Baramaçılığın inkişafına dövlət qayğısı artırılır

Azərbaycanda qədim tarixə malik ipəkçiliyin tərəqqi dövrü ötən əsrin 70-80-ci illərinə təsadüf edir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında 1971-ci ilin martında Azərbaycan KP MK və Nazirlər Sovetinin “Azərbaycan SSR-də ipəkçiliyi inkişaf etdirmək tədbirləri haqqında” qərarı bu sahənin  inkişafını sürətləndirdi. Bərdə, Zaqatala, Şəki, Balakən, Göyçay, Ağdaş, Cəbrayıl və digər rayonlarda ipəkçiliyin inkişafı geniş vüsət aldı. Bunu statistik göstəricilərdən də aydın görə bilərik. Belə ki, barama istehsalı 1969-cu ildəki 3569 tondan 1982-ci ildə 5272 tona çatdı. 1986-cı ildə isə bu rəqəm rekord həddə - 5678 tona yüksəldi. Azərbaycan yaş barama istehsalının həcminə görə Yaponiya, Çin, Cənubi Koreya, Hindistan, KXDR və Braziliyadan sonrakı yeri tutdu. Keçmiş SSRİ-də isə respublikamız ipək istehsalında Özbəkistandan sonra ikinci oldu.

SSRİ-nin dağılması və iqtisadi əlaqələrin qırılması səbəbindən bir çox sahələr kimi, ipəkçilik də tənəzzülə uğradı. Respublikamızda olan 2 damazlıq-ipəkçilik stansiyası, 7 barama toxumu zavodu, 30-a yaxın rayonun baş barama qurutmaxanası, 80-ə yaxın barama tədarükü və ilkin emalı məntəqəsi öz fəaliyyətini dayandırdı. Bununla da mövcud sahənin tənəzzülü başlandı.  Bu, 1993-cü ildə barama istehsalının 3202 tona enməsi ilə özünü göstərdi.  Halbuki Azərbaycanda hələ 1910-cu ildə bundan çox – 3587 ton barama istehsal edilmişdi.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycanda digər sahələr kimi, ipəkçiliyə olan münasibət də kökündən dəyişdi, bu sahənin bərpası istiqamətində zəruri işlər görüldü.  Ulu öndərimiz 2001-ci ildə Şəkidə olarkən ipək kombinatının fəaliyyəti ilə də maraqlandı və imzaladığı sərəncamla həmin il müəssisənin fəaliyyətinin bərpasına kömək məqsədilə dövlət büdcəsindən vəsait ayrılaraq kombinat işə salındı. 

Son illərdə isə cənab İlham Əliyevin nəzarəti altında baramaçılığın inkişafı istiqamətində ciddi addımlar atılıb, mühüm qərarlar qəbul olunub, sahəyə dövlət dəstəyi gücləndirilib. Ölkə Prezidenti tərəfindən barama istehsalı ilə bağlı əhalinin məşğulluğunu artırmaq  və sosial rifahını daha da yaxşılaşdırmaq məqsədilə “Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında” 2016-cı il 15 sentyabr tarixli sərəncam imzalanıb.  Sərəncama əsasən,  barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi yaş baramanın hər kiloqramına görə növündən asılı olaraq veriləcək subsidiyanın məbləği və verilmə qaydası təsdiq edilib. 

Avqustun 4-də Qaxda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində dövlətimizin başçısı Şəki-Zaqatala bölgəsində kənd təsərrüfatının digər sahələri ilə yanaşı, baramaçılığın inkişaf etdirilməsi üçün də çox yaxşı ənənə və böyük potensialın olduğunu diqqətə çatdırıb. İpəkçiliyin inkişafının təmin edilməsində barama toxumçuluğunun təşkilinin böyük əhəmiyyət daşıdığını vurğulayan Prezident İlham Əliyev bu sahədə xarici bazarlardan asılılığın azaldılması və aradan götürülməsinin, lazım olan bütün materialların Azərbaycanda yetişdirilməsinin vacibliyini önə çəkib. Dövlətimizin başçısı bildirib ki, Qax Damazlıq İpəkçilik Stansiyasının yenidən qurulması və ən yüksək avadanlıqla təchiz edilməsi üçün artıq Prezidentin Ehtiyat Fondundan 4,5 milyon manat vəsait ayrılıb.

Respublika müşavirəsində dövlətimizin başçısı, eyni zamanda, hazırda 30 rayonda barama istehsal olunduğunu,   dövlətin bu sahəyə xüsusi diqqət yetirdiyini, kümçülərə materiallar, subsidiyalar verildiyini diqqətə çatdırıb. Azərbaycan Prezidenti daha sonra deyib: “Gələcək planlarımıza gəldikdə, real artım tempi göstərir ki, gələn il 500 ton barama tədarük edilə bilər. Əkilən və əkiləcək ağacları nəzərə alsaq, biz 2019-cu ildə ən azı 1000 ton səviyyəsinə qalxa bilərik. Əgər bütün planlarımız həyatda öz əksini tapsa, biz 2025-ci ildə 6 min ton barama istehsal edə bilərik. Beləliklə, sovet vaxtının ən yüksək səviyyəsinə qalxıb, hətta onu keçə də bilərik. Real imkanlar var. Kütləvi şəkildə ağaclar əkilir. Bizdə iki il bundan əvvəl təqribən 300 mindən bir qədər çox tut ağacı var idi. Son 1-2 il ərzində isə onların sayı 2 milyon 200 minə çatdı. Bütün tinglər dövlət tərəfindən alınır, özü də xaricdən, valyuta ödənilir, baramaqurdu toxumları da gətirilir və ağacəkmə prosesi kütləvi xarakter alıbdır. Dövlət yenə də əsas yükü öz üzərinə götürür və tapşırıq verilmişdir ki, gələn dörd il ərzində əlavə 8 milyon tut tingi əkilsin. İndi bizim 2 milyon 200 min ağacımız var, 8 milyon əlavə əkiləcək. Beləliklə, 10 milyon tut ağacımız olacaqdır”.

Müşavirədə “Şəki İpək” ASC-nin fəaliyyətinin daha da genişləndirilməli olduğunu vurğulayan Prezident İlham Əliyev deyib: “Məndə olan məlumat ondan ibarətdir ki, hazırda “Şəki İpək”in istehsal gücü ildə 135 ton xam ipəkdir. Əgər biz öz hədəfimizə çatsaq və 6 min ton barama tədarük olunsa, 6 min ton yaş baramadan 600 tondan çox xam ipək alınacaqdır. İndi isə istehsal gücü 135 tondur. Bu, onu deməyə əsas verir ki, ilk addım olaraq “Şəki İpək”in imkanları genişləndirilməlidir. Baxmaq lazımdır, əgər dövlət vəsaiti lazımdırsa, biz bunu ayırmağa hazırıq ki, tezliklə kombinatın istehsal gücü artsın və təqribən 3 min ton yaş baramanı emal edə bilsin. Çünki bizdə olan məlumata görə, bu rəqəmə sürətlə çatacağıq. Hazırda “Şəki İpək”də üçnövbəli iş rejimində 1300 ton yaş barama emal oluna bilər. Beləliklə, “Şəki İpək”in fəaliyyəti bərpa edildi, tam bərpa edilməlidir, genişləndirilməlidir və 3 min ton yaş barama emal olunmalıdır. Bununla bərabər, biz gərək yeni ipək kombinatının yaradılması haqqında nəinki düşünək, artıq konkret addımlar ataq. Üç min ton emal gücündə olan yeni kombinatın yaradılması zəruridir”.

Müşavirədə barama istehsalı ilə məşğul olan rayonlarda bu sahədəki mövcud vəziyyətə də nəzər salınıb. Bildirilib ki, Qax rayonunda dövlət dəstəyinin təmin olunması kümçülərdə inam və böyük ruh yüksəkliyi yaradıb, nəticədə ötən dövr ərzində ilk dəfə olaraq 2016-cı ildə 3,8 ton, cari ildə isə 12,5 ton yüksək keyfiyyətli barama istehsalı təmin edilib. Baramaçılıqla məşğul olan 72 kümçüyə 50 min manat vəsait ödənilib, 62,6 min manat subsidiyanın verilməsi isə yaxın vaxtlarda təmin olunacaq. Şəkidə ötən ilin payız mövsümündə rayonda 50 min yerli, 25 min xaricdən gətirilən tut tingi əkilib, yeni kümxanalar qurulub, gənc kümçülərin yetişdirilməsi istiqamətində maarifləndirmə tədbirləri genişləndirilib. Həyata keçirilən tədbirlər rayonda barama istehsalının dinamik inkişafına müsbət təsir göstərib. Zaqatalada da bu sahənin inkişafına mühüm önəm verilib.  Uzun illər ərzində tənəzzülə uğrayan və rayon üçün ənənəvi olan baramaçılığın inkişaf etdirilməsi məqsədilə 2016-cı ildə proqnozlaşdırılan 1500 kiloqram barama istehsalı 4 dəfə artıq yerinə yetirilməklə 6018 kiloqrama çatdırılıb. Bu il 500 kümçünün əməyi nəticəsində rayon üzrə proqnozlaşdırılan 21 ton əvəzinə 21,4 ton barama istehsal edilərək “Şəki-İpək” ASC-yə təhvil verilib.

Kümçülər qısa müddətdə 189,0 min manat gəlir əldə ediblər ki, bunun da 107 min manatını dövlət vəsaiti hesabına verilən subsidiya təşkil edir. Bütün bunlar son dövrdə mövcud sahənin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində mümkün olub. Təsadüfi deyil ki, baramanın alış qiyməti əvvəlki ilə nisbətən nəzərəçarpacaq dərəcədə artırılaraq 9 manata çatdırılıb.

Prezident İlham Əliyev Qaxda keçirilən sözügedən respublika müşavirəsində, həmçinin  Azərbaycanın dünya bazarına öz ipəyi ilə daha böyük həcmdə çıxması,  bunun üçün ixrac bazarlarının təftiş və təhlil edilməli zəruriliyindən danışıb. Dövlətimizin başçısı bildirib ki, burada da çox böyük rəqabət var. Bazarlar demək olar ki, artıq bölünüb və ixrac bazarlarına çıxmaq üçün gərək əlavə səylər göstərilsin. Ona görə, bu istehsal sahəsini yaratmaq işin ancaq birinci hissəsidir, bir tərəfidir. “Biz xarici bazarlara öz hazır məhsulumuzla - həm ipək ipləri ilə, həm hazır məhsulla çıxmalıyıq. Xüsusilə nəzərə alsaq ki, Azərbaycanda ipəkçiliyin qədim tarixi var, bizim kəlağayı bizim milli sənətimizdir, milli sərvətimizdir, ona görə, bu məsələlər də geniş şəkildə araşdırılmalıdır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında