Azərbaycan dünya miqyasında makroiqtisadi sabitliyə malik ölkə kimi tanınır

Respublikamızda hazırda dinamik inkişaf təmin edilir və sevindirici hal ondan ibarətdir ki, bu ilin ilk yarısında qeyri-neft iqtisadiyyatı 1,7 faiz artıb. Qeyri-neft sənayesində isə bu göstərici 4,4 faiz təşkil edib. Hesabat dövründə ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulub. Valyuta ehtiyatları da artıb və 40,6 milyard dollar həcmində olub.

Dövlətimizin başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında diqqəti digər uğurlara da yönəldib: “Bu ilin altı ayında ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulub. Bu gün sərmayə qoyuluşu demək olar ki, bütün ölkələrdə azalır. Çünki maliyyə sıxıntıları, problemlər var. Amma Azərbaycana sərmayə qoyulur və bu sərmayənin böyük hissəsi xarici sərmayədir. Yəni, xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Nəyə görə? Təkcə ona görə yox ki, bizdə yaxşı investisiya iqlimi var. Ona görə ki, Azərbaycan bu gün sabitlik məkanıdır və investorlar ancaq sabit olan yerlərə sərmayə qoyurlar. Sabit olan ölkələrin sayı kəskin azalır. Ona görə əminəm ki, gələcəkdə daha çox xarici sərmayədar Azərbaycana investisiya qoymaq üçün bizə müraciət edəcək”.

Azərbaycan Prezidenti çıxışında, həmçinin hesabat dövründə sosial-iqtisadi sahələrdə bir sıra uğurlu göstəriciləri, o cümlədən 122 min yeni iş yerinin açılmasını, onun 101 mininin daimi iş yeri olmasını, ixracın 36 faiz, qeyri-neft ixracının 27 faiz artmasını, idxalın isə 15 faiz azalmasını diqqətə çatdırıb.

Uğurlu iqtisadi islahatları və iqtisadi siyasəti davam etdirmək üçün əlbəttə, maliyyə və iqtisadi sabitlik olmalıdır. Bu, əldə edilib. İlin əvvəlindən makroiqtisadi vəziyyət sabitdir. Düzdür, ilin ilk aylarında qiymət artımı müşahidə olunurdu. Ancaq son aylar ərzində demək olar ki, qiymətlər sabitləşib.

Yuxarıdakı fikri də Prezident İlham Əliyev Nazirlər Kabinetinin sözügedən iclasında bildirib. Dövlətimizin başçısı, həmçinin qeyd edib: “İstehlak qiymətlərinə daim nəzarət olmalıdır ki, süni qiymət artımına yol verilməsin. Buna heç bir əsas yoxdur. Çünki makroiqtisadi sabitlik təmin olunur. Manatın məzənnəsi neçə aydır ki, sabitdir. İdxaldan asılılıq azalır və tələbat daha çox yerli istehsal hesabına ödənilir. Bir sözlə, makroiqtisadi sabitlik məsələləri həmişəki kimi diqqətdə olacaq və əminəm ki, ilin sonuna qədər hər hansı bir problem olmayacaq. Mən artıq qeyd etdim, bizim valyuta ehtiyatlarımız artır, xarici ticarət dövriyyəsinin müsbət saldosu 6 ayda təxminən 2 milyard dollara yaxındır. Ona görə, bizim kifayət qədər güclü iqtisadi imkanlarımız və valyuta ehtiyatlarımız var. Azərbaycan adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə qabaqcıl ölkələr sırasındadır. Valyuta ehtiyatlarının dövlət xarici borcuna olan nisbəti də Azərbaycanı dünya miqyasında ön sıralara çıxarır. Bizdə valyuta ehtiyatları dövlət xarici borcundan 4-5 dəfə çoxdur”.

Əlbəttə, bu müsbət dinamika, makroiqtisadi sabitliyə nail olunmasından, həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının düzgünlüyündən xəbər verir. Ölkə rəhbəri də çıxışlarının birində vurğulayıb: “Uzun illər Azərbaycan iqtisadiyyatına qoyulan vəsait, şaxələndirmə siyasəti, qeyri-neft sektorunun inkişafı imkan verir ki, iqtisadiyyat dayanıqlı surətdə inkişaf etsin, bir sektordan – neft-qaz sektorundan asılı olmasın. Hətta dünyada neftin qiymətinin kəskin şəkildə düşməsi Azərbaycanın ümumi iqtisadi inkişafına təsir etməmişdir. Budur, Azərbaycanın iqtisadi modelinin unikallığı və bu göstəricilər bizim seçdiyimiz yolun nə qədər düzgün olmasını bir daha göstərir...”

Hazırda ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsində, əhalinin gündəlik tələbat mallarına olan ehtiyacının ödənilməsində, idxal məhsullarından asılılığın azaldılması və maliyyə bölməsinin idxal inflyasiyasından qorunmasında neft-qaz sektorunun mühüm rol oynaması xüsusi vurğulanmalıdır. Son illərdə bu sektorun daim diqqət mərkəzində saxlanılmasını xatırladan Prezident İlham Əliyev deyib: “Bu gün bizim təcrübəmiz, vəsaiti iqtisadiyyatın real sektoruna yönəltmək, investisiyaları cəlb etmək və infrastruktur layihələrini icra etmək siyasətimiz hesab edirəm ki, dünya miqyasında artıq bir nümunə kimi qəbul edilir və bu da Azərbaycanda uğurla reallaşdırılan iqtisadi siyasətin daha böyük nəticələr verəcəyi əminliyini ifadə edir”.

Azərbaycanda sosial-iqtisadi inkişafı sürətləndirən mühüm amillərdən biri qarşıya qoyulan hər bir hədəfin reallaşdırılması üçün konkret fəaliyyət proqramlarının işlənib hazırlanmasıdır. Bu baxımdan ölkə regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasının əhəmiyyətini xüsusi qiymətləndirmək lazımdır. Çünki keçid dövrünə xas bir sıra köklü problemlərin həlli prosesinə dövlət başçısının imzaladığı müvafiq fərmanlarla start verilib, nəticədə qısa zaman ərzində ölkə iqtisadiyyatında mütərəqqi inkişaf meyilləri nəzərə çarpıb. Bu çərçivədə atılan ardıcıl addımlar Azərbaycanda işsizlik probleminin aradan qaldırılması, regionların tarazlı inkişafı, qeyri-neft sektoruna diqqətin artırılması, sahibkarlığın inkişafı, yeni iş yerlərinin açılması istiqamətində konkret nəticələrlə müşayiət olunub.

Onu da qeyd edək ki, son illərdə ölkəmizdə qeyri-neft sektorunun inkişafında mühüm rol oynayan xarici investisiyalar üçün də münbit şərait yaradılıb. Çünki Azərbaycanda ümumi daxili məhsulun və xarici ticarət dövriyyəsinin daim artımı, ixtisaslı əmək ehtiyatlarının çoxluğu, ölkənin beynəlxalq ticarət təşəbbüslərində fəal iştirakı, ən əsası isə respublikamızın coğrafi mövqeyinin Avropa və Asiya bazarlarına səmərəli çıxış imkanı verməsi münbit xarici investisiya mühitinin formalaşmasında başlıca rol oynayır.

Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının uğurlu icrası da həm əhalinin işgüzar fəallığının artmasına, yerlərdə sahibkarlıq fəaliyyətinin daha da genişlənməsinə, infrastruktur layihələrinin həyata keçirilməsinə, həm də beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisə və obyektlərin yaradılmasına səbəb olub. Əvvəlki dövlət proqramlarının məntiqi davamı olan “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” da ölkə iqtisadiyyatının, xüsusilə regionların inkişafında mühüm əhəmiyyətə malikdir. Bu proqramda müəyyənləşdirilən vəzifələr, o cümlədən sənayenin inkişafı ilə bağlı tapşırıqlar hazırda uğurla icra olunur.

Azərbaycanda davamlı iqtisadi inkişafı təmin edən ən mühüm şərtlərdən biri sahibkarlığın inkişaf etdirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılmasıdır. Sahibkarlığın inkişafı, özəl bölmənin tərəqqisi Azərbaycan hökumətinin prioritetlərindən biridir. Bu məqsədlə mütərəqqi qanunvericilik bazası möhkəmləndirilir, bu sahəyə səmərəli dövlət dəstəyi mexanizmləri formalaşdırılır, beynəlxalq təcrübədə uğurla sınaqdan çıxan təşkilati-hüquqi modellər, o cümlədən sənaye parkları və məhəllələri, aqroparklar, biznes inkubabatorları yaradılır. Bununla yanaşı, dövlət idarəetmə sistemində, məhkəmə və hüquq, korrupsiyaya qarşı mübarizə sahələrində ciddi institusional islahatlar aparılır. Eyni zamanda, investorların hüquqları etibarlı şəkildə qorunur, inzibati prosedurlar sadələşdirilir və şəffaf mexanizmlər tətbiq edilir.

Makroiqtisadi sabitlikdən danışarkən, diqqəti büdcə amilinə də yönəltmək istərdik. Belə ki, son illərin dövlət büdcələri respublikamızın qarşıya qoyduğu strateji hədəflərə doğru inamla irəliləyən ölkə olduğunu bir daha təsdiqləyir. Büdcə hazırlanarkən qeyri-neft sektorunun inkişafı, makroiqtisadi sabitliyin təmini, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi, ixrac qabiliyyətinin artırılması, regionların davamlı və tarazlı inkişafının təmin edilməsi, sosialyönümlü siyasətin prioritetliyinin qorunub saxlanılması, maliyyə intizamının gücləndirilməsi, şəffaflığın artırılması kimi məsələlərə daha çox önəm verilir.

Dövlət büdcəsinin sosialyönümlü xarakter daşıması da təsadüfi deyil. Çünki ölkəmizdə əhalinin etibarlı sosial müdafiəsinin, habelə vətəndaşların yüksək rifah halının təmini istiqamətində həyata keçirilən ardıcıl tədbirlər respublikamızın milli inkişaf modelinin sosialyönümlü səciyyə daşıdığını tam təsdiqləyib. Qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması məqsədilə reallaşdırılan islahatlar yoxsulluğun səviyyəsinin azaldılmasına, əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eləcə də ölkənin məşğulluq strategiyasının səmərəliliyinə imkan verib.

Hökumətin müxtəlif kateqoriyaları əhatə edən vətəndaşların sosial ehtiyaclarının dolğun şəkildə ödənilməsinə xidmət edən iqtisadi siyasəti ümumən insan amilinin inkişafına təkan verir. Respublikanın dövlət büdcəsinin strukturuna əsasən, obyektiv səbəblərdən çalışmaq və zəhmətdən gəlir əldə etmək imkanından məhrum olan vətəndaşların problemləri xüsusi diqqət mərkəzində saxlanılır. Hökumət azad iqtisadi münasibətlərə, azad rəqabətə, özəl mülkiyyətçiliyə və sahibkarlığın inkişafına zəruri kömək göstərməklə yanaşı, cəmiyyətdə himayəyə, dəstəyə ehtiyacı olan təbəqəni də nəzərdən qaçırmır.

Azərbaycanda makroiqtisadi sabitliyin qorunub saxlanılmasında strateji yol xəritələri mühüm önəm daşıyır. Bu xəritələrdə qeyri-neft sektoruna əsaslanan iqtisadi inkişaf modeli qarşıya prioritet vəzifə kimi qoyulub. Başqa sözlə, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində Azərbaycanın perspektivli və potensial üstün sahələri müəyyənləşdirilib, 2025-ci il və sonrakı dövr üçün görüləcək tədbirlər öz aydın ifadəsini tapıb.

Azərbaycanda qeyri-neft sektorunun davamlı inkişafı ilə bağlı əldə edilən uğurlar beynəlxalq miqyasda da təqdir olunur. Bu ilin əvvəlində Azərbaycan ABŞ-ın www.usnews.com portalının və Pensilvaniya Universitetinin birgə təşkilatçılığı ilə keçirilən sorğunun nəticələrinə görə, dünyanın ən yaxşı ölkələrinin reytinqində yer alıb. Reytinqdə ölkələr turizm sektorunun inkişafı, innovasiyalar, mədəniyyət, iqtisadi artım, əlverişli biznes mühiti və tarixi irs meyarları üzrə seçilib. Dünyanın 36 ölkəsində 20 min nəfər arasında aparılan sorğunun nəticələrinə görə, Azərbaycan ən yaxşı 80 ölkə arasında 69-cu yerdə qərarlaşıb. Dünya Bankının 190 ölkənin biznes mühitini qiymətləndirən “Doing Business 2017” hesabatında isə Azərbaycan 65-ci pilləni tutub. Hesabata əsasən, Azərbaycan dünyada üç və daha çox islahat aparan 29 ölkədən biridir.

Bu gün Azərbaycanın xammal ixrac edən respublikadan elmtutumlu sənaye və informasiya texnologiyaları istehsalçısına, münbit turizm məkanına çevrilməsi məqsədinin reallığa çevrilməsi üçün bütün imkanlar səfərbərliyə alınıb. Xüsusən də regionların sosial-iqtisadi inkişafı tədbirlərinin genişlənməsi ölkəmizin sənaye potensialının gücləndirilməsi zərurətini ön plana çıxarıb və bu istiqamətdə müəyyən uğurlu addımlar atılıb.

Yuxarıda qeyd edilənləri yekunlaşdırıb deyə bilərik ki, iqtisadi dayanıqlığın mühüm əsaslarından olan makroiqtisadi sabitliyin dərinləşdirilməsi hökumətin fəaliyyətində prioritet istiqamətlərindən birinə çevrilib. Ona görə də həyata keçirilən şaxələndirmə tədbirləri, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində qeyri-neft sektorunun dinamik inkişafı təmin olunub.

Milli iqtisadi modeli, makroiqtisadi uğurları ilə dünyanın aparıcı maliyyə mərkəzlərinin də diqqət mərkəzində olan, insan amilinin yüksəlişinə xidmət edən qlobal infrastruktur layihələrini inamla həyata keçirən, sosial məsələlərə geniş diqqət ayıran Azərbaycan bu gün davamlı inkişaf edir. “Biz xalq üçün işləyirik. Məqsədimiz də odur ki, ölkə vətəndaşları vəziyyətin ildən-ilə daha da yaxşılaşmasını görsünlər, bunu gündəlik həyatlarında hiss etsinlər” - deyən Prezident İlham Əliyev bu məqsədə xidmət edən çoxşaxəli islahatları çevik və işlək mexanizmlər üzərində reallaşdırır, davamlı yüksəlişi təmin etmək üçün ölkənin daxili potensialından səmərəli şəkildə bəhrələnir. Tam əminliklə demək olar ki, bu iqtisadi siyasət ölkəmizi dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxaracaq.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında