Azərbaycanda investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, yeni iş yerlərinin açılması, əhalinin həyat şəraitinin yaxşılaşdırılması məsələləri Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi sosial-iqtisadi siyasətin prioritet istiqamətləri kimi diqqət çəkir.
Dövlət başçımız hökumətin həyata keçirməli olduğu tədbirlərin icra prosesini daim şəxsi nəzarətdə saxlayır, habelə ölkənin strateji resurslarını qlobal layihələrin reallaşdırılması istiqamətində səfərbər edir. Avqustun 19-20–də Prezident İlham Əliyevin Samux, Göygöl, Gədəbəy və Şəmkir rayonlarına səfəri çərçivəsində sosial-iqtisadi önəm daşıyan bir sıra obyektlərin açılışı mərasimlərində iştirakı, həmçinin ictimaiyyət nümayəndələri ilə görüşləri də bunun bariz ifadəsi idi. Bu, eyni zamanda, son illərdə regional inkişaf və qeyri-neft sektorunun tərəqqisi ilə bağlı reallaşdırılan tədbirlərin əhatəliliyindən xəbər verirdi.
Xatırladaq ki, bölgələrdəki mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını və aqrar sektorda islahatları sürətləndirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, müasir müəssisələr və yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin reallaşdırılması siyasəti ümummilli lider Heydər Əliyevin neft strategiyasının hədəflərini-neft gəlirlərindən səmərəli şəkildə istifadə olunmaqla Azərbaycanın uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasını reallaşdırıb.
Böyük uzaqgörənliklə müəyyənləşdirilən qeyri-neft sektorunun inkişafı strategiyasının düzgünlüyü artıq öz bariz təsdiqini tapıb, respublikamızın şəhər və kəndlərinin siması köklü şəkildə dəyişib, əhalinin paytaxta axını səngiyərək əks proses başlayıb, rayonlarda işləməyə və yaşamağa üstünlük verənlərin sayı isə artıb. Hazırda hər bir ailə, hər bir vətəndaş sözügedən strategiyanın real nəticələrini öz gündəlik həyatında hiss etməkdədir.
Azərbaycanın dövlət siyasətinin sosial yönümlülüyü görülən hər bir işdə, icra olunan hər bir layihədə özünü büruzə verir. Uzun illər boyu təmir olunmadığına görə yararsız vəziyyətə düşən kənd yollarının abadlaşdırılması bunun əyani sübutudur. Hər bir yaşayış məntəqəsinin abadlığının əsas şərti onun yolunun rahat olmasıdır. İndi ölkənin demək olar ki, əksər regionlarında kənd yollarının təmiri və yenidən qurulması prosesi uğurla davam edir. Prezident İlham Əliyev avqustun 19-da Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun açılışı mərasimində deyib: “Yol olan yerdə inkişaf da olur. İndi həm sərmayə qoyuluşu, həm kənd təsərrüfatının inkişafı yol infrastrukturuna bağlıdır. Çünki yol həm insanlar üçün xidmət edir, gediş-gəliş asanlaşır, eyni zamanda, sizin məhsulunuz da bazarlara tez bir zamanda çatdırılır, itki də olmur. Yol kənd təsərrüfatı ilə məşğul olmaq üçün də əlavə imkanlar yaradır. Ona görə yol həm sosial, həm iqtisadi layihədir. Ölkəmizdə yol layihələrinə çox böyük diqqət verilir. Demək olar ki, indi bütün magistral yollarımızda ən müasir səviyyə yaradılıbdır. Bakıdan Gəncəyə dördzolaqlı çox gözəl bir yol salınıbdır. İndi Gəncədən Gürcüstan sərhədinə qədər ikizolaqlı yoldur, o da yaxşıdır. Amma biz onu dörd zolağa genişləndirmək fikrindəyik.
Digər bölgələrdə də magistral yollara, cənub, şimal istiqamətlərində şəhərlərarası yollara, kənd yollarına çox böyük vəsait qoyulur. Biz bunu ona görə edirik ki, insanlar bu imkanlardan rahat istifadə etsinlər.
Bu il ölkəmizdə yüzlərlə kəndə yol çəkilir. Bu ümumi layihənin şərti adı “Qırx yol” layihəsidir. Bu, qırx layihədən ibarətdir, amma hər bir layihə bir neçə kəndi əhatə edir. Misal üçün, bir layihə 11 kəndi, digər layihə isə beş kəndi əhatə edir. Yəni, “Qırx yol” layihəsi bir il ərzində yüzlərlə kəndi əhatə edir. Gələn il biz daha da çox kəndi əhatə edəcəyik. Beləliklə, ölkəmizdə bir dənə də olsun təmirsiz kənd yolu qalmamalıdır. Magistral yolların layihələri, demək olar ki, başa çatır, şəhərlərarası yolların böyük hissəsi öz həllini tapıbdır. İndi kəndlərarası yollar da salınır. Yol infrastrukturuna görə Azərbaycan indi dünya miqyasında qabaqcıl yerdədir”.
Azərbaycan Prezidenti çıxışında, eyni zamanda, ölkədə aqrar siyasətin reallaşdırılması istiqamətində həyata keçirilən digər tədbirlərə də toxunub. Kənd təsərrüfatının inkişafında torpaqların su ilə təmin edilməsinin, su layihələrinin uğurla gerçəkləşdirilməsinin mühüm önəm daşıdığını xüsusi vurğulayıb: “Bu gün mən, eyni zamanda, Şəmkir-Samux-Goranboy su kanalının birinci mərhələsinin açılışını da qeyd etdim. Bu layihənin də Samux rayonu, qonşu rayonlar üçün çox böyük əhəmiyyəti var. Mənə verilən məlumata görə, vətəndaşlar bu layihənin icrası nəticəsində minlərlə hektar torpağı əkib, becərirlər. On iki min hektar torpaq sahəsinin su təminatı yaxşılaşıb. Bu vaxta qədər suvarılmayan torpaqlarda indi su təminatı vardır. Bu, əlbəttə ki, kənd təsərrüfatının inkişafına böyük təkan verib. Vaxtilə əkilməyən sahələrdə indi gözəl işlər görülür. Mənə verilən məlumata görə, artıq boş torpaq qalmayıb. Nəyə görə? Ona görə ki, su var. Su olmayanda heç kim əkib becərmir. Suyu gətirmək üçün biz çox böyük işlər gördük. Şəmkirçay su anbarı tikilib. Bu, tarixi layihədir. Biz onu bir neçə il bundan əvvəl istifadəyə verdik. O layihəyə yüz milyonlarla manat vəsait qoyulubdur. İlkin hesablamalara görə, o layihənin icrası nəticəsində təqribən 70-80 min hektar torpaq sahəsinə suyun verilməsi və yaxşılaşdırılması nəzərdə tutulurdu. Son məlumata görə, əlavə kanalların çəkilişi hesabına biz bu rəqəmi 110 min hektara çatdıracağıq. Ona görə Şəmkirdən Samuxa qədər kanal çəkilib. Mən indi onun açılışını etdim. O kanalın çəkilişi davam etdiriləcək, Goranboy və Göygöl rayonlarının ərazisini əhatə edəcək. Beləliklə, indi 100 min hektardan çox torpaqda suvarma işləri təmin olunur. Kəndlilər, fermerlər, sahibkarlar dərhal bundan istifadə edirlər, əkirlər, becərirlər, yaxşı pul qazanırlar. Bu, bizim ərzaq təhlükəsizliyimizə də böyük töhfədir”.
Dövlətimizin başçısı Kənd Təsərrüfatı Nazirliyinin Göygöl Rayon İdarəsinin inzibati-laboratoriya binasının açılışı mərasimində regionlarda yeni iş yerlərinin yaradılmasının prioritet olduğunu diqqətə çatdırıb. Buna isə kənd təsərrüfatının ənənəvi sahələrinin bərpa edilməsi, dirçəldilməsi yolu ilə nail olmağın mümkünlüyünü xatırladıb. Mövcud sahədə tütünçülüyün, ipəkçiliyin, pambıqçılığın önəmli rol oynadığını qeyd edib. Ölkə rəhbəri son iki il ərzində bu sahələrin 10 dəfəyə yaxın artırıldığını, bunun da nəticəsində hazırda minlərlə insan işlədiyini vurğulayıb.
Prezident İlham Əliyev çıxışında kənd təsərrüfatı məhsullarının ixrac potensialının çoxşaxəli olmasını da qeyd edib: “Bu, bizim böyük xoşbəxtliyimizdir. Çünki bizim 9 iqlim zonamız var. Bizdə həm meyvə-tərəvəz, həm tütün, pambıq, üzüm, spirtli içkilər, fındıq, badam, çay, sitrus meyvələri, yəni hər şey var. Sadəcə olaraq gərək biz bu təbii imkanlardan düzgün istifadə edək, istifadə edirik və son illərdə kənd təsərrüfatı sahəsində çox böyük inkişaf var. Biz indi ənənəvi sahələri bərpa etməklə daha da böyük potensial yaradacağıq”.
Ölkə rəhbəri kənd təsərrüfatının tərəqqisindən danışarkən, bildirib ki, bu sahəni bundan sonra ancaq elmi biliklər əsasında inkişaf etdirməliyik. Dövlət öz üzərinə düşən bütün vəzifələri yerinə yetirir, bütün bölgələrdə müasir standartlara uyğun laboratoriyalar, mərkəzlər yaradılır, fermerlərə subsidiyalar, güzəştli şərtlərlə gübrələr, yanacaq verilir, texnika alınır. Bu il Azərbaycana on min texnika gətirilib və gətiriləcək. Fermerlər, sahibkarlar, kəndlilər bu imkanlardan istifadə etməlidirlər. Bu, ilk növbədə onlar üçün lazımdır, çünki məhsuldarlıq iki dəfə arta bilər. Bu, həm də dövlət üçün lazımdır.
Prezident İlham Əliyev Gədəbəy rayonuna səfəri çərçivəsində ictimaiyyət nümayəndələri ilə görüşündə ölkəmizin gələcək inkişaf prioritetlərini də açıqlayıb: “Azərbaycan əhalisi hər il 100 min nəfər artır. Yəni, bu, çox gözəl göstəricidir. Bu, onu göstərir ki, ölkəmizdə sürətli inkişaf var. Ancaq inkişaf olan ölkələrdə belə müsbət dinamika var. Çünki indi bəzi ölkələrdə əhali nəinki artır, azalır. Həm təbii azalma, həm miqrasiya var. Bizdə nə miqrasiya, nə təbii azalma var. Çünki ölkə iqtisadiyyatı sürətlə inkişaf edir, iş yerləri açılır, insanlar üçün şərait yaradılır, bax, belə gözəl infrastruktur obyektləri tikilir. Azərbaycan vətəndaşları öz torpağına çox bağlıdırlar. Ancaq biz bu amili mütləq həmişə yadda saxlamalıyıq ki, Azərbaycan əhalisi hər il yüz min nəfər artır. Əlbəttə ki, bu, bizim qarşımıza yeni tələblər qoyur. Yeni məktəblər, uşaq bağçaları, xəstəxanalar tikilməlidir, infrastruktur yaradılmalıdır və əlbəttə ki, ərzaq məsələləri həllini tapmalıdır. Biz bu gün özümüzü ərzaq məhsulları ilə tam təmin etmək üçün böyük işlər görürük. Ancaq bizim torpaq fondumuz məhduddur. Ona görə, bundan sonra kənd təsərrüfatı ancaq məhsuldarlığın artımı hesabına inkişaf etməlidir...”.
Yeri gəlmişkən, burada bir məsələyə toxunmaq istərdik. Azərbaycanda kənd təsərrüfatının inkişafını daha da sürətləndirmək, modernləşdirmək, bu sahədə mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı reallaşdırmaq, ölkəmizin aqrar potensialını geniş təbliğ etmək məqsədi ilə Prezident İlham Əliyevin 12 yanvar 2015-ci il tarixdə imzaladığı sərəncamda bildirilir ki, Azərbaycanda həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün əlverişli zəmin yaradılıb. Aqrar sektorda əsaslı dəyişikliklər baş verib, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşıb, normativ hüquqi baza təkmilləşdirilib. Bununla yanaşı, kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin və institusional dəyişikliklərin müəyyənləşdirilməsi sözügedən sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoyub.
Hazırda əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədi ilə ölkəmizdə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində bölgələrdə müasir infrastruktur qurulur, kəndlərarası avtomobil yollarının şəbəkəsi genişləndirilir.
Dövlət fermerlər üçün bir sıra güzəştlər müəyyən edib. Belə ki, kənd təsərrüfatı məhsulları istehsalçıları, torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad olunublar. Fermer və sahibkarlar güzəştli şərtlərlə kredit, toxum, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və lizinq yolu ilə satılan gübrə, texnika, damazlıq mal-qara almaq imkanlarına malikdirlər. Eyni zamanda, əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq üçün dövlət subsidiyalar verir.
Ölkə Prezidenti cənab İlham Əliyevin işləyib hazırladığı uzaqgörən inkişaf strategiyası nəticəsində son illərdə Azərbaycan dayanıqlı və davamlı iqtisadi inkişafını daha da sürətləndirib, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilib. Azərbaycan iqtisadiyyatının bir çox sahələrində, xüsusilə də qeyri-neft sektorunda nəzərə çarpan yüksəliş bir tərəfdən ölkəmizin geniş inkişaf potensialını əks etdirir, digər tərəfdən isə bu potensialdan tam istifadə olunması məqsədilə əlavə tədbirlərin həyata keçirilməsi zərurətini ortaya qoyur. Bütün bu deyilənlər isə Avratlantik məkana inteqrasiya kursunu uğurla davam etdirən, transmilli enerji və kommunikasiya layihələrinin lokomotivinə çevrilən, demokratikləşmə yolunda atdığı ardıcıl addımlarla Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan respublikamızın bütün sahələrdə dinamik inkişaf etdiyini bir daha təsdiqləyir.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.