Azərbaycan beynəlxalq tranzit ölkə kimi artıq dünyada tanınmağa başlayıb

Hazırda bütün dünyada qlobal böhran hökm sürsə də, Azərbaycanda dayanıqlı inkişaf təmin olunub. Belə bir şəraitdə respublikamızda nəqliyyat infrastrukturunun yenidən qurulması, modenləşdirilməsi ölkənin iqtisadi inkişafını daha da sürətləndirib. İlin əvvəlindən nəqliyyat sektorunda müsbət nəticələr əldə edilməsi, iqtisadiyyatın digər sahələrində yüksək göstəricilər bunun bariz ifadəsidir.

Onu da vurğulayaq ki, bu gün Azərbaycanın güclü tranzit və yükdaşıma potensialı var. Əlverişli coğrafi mövqe, qeyd etdiyimiz kimi, son illər nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, həyata keçirilən irimiqyaslı layihələr Azərbaycanın tranzit və yükdaşıma potensialından daha səmərəli istifadə etməklə bu sahədən daxil olan gəlirlərin həcminin artmasına da geniş imkan yaradır.

Azərbaycan ərazisindən keçən dəhlizlərin fəaliyyətinin yenidən qurulması dəniz və dəmir yolu nəqliyyatı üçün uzunmüddətli etibarlı bazarın formalaşmasına, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə, yük daşımaları ilə bağlı infrastruktur sahələrinin inkişafına, yeni iş yerlərinin açılmasına müsbət təsir göstərir. Nəqliyyat dəhlizlərinin potensialından səmərəli istifadə, eyni zamanda, gələcəkdə sözügedən sahənin qeyri-neft sektorunda xüsusi çəkisinin artmasına əlverişli şərait yaradır. 

Burada bir məsələyə də nəzər salaq. Bi il may ayının 17-də Tbilisidə keçirilən Mərkəzi Asiya Ölkələrinin Əməkdaşlıq Proqramının (CAREC) nəqliyyat sektoru üzrə koordinasiya komitəsinin 16-cı iclasında da bildirilib ki, bu gün Azərbaycandan keçən dəhlizin modernləşdirilməsi diqqət mərkəzindədir. Çin, Hindistan, Pakistan, Əfqanıstan və digər ölkələrdən Özbəkistan və Qazaxıstana gələn yüklər Xəzər dənizi vasitəsilə Azərbaycana gətirilir və buradan da Gürcüstana daşınır. Gürcüstandan isə həmin yüklər Avropaya aparılır.

Böyük İpək yolunun Azərbaycandan keçən hissəsində dəmir yolu xəttinə paralel olaraq daha iki xəttin çəkilməsi və bununla da yolun dördzolaqlı olması üçün Asiya İnkişaf Bankı kredit ayırıb. Bu vəsait, eləcə də Azərbaycan hökumətinin maliyyə imkanları hesabına artıq yolun Bakıdan Gəncəyə qədər olan hissəsində yol dördzolaqlıdır. Gəncədən Gürcüstan sərhədinə qədər olan hissədə isə işlər davam edir. Onu da xatırladaq ki, hazırda beynəlxalq miqyasda yükdaşımalar sahəsində ciddi rəqabət var. Təbii ki, belə bir şəraitdə dövlətimizin  başçısı cənab İlham Əliyevin də vurğuladığı kimi, böyük tranzit potensialına malik olan Azərbaycan müşahidəçi mövqeyində dayana bilməz və daha əlverişli şərtlər irəli sürmək, tranzit daşımaları sahəsində səmərəli idarəçilik yaratmaq və müvafiq koordinasiya siyasəti reallaşdırmaqla ciddi irəliləyişlər əldə edə bilər. Azərbaycan Prezidenti, eyni zamanda, bu məsələyə toxunaraq qeyd edib: “Bu gün yükdaşımalar uğrunda ciddi mübarizə gedir. Bölgə ölkələri rəqabət aparır. Azərbaycan burada passiv müşahidəçi mövqeyi tutmamalıdır. Bəzi hallarda gözləyirik kimsə gəlib bizim qapımızı döysün ki, gəlin biz sizdən yük keçirək. Biz özümüz təşəbbüs göstərməliyik, yükləri müəyyən etməliyik, yaxşı şərtlər ortaya qoymalıyıq”.

Ölkəmizin tranzit daşımaları sahəsində potensialından daha geniş və səmərəli istifadə edilməsi məqsədilə Azərbaycan Prezidenti cənab İlham Əliyevin 21 oktyabr 2015-ci il tarixli fərmanı ilə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılıb. Bu sənədlə Koordinasiya Şurasının tərkibi və əsasnaməsi təsdiq edilib. Adıçəkilən Şura qarşısında qoyulan vəzifələrin icrası üçün daşımaların vahid prinsip və şərtlərinin müəyyənləşdirilməsi, tariflərin optimallaşdırılması, daşıyıcılar ilə dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, şəffaflığın təmin olunması, tranzit prosedurlarının asanlaşdırılması, eyni zamanda, təkmilləşdirilməsi, daşıma prosedurlarının sayının və müddətinin azaldılması, tranzit yükdaşımalarda əlverişli sistemin tətbiqi, yüklərin daşındığı ölkələr, habelə aidiyyəti qurumlar arasında əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Hazırda Koordinasiya Şurasında təmsil olunan qurumlarla görüşlər keçirilir, bu sahədə fəaliyyət göstərən nəqliyyat-ekspedisiya şirkətləri və digər biznes strukturları ilə müzakirələr aparılır. Bundan başqa, Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərinin mövcud vəziyyəti və problemləri öyrənilir, bu dəhlizlərin potensialının artırılması, rəqabət qabiliyyətinin yüksəldilməsi imkanları araşdırılır.

Azərbaycanın beynəlxalq tranzit ölkə kimi bütün dünyada tanınmasında respublikamızın iştirakı ilə gerçəkləşən qlobal layihələr mühüm önəm daşıyır. Bu gün “Şimal-Cənub”, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və “Bakı-Tbilisi-Qars” kimi nəhəng nəqliyyat layihələri uğurla həyata keçirilir. Belə genişmiqyaslı dəyişiklik Azərbaycanın Avropa ilə Asiya arasında əsas əlaqələndirici mərkəzə çevrilməsinə kömək edir. Bu, eyni zamanda, Azərbaycanın nəqliyyat qovşağı kimi mühüm rola malik olmasından xəbər verir.

Yeri gəlmişkən, yuxarıda sadalanan nəqliyyat layihələri barədə bir qədər ətraflı danışaq. Astaraçay üzərində tikilən körpü vasitəsilə cari ilin mart ayında Azərbaycandan İrana ilk qatar keçib. “Şimal-Cənub” dəhlizi ilə bağlı respublika ərazisində olan bütün işlər artıq yekunlaşdırılıb. Bakı-Tbilisi-Qars dəmir yolunun cari il istifadəyə verilməsi gözlənilir. Azərbaycan bu layihə ilə bağlı öz üzərinə düşən bütün vəzifələri demək olar ki,  uğurla icra edib.

Bu gün Azərbaycan dəmir yolları ölkəmizin digər nəqliyyat infrastrukturları ilə birgə bir neçə iri beynəlxalq layihənin təşəbbüskarı və iştirakçısıdır. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Assosiasiyası yaradılması da bu layihəyə öz töhfəsini verir, vahid qiymətlər və vahid pəncərə sistemlərinin tətbiqini gerçəkləşdirir. 

Hazırda “Şərq-Qərb” dəhlizində alternativ marşrutların hazırlanması istiqamətində işlər aparılır. Çinin cənub rayonlarından Avropaya nəql olunan yüklərin Qırğızıstan, Özbəkistan və Türkmənistandan keçməklə Azərbaycana və daha sonra Avropa ölkələrinə daşınması nəzərdə tutulan yeni marşrutların yaradılması istiqamətində də danışıqlar aparılır.

 Artıq “Şimal-Cənub” beynəlxalq nəqliyyat marşrutunun inkişaf etdirilməsi üçün Rusiya, Azərbaycan və İran dəmir yolları administrasiyalarının birgə fəaliyyəti nəticəsində İranın Bəndər Abbas limanından Rusiyanın Moskva şəhərinə 14 gün ərzində sınaq yüklərinin daşınması həyata keçirilib və bu gün Hindistan yüklərinin bu dəhlizə daha intensiv və davamlı cəlb olunması üçün qarşı tərəflə intensiv iş aparılır. Bundan əlavə, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yeni bir qolu kimi “Cənub-Qərb” nəqliyyat marşrutunun inkişafı üçün iştirakçı ölkələrlə İran-Azərbaycan-Qara dəniz-Avropa və əks istiqamətdə yüklərin daşınmasının təhlükəsiz, sürətli və vahid qiymət siyasəti tətbiq edilməklə nəql olunması üçün tədbirlər görülür.

Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə ötən əsrin sonlarında gördüyü işlər sayəsində ölkəmiz Asiya ilə Avropanı birləşdirən mühüm tranzit dövləti statusu qazanıb. Bununla da Azərbaycan TRASEKA-nın keçdiyi ölkələr arasında aparıcı rola malik dövlətə çevirilib. Bu gün tarixi İpək yolunun ölkəmizdən keçməsi müxtəlif sahələrin inkişafına təkan verib. Asiya ilə Avropa bir-biri ilə sıx iqtisadi-ticari əlaqələrlə bağlıdır və ölkəmiz bundan bacarıqla faydalanır.

Tarixi İpək yolunun bərpası Azərbaycan, eləcə də Avropa və Asiya ölkələri üçün böyük önəm daşıyan layihədir. Avropa-Qafqaz-Asiya beynəlxalq dəhlizi olan TRASEKA-nın keçdiyi dövlətlər sırasında ölkəmizin xüsusi yeri var. Buna görə də tarixi İpək yolunun bərpasına həsr olunan mühüm konfrans da 1998-ci il sentyabrın 8-də Bakıda keçirilib. Yeri gəlmişkən, 9 dövlət başçısının, 13 beynəlxalq təşkilat və 32 ölkənin nümayəndə heyətinin iştirakı ilə keçirilən həmin konfransda “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli saziş” imzalanıb. Bu layihənin icrası sayəsində Azərbaycan ərazisindən keçməklə daşınan tranzit yüklərin həcmi ildən-ilə çoxalıb, ölkəmizin siyasi, strateji əhəmiyyəti artıb. Azərbaycan bu sahədə də həm yük, həm də sərnişin daşımaları ilə artıq regional mərkəzə çevrilib.

Onu da deyək ki, Azərbaycanda güclü nəqliyyat infrastrukturunun yaradılması prioritet vəzifə kimi qarşıya qoyulub. Bu məqsədlə həyata keçirilən layihələr - dəniz ticarət limanının tikintisi, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası bir-biri ilə sıx bağlıdır. Həmin dəhlizlər – “Şimal-Cənub”, “Şərq-Qərb” dəhlizləri, Azərbaycan üzərindən keçməklə ölkədə yaradılan və yaradılacaq nəqliyyat infrastrukturu həm respublikamıza, həm də qonşu ölkələrə səmərəli xidmət göstərəcək.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında