Aqrar sahədə sığorta xidmətinin təkmilləşdirilməsi vacib şərtdir

Ölkə Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 11 aprel 2017-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasına kənd təsərrüfatı sahəsi üzrə maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi, aqrar sahəyə investisiya qoyuluşlarının təşviqi və digər məsələlərlə yanaşı, aqrar sığortanın inkişaf etdirilməsi, o cümlədən, kənd təsərrüfatı sahəsi üzrə sığorta fondunun yaradılması imkanlarının dəyərləndirilməsi, Sığorta Hadisələri Reyestrinin hazırlanması tapşırıqları verilmişdir.

Müasir dövrdə sığоrtа cəmiyyətin ictimаi-iqtisаdi həyаtının bütün sahələrini əhаtə еtməklə, əhаlinin mаddi rifаhının və sаhibkаrlıq riskinin zəmаnətçisi кimi çıхış еdir, gözlənilməz və fövqəlаdə hаdisələr zаmаnı əmlак mənаfеlərinin qоrunmаsındа, dövlətin mаliyyə sistеminin möhкəmlənməsində mühüm önəm daşıyır. Sığorta nəinкi sığоrtа hаdisələri zаmаnı büdcəni dəymiş ziyanın ödənilməsindən аzаd еdir, həttа uzunmüddətli invеstisiyаlаrın mənbəyinə çеvrilir.

Müstəqil respublikamızda sığorta xidmətinin inkişaf mərhələsinə və struktur formalaşmasına 1991-ci ildə Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti qurumunun yaradılması ilə başlanılmşdır. Bu təşkilatın əsas vəzifəsi ölkəmizdə sığorta xidmətləri bazarının tənzimlənməsi, metodiki rəhbərliyin həyata keçirilməsi, müvafiq normativ hüquqi bazanın yaradılması və təkmilləşdiriməsi barədə təkliflərin verilməsi, sığortaçıların, sığortalıların mənafelərinin müdafiəsi və s. olmuşdur.

1993-cü ildə “Sığorta haqqında” Qanunun qəbulu ilə respublikamızda sığorta sektorunun qanunvericilik bazasının əsası qoyulmuşdur. Bundan sonra sığorta sisteminin hüquqi bazasının yaradılması istiqamətində 150-dən çox normativ hüquqi akt qəbul edilmişdir. Lakin digər sektorlarla müqayisədə sığorta sektorunun inkişaf dinamikasının geridə qalması bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi məsələsini aktuallaşdırmış və 1999-cu ildə “Sığorta haqqında” Qanun təkmilləşdirilərək yeni redaksiyada qəbul edilmişdir. Nəhayət, 2008-ci ildə analoji səbəbdən bu qanun da qüvvədən düşmüş və müvafiq sahə üzrə beynəlxalq təcrübə nəzərə alınmaqla yeni mətndə “Sığorta fəaliyyəti haqqında” Qanun qəbul edilərək qüvvəyə minmişdir. 

Sözügedən qanun Azərbaycanda sığorta sisteminin inkişafının, sığorta bazarının peşəkar iştirakçılarının, o cümlədən sığortaçıların, təkrar sığortaçıların, sığorta vasitəçilərinin fəaliyyətlərinin əsas istiqamətlərini və prinsiplərini, habelə sığorta sahəsində dövlət tənzimlənməsinin və nəzarətinin hüquqi və iqtisadi əsaslarını müəyyənləşdirməklə hüquqi mexanizmlərin təsbit olunmasına şərait yaratmışdır. Qanunvericilik bazasının təkmilləşdirilməsi təşəbbüsü mütəmadi olaraq sığorta sahəsində fəaliyyətin inkişafına yönəlmişdir.

Ötən dövr ərzində ardıcıl olaraq dövlət tərəfindən kənd təsərrüfatı məhsullarının sığortalanması ilə bağlı təşviqedici tədbirlər reallaşdırılmışdır.  Belə ki, 2002-ci ildə kənd təsərrüfatı istehsalçılarının əmlaklarının təbii fəlakətlərdən sığortalanmasında dövlətin iştirakını təmin etməklə aqrar sahədə sığortanın inkişafının stimullaşdırması məqsədilə “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” Qanun, 2007-ci ildə isə Nazirlər Kabineti tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarının sığorta haqlarının büdcə vəsaiti hesabına ödənilməsi haqqında qərar qəbul olunmuşdur. Həmin qərara əsasən, baş vermiş hər hansı sığorta hadisəsi (yanğın, dolu, sel, daşqın və s.) zamanı hesablanmış sığorta haqqının 50 faizinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulmuşdur.

Qeyd olunduğu kimi, respublikamızın milli sığorta bazarı 1992-ci ildən fоrmаlаşmаğа bаşlаmış və bu gün özünün inkişaf mərhələsindədir. Hazırda sığorta şirkətləri tərəfindən istehlakçılara 40-dan çox icbari və könüllü sığorta növləri təklif edilir. Bu, inkişaf etmiş ölkələr üzrə analoji göstəricilərlə (inkişaf etmiş ölkələrdə 300-dən çox müxtəlif növ sığorta xidməti göstərilir) müqayisədə olduqca azdır.

Müstəqilliyin ilk illərində Azərbaycanda 62 sığorta təşkilatı, o cümlədən, 53 milli, 9 birgə sığortaçı fəaliyyət göstərmişdir. Lakin 1991-2006-cı illər ərzində sığorta olunanların etimadlarını qazanmadıqlarına görə həmin müəssisələrdən 33-ü müflisləşərək, öz fəaliyyətlərini dayandırmışdır. Ötən il yanvar ayının 1-dək Azərbaycanda 26 sığorta təşkilatı olub ki, onlardan 24-ü milli, 2-si isə birgə təsis edilmiş şirkətlərdir. Ən yüksək sığorta haqqı yığımına nail olan şirkətlərə “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyəti, “Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti və Dövlət Sığorta Kommersiya Şirkəti aiddir.

Hazırda aqrar sektorda sığorta xidməti, əsasən, Dövlət Sığorta Kommersiya Şirkəti, “Azərbaycan Sənaye Sığorta” ASC və “Başak-İnam Sığorta Şirkəti” ASC tərəfindən həyata keçirilir. Bu sahəyə ən çox maraq göstərən təşkilat isə Dövlət Sığorta Kommersiya Şirkətidir. Şirkətin yerlərdə 87 filialı fəaliyyət göstərir. Bu şirkət kənd təsərrüfatı ilə məşğul olan şəxslər və müəssisələr üçün “Kənd təsərrüfatı bitkiləri məhsullarının doludan sığortası və heyvanların sığortası qaydaları”na əsasən, sığorta təminatı təklif edir.

Məlum olduğu kimi, respublikamızda hər hansı sığorta xidmətindən könüllü istifadəçilərin sayı çox azdır. Könüllü sığorta məhsulları üzrə şirkətlərin müştəri bazası, əsasən, banklar tərəfindən təmin edilir. Belə ki, banka girov qoyulan əmlak bankın xeyrinə sığortalanır. Adətən, banklar belə hallarda təsisçisi olduqları və ya təsisçiləri eyni olan sığorta şirkətlərini AİF-in xətti ilə ipoteka kreditlərinin verilməsi istisna olmaqla seçirlər. Bu zaman əmlak, fərdi qəza və xəstəlik sığortası üçün müəyyən olunmuş 16 sığorta şirkətindən biri seçilməlidir.

Respublikamızda suvarılan torpaq sahələri 1 milyon 400 min hektar ərazini əhatə edir. Ölkə ərazisində 862 min ailə təsərrüfatı olsa da, onların cox az hissəsi sığorta xidmətlərindən istifadə edir. Araşdırmalar göstərir ki, qəbul olunmuş stimullaşdırıcı tədbirlərin icrası olaraq kənd təsərrüfatı məhsullarının sığortalanması üçün dövlət büdcəsində vəsait nəzərdə tutulsa da, həmin vəsaitlərin faktiki istifadə səviyyəsi çox aşağıdır. Belə ki, Maliyyə Nazirliyinin məlumatına əsasən, sözügedən məqsədlər üçün 2006-cı ildə dövlət büdcəsində 172 min manat, 2007-ci ildə isə 400 min manat vəsait nəzərdə tutulsa da, həmin vəsaitlərdən istifadə olunmamışdır. 2008-ci ildə isə dövlət büdcəsində bu məqsəd üçün nəzərdə tutulan 550 min manat vəsaitin 7800 manatı (1,4 faiz), 2009-cu ildə isə nəzərdə tutulan 750 min manat vəsaitin 78 min manatı (10,4 faiz) istifadə olunmuşdur.

Hazırda aqrar sığorta sahəsində ən ciddi problemlərdən biri ümumi sığorta portfelində kənd təsərrüfatı sahəsi üzrə sığorta payının az olmasıdır. Belə ki, 2014-cü ildə şirkətlər üzrə yığılan sığorta haqlarının ümumi həcmi 429,2 milyon manat, sığorta ödənişləri isə 157,1 milyon manat təşkil etmişdir. Yığılan ümumi sığorta haqlarında kənd təsərrüfatı məhsulları üzrə sığortanın xüsusi çəkisi 0,57 faizə, ödənilən ümumi sığorta ödənişlərində isə 0,3 faizə çatmışdır. Sığorta xidmətlərindən istifadəyə meylin az olmasının əsas səbəbləri kimi fermerlər arasında maarifləndirmə işinin aparılmamasını və ya aşağı səviyyədə görülməsini, maddi imkansızlığı, habelə vəsait çatışmazlığını göstərə bilərik.

Beləliklə, aparılan təhlillər deməyə əsas verir ki, ölkədə kənd təsərrüfatı sahəsində sığorta sisteminin təkmilləşdirilməsi üçün əsaslı islahatların reallaşdırılması zəruridir. Bu baxımdan əvvəlcə  aqrar sığorta sahəsində mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsi və onun ölkəmizdə tətbiqi məsələləri araşdırılmalıdır.

Araşdırılan sahədə ilk növbədə qardaş Türkiyə Respublikasının təcrübəsi olduqca maraqlıdır. Belə ki, kənd təsərrüfatı sahəsində mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla bu ölkədə kənd təsərrüfatı məhsulları istehsalının inkişafı, eyni zamanda, müvafiq sahə üzrə aparılan sığorta işinin stimullaşdırılması üçün 2005-ci ildə Türkiyə Respublikasının “Tarım Siqortaları Kanunu” (Kənd təsərrüfatı məhsullarının sığortası haqqında qanun) qəbul edilmiş və 2006-cı il iyulun 1-dən 90 bölgədə pilot layihə kimi tətbiqinə başlanılmışdır.

Burada daha çox maraq doğuran məsələ ondan ibarətdir ki, dövlət dəstəyi olan kənd təsərrüfatı məhsullarının təbii fəlakətlərdən sığortalanması zamanı tətbiq edilən sığorta tarifləri bölgələr üzrə müxtəlifdir. Fərqliliyin əsas səbəbi isə həmin bölgələrdə təbii fəlakətlərin baş vermə ehtimallarının müxtəlif olmasıdır ki, bu da Türkiyənin Cevrə və Orman Bakanlığı (Ekologiya və Təbii Sərvətlər Nazirliyi) tərəfindən müəyyənləşdirilməklə, rəsmən təsdiq edilmişdir.

Bu qanunun qəbulunda əsas məqsəd aqrar sahədə sığorta fəaliyyətinin inkişafı yolu ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyinin təmin edilməsi, sığorta hadisələri nəticəsində istehsalçılara dəymiş zərərin əvəzinin ən qısa zamanda ödənilməsi, baş vermiş təbii fəlakət nəticəsində əhaliyə dəymiş zərərin aradan qaldırılması zamanı dövlət büdcəsi vəsaitinin xərclənməsinə müəyyən mənada qənaət olunması və s. ibarətdir.

Qanunun tələblərinin düzgün icrası, sığortanın keyfiyyətlə aparılması, bağlanılmış müqavilələr üzrə daxil olan sığorta haqlarının vahid mərkəzdə toplanılması, həmçinin baş vermiş sığorta hadisələrinə görə sığorta ödənişlərinin verilməsi istiqamətində şəffaflığın təmin edilməsi məqsədilə Türkiyə dövləti tərəfindən qısa adı TARSİM olan Tarım Siqortaları Havuzu (Kənd təsərrüfatı məhsullarının sığortası fondu) yaradılmışdır.

Fondun əsas gəlirləri sığorta təşkilatları tərəfindən bu sahə üzrə sığorta olunanlardan alınaraq fonda ödənilən sığorta haqları, bağlanılmış sığorta müqavilələri üzrə hesablanmış sığorta haqlarında dövlətin payı, daxil olmuş sığorta haqlarının investisiyasından əldə edilən gəlirlər, bağlanılmış təkrar sığorta müqavilələrinə görə alınan komisyon mükafatları, zərurət yaranacağı halda alınan kreditlər, büdcə vəsaiti hesabına daxil olan əlavə pul vəsaitləri və s. ibarətdir.

Sığorta fondunun xərclərinə isə baş vermiş sığorta hadisələri üzrə ödəniləcək sığorta məbləğləri, fondun idarəetmə üzrə xərcləri, bağlanılmış sığorta müqavilələri üzrə sığortaçılara verilən komisyon mükafatlar, bağlanmış təkrar sığorta müqavilələrinə görə ödəniləcək təkrar sığorta haqları, reklam xərcləri, zərərlərin müəyyənləşdirilməsi məqsədilə cəkilən xərclər, alınmış kreditlər üzrə əsas borc və faiz məbləğlərinin ödənilməsi və s. daxildir.

Sığorta fondunun idarə olunması kənd təsərrüfatı məhsullarının sığortalanmasına razılıq almış sığorta təşkilatları tərəfindən təsis olunan ortaq “işlədici şirkət” tərəfindən həyata keçirilir. Şirkətin əsas vəzifəsi bağlanılmış sığorta müqavilələrinin uçotunun aparılmasından, sığortalılar tərəfindən ödəniləcək sığorta haqlarının vaxtında ödənilməsinə nəzarəti təmin etməkdən, qəbul olunmuş risklərin daxili və ya xarici təkrar sığortaçılara təkrar sığortaya verilməsindən və bu məqsədlə müvafiq danışıqların aparılmasından, baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərin vaxtında müəyyənləşdirilməsindən və bununla bağlı müvafiq tədbirlərin görülməsindən, qəbul olunmuş qərarların icrasından, bu növ sığortanın reallaşdırılması üçün statistik göstəricilərin hazırlanmasından, fonda daxil olmuş vəsaitin müvafiq qaydada investisiya məqsədilə istifadəsindən, kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində çalışan vətəndaşların məlumatlandırılması üçün reklam və təbliğat işlərinin aparılmasından və s. ibarətdir.

İl ərzində şirkətin görəcəyi işlər, o cumlədən, sığorta ödənişlərinin verilməsi, vəsaitlərin investisiya məqsədilə istifadəsi, reklam xarakterli tədbirlərin həyata keçirilməsi və s. barədə qərarlar tərkibi 7 nəfərdən ibarət ümumi şura tərəfindən qəbul olunur. Şirkətin rəhbəri mütəmadi olaraq görülmüş işlər barədə şura qarşısında hesabat verir.

Ümumi şuranın tərkibi Kənd Təsərrüfatı Nazirliyindən iki nəfər, Xəzinə Mustəşarlığından iki nəfər, Türkiyə Sığortaçılar Birliyindən bir nəfər, Aqrar Palatalar Birliyindən bir nəfər və İşlədici Şirkətdən bir nəfər olmaqla (hər bir şura üzvü üç il müddətinə seçilir) formalaşdırılır. Qanuna əsasən, qeyd olunan şuraya sədrlik Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi tərəfindən həyata keçirilir.

Güzəşt tətbiq edilən kənd təsərrüfatı məhsullarının sığortasının əhatə dairəsi təminat verilən risklər göstərilməklə, hər il Türkiyə Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.  

Xatırladaq ki, aqrar sığorta sahəsində analoji təcrübə İspaniyada artıq 1978-ci ildən tətbiq olunur. Bu isə bir daha təsdiqləyir ki, kənd təsərrüfatı məhsullarının sığortalanmasına dövlət tərəfindən verilən dəstək ölkədə kənd təsərrüfatının, o cümlədən, vurğulanan sahə üzrə aparılan sığorta işinin inkişafına müsbət təsir göstərməklə yanaşı, dövlətə də fayda vermiş olur.

Kredit zəmanətləri sahəsində Yaponiya təcrübəsi də maraqlıdır. Hazırda Yaponiyada 52 Kredit Zəmanət Korporasiyası və Kredit Zəmanət Korporasiyaları Milli Federasiyası fəaliyyət göstərir. Yaponiyadakı Kredit Zəmanət Sisteminin “Kredit zəmanətləri” və “Kredit sığortaları” olmaqla iki əhəmiyyətli funksiyası var. Bunlardan “Kredit zəmanətləri” maliyyə institutlarını KOS-lara verilən kreditlərdən yaranan risklərə qarşı qoruyarkən, Yaponiya Maliyyə Korporasiyası (JFC) tərəfindən maliyyələşdirilən “Kredit sığortaları” isə “Kredit zəmanətlərini” sığortalayır.

Bu ölkədə “Kənd təsərrüfatı kredit zəmanəti sistemi” “Vilayət assosiasiyaları” və “Kredit fondları”ndan təşkil olunmuşdur. “Vilayət assosiasiyaları” fermerlərin kənd təsərrüfatı kooperativlərindən aldıqları kreditlərə zəmanət verir. “Kredit fondları” isə assosiasiyaların öhdəliklərini sığortalayır. Hər iki qurum hökumətin, yerli özünüidarəetmə orqanlarının və kənd təsərrüfatı kooperativ qurumlarının verdiyi qrant və investisiyalarla maliyyələşdirilir.

Beynəlxalq təcrübənin təhlili göstərir ki, bir sıra ölkələrdə kiçik kənd təsərrüfatı kreditlərinin spesifik problemlərinin həlli ixtisaslaşmış kooperativ kredit institutlarının yaradılması hesabına mümkün olmuşdur. Bəzi kooperativ banklar fəaliyyət genişliyinə və şəxsi kapitalının həcminə görə ilk iyirmi kommersiya bankları sırasına daxildir. Bunlara Holland Rabobank (Rabobank), Alman Rayffayzen-banklar şəbəkəsi (reiffeisen-banken), Fransa Kredi-Aqrikol (Credit Agricole), Amerikan Farm Kredit Sistem (Farm Credit System) kimi bankları aid etmək olar. Sadalanan bankların fərqləndirici cəhəti onların kooperativ kimi yaranmasındadır.

İnkişaf etmiş ölkələrin kooperativ maliyyə təşkilatları bank sistemini əvəz etmir. Onların əsas funksiyaları yerlərdə fermerlərə kredit verilməsi və kəndlərdə digər fəaliyyətləri həyata keçirməkdir. XX əsrin 80-ci illərində Almaniya Federativ Respublikasının kredit kooperasiyaları sistemində ölkənin bütün maliyyə depozitlərinin 27 faizi cəmlənmişdi ki, bu da böyük bir hissəsi kənd təsərrüfatına yönəldilən kreditlərin ümumi həcminin 24 faizini təmin edirdi. Finlandiyada 1984-cü ildə ümumi depozit qoyuluşunun 25 faizi, ümumi verlimiş kredit həcminin 26 faizi, o cümlədən, kənd təsərrüfatının maliyyələşdirilməsində 58 faizi kooperativ bankların payına düşmüşdür.

Dünyada sığortanın inkişaf meyillərini təhlil edərkən, sığorta nəzarəti və biznesi ilə bağlı qəbul edilmiş yeni beynəlxalq prinsip və standartlarla tanış olarkən, ayrı-ayrı beynəlxalq konfrans və forumların işini izləyərkən tez-tez rastlaşdığımız mövzulardan biri də İslam sığortası və ya təkaful anlayışları ilə bağlıdır. Bu anlayışlar əksər hallarda sinonim kimi işlənsə də, əslində onlar arasında müəyyən fərq var ki, bu da təkafulun İslam sığorta modellərinin şəriət alimləri tərəfindən daha geniş qəbul olunmuş bir qrupunu əhatə etməsindədir. Təkaful əməliyyatlarının dünya maliyyə sistemində analoqu olmayan sürətlə inkişafı, habelə maliyyə böhranlarının bu sistemdən təsirsiz ötüşməsi (təkcə bir faktı demək kifayətdir ki, 2007-2010-cu illər arasında təkaful əməliyyatlarının həcmindəki artım illik 28 faiz təşkil etmişdir) istər beynəlxalq təşkilatların, istərsə də ayrı-ayrı transmilli korporasiyaların son vaxtlar təkafulla bağlı nəzəri və təcrübi tədqiqatlara vaxt və pul sərf etmələrinə səbəb olmuşdur.

“Təkaful” sözü ərəb mənşəli “kəfələ” sözündən götürülmüş, təmin etmək, kömək etmək və ya bir kəsin qayğısına qalmaq mənalarını daşıyır. Təkaful birgə məsuliyyət, qardaşlıq, həmrəylik, qarşılıqlı əməkdaşlıq, yaxud yardımlaşma əsasında müəyyən riskə qarşı maliyyə təminatı yaratmaq üçün formalaşdırılan münasibətlər sistemidir. Dünyanın ən yeni, lakin ən dinamik sığorta institutu olan təkafulun tarixi 14 əsr əvvələ-ərəb tayfaları arasında geniş yayılmış və İslam şəriətində də qəbul edilmiş “əl-əqilə” doktrinasına qədər gedib çıxır. Bu prinsip sonralar həyatın bir çox sahələrində, xüsusən də dəniz tacirlərinin zərərlərinin qrup üzvlərinin birgə vəsaitləri hesabına formalaşdırılan fonddan ödənilməsi sistemində geniş tətbiq edildi. Lakin peşəkar fəaliyyət kimi, ilk təkaful şirkəti 1979-cu ildə Sudanda təsis olunmuşdur. Hazırda dünyada 150-yə yaxın müstəqil təkaful şirkəti, 200-dən artıq isə sığorta şirkətinin “təkaful pəncərəsi” mövcuddur.

Ümumiyyətlə, təkaful bir qrup şəxsin hər birinin müəyyən məbləğdə pul vəsaiti qoyaraq, qarşılıqlı köməkləşmə və könüllü yardım prinsipləri əsasında, qrup üzvlərindən hər birinin məruz qala biləcəyi zərərli hadisələrdə maliyyə yardımı göstərməyə imkan verən ümumi fond (iştirakçılar fondu və ya təkaful fondu) yaradılmasını nəzərdə tutan maliyyə mexanizmidir.

Qeyd olunanlar Azərbaycanın kənd təsərrüfatında sığorta sisteminin təkmilləşdirilməsində təkaful mexanizminə də diqqət yetirilməsinin vacib olduğunu göstərir. Ölkə əhalisinin əksəriyyətinin müsəlman olması da bu modelə üstünlük verilməsinin lehinə işləyən daha bir güclü arqumentdir.

Araşdırmanın nəticələrinə əsaslanaraq, aqrar sahədə sığorta xidmətlərinin təkmilləşdirilməsi üzrə aşağıdakı tədbirlərin həyata keçirilməsini məqsədəuyğun hesab edirik:

- Aqrar sahə üzrə hazırda qüvvədə olan normativ- hüquqi sənədlərdə sığorta xidmətləri və bu xidmətlərə dövlət dəstəyi ilə bağlı müddəaların konkretləşdirilməsi;

- aqrar sahə üzrə mövcud normativ- hüquqi sənədlərdə sahənin inkişafı ilə bağlı tədbirlər üzrə müvafiq dövlət qurumları arasında səlahiyyətlərin dəqiqləşdirilməsi, habelə onların işlərinin vahid mərkəzdən əlaqələndirilməsinin gücləndirilməsi;

- qanunvericilik üzrə xırda pay torpaq sahiblərinin birləşməsinin stimullaşdırılması məqsədilə kooperativlər üçün sığorta xidmətlərinə dövlət dəstəyi sahəsində xüsusi güzəştlərin nəzərdə tutulması;

- aqrar sahədə sığorta xidmətləri ilə bağlı institusional sistemin gücləndirilməsi.

Ümumiyyətlə, kənd təsərrüfatında risklərin yüksəkliyini nəzərə alaraq, hökumətin təşəbbüsü ilə ölkədə Kənd Təsərrüfatı Sığortası Fondunun yaradılmasının sürətləndirilməsi zəruridir. Bu zaman müvafiq istiqamətdə digər ölkələrin (Türkiyə, İspaniya və s.) uğurlu təcrübələrinə istinad edilə bilər. Bununla yanaşı, Kənd Təsərrüfatı Kreditlərinin Zəmanəti Fondunun yaradılması da məqsədəuyğun olardı.

Fikrimizcə, bu məqsədlə Azərbaycanda xüsusi qanunun qəbuluna zərurət yoxdur. Belə ki, sözügedən istiqamətdə “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” 4 iyun 1999-cu il tarixli Qanunun “Kiçik sahibkarlığa dövlət maliyyə yardımı” adlanan 8-ci maddəsinin 2-ci bəndinə istinad edilə bilər. Həmin bənddə göstərilir ki, “Kiçik sahibkarlığa dövlət maliyyə yardımı məqsədli proqramlar çərçivəsində güzəştli kreditlər, subsidiyalar, kompensasiyalar, qrantlar, kreditlərə təminatlar verilməsi, lizinqin təşkili, sahibkarlara xidmət göstərən maliyyə-kredit qurumlarına stimullaşdırıcı tədbirlərin tətbiqi formasında həyata keçirilir”.

“Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Qanunun tətbiq edilməsi barədə ölkə Prezidentinin 4 avqust 1999-cu il tarixli fərmanı ilə Nazirlər Kabinetinə kiçik sahibkarlıq subyektlərinin maliyyə qaynaqlarından istifadə imkanlarını genişləndirmək məqsədilə kredit təminatı fonduna dair təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim edilməsi tapşırılmışdır.

Son nəticədə ölkədə kiçik sahibkarlığın güzəştli kreditlərlə təminatı mexanizmi formalaşdırılmışdır. Eyni zamanda, bəhs edilən qanunda “Kreditlərə təminat verilməsi” ilə bağlı müddəa da öz əksini tapmışdır. 

Qeyd olunanları nəzərə alaraq, adı çəkilən qanuna istinad etməklə  ölkədə Kənd Təsərrüfatı Sığortası Fondunun və Kənd Təsərrüfatı Kreditlərinin Zəmanəti (və ya Təminatı) Fondunun yaradılması məqsədəuyğun olardı.

Yeri gəlmişkən, Sığorta Fondunun fəaliyyət istiqamətlərinə bağlanılmış sığorta müqavilələrinin uçotunun aparılması, sığortalılar tərəfindən ödəniləcək sığorta haqlarının vaxtında ödənilməsinə nəzarət edilməsi, risklərin daxili və ya xarici təkrar sığortaçılara təkrar sığortaya verilməsi, habelə bu məqsədlə müvafiq danışıqların reallaşdırılması, sığorta hadisəsi nəticəsində dəyən zərər məbləğinin vaxtında müəyyənləşdirilməsi, fond vəsaitlərinin müvafiq qaydada investisiya məqsədilə istifadəsinin təşkili, kənd təsərrüfatı məhsulları istehsalçılarını məlumatlandırmaq üçün əhali arasında reklam-təbliğat tədbirlərinin həyata keçirilməsi və s. aid edilə bilər.

Sığorta Fondunun sərmayəçiləri əməkdaşlıq əsasında formalaşdırıla bilər. Sərmayəçilər sırasında özəl sektorun, beynəlxalq fondların, dövlət sektorunun birgə yer almalarına nail olunması məqsədəuyğun sayılır. Xüsusilə bankların bu sistemdə iştirakı risklərin düzgün qiymətləndirilməsi baxımından mühüm önəm daşıyır. Əlaqədar beynəlxalq fondların sistemə cəlb edilməsi isə həm kapital imkanlarının genişlənməsinə, həm də beynəlxalq təcrübənin tətbiqinə imkan yaradar. Belə halda isə maraqlı tərəflər arasında əməkdaşlıq dövət-özəl sektor əməkdaşlığı prinsiplərinə və mexanizmlərinə əsaslana bilər.

Fondun maliyyələşmə mənbələri  kimi - sığorta təşkilatları tərəfindən bu növ üzrə baglanılmış sığorta müqavilələrinə görə alınaraq fonda ödənilən sığorta haqları, sığorta müqavilələri üzrə hesablanmış sığorta haqlarında dövlətin payı, sığorta haqlarının investisiyasından əldə olunan gəlirlər, təkrarsığorta müqaviləsinə görə alınan komissyon mükafatlar, zərurət yaranacağı halda alınan kreditlər, büdcə vəsaiti hesabına daxil olan əlavə vəsaitlər və s. nəzərdə tutula bilər.

Fondun xərclərinə isə sığorta hadisələri üzrə veriləcək sığorta ödənişləri, sığorta müqavilələri üzrə sığortaçıların komisyon mukafatları, təkrarsığorta müqavilələrinə görə ödəniləcək təkrarsığorta haqları, zərərlərin müəyyənləşdirilməsi məqsədilə çəkilən xərclər, kreditlər üzrə əsas borc və faiz məbləğlərinin ödənilməsi, fondun idarəçiliyinə çəkilən xərclər, reklam-təbliğat işlərinin aparılması xərcləri və s. aid edilə bilər.

Fikrimizcə, Sığorta Fondunun fəaliyyətinə mütəmadi nəzarət və dəstək üçün Himayədarlar Şurasının formalaşdırılması məqsədəuyğun olardı. Bu şuranın tərkibi Kənd Təsərrüfatı, Maliyyə və İqtisadiyyat nazirliklərinin, Maliyyə Nəzarət Palatasının nümayəndələrindən və sığorta, kredit təşkilatlarının, habelə kənd təsərrüfatı istehsalçılarının maraqlarını təmsil edən şəxslərdən formalaşdırıla bilər.

Sığorta Fondu təsis edilərkən riskin bölüşdürülməsi ilə bağlı dəqiq mexanizm hazırlanmalıdır. Bu zaman dünya təcrübəsinə istinad edilə bilər. Fondun sərmayəsinin formalaşmasında bankların (xüsusilə, özəl bankların) geniş iştirakı təmin ediləcəyi halda, prioritet istiqamətlər üzrə zəmanətin maksimum limitini 95-100 faizə qədər artırmaq mümkündür. Əks təqdirdə, zəmanət üçün maksimum limiti 50-75 faiz həddində müəyyənləşdirmək məqsədəuyğundur.

Sığorta Fondunun fəaliyyətinin TARSİM (Türkiyə) nümunəsində olduğu kimi, hər növ vergilərdən azad edilməsi son nəticədə, zəmanət xərclərinin aşağı olmasına və bu məqsədlə ayrılan vəsaitlərin daha səmərəli istifadəsinə şərait yarada bilər.

Azərbaycanda kənd təsərrüfatı istehsalçıları kənd təsərrüfatı müəssisələri, fərdi sahibkarlar, ailə-kəndli və ev təsərrüfatları şəklində üç qrupa ayrılır. Fikrimizcə, Sığorta Fondunun öz fəaliyyətini daha səmərəli qurması, eyni zamanda, qeydiyyatın dürüst aparılmasının təmin edilməsi və risk təhlilləri baxımından ilk iki qrup-kənd təsərrüfatı müəssisələri və fərdi sahibkarlar üçün kredit zəmanəti təqdim edilməsi məqsədəuyğun olardı. Bu zaman kiçik müəssisələrə və fərdi sahibkarlara hədəflənmə də məqbul sayılır.

Fondun resurslarının məhdud olacağını nəzərə alaraq, bu resurslardan səmərəli istifadə məqsədilə prioritetləşdirmə aparılması və bunun elan edilməsi faydalı olar. Belə halda məqsədli dövlət proqramlarında nəzərdə tutulmuş sahələrdə rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalına, regionlarda infrastruktur layihələrinin həyata keçirilməsinə (müasir tipli suvarma sistemlərinin, meyvə və tərəvəz məhsullarının saxlanılması üçün soyuducu anbar komplekslərinin, istixanaların və s. yaradılmasına), ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalına, intensiv heyvandarlıq (damazlıq və südlük istiqamətli cins heyvandarlıq), quşçuluq, bağçılıq (o cümlədən, tingçilik), habelə toxumçuluq təsərrüfatlarının, arıçılığın inkişaf etdirilməsinə və s. üstünlük verilə bilər.

Rоfət HÜSEYNƏLİYEV,
Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunun
direktor müavini, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında