Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqlardan daha səmərəli və məqsədli şəkildə istifadə edilməsi, o cümlədən münbit torpaqların yenidən əkin dövriyyəsinə qaytarılması ilə bağlı genişmiqyaslı tədbirlər görülür, müvafiq tapşırıqlar verilir. Nəticədə belə torpaq sahələri yenidən gəlir mənbəyinə çevrilir. Eyni zamanda, həmin sahələrdə əkin prosesinin aparılması bol məhsul əldə edilməsinə şərait yaradır. Bu isə ölkədə ərzaq təhlükəsizliyinin reallaşdırılmasına öz töhfəsini verir.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2017-ci ilin ilk 6 ayı ərzində 32 müraciət üzrə 95 min hektardan artıq torpaq sahəsinin təyinatı dəyişdirilib. Bundan 81 min 739 hektar torpaq sahəsində 19 aqroparkın və 13 min 680 hektar torpaq sahəsində isə 4 iri taxılçılıq təsərrüfatının yaradılması nəzərdə tutulub.
Həyata keçirilən belə tədbirlər aqrar sektorun dinamik inkişafına imkan verir. Bu isə istehsal olunan məhsulun tələbatı tam ödəməsinə, Ümumi Daxili Məhsulun həcmində qeyri-neft sektorunun payının artmasına əlverişli şərait yaradır. Eyni zamanda, bol məhsulun əldə edilməsi xarici bazarlara çıxış imkanlarını genişləndirir.
Qeyd edək ki, yerli icra hakimiyyəti orqanları ilə birlikdə görülən tədbirlər nəticəsində cari ilin birinci yarısında 40 min hektar səmərəsiz istifadə olunan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair bağlanmış icarə müqavilələrinə xitam verilib. Hesabat dövründə həmin torpaqların geri qaytarılaraq yenidən səmərəli şəkildə istifadəsi diqqət mərkəzində saxlanılıb, iri taxılçılıq, pambıqçılıq təsərrüfatları yaradılıb, meyvə bağlarının salınması, habelə digər kənd təsərrüfatı məqsədləri üçün müvafiq aqrotexniki və meliorativ tədbirlər görülüb. Bundan başqa kənd təsərrüfatı məqsədilə 184 min hektara yaxın torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib.
Ümumilikdə respublikada qeyri-neft sektorunun, o cümlədən, aqrar sahənin inkişaf etdirilməsi ilə əlaqədar aidiyyəti mərkəzi və yerli icra hakimiyyətləri orqanları ilə birlikdə 166 min hektar torpaq sahəsinin kateqoriyası dəyişdirilib. Həmin torpaq sahələri aqroparkların və iri təsərrüfatların təşkili məqsədilə investorların istifadəsinə verilib. Eyni zamanda, yerli icra hakimiyyəti orqanları ilə birlikdə görülən tədbirlər nəticəsində indiyədək 240 min hektar səmərəsiz istifadə olunan kənd təsərrüfatı təyinatlı torpaq sahələri geri qaytarılıb və əkin dövriyyəsinə cəlb olunması üçün zəmin yaradılıb.
Xatırladaq ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” ölkə Prezidentinin 2016-cı il 7 mart fərmanına əsasən, hazırda Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yerlərdə maarifləndirmə işi görülür. Məqsəd torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirlərinin səmərəliliyini artırmaq, görülən işləri təkmilləşdirmək, torpaqların təyinatı üzrə istifadəsinin təşkilində adı çəkilən komitənin fəaliyyətini dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslərlə əlaqələndirmək, onların hüquq və vəzifələrini izah etmək, bu barədə ictimaiyyəti məlumatlandırmaqdır.
Artıq respublikanın Qazax, Ağdaş, Oğuz, Şamaxı, Salyan, Cəlilabad rayonlarında maarifləndirmə tədbirləri keçirilib. Quba və Abşeron rayonlarında da yaxın vaxtlarda belə tədbirlərin keçirilməsi planlaşdırılır.
Yuxarıda sadalananlarla yanaşı, Prezident İlham Əliyev tərəfindən, eyni zamanda, torpaqların dəqiq uçotu, torpaq idarəçiliyi və inzibatçılığında yeni çağırışların və müasir yanaşmaların tətbiqi ilə bağlı bir sıra fərman və tapşırıqlar verilib. Cari ilin birinci yarısında Əmlak Məsələləri Dövlət Komitəsi də bu tapşırıqların icrası məqsədilə ardıcıl olaraq genişmiqyaslı tədbirlər həyata keçirib.
Hazırda ölkə üzrə Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması işi müvəffəqiyyətlə icra olunur. Ötən dövrdə respublikanın 12 rayonunda elektron kadastr uçotu tədbirləri yekunlaşıb. Layihə çərçivəsində 870 min hektardan çox ərazidə irimiqyaslı çöl-torpaq tədqiqatı, 700 min hektara yaxın ərazidə isə çöl-geobotaniki tədqiqat işləri aparılıb.
Bu ilin sonunadək torpaqların elektron kadastr uçotu layihəsinə cəlb edilən 14 rayonda 1 milyon hektardan artıq sahənin uçot işinin aparılması nəzərdə tutulur. Eyni zamanda, il ərzində 800 min hektar ərazidə irimiqyaslı torpaq tədqiqatının, 550 min hektar ərazidə isə çöl-geobotaniki tədqiqatın reallaşdırılması planlaşdırılır. Torpaq tədqiqatı işlərinin nəticələrinə əsaslanaraq bu ərazilərin torpaq, şorlaşma və eroziya xəritələri hazırlanır, torpaqların bonitirovkası, habelə iqtisadi qiymətləndirilməsi işləri yerinə yetirilir.
Torpaqların kadastr uçotuna alınması işləri yekunlaşdıqca etibarlı kadastr məlumatları əsasında şəhər, qəsəbə, kənd bələdiyyələrinin müasir rəqəmsal xəritələri də hazırlanır. Bu işlər Gəncə, Sumqayıt, Şəki şəhərlərinin, Xızı və Salyan rayonlarının inzibati sərhədləri daxilində yerləşən bələdiyyələr üçün artıq yekunlaşıb. Bakı şəhərinin isə 53 bələdiyyəsindən 51-nin xəritələrinin hazırlanması işi yekunlaşmaq üzrədir.
Kadastr uçotu işlərinin nəticələrindən istifadə etməklə torpaq islahatı başa çatmamış təsərrüfatlarda yerquruluşu tədbirləri reallaşdırılır. Məhz bunun nəticəsində indiyədək Xaçmaz, Siyəzən, İmişli, Beyləqan rayonlarında yaşayan mindən artıq ailənin uzun illərdən bəri torpaqla bağlı mövcud problemi öz müsbət həllini tapıb.
İndiyədək bir sıra inzibati-ərazi dairələri üzrə sərhədlərin hələ də dəqiqləşdirilməməsi də torpaq idarəçiliyində problemlər yaradıb. Hazırda aidiyyəti mərkəzi və yerli icra hakimiyyətləri orqanları ilə birlikdə bu çətinliklərin aradan qaldırılması istiqamətində tədbirlər görülür. Eyni zamanda, işğal altında və cəbhə bölgələrində yerləşən, habelə torpaq – sərhəd mübahisələri olan inzibati ərazi dairələri istisna olmaqla, respublikanın digər inzibati ərazi dairələrinin sərhədlərinin müəyyənləşdirilməsinə dair yerquruluşu işləri artıq yekunlaşıb.
Ölkənin 4,1 milyon hektar ərazisinin ortofotomateriallarının rəqəmsallaşdırılması və bu ərazi üçün relyef xəritələrinin hazırlanması işi də başa çatdırılıb.
Respublikada iri təsərrüfatların yaradılması məqsədilə aidiyyəti orqanlarla birlikdə 18 rayonun inzibati ərazilərindən yeni əkin dövriyyəsinə cəlb ediləcək 150 min hektara yaxın torpaq massivlərinin və bir sıra rayonlarda yeni suvarılacaq ərazilərin kadastr xəritələri də hazırlanıb.
Onu da qeyd edək ki, təyinatından və mülkiyyət növündən asılı olmayaraq, bütün torpaqların kadastr uçotuna alınması işləri 2020-ci ildə yekunlaşacaq, dəqiq kadastr uçotu məlumatları əsasında rəqəmsal bələdiyyə xəritələri hazırlanacaq.
Qeyd edək ki, Azərbaycanda torpaqların elektron kadastr uçotu və rəqəmsal kadastr xəritələrinin yaradılmasında ölkəmizin kosmik imkanlarından - süni peyklərin məlumatlarından istifadə olunur. Bununla bağlı Əmlak Məsələləri Dövlət Komitəsi ilə “Azərkosmos” ASC arasında anlaşma memorandumu imzalanıb.
Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Bu baxımdan yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, dövlət başçısının respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı məqsədilə vaxtaşırı verdiyi tapşırıqlar, tövsiyələr, imzaladığı fərman və sərəncamlar, dövlət proqramları növbəti illərdə də Azərbaycanın ərzaq təhlükəsizliyinin reallaşmasında mühüm önəm daşıyacaq və qarşıya qoyulan vəzifələr uğurla icra olunacaqdır.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.