Sahibkarlıq fəaliyyətinin genişləndirilməsi ölkənin sürətli inkişafını təmin edir

Sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının diversifikasiyası baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edir. Bu siyasət iqtisadiyyatın prioritet inkişaf sahələrində işgüzar fəaliyyət üçün normativ hüquqi, təşkilati və maliyyə təminatı səviyyəsinin yüksəldilməsinə yönəldilib. Dövlət başçısının ölkədə sahibkarlığın inkişafı istiqamətində atdığı addımlar sistemli və ardıcıl fəaliyyət konsepsiyasına əsaslanır. Ötən illər ərzində sahibkarlığın hüquqi bazasının sistem halına gətirilməsini təmin edən qanunlar və bir sıra digər mühüm normativ sənədlər qəbul edilib. Eyni zamanda, mərkəzdə və regionlarda infrastrukturun yeniləşdirilməsinin, respublikanın müxtəlif bölgələrində modul tipli elektrik stansiyalarının qurulması dövlətin özəl sektora dəstəyinin real təzahürüdür.

Sahibkarlara dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ildən-ilə artırılması, onların fəaliyyətlərinə süni müdaxilələrin aradan qaldırılması, antiinhisar və korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi iş adamları tərəfindən razılıqla qarşılanır.

Məhz elə bunun nəticəsidir ki, respublikamızda bu ilin ilk yarısında biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişafı, özəl sektora dövlət dəstəyinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilib. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunun tətbiqindən sonrakı 20 ay ərzində, vergi yoxlamaları istisna olmaqla, sahibkarlıq subyektlərində cəmi 96 yoxlama, o cümlədən hesabat dövründə 26 yoxlama keçirilib.

Özəl sektora uzunmüddətli və əlverişli şərtlərlə maliyyə dəstəyinin göstərilməsi məqsədilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2017–ci ilin birinci yarımili ərzində 690 sahibkara 63,3 milyon manat güzəştli kredit verilib və bu investisiya layihələrinin reallaşdırılması 2300-dən çox yeni iş yerinin açılmasına şərait yaradır.  

Bu dövrdə verilmiş güzəştli kreditlərin 65 faizi respublikanın regionlarının, 35 faizi isə Bakı qəsəbələrinin payına düşür. İndiyədək isə 33,5 mindən çox sahibkarın ümumi investisiya dəyəri 4 milyard manatdan çox olan investisiya layihələrinin maliyyələşdirilməsinə 2 milyard manatdan çox güzəştli kredit verilib. Cari il ərzində yalnız geri qaytarılan vəsaitlər hesabına 150 milyon manatadək güzəştli kreditin verilməsi nəzərdə tutulur.

Azərbaycanda investisiya təşviqi mexaniziminin uğurla həyata keçirilməsi nəticəsində indiyədək ayrılan 173 investisiya təşviqi sənədi üzrə 1,6 milyard manatlıq investisiya qoyuluşu nəzərdə tutulur. Bu layihələrin reallaşdırılması nəticəsində 11 mindən çox yeni iş yeri açılacaq. Ümumilikdə, təqdim edilən sənədlərin 37 faizi kənd təsərrüfatını, 63 faizi isə sənaye sahələrini əhatə edir. İnvestisiya təşviqi sənədi alan 83 müəssisə artıq fəaliyyət göstərir, digərləri isə 2018-ci ilin sonuna qədər fəaliyyətə başlayacaq.

Özəl bölmədə lisenziyaların verilməsinin diqqət mərkəzində saxlanılması da sahibkarlığın inkişafını sürətləndirir. Bunu belə bir göstərici də sübut edir:  Cari ilin ötən dövrü ərzində isə sahibkarlara 966 lisenziya təqdim edilib. Bunun 683-ü yeni verilib, 283 lisenziya isə müddətsiz lisenziya ilə əvəz edilib.

Lisenziyalar əsasən əczaçılıq, özəl tibb, tikinti-quraşdırma işləri, tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq edilən bina və qurğuların layihələndirilməsi, baytarlıq preparatlarının satışı, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı və sair fəaliyyət sahələrinə verilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” 19 oktyabr 2015-ci il tarixli fərmanına uyğun olaraq, 2015-ci il noyabrın 2-dən etibarən lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə verilməsinə başlanılıb.

Azərbaycanda aqroparkların tikintisinin sürətləndirilməsi də  sahibkarlığın inkişafına mühüm  təsir göstərəcək. Hazırda   Xaçmaz rayonunda Yalama aqroparkında birinci mərhələ üzrə işlər başa çatdırılıb və Şəmkir aqroparkında birinci mərhələ üzrə işlər davam etdirilir. Bundan əlavə, Samux, Goranboy, Ağcabədi, Şabran, Salyan, Şamaxı, Füzuli, Cəlilabad və İsmayıllı rayonlarında da aqroparklar yaradılır. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumi dəyəri 207 milyon manat olan bu aqroparkların yaradılmasına 76,1 milyon manat güzəştli kredit verilib.

Xatırladaq ki, bu barədə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında geniş bəhs edilib.  Diqqətə çatdırılıb ki, respublikada hazırda 157,6 min hektar ərazidə 38 aqroparkın, o cümlədən 12 rayonda 37,3 min hektar ərazidə 14 müasir cins heyvandarlıq kompleksinin (yem bazası ilə birlikdə) və 17 rayonda 120,3 min hektar ərazidə 24 iri taxılçılıq təsərrüfatının yaradılması təşviq olunur. Bu tədbirlər regionlarda ixracyönümlü və rəqabətədavamlı məhsul istehsalının artmasına, sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə səbəb olacaq.

Özəl bölmənin inkişafından danışarkən, bir məqamı da xüsusi vurğulamaq istərdik. Belə ki, hazırda kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşmasına dəstək verən “ABAD” (Ailə Biznesinə ASAN Dəstək) layihəsindən faydalanan ailələr istehsalata başlayıblar.

Ötən ilin oktyabrında Dövlət Neft Şirkəti və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında “ABAD Mərkəz”lərin fəaliyyət sahələrində Korporativ Əməkdaşlıq Sazişi imzalanıb. Əməkdaşlıq çərçivəsində Balakən rayonunun “ABAD” layihəsi 2-ci pilot layihə olaraq müəyyən edilib.

Ailə təsərrüfatlarının istehsal etdiyi məhsulların brendləşdirilməsi, qablaşdırma və dizaynların tərtib olunması işlərini də “ABAD” həyata keçirir. Həmçinin istehsal edilən məhsulların “bir pəncərə” prinsipi əsasında sertifikatlaşdırılması və satışı da “ABAD” tərəfindən təşkil olunur.

Pilot layihə kimi əsasən kənd təsərrüfatı, dekorativ tətbiqi və xalq sənətkarlığı məhsullarının istehsalına üstünlük verilir. Hazırda bu layihə 130 ailəni əhatə edir. Həmin ailələrdən 22-si kənd təsərrüfatı məhsullarının, digərləri isə suvenirlərin istehsalı ilə məşğuldur. Bu məhsulların Bakı şəhərində yerləşən üç mağazada satışı təşkil edilir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında