Bakıətrafı qəsəbələrin siması sürətlə dəyişir

Paytaxtımız, həqiqətən, meqapolisə çevrilməkdədir. Ətraf qəsəbələrdə həyata keçirilən quruculuq işləri, yeni çəkilən yollar, inşa edilən müasir tipli məktəblər, idman və səhiyyə obyektləri qəsəbələrimizin görünüşünü əsaslı şəkildə yeniləşdirmişdir. Bütün bunlar ölkə Prezidenti cənab İlham Əliyevin qəsəbələrin davamlı inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir. Heç təsadüfi deyil ki, son illər Prezident sərəncamı ilə Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı bir neçə dövlət proqramı qəbul olunmuş və onların icrası uğurla həyata keçirilmişdir. Prezident dəfələrlə bu qəsəbələrdə olmuş, əhali ilə görüşmüş, tövsiyə və tapşırıqlarını vermişdir.

Ölkə başçısının sərəncamı ilə təsdiq olunmuş “2014-2016-cı illərdə Bakı şəhəri və ətraf qəsəbələrin inkişafına dair Dövlət Proqramı” artıq reallaşdırılmışdır. Bu proqramda Bakı şəhərinin və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, o cümlədən elektrik enerjisi, qaz, su və kanalizasiya, istilik təchizatı sahəsində davamlı işlərin aparılması, yolların və digər sosial-mədəni infrastruktur obyektlərinin (təhsil, səhiyyə, mədəniyyət, idman, əhalinin sosial müdafiəsi və s.) inşası, beynəlxalq standartlara uyğun yenidən qurulması, ekoloji vəziyyətin yaxşılaşdırılması, yeni müəssisələrin və iş yerlərinin açılması, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlərin reallaşdırılması nəzərdə tutulmuşdu. Bu istiqamətdə işlərin davam etdirilməsi qəsəbələrdə sosial-iqtisadi vəziyyəti ildən-ilə yaxşılaşdırmışdır.

Paytaxt və qəsəbələrin yol-nəqliyyat infrastrukturunun yenidən qurulması nəticəsində Ziya Bünyadov prospekti, Biləcəri-Xocasən avtomobil yolu, Qala-Pirallahı avtomobil yolu yenidən qurularaq istifadəyə verilmiş, Bilgəh-Novxanı-Sumqayıt yolunun açılışı olmuşdur. İndi Bakı qəsəbələrini müasir tələblərə cavab verən yeni yollar birləşdirir. Hər dəfə bu yolların açılışında Prezident şəxsən iştirak edir.

Bakı qəsəbələrində sahibkarlığın inkişafına da xüsusi diqqət göstərilir. Elə sonuncu dövlət proqramında da sahibkarlığın inkişafı ilə bağlı ayrıca bənd vardır. Sahibkarlığın, o cümlədən kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi, sahibkarlara güzəştli kreditlərlə maliyyə dəstəyinin verilməsi, müasir texnologiyalara əsaslanan istehsal və emal sahələrinin inkişafını stimullaşdıran infrastruktur layihələrinin maliyyələşdirilməsi, sahibkarlığın məsləhət, informasiya təminatının gücləndirilməsi, yüksək keyfiyyətli, idxalı əvəz edən, rəqabətədavamlı ixrac qabiliyyətli məhsullar istehsalının stimullaşdırılması və biznes sahəsində əlaqələrin gücləndirilməsi istiqamətində işlər uğurla davam etdirilmişdir. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Bakı qəsəbələrinə güzəştli kreditlərin verilməsi davam etdirilir.

 Bakı şəhəri və onun qəsəbələrində yaşayan əhalinin elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması və iqtisadiyyatın davamlı enerji təchizatı ilə təmin olunması istiqamətində Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində təkcə 2015-ci ildə 5 yarımstansiya, 17 transformator məntəqəsi tikilmiş, 1 yarımstansiya yenidən qurulmuş, 5 transformator məntəqəsi təmir olunmuş, 112 kompleks transformator məntəqəsi quraşdırılmışdır.

 Dövlət proqramına uyğun olaraq, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə imkanlarının genişləndirilməsi istiqamətində Qaradağ rayonunun Sahil və Səngəçal qəsəbələrində Günəş elektrik stansiyalarının tikinti işləri, Suraxanı və Pirallahı Günəş elektrik stansiyalarının layihə güclərinin 2,8 MVt-a çatdırılması istiqamətində quraşdırma işləri davam etdirilmişdir.

 Eyni zamanda, Bakı şəhəri və onun qəsəbələrinin etibarlı və dayanıqlı su təchizatının yaxşılaşdırılması məqsədilə yeni sutəmizləyici qurğuların inşası, paylayıcı magistral kəmərlərin, su və kanalizasiya xətlərinin tikintisi və digər tədbirlərin həyata keçirilməsi istiqamətində bir sıra işlər görülmüşdür.

Rabitə və informasiya texnologiyalarının inkişaf etdirilməsinə, internet və digər informasiya-kommunikasiya texnologiyalarının inkişafına xüsusi diqqət yetirilmişdir. Təkcə, 2015-ci il ərzində Bakı və ətraf qəsəbələrdə 1 ATS tikilmiş, 8 poçt şöbəsi əsaslı təmir olunmuş, ADSL portları 6528 ədəd artırılmış, 249,35 kilometr fiber optik kabel çəkilmiş, 6560 nömrə istismara verilmişdir.

Proqrama müvafiq olaraq, qəsəbələrin yaşıllaşdırılması, ətraf mühitin yaxşılaşdırılması və ekoloji tarazlığın qorunub saxlanması üzrə həllivacib işlər davam etdirilmiş, 381 min ədəd ağac və kol bitkiləri əkilmişdir.

Bu qəsəbələrdə sosial infrastrukturun yaradılması sahəsində son illər uğurlu addımlar atılmışdır. Təhsil sisteminin inkişafı, müasir tələblərə uyğun şəkildə infrastrukturun təkmilləşdirilməsi məqsədilə Bakı və onun ətraf qəsəbələrində təhsil müəssisələrinin inşası, təmir-bərpası və yenidən qurulması ilə bağlı tədbirlər davam etdirilmişdir. Dövlətin sosial siyasətində mühüm yer tutan səhiyyənin müasirləşdirilməsi, əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi üçün yeni, müasir səhiyyə müəssisələrinin tikintisi, mövcud müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı bir sıra mühüm işlər görülmüş,
2014-2015-ci illərdə Bakı şəhərində Milli Sağlamlıq Mərkəzinin, Badamdar qəsəbəsində yeni xəstəxananın, Qobustan qəsəbəsində 17 saylı Birləşmiş Şəhər Xəstəxanasının tikintisi, 11 saylı Birləşmiş Şəhər Xəstəxanasının sökülərək yenidən qurulması və onun ərazisində Təcili Tibbi Yardım Stansiyasının tikinti işləri davam etdirilmişdir.

Qəsəbələrin mədəni həyatı da yeni tələblərə uyğun şəkildə yenidən qurulmuşdur. Bütün qəsəbələrdə mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəm-ləndirilməsi, tarixi-mədəni və ədəbi-bədii irsin qorunub saxlanması istiqamətində işlər görülmüşdür. Sonrakı illərdə də proqramda nəzərdə tutulmuş məsələlərin həlli istiqamətində intensiv işlər aparılmışdır.

İqtisadi nailiyyətlər əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması ilə bağlı zəruri tədbirlərin gerçəkləşdirilməsinə, xüsusilə də aztəminatlı təbəqənin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımların atılmasına daha əlverişli şərait yaratmışdır. Bu qəbildən olan insanların sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində işlər məqsədyönlü şəkildə həyata keçirilmişdir. Respublika Əlillərin Bərpa Mərkəzi əsaslı təmir olunmuş, əlillər üçün Nərimanov rayonunda 12 mərtəbəli 132 mənzilli yaşayış binası tikilmiş, Bilgəh müharibə və əmək əlilləri üçün pansionatın köhnə binasının əsaslı təmiri, gözdən əlillər üçün tədris bərpa mərkəzinin, yetkinlik yaşına çatmayanlar üçün 50 yerlik ixtisaslaşdırılmış reabilitasiya mərkəzi və sosial sığınacağın tikintisi, Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin, Mərdəkan qəsəbəsində əlillər üçün müalicə pansionatının yenidən qurulması, Uşaq Bərpa Mərkəzinin, Şağan qəsəbəsində müharibə əlilləri üçün müalicə pansionatının əsaslı təmiri başa çatdırılmışdır.

Bakı şəhəri və onun ətraf qəsəbələrinin siması son illər əsaslı şəkildə yenilənmişdir. Bu yenilənmə, bu sürətli quruculuq işlərinin tempi getdikcə artır.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında