Son illərdə ölkəmizin sosial-iqtisadi inkişafını şərtləndirən mühüm amillərdən sayılan yol infrastrukturu sahəsində köklü dəyişikliklər baş verib, mühüm layihələr həyata keçirilib, yeni yollar, körpülər salınıb. Bir sözlə, yol infrastrukturunun inkişafı dövlətin əsas prioritetlərindən birinə çevrilib.
Azərbaycanda yol infrastrukturunun yenilənməsi Prezident İlham Əliyevin diqqətdə saxladığı əsas məsələlərdən biridir. Respublikamızın tranzit yükdaşımaları üçün əlverişli coğrafi mövqedə yerləşməsi şərq-qərb, xüsusən də şimal-cənub istiqamətlərində avtomobil yollarının yenidən qurulmasının əhəmiyyətini artırır. İran sərhədinə qədər inşa olunan avtomobil yolu iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm önəm daşıyır.
Ümumiyyətlə, insanların rahat və maneəsiz şəkildə gediş-gəlişini təmin etmək, yükdaşımaları asanlaşdırmaq məqsədilə təkcə ötən il ərzində yol infrastrukturunun yenidən qurulması ilə bağlı ölkə Prezidenti tərəfindən 48 sərəncam imzalanıb. Bu sərəncamlarla nəzərdə tutulan layihələrin icrası 2 milyon əhalinin yaşadığı 356 yaşayış məntəqəsini birləşdirən 900 kilometr avtomobil yolunu əhatə edib.
Cari ilin ötən aylarında da bu istiqamətdə tədbirlər davam etdirilib və daha 40 kəndlərarası, qəsəbələrarası avtomobil yollarının tikintisi ilə bağlı sərəncam verilib. Dövlətimizin başçısı ölkədə həyata keçirilən yol-infrastruktur layihələrinin əhəmiyyətini vurğulayaraq deyib: “Bu il 40 kənd yolu layihəsi icra edilməlidir. Bu layihələrin icrası yüzlərlə kəndin yol təsərrüfatını yaxşılaşdıracaq və əlbəttə ki, həm insanlara rahatlıq verəcək, eyni zamanda, iqtisadi inkişaf üçün də bunun böyük müsbət təsiri olacaq. Keçən il də kənd yolları layihələri uğurla icra edilmişdir. Bu il bu proses davam etdiriləcək. Əminəm ki, yaxın gələcəkdə bir dənə də olsun təmirsiz kənd yolu qalmayacaq”.
Hazırda Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13,3-107 kilometrlik Muğanlı-Yevlax hissəsinin dörd zolağa genişləndirilməsi layihəsi üzrə işlər görülür. Sözügedən layihənin icrası bir neçə mərhələdə həyata keçirilir. Cari il yolun Müşviqabad qəsəbəsinin ərazisindən keçən 13,3-15,1 kilometrlik hissəsinin, 29,6 kilometrlik Müşfiqabad-Cəngi, 44,6-67,5 kilometrlik Cəngi-Qobustan və 67,5-91-ci kilometrarası Qobustan-Bədəlli hissələrinin tikintisi başa çatdırılacaq. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun mürəkkəb relyefə malik olan 30 kilometrlik Ağsu aşırımı hissəsinin isə sürüşmə və seysmik zona olduğu üçün ayrıca layihə kimi həyata keçirilməsi nəzərdə tutulub.
Gəncə regionunda 4 körpünün tikintisi xarici investisiya hesabına həyata keçirilir. Asiya İnkişaf Bankı ilə bağlanan kredit sazişinə əsasən, reallaşdırılan layihə çərçivəsində Ağstafa rayonu ərazisində Ağstafa-Poylu-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunda 3, yerli əhəmiyyətli Poylu-Düzqışlaq-Qazax avtomobil yolunda isə 1 körpü inşa olunur. Layihənin bu ilin sentyabr ayında başa çatdırılması nəzərdə tutulub.
Avropa Yenidənqurma və İnkişaf Bankı ilə imzalanan borc sazişi əsasında 154,4 kilometr Mingəçevir-stansiya Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun yenidən qurulması layihəsi həyata keçirilir. Tikinti işlərinin ilk mərhələsi çərçivəsində yenidən qurulan 16,45 kilometrlik Mingəçevir-stansiya Mingəçevir hissəsi artıq istifadəyə verilib. Yolun Qarağacı-Bəhrəmtəpə (26-137,9 kilometr) və 26 kilometrlik Aran-Qarağacı hissələrinin tikintisinin gələn il istifadəyə veriləcəyi nəzərdə tutulub.
Şimal-Cənub avtonəqliyyat dəhlizi son illər həyata keçirilən mühüm beynəlxalq əhəmiyyətli infrastruktur layihələrindəndir. Bu sırada Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolu layihəsi xüsusi önəm daşıyır. Dünya Bankı və Asiya İnkişaf Bankının kreditləri hesabına maliyyələşdirilən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 54,4 kilometr hissəsinin tikintisi, Salyan şəhərində Kür çayı və Lənkərançay üzərindəki körpülərin inşası da artıq tamamlanmaq üzrədir. Yolun 149,5 kilometr hissəsinin tikintisi isə bu il başa çatdırılacaq.
Bakıda nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər planının, paytaxt qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Dövlət Proqramının icrası istiqamətində də mühüm tədbirlər reallaşdırılır. Ötən il Bakı şəhərinin Binəqədi, Nizami, Yasamal, Xətai, Nərimanov, Nəsimi, Xəzər, Sabunçu, Suraxanı, Qaradağ və Səbail rayonlarında 48 prospekt və küçə yenidən qurulub və təmir olunub, həmçinin 4 piyada keçidi tikilib, 1-i təmir edilib. Bundan əlavə, il ərzində Bakı şəhərinin bütün inzibati rayonları üzrə 289,6 min kvadratmetr sahədə cari təmir işləri yerinə yetirilib.
Paytaxtda yol infrastrukturunun yenidən qurulması istiqamətində işlər cari ilin ilk yarısında da uğurla davam etdirilib. “Sovetski” layihəsi çərçivəsində ümumi uzunluğu 7,1 kilometr, asfalt-beton örtüyünün sahəsi 87,6 min kvadratmetr təşkil edən Nəriman Nərimanov prospekti, Abdulla Şaiq, Balababa Məcidov, Mirzağa Əliyev və Füzuli küçələrinin yenidən qurulması yekunlaşdırılıb. Sözügedən dövrdə Prezident İlham Əliyevin iştirakı ilə tikintisi başa çatdırılan bu cür obyektlərdən 7 avtomobil yolu və bir körpünün açılış mərasimi keçirilib.
Dövlət başçısının kəndlərarası avtomobil yollarının tikintisi ilə əlaqədar imzaladığı sərəncamlara əsasən, hazırda respublikanın 36 rayonunda 40 kəndlərarası avtomobil yolu və bir körpünün, Bakı şəhərində isə 10 qəsəbələrarası avtomobil yolu layihəsi üzrə tikinti və yenidənqurma işləri həyata keçirilir. Bu layihələrin həyata keçirilməsi 1,5 milyon əhalinin yaşadığı 466 yaşayış məntəqəsini əhatə edir, onların rahat avtomobil yollarından istifadə etməsinə, yük və sərnişin daşımasının asanlaşmasına, ən əsası isə kənd təsərrüfatı və turizmin inkişafına müsbət təsir göstərir.
Azərbaycanda yol infrastrukturunun inkişafı bu gün ölkənin əsas prioritetlərindən birinə çevrilib. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində qazanılan uğurların sırasında bu sahənin inkişafı xüsusi yer tutur. Ona görə də yol təsərrüfatına göstərilən yüksək qayğı sözügedən sahədə daha böyük uğurların əldə olunmasına zəmin yaradır.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.