gələcəkdə bu işlərdə iştirak edə bilərik. Belə olan halda indi əsas böyük nəqliyyat layihələri arasında prioritet Ələt Beynəlxalq Dəniz Limanının tikintisinin başa çatdırılmasıdır və bunun üçün lazımi vəsait ayrılıb. Əminəm ki, bundan sonra bir il ərzində, yəni, hesab edirəm, gələn ilin yayına qədər Bakı Ələt Beynəlxalq Dəniz Limanı istifadəyə veriləcək. Bu, Xəzər dənizində ən böyük liman olacaq və bizim nəqliyyat imkanlarımızı böyük dərəcədə artıracaq.

İlham ƏLİYEV
 Azərbaycan Respublikasının Prezidenti


Qərb politoloqlarının fikrincə, üç mühüm amil vardır ki, hansısa ölkənin dünya miqyasında daha çox tanınması üçün zəmin yaradır: ölkənin ya təbii sərvətləri, ya görkəmli şəxsiyyətləri, ya da dünya əhəmiyyətli tranzit yollarla bağlılığı olmalıdır. Ən sadə, elementar təfəkkürə malik olan adam da qəbul edir ki, Tanrı Azərbaycana həmin amillərin üçünü də bəxş etmişdir. Təbii sərvətlərimiz də var, həmin sərvətlərdən xalqın mənafeyi naminə istifadə etməyi bacaran görkəmli şəxsiyyətlərimiz də, geosiyasi əhəmiyyətli dünya yollarına bağlılığımız da. Bu qısa yazıda həmin üç amilin sonuncusu barədə söz açmaq istəyirik.

Azərbaycanda dövlət siyasəti elə şəkildə tənzimlənib ki, buradakı iqtisadi layihələrin böyük əksəriyyəti ölkəmizin dövlət müstəqilliyinin əbədiləşdirilməsinə, beynəlxalq aləmdəki nüfuzumuzun artmasına, xalqımızın yeganə problemi olan Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həllinə zəmin yaradılmasına xidmət edir. Məsələyə bu prizmadan yanaşanda  Bakı – Tbilisi – Qars (BTQ) dəmir yolu layihəsinin daha çox siyasi əhəmiyyət kəsb etdiyinin şahidi oluruq. Hətta bəzi əcnəbi ekspertlərin fikrincə, bu layihə Avropa üçün iqtisadi səmərədən daha çox siyasi önəm kəsb edir.

Vikipediyalara “Dəmir İpək yolu” və “Dünyanın 100 önəmli layihəsindən biri” kimi düşmüş, uzunluğu 828 kilometr olan Bakı–Tbilisi–Qars dəmir yolunun tikintisinin nəzərdə tutulan vaxtda istifadəyə verilməsi üçün Azərbaycan - Gürcüstan-Türkiyə arasında aparılan danışıqlarda qədim “İpək yolu”nun təşəbbüskarı kimi Azərbaycanın əhəmiyyətli rolu daim qiymətləndirilir. Əvvəllər Transsibir magistralı ilə daşınan yükləri Gürcüstandan keçərək İstanbula çatdıracaq, oradan isə Avropaya istiqamətlənəcək bu layihə əsas tranzit mərkəzinə çevrilməklə iqtisadi səmərəlilik baxımından da böyük əhəmiyyətə malikdir.

Asiyanı Avropa ilə birləşdirəcək bu yolun bizim üçün çoxsaylı əhəmiyyətlərindən biri də “Made in Azerbaijan” brendini dünyada tanıtdırmaq üçün yerli məhsulların dünya bazarlarına çıxarılmasında oynayacağı roldur.  Bu yol ölkəmizin qeyri-neft məhsullarının, dünya bazarlarına çıxarılan keyfiyyətli ərzaqların ixracını da sürətləndirəcək. Ən əsası isə yüklərin mənzil başına yaxın yolla, qısa müddətdə çatdırılması təmin olunacaq. Belə ki, indi 30–40 günə ünvanına çatdırılan yüklər BTQ istifadəyə verildikdən sonra cəmi 7 günə mənzil başına çatdırılacaq.

Ümumiyyətlə, bu layihənin reallaşması nəticəsində yüklərin Çin, Hindistan, Fars körfəzi, Pakistan, İran, Azərbaycan, Gürcüstan üzərindən keçməklə, Şimalda Rusiya və oradan Avropaya, Qərb istiqamətində isə Gürcüstan və Türkiyə üzərindən Avropaya daşınmasına imkanlar yaradacaq. Məhz ona görə hər gün müxtəlif ünvanlardan eşidirik ki, Bakı-Tbilisi-Qars dəmir yolu Avropa üçün mühüm əhəmiyyət kəsb edir.

Yeri gəlmişkən, təxminən ay yarım əvvəl Tbilisidə BTQ yeni dəmir yolu layihəsi üzrə koordinasiya şurasının növbəti iclasında qeyd edilib ki, bu gün Azərbaycan və Gürcüstanın birgə reallaşdırdığı Bakı-Tbilisi-Qars və digər layihələr xalqlarımızın rifah halının yaxşılaşmasına xidmət edir. İnanırıq ki, BTQ, eləcə də digər layihələr təkcə Cənubi Qafqazın deyil, bütövlükdə Avropanın inkişafında, Avropa ilə Asiyanın birləşməsində mühüm rol oynayacaq.

Dövlət başçımızın dediyi kimi, Azərbaycan Asiyanı Avropa ilə birləşdirən körpüdür. Ölkəmiz indi öz nəqliyyat infrastrukturunu möhkəmləndirir. Müxtəlif şəhərlərdə yeni hava limanları tikilir, magistral yollar salınır. Azərbaycanın dəniz nəqliyyatına, dəmir yoluna böyük investisiyalar qoyulur. Bir sözlə, nəqliyyat sektoru gələcəkdə çox mühüm rol oynayacaqdır. Ona görə də cənab Prezident hələ 11 il əvvəl, Dünya Azərbaycanlılarının II Qurultayındakı nitqində demişdi: “Türkiyəni Azərbaycanla dəmir yolu ilə birləşdirmək -- Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolunu işə salmaq indi bizim əsas vəzifələrimizdən biridir və buna nail olacağıq. Belə olan halda həm Azərbaycanla Türkiyə dəmir yolu ilə birləşir, bütün yükdaşımalar bu marşrutla aparılacaqdır. Eyni zamanda, bu da aydındır ki, bizim torpaqlarımızı zəbt edən, bizə qarşı təcavüz edən işğalçı dövlət – Ermənistan bütün bu layihələrdən kənarda qalacaqdır”. Yəni yuxarıda qeyd etdiyimiz kimi, Bakı – Tbilisi – Qars dəmir yolu layihəsi bizim üçün həm də böyük siyasi əhəmiyyət kəsb edir.

 

Rəsmi sənədlərdə göstərilir ki…

 

Azərbaycan əlverişli coğrafi məkanda yerləşdiyinə görə bütün beynəlxalq və regional layihələrin reallaşması prosesində fəal iştirak edir. Bildirilir ki, 2002-ci ilin iyul ayında Türkiyənin İstanbul şəhərində Türkiyə-Gürcüstan nəqliyyat nazirlərinin iclasında bu layihənin həyata keçirilməsi barədə imzalanmış protokolda layihə üzrə hazırlıq işlərinin görülməsi nəzərdə tutulmuşdur.

2004-cü ilin noyabrında Avropa Komissiyasının təşəbbüsü ilə Bakıda keçirilmiş nəqliyyat nazirlərinin konfransında layihənin vacibliyi və regional xarakter daşıması barədə Azərbaycan, Türkiyə və Gürcüstan tərəfləri birgə bəyanat imzalamışlar. Dekabrda isə bu layihə ilə bağlı növbəti görüş keçirilmiş və birgə işçi qrupunun yaradılması barədə razılıq əldə olunmuşdur.

Xatırladaq ki, 2005-ci il mayın 25-də Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin açılışı tədbirləri çərçivəsində Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri Gürcüstan və Türkiyə arasında Bakı-Tbilisi-Qars birləşdirici dəmir yolu xətti layihəsi haqqında bəyannamə imzalayıblar. Həmin bəyannamə, əslində, hər üç ölkə rəhbərinin Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu bağlantısı layihəsinə nə qədər önəm verdiyinin göstəricisi idi.

Həmin ilin sentyabrında Ankarada Türkiyə, Gürcüstan, Azərbaycan dəmir yolları işçi qruplarının, həmçinin həmin ölkələrin nəqliyyat nazirlərinin üçtərəfli görüşləri zamanı bu layihənin gerçəkləşməsi üzrə müzakirələr aparılmışdır. Bu görüşdə yeni dəmir yolu bağlantısı barədə Azərbaycan tərəfindən hazırlanmış “Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı” xətti haqqında saziş layihəsi Türkiyə və Gürcüstan tərəflərinə təqdim edilmiş, Əlaqələndirmə Şurasının yaradılmasına dair razılıq əldə edilmişdir.

2007-ci ilin yanvarında Gürcüstan paytaxtında Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı layihəsinin son variantı iştirakçı dövlətlərin nəqliyyat nazirlərinin görüşündə müzakirə olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV digər mühüm məsələlərdə olduğu kimi, BTQ dəmir yolu bağlantısının da reallaşmasında öz qəti mövqeyini ortaya qoymuşdur.

Nazirlər Kabinetinin 8 may 2006-cı ildə keçirilən birinci rübün yekunlarına həsr olunmuş iclasında ölkə başçısı bu məsələyə toxunaraq demişdir: “Əminəm ki, biz bu il Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə başlaya bilərik. İƏT-in zirvə görüşündə iştirak etmiş Türkiyənin Baş naziri ilə də bu barədə çox ətraflı söhbət aparılmışdır. Azərbaycan tərəfi bir daha bildirmişdir ki, günü bu gün Azərbaycan öz tərəfindən maliyyə öhdəliyi götürməyə hazırdır və artıq gələcək konsorsiumun konturları görünməkdədir. Bu yol bizə çox lazımdır. Bu yol Asiyanı Avropa ilə birləşdirir və yolun tikintisi hər cəhətdən Azərbaycanın milli maraqlarının daha da dolğun şəkildə təmin olunmasına xidmət göstərəcəkdir”.

 

Dəmir İpək yolu

 

Prezident İlham Əliyev sonrakı illərdə də BTQ dəmir yolu layihəsinin zəruriliyindən danışaraq demişdir ki, bu yol , bizi daha sıx birləşdirəcək, regional əməkdaşlığı daha da genişləndirəcəkdir. Bu layihənin həyata keçirilməsi həm də regiona sabitlik, sülh gətirəcək və ümumiyyətlə ölkələrimizin, xalqlarımızın iqtisadi maraqlarına cavab verir. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan isə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsindən danışarkən onu “Dəmir İpək yolu” adlandırmışdır. O, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri də daxil olmaqla, üç böyük layihənin regionda sabitliyə və iqtisadi inkişafa böyük töhfə verdiyini demiş və xalqlarımızın firavanlığı üçün əhəmiyyətini vurğulamışdır. Baş nazir demişdir ki, Asiya ilə Avropanı birləşdirəcək dəmir yolu layihəsi regional əməkdaşlığa daha bir nümunədir.

 

Çindən Avropa ölkələrinə qədər

 

Ölkəmizin iqtisadiyyatının inkişafında çox mühüm rol oynayan Azərbaycan Dövlət Dəmir Yolu beynəlxalq və regional layihələrdə iştirak etməklə öz infrastrukturunu qoruyub saxlayır, əhalinin, dövlət strukturlarının daşımalara olan tələbatının ödənilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir. Regiona sabitlik, əmin-amanlıq və iqtisadi səmərə gətirə biləcək hər hansı layihənin reallaşmasında Azərbaycanın iştirak etməsi istənilən prizmadan yanaşanda çox gərəklidir. Araşdırmalara görə, gələcəkdə Rusiyanın da Bakı-Tbilisi-Qars dəmir yolunun xidmətlərindən istifadə etməsi istisna olunmur. Rusiya bu layihəyə maraq göstərir və bu sahədə mümkün əməkdaşlıq imkanlarını araşdırır. Ekspertlərin fikrincə, Rusiyanın Bakı-Tbilisi-Qars layihəsində iştirak etməyə maraq göstərməsi təbiidir. Rusiya bu nəqliyyat arteriyasına qoşulsa, Çindən tutmuş Avropa ölkələrinə qədər müxtəlif dövlətlərdən yüklər qəbul edə və ya əksinə göndərə bilər. Əksər təhlilçilər tezliklə digər dövlətlərin də bu layihəyə maraq göstərəcəyini düşünürlər. Beləliklə də qədim İpək yolunun Dəmir İpək yoluna çevrilməsi prosesi başlanır.

 

Daha bir maraqlı fakt

 

 Ötən ilin sentyabrında “Stadler Rail Group” şirkətinin İsveçrənin Altenrayn şəhərində yerləşən zavodunda Azərbaycan Dəmir yolunun sifarişi ilə və gələcəkdə BTQ dəmir yolu xəttində hərəkət edəcək yataq tipli sərnişin vaqonlarına baxış keçirilib və hazır olan birinci vaqon gövdəsinin qəbulu təşkil edilib. Bundan başqa, gələcəkdə Bakı-Tbilisi-Qars marşrutu üzrə hərəkət edəcək qatarlar üçün Azərbaycan tərəfi “Stadler” şirkətinə 30 ədəd yataq tipli vaqon sifariş edib. Vaqonlar “standart”, “komfort”, “biznes” və “restoran” olmaqla dörd kateqoriyada istehsal olunur. Kateqoriyasından asılı olaraq vaqonlar 10, 20 və 32 yerlik olacaq.

 

Nəhayət...

 

2016-cı ilin oktyabrında Tbilisidə Beynəlxalq İpək Yolu Forumu keçirilmişdir. Forumda Azərbaycan, Türkiyə, Çin, ABŞ, Əfqanıstan, Sloveniya, İtaliya, Çexiya və Qazaxıstan daxil olmaqla 30 ölkənin, eləcə də 20 beynəlxalq maliyyə və donor təşkilatının rəhbərləri iştirak etmişlər. Ümumilikdə, forumda 1000-ə yaxın qonaq iştirak edib. Bu isə Bakı – Tbilisi – Qars layihəsinə olan beynəlxalq marağın göstəricisi kimi qəbul edilirdi.

Hazırladı:
 İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında