Son illər dünyada baş verən qlobal maliyyə böhranı, həmçinin neftin kəskin ucuzlaşması, demək olar ki, əksər ölkələrin, həmçinin böyük şirkətlərin iqtisadi gücünü zəiflətmiş, iş yerlərinin ixtisarına gətirib çıxarmışdır. Yola saldığımız 2016-cı və hazırda yarım ilini başa vurduğumuz 2017-ci il də beynəlxalq aləm üçün bədbin notlarla zəngin oldu. Həm bölgədə, həm də dünyada təhlükəli meyillər, insanları narahat edən məqamlar kifayət qədər çoxalmış, münaqişələr, qanlı toqquşmalar, böhranlar, miqrant axını, terror aktları hələ də davam etməkdədir. Azərbaycan dünyanın tərkib hissəsi olduğundan, təbii ki, baş verən hadisələr ölkəmizdən də təsirsiz ötüşməyib. Ancaq düzgün müəyyənləşdirilmiş strategiya, daxili imkanlardan düşünülmüş şəkildə istifadə edilməsi ölkəmizi böhrandan xilas etmiş, üstəlik, nəzərdə tutulan proqramlar reallaşdırılmış, iqtisadi sahədə artım müşahidə olunmuşdur. Ölkədə yaradılmış davamlı sabitlik, həmçinin xalq – iqtidar birliyi də bu inkişafa öz müsbət təsirini göstərmişdir.
Dövlətimizin başçısı son illər dünyada baş verən hadisələrə münasibət bildirərkən, Azərbaycanda bütün sosial-iqtisadi məsələlərin uğurla öz həllini tapdığını, təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təmin olunduğunu, ölkəmizin bölgədə və dünyada sabitlik məkanı kimi tanındığını xüsusi vurğulayıb. Təbii ki, belə bir şəraitdə həm investisiyaların qoyuluşu üçün maraq göstərilir, eyni zamanda, xalqımız rahat yaşayır, əhalinin rifah halı yaxşılaşır. Bütün bunların fonunda Azərbaycan xalqı öz gələcəyini təhlükəsizlik, əmin-amanlıq şəraitində qurur. Məhz bunun nəticəsidir ki, ölkəmiz bu gün də mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkan statusunu özündə saxlayıb.
Bir neçə gün əvvəl Qəbələdə 13-cü Dünya Skaut Gənclər Forumu, avqustun 14-dən – 18-dək Bakıda davam etdirilən 41-ci Dünya Skaut Konfransının keçirilməsi heç də təsadüfi deyil. Göründüyü kimi, Azərbaycan dünyada artıq sabit ölkə kimi tanınır. Bunu tədbirin iştirakçıları da təsdiqləyirlər. Koreya nümayəndə heyətinə başçılıq edən BMT-nin sabiq Baş katibi Pan Gi Munun fikirləri də bunu təsdiq edir: “Azərbaycanın dünyada sülhün bərqərar olmasına verdiyi töhfələr təqdirəlayiqdir. Azərbaycan gənc dövlət olmasına baxmayaraq, beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsində böyük təcrübəyə malikdir”.
Qeyd edək ki, Dünya Skaut Konfransı mötəbər tədbir hesab edilir. Bunu iştirakçı ölkələrin sayı da təsdiqəyir. Paytaxtımızda keçirilən 41-ci Dünya Skaut Konfransında iştirak üçün 157 ölkə qeydiyyatdan keçmiş və 1500-dən artıq iştirakçı təmsil olunmuşdur. Azərbaycanda və bütövlükdə regionda ilk dəfə keçirilən bu konfrans iştirakçıların sayına görə rekord müəyyənləşdirdi.
Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısı diqqətə çatdırmışdır ki, bu ilin altı ayı ərzində qeyri-neft iqtisadiyyatımız 1,7 faiz artıb və 122 min yeni iş yeri açılmışdır ki, onlardan 101 mini daimi iş yeridir. Bu, çox yaxşı göstəricidir. Eyni zamanda, həmin dövrdə ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulub.
Bu gün sərmayə qoyuluşu, demək olar ki, bütün ölkələrdə azalır. Səbəbi isə hamıya bəllidir. Çünki dünyada maliyyə sıxıntıları və digər ciddi problemlər var. Amma Azərbaycana sərmayə qoyulur. Maraqlıdır ki, bu sərmayənin böyük hissəsi xarici sərmayədir. Deməli, ölkəmizə inam və etibar var. Bu da Azərbaycanın xarici investorlar üçün cəlbedici ölkə olmasından xəbər verir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, təkcə ona görə yox ki, bizdə yaxşı investisiya iqlimi var. Ona görə ki, Azərbaycan bu gün sabitlik məkanıdır və investorlar ancaq sabit olan yerlərə sərmayə qoyurlar. Sabit olan ölkələrin sayı kəskin azalır. Ona görə əminəm ki, gələcəkdə daha çox xarici sərmayədar Azərbaycana investisiya qoymaq üçün bizə müraciət edəcək.
Qeyd edək ki, bu çətin və ağır dövrdə ölkəmizin valyuta ehtiyatlarında artım müşahidə olunub. Həmin ehtiyatlarımız artıq 40,6 milyard dollar təşkil edir. İlin əvvəlindən bu günə qədər valyuta ehtiyatlarımız təxminən 3 milyard dollar artıb. Bəs neftin qiymətinin kəskin şəkildə düşdüyü bir zamanda valyuta ehtiyatlarımızdakı bu artım necə yaranmışdır? Bəli, burada bir vacib məqamı vurğulamaq zamanı yetişir. Bütün bunlar düşünülmüş siyasətin, düzgün idarəetmənin, məntiqli strategiyanın nəticəsidir.
Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı, xüsusilə ölkəyə daha çox valyuta gətirən, xarici bazarlarda alıcısı daha çox olan kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına xüsusi diqqət ayırması və bu barədə ciddi tapşırıqlar verməsi artıq öz bərhəsini verir. Son iki ildə bu sahədə əsaslı dönüş yaradıldı. Bölgələrdə lazım olan bütün infrastruktur layihələrin icrası diqqət mərkəzində saxlanılır. Sahibkarlara verilən kreditlər hesabına yüz minlərlə yeni iş yeri yaradılıb. Bu, özünü pambıqçılığın, tütünçülüyün, fındıqçılığın, baramaçılığın inkişafında da göstərir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə 2016-cı ilin sentyabrın 17-də Sabirabad rayonunda, 2017-ci il martın 18-də isə Saatlı rayonunda pambıqçılığın inkişafı məsələlərinə dair ümumrespublika müşavirəsinin keçirilməsi və bu zaman qarşıya qoyulan vəzifələr bu sahənin inkişafında əsaslı dönüş yaratmışdır. Bunu faktlar da təsdiqləyir. 2015-ci ildə 18 min hektardan cəmi 35 min ton pambıq tədarük edilmişdir. 2016-cı ildə isə 51 min hektarda pambıq əkilmiş və nəticədə 90 min tona yaxın məhsul götürülmüşdür. Bu il əkin sahələri daha da artırılıb və respublikamızda 136 min hektar sahəyə yüksək keyfiyyətli çiyid toxumu səpilib. Göründüyü kimi, ötən illə müqayisədə əkin sahələri 2,5 dəfə artırılıb. Ölkə başçısının 13 iyul 2017-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı” bu strateji sahənin inkişafında böyük rol oynayacaq. Yeni proqram Azərbaycanda pambıqçılığın inkişaf etdirilməsi, bu sahədə ixrac potensialının artırılması və kənd əhalisinin məşğulluğunun təmin edilməsi məqsədi ilə təsdiqlənib. Dövlət proqramının qarşıya qoyduğu əsas vəzifə ölkədə pambıq istehsalını 200 min tona çatdırmaqdır. Bu, həm yeni iş yerlərinin yaradılmasına, həm də əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına təkan verəcək.
Dövlət başçısı Azərbaycanın rayonlarına hər dəfə səfər etdikdə həyata keçirilən sosial infrastruktur tədbirləri və həllini gözləyən məsələlərlə yaxından tanış olur və bu istiqamətdə işlərin davam etdirilməsi, mövcud problemlərin aradan qaldırılması üçün müvafiq tapşırıqlar verir, imzaladığı sərəncamlarla vəsaitlər ayırır. Ölkə rəhbərinin Balakən, Zaqatala və Qax rayonlarının sosial-iqtisadi inkişafı ilə bağlı avqustun 5-də imzaladığı sərəncamlarla 24 milyon manata yaxın vəsait ayrılmışdır. Həmin rayonlarda da ölkəyə daha çox valyuta gətirən kənd təsərrüfatı məhsullarının yetişdirilməsi diqqət mərkəzində saxlanılmışdır. Qax rayonunda Prezident İlham Əliyevin rəhbərliyi ilə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilən zaman da bunun şahidi olduq.
Dövlətimizn başçısı müşavirədə qeyd etmişdir ki, son illərdə bu bölgəyə yolların, elektrik stansiyalarının tikintisi, qazlaşdırma, su təchizatı, suvarma məsələləri, sosial obyektlərin inşası ilə bağlı dövlət büdcəsi hesabına çox böyük investisiyalar qoyulmuşdur: “Məktəblər, xəstəxanalar, sosial obyektlər, idman kompleksləri, turizm obyektləri – bir sözlə, bu gün ölkəmizin şimal-qərb zonası öz sürətli inkişaf dövrünü yaşayır, perspektivləri də çox müsbətdir. Əminəm ki, verilən tapşırıqların yerinə yetirilməsi nəticəsində gələcək illərdə bu müsbət dinamika daha da güclənəcəkdir”.
Qeyd olunmuşdur ki, tütünçülük, baramaçılıq, fındıqçılıq bu bölgədə əsrlər boyu inkişaf etmişdir. Təbii ki, kənd təsərrüfatının bu sahələrinin ölkəmizdə çox böyük və zəngin ənənələri vardır. Regionda mövcud olan torpaq şəraiti, torpağın münbitliyi, iqlim, coğrafi vəziyyət, xarici bazarlara yaxın olmağımız və qədim İpək yolu üzərində yerləşməyimiz – bütün bunlar bu sahələrin inkişafına təkan vermişdir. Təəssüf ki, müstəqilliyimizin ilk illərində respublikamızda mövcud olan özbaşınalıq və anarxiya kənd təsərrüfatına, o cümlədən tütünçülük, baramaçılıq və fındıqçılığa ciddi zərbə vurmuşdur. Dövlət başçısı bildirmişdir ki, həmin ənənəvi sahələrin bu gün bərpa edilməsi istiqamətində əsaslı dönüş yaradılıb.
Ölkədə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində kənd təsərrüfatının ənənəvi sahələrindən olan ipəkçiliyin bərpası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən prioritet vəzifələrdən biri kimi müəyyən edilib. Baramaçılığın inkişaf etdirilməsi üçün rayonlarda yeni intensiv tipli tut (çəkil) bağlarının salınması məqsədilə Çin Xalq Respublikasından 1,5 milyon ədəd ting ölkəmizə gətirilib.
Prezidentin tapşırıqlarına uyğun olaraq artıq respublikada ipək istehsalının müasir infrastrukturunun yaradılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılıb. Cari ildə 2007-ci ildən bəri ilk dəfə olaraq respublikamızda 70 tondan çox yaş barama məhsulu istehsalı da bunun nəticəsidir.
Bu tədbirlər həm tütünçülüyün, həm də fındıqçılığın inkişafında özünü büruzə verir. “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında ölkə rəhbərinin 10 avqust 2017-ci il tarixli sərəncamı da məhz bu sahənin dirçəldilməsi, tütün emalının dərinləşdirilməsi, müvafiq müəssisələrin xammala olan tələbatının yerli məhsul istehsalı hesabına ödənilməsi, gəlirliliyin və ixrac potensialının artırılması, kənd əhalisinin məşğulluğunun yüksəldilməsi məqsədi daşıyır.
Son iki ildə həyata keçirilən tədbirlər, kənd təsərrüfatı sahəsində daha çox valyuta gətirən məhsulların istehsalının artırılması, yeni zavod və müəssisələrin tikilməsi gərgin zəhmət, həmçinin düşünülmüş strategiya nəticəsində təşəkkül tapmışdır. Bu məqsədlə yüz minlərlə hektar torpaq dövriyyəyə buraxılmışdır. Pambıqçılıq, baramaçılıq, üzümçülük, tütünçülük və digər sahələrin inkişaf etdirilməsi istiqamətində görülmüş işlər nəticəsində 400 mindən artıq vətəndaş işlə təmin olunmuşdur.
Bu illər ərzində maaşlar, pensiyalar və digər sosial ödənişlər dəfələrlə artırılmış, ölkədə sosial evlərin inşası ilə bağlı böyük layihənin icrasına başlanmış, müharibə iştirakçıları, şəhid ailələri, əlillər, hərbçilər, alimlər, KİV işçilərinin sosial təminatının yüksəldilməsi, mənzil-məişət problemlərinin həlli ilə bağlı çoxsaylı tədbirlər həyata keçirilmişdir.
Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Dövlət başçısının dedikləri də bundan xəbər verir: “2004-cü ildən bu günə qədər Azərbaycan bölgələrinin inkişafı hesab edirəm ki, tarixi nailiyyətdir. Heç vaxt Azərbaycan tarixində belə qısa müddət ərzində bu qədər işlər görülməmişdir. Bu gün Azərbaycan bölgələrində lazım olan bütün infrastruktur layihələri icra edilib və biz sürətli inkişaf dövrünü yaşayırıq”.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.