Naxçıvan Muxtar Respublikası ölkənin makroiqtisadi hədəflərinə doğru inamla addımlayır

Naxçıvan Muxtar Respublikası çox güclü potensialla 2017-ci ilin yeddi ayını geridə qoydu. Bu müddət ərzində muxtar respublika iqtisadiyyatı özünün davamlı inkişafı ilə Azərbaycan Respublikasının qeyri-neft sektorunun inkişaf hədəflərinə doğru inamla addımlamış və real nəticələr ortaya qoymuşdur. Kənd təsərrüfatının inkişafı, sənaye siyasətinin perspektivliliyi, turizm sektorunun aktuallığı, İKT-nin mənfəətqabiliyyətliliyinin təmin edilməsi və s. kimi tədbirlər muxtar respublikanın 2017-ci ilin yeddi ayı ərzində əldə etdiyi nailiyyətlər üçün güclü baza rolunu oynamışdır. Bəhs edilən dövr üzrə əsas makroiqtisadi göstərici olan ÜDM-in həcmi 1 milyard 458 milyon manatdan artıq olmuşdur. Aşağıdakı diaqramlara diqqət edəndə muxtar respublikada təmin edilən makroiqtisadi inkişafı görmək mümkündür:

 

Müxtəlif illərin yeddi ayı üzrə ÜDM-in artımı haqqında məlumat (min manat)

İqtisadiyyat o zaman səmərəli nəticələr vermiş hesab edilir ki, onun sosial mahiyyəti yüksək olsun. Muxtar respublikada yaradılmış sağlam fəaliyyət mühiti istehsaldan istehlaka qədər olan mərhələnin qırılmazlığını təmin edə bilmiş və bu, özünü əhalinin yaşayış səviyyəsinin daha da yüksəldilməsində göstərmişdir. Belə ki, müvafiq dövr üzrə ÜDM-in hər bir nəfərə düşən həcmi 3240,2 manat təşkil etmişdir. Əvvəlki illər üzrə muxtar respublikada bu göstərici də öz artım tempi ilə fərqlənmişdir.

 

Müxtəlif illərin yeddi ayı üzrə ÜDM-in hər bir nəfərə düşən həcmi (manat)

Ümumiyyətlə, bu ilin yeddi ayının sosial-iqtisadi göstəriciləri samballı nəticələri ifadə etməkdədir. Bu, onu deməyə əsas verir ki, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının dünyanın yeni çağırışları ilə səsləşməsinə güclü təkan verir. Təkcə ötən ilin müvafiq dövrü ilə müqayisə aparanda aydın olur ki, muxtar respublika dinamik inkişaf xəttinə sadiq qalmış, milli iqtisadiyyatın tərəqqisi istiqamətində həlledici mərhələnin səmərəliliyini yüksək səviyyədə təmin edə bilmiş, bazar münasibətlərinin inkişafına stimul verəcək amillərin ardıcıllığını sürətləndirməyi bacarmış və əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi sahəsində ciddi tədbirlər həyata keçirmişdir. Bu, özünü əhali gəlirlərinin yüksəlməsində də göstərmişdir.

 

Əhali gəlirlərinin artım dinamikası (min manat)

Qeyd edək ki, muxtar respublikada sosial-iqtisadi məqsədlərin gerçəkləşməsi əhalinin maddi-rifah halının daha da yaxşılaşdırılmasına çevik xidmət etmiş və bu, ictimai istehsalın inkişafında əmək potensialından məqsədyönlü istifadəni təmin edə bilmişdir. Bütün bunlar iqtisadi proseslərin təşkili və idarə olunmasının səmərəliliyini artırmış, nəticədə isə əsas makroiqtisadi göstərici olan ÜDM-nin strukturu tam təşkilatlanmışdır. Burada ilk yeri sənaye tutmaqda, gələcək iqtisadi inkişaf və sosial dayanıqlılıq sahəsində yeni mərhələnin başlanğıcını qoymaqdadır. Bu sahədə xammal və emal sahələrinin vəhdətindən yaranan mezoiqtisadi potensial muxtar respublikanın mövcud imkanlar daxilində tarixi bir yol qət etdiyini də göstərir. Rəqəmlərə müraciət edəndə aydın olur ki, 2017-ci ilin yanvar-iyul aylarında muxtar respublikada 605 milyon manat həcmində sənaye məhsulu istehsal olunmuşdur. Bu sahədəki hər cür təşəbbüsün qanunvericiliklə dəstəklənməsi, güclü dövlət qayğısı ilə əhatə olunması, istehsalın intensivliyinin təmin edilməsi və digər amillər sənayenin potensial gücünün də artmasına təkan vermişdir.

 

Sənaye məhsulunun müxtəlif illərin yeddi ayı üzrə dinamikası (min manat)

Yüksək infrastuktur potensialının təminatı, onun sosial və istehsal sahələrinin özünə kök salması, bununla da muxtar respublikanın davamlı iqtisadi inkişafında onun rolunun və əhəmiyyətinin yüksəldilməsi günümüzün ən zəruri reallıqlarından birini təşkil etməkdədir. Ucqar rayon, qəsəbə və kəndlərimizdə belə ən müasir təminatların yaradılması, müvafiq ərazi üzrə təsərrüfat fəaliyyətinin bütün sahələrində məhsuldar nəticələrin əldə edilməsi, tikinti, quruculuq, abadlaşdırma tədbirlərinin geniş vüsət alması muxtar respublika iqtisadiyyatının güclü təminat mexanizmlərindən xəbər verməkdədir. Məhz 2017-ci ilin yeddi ayında bu sahədə əldə edilən uğur və nailiyyətlər özünün sosial mahiyyəti ilə daha da fərqlənir. Qeyd edilən dövrdə muxtar respublikada infrastruktur quruculuğu tədbirləri intensivliyi ilə diqqəti çəkmiş və yeddi ay ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 569 milyon manata yaxın investisiya yönəldilmişdir. Böyük tikinti meydanına çevrilən muxtar respublika ərazisi milli arxitekturaya uyğun olmaqla, tarixi ənənəyə sadiq qalmaqla, müasir dövrün ən çox diqqət çəkən və füsunkar gözəlliyə malik olan keyfiyyətləri ilə önəm kəsb etməkdədir.

Naxçıvan Muxtar Respublikası ərazi xüsusiyyətlərinə və əhalisinin məskunlaşmasına görə, həm də aqrar bölgə kimi önəmini artırmaqdadır. Kənd təsərrüfatı burada bir sıra xüsusiyyətlərlə öz aktuallığını qorumaqdadır ki, bunlardan biri də dövlətin iqtisadi siyasətində özünün strateji əhəmiyyəti ilə seçilən ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə izah edilə bilər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən 2008-ci il 17 sentyabr tarixdə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı (2008-2015-ci illər)”, 8 fevral 2016-cı il tarixdə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” və digər hüquqi-normativ aktlar bu sahədə etibarlı bazaya çevrilmişdir. Bu və ya digər məqsədyönlü tədbirlərin yaratdığı faydalı şərait muxtar respublikada kənd təsərrüfatı sahəsində yüksək məhsuldarlığın təmin edilməsinə güclü zəmin hazırlamışdır. Bunun da nəticəsində 2017-ci ilin yanvar-iyul aylarında 223 milyon 716 min 400 manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur.

 

Muxtar respublikada müxtəlif illərin yeddi ayı üzrə istehsal olunmuş kənd təsərrüfatı məhsullarının həcmi (min manat)

Qeyd edək ki, bu sahədəki tədbirlərin davamlılığını, yüksək təminatlılığını və çevikliyini təmin etmək məqsədilə 25 iyul 2017-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən “Toxumçuluq haqqında”  Naxçıvan Muxtar Respublikasının Qanunu da təsdiq edilmişdir. Bu qanun imkan verəcəkdir ki:

- muxtar respublikada yerli istehsal daha da inkişaf etsin;

- yeni təsərrüfatlar yaradılsın;

- toxumçuluq sahəsində sahibkarlıq fəaliyyətini, onun yenilikçi və təşkilatçılıq təşəbbüskarlığını stimullaşdırsın, fərdi toxumçuluq fəaliyyəti öz əhatəsini genişləndirsin;

- daxili tələbat tamamilə yerli istehsal hesabına ödənilsin və s.

Artıq bu gün tam qətiyyətlə deyə bilərik ki, muxtar respublika bu amillərin təminatı istiqamətində həlledici mərhələyə gəlib çatmışdır. İdxaldan asılılığın minimuma endirilməsi, ixracın stimullaşdırılması, iqtisadiyyatın sahə strukturunun makroiqtisadi potensialdakı rolunun balanslaşdırılmış inkişafı, şaxələndirilməsi, risklərə qarşı təhlükəsizliyin yüksəldilməsindən və digər göstəricilərdən ibarət diversifikasiya edilməsi ölkəmizin makroiqtisadi hədəflərinə istiqamətlənib.

Beləliklə, Naxçıvan Muxtar Respublikası 2017-ci ilin yeddi ayını çox yüksək uğurlarla geridə qoydu. Həyata keçirilən tədbirlər burada sağlam iqtisadiyyat, dayanıqlı sosial siyasət, yüksək perspektivlərə söykənən hədəflər müəyyən etməkdədir. Əldə edilən hər bir uğur isə muxtar respublikanı ümummilli liderimiz böyük Heydər Əliyevin görmək istədiyi inkişaf səviyyəsinə doğru yüksəltməkdədir.

Cavadxan QASIMOV,
iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında