Tütünçülüyün inkişafına dair Dövlət Proqramı islahatları daha da sürətləndirəcək

Azərbaycan Prezidenti İlham Əliyevin kənd təsərrüfatında ənənəvi sahələrin inkişafı istiqamətində verdiyi tapşırıqlar uğurla icra edilir. Hazırda pambıqçılıq, baramaçılıq, tütünçülük, üzümçülük, çayçılıq, fındıqçılıq və xurma istehsalının artırılması istiqamətində stimullaşdırıcı tədbirlər həyata keçirilir, adları çəkilən sahələrdə fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılır, əkin sahələri genişləndirilir. Eyni zamanda, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının, aqroparkların, intensiv metodlara əsaslanan müasir təsərrüfatların yaradılmasına dövlət dəstəyi tədbirləri davam etdirilir.

Respublikamızda bu gün inkişafına xüsusi diqqət göstərilən sahələrdən biri olan tütünçülükdə son illərədək tənəzzül hökm sürürdü. Dövlətimizin başçısı son çıxışlarının birində bu barədə deyib:  “Uzun illər diqqətdən kənarda qalan tütünçülük çox gəlirli sahədir və hökumət bu sahənin inkişaf etdirilməsi üçün ciddi tədbirlər görür. Biz tütünçülüyü bərpa edəcəyik. Ənənəvi bölgələrdə tütünçülüklə məşğul olanlar da buna hazır olsunlar. Dövlət öz dəstəyini verir, verəcək. Eyni zamanda, tütünün alınması üçün dövlət öz dəstəyini göstərməlidir və göstərəcəkdir”.

“Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında ölkə rəhbərinin 10 avqust 2017-ci il tarixli sərəncamı da məhz bu sahənin dirçəldilməsi, tütün emalının dərinləşdirilməsi, müvafiq müəssisələrin xammala olan tələbatının yerli məhsul istehsalı hesabına ödənilməsi, gəlirliliyin və ixrac potensialının artırılması, kənd əhalisinin məşğulluğunun yüksəldilməsi məqsədi daşıyır. 

Azərbaycanda tütünçülüyün inkişafına diqqətin artırılması təsadüfi deyil. Əvvəla bu, respublikamızda qeyri-neft sektorunun dinamik inkişafı və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərlə bağlıdır. Digər tərəfdən, ölkəmizin əlverişli torpaq-iqlim şəraiti, mövcud işçi qüvvəsi, emal sənayesi müəssisələrinin xammala tələbatının yerli istehsal hesabına ödənilməsi imkanları və ixrac potensialının olması aqrar sektorda sözügedən sahənin daha da inkişafına əlverişli imkan yaradır. Eyni zamanda, Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə də tütünçülüyün inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, tütün istehsalına marağın artırılması qarşıya mühüm vəzifə kimi qoyulub.  

Yeri gəlmişkən, Azərbaycanda tütünçülüyün mövcud vəziyyətinə də nəzər salmaq istərdik. Respublikamızda tütünçülüyün elmi əsaslarla inkişafı və bu sahə üzrə yüksək sənaye potensialının yaradılması XX əsrin 70-ci illərinin başlanğıcına təsadüf edir. Həmin illərdə həyata keçirilən uğurlu aqrar siyasət nəticəsində Azərbaycanda tütünçülüyün çox sürətlə inkişaf etməsi, bu sahənin böyük sənaye potensialının yaradılması, tütünçülüyün elmi bazasının gücləndirilməsi hesabına 1970-1980-ci illərdə tütünün əkin sahəsi 17 min hektar, istehsalının həcmi isə 60 min tondan çox olub. Lakin son 10 ildə bəzi ənənəvi kənd təsərrüfatı sahələrində, o cümlədən tütünçülükdə də tənəzzül nəzərə çarpıb. Belə ki, 2016-cı ildə tütünün əkin sahəsi 2,4 min hektar, istehsal həcmi isə 3,6 min ton təşkil edib ki, bu da sahənin potensial imkanlarından xeyli aşağıdır.

Ölkənin dağlıq və dağətəyi rayonlarının torpaq-iqlim şəraiti tütün sənayesinin tələbatına uyğun, beynəlxalq standartlara cavab verən keyfiyyətli tütün yetişdirilməsinə və ildə 50-60 min ton tütün istehsal olunmasına imkan verir.

Tütünçülüyün hüquqi, təşkilati və iqtisadi əsaslarının müəyyən edilməsi, tütün və tütün məhsullarının dövriyyəsi ilə əlaqədar münasibətlərin tənzimlənməsi məqsədilə “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının 2001-ci il 8 iyun tarixli Qanunu qəbul edilib. 

Son illər kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən güzəşt və subsidiyalar, həmçinin bu sahədə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin 2019-cu ilədək torpaq vergisi istisna olmaqla, bütün növ vergilərdən azad edilməsi ölkədə tütünçülüyün inkişafına təkan verib. 

Bununla yanaşı, ölkədə tütünçülüyün inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi və tütün istehsalı ilə məşğul olan əhalinin sosial rifahının daha da yaxşılaşdırılması məqsədilə “Azərbaycan Respublikasında tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında” respublika Prezidentinin 2016-cı il 5 oktyabr tarixli   sərəncamına əsasən, tütün emalı ilə məşğul olan hüquqi şəxslərə, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilən quru tütünün hər 1 kiloqramına, yaş tütünün isə hər 10 kiloqramına görə tütün istehsalçılarına 0,05 manat məbləğində subsidiya müəyyən edilib. 

“Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı” ölkədə sözügedən istiqamətdə aparılan işlərin daha da sürətləndirilməsinə təkan verəcək. Belə ki, adı çəkilən Dövlət Proqramının məqsədi də tütün və tütün məmulatına olan tələbatın ödənilməsi, tütün emalı müəssisələrinin fəaliyyətinin genişləndirilməsi və müasir texnologiyalar əsasında yeni müəssisələrin yaradılması, xammal təminatının yaxşılaşdırılması, tütünçülük məhsullarının ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün ölkədə tütünçülüyün inkişafını stimullaşdırmaqdan ibarətdir.

Buna nail olmaq üçün tütünün istehsalı, ilkin emalı və son məhsulun istehsalının genişləndirilməsi, tütün əkini sahələrinin artırılması, habelə məhsuldarlığın yüksəldilməsi, yeni məhsuldar, keyfiyyətli və xəstəliyə davamlı tütün sortlarının yaradılması, tütün toxumçuluğu təsərrüfatlarının təşkilinin dəstəklənməsi, bu sahənin infrastruktur təminatının yaxşılaşdırılması qarşıya mühüm vəzifə kimi qoyulub. Bütün bunlarla yanaşı, tütünçülüyün elmi təminatının və kadr potensialının daha da gücləndirilməsi, tütün istehsalı və emalı sahəsində innovativ texnologiyaların tətbiqinin dəstəklənməsi, istehsal və emalı sahələrinə yerli və xarici investisiyaların cəlbinin təşviqi də nəzərdə tutulub. 

Dövlət Proqramında 2021-ci ilədək orta məhsuldarlıq 20 sentner/hektar olmaqla, əkin sahələrinin 6 min  hektara, tütün istehsalının 12 min tona çatdırılması əsas hədəf kimi götürülüb.  

 “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı”nda tütünçülüyün inkişafı sahəsində qarşıya qoyulan məqsədlərə nail olmaq üçün müvafiq tədbirlərinreallaşdırılması da nəzərdə tutulur. Həmin tədbirlər sırasında tütünçülük sahəsində fəaliyyəti tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi, elmi təminatın və kadr potensialının daha da gücləndirilməsi, infrastruktur təminatının yaxşılaşdırılması, marketinq fəaliyyətin nizamlanması, habelə ixracın təşviqi məsələləri diqqət çəkir.

Bütün bunlar isə deməyə əsas verir ki, adı çəkilən Dövlət Proqramının reallaşdırılması  Azərbaycanda tütünçülük ənənələrinin bərpa olunmasına, tütün emalı müəssisələrinin xammala olan tələbatının daxili istehsal hesabına ödənilməsinə, bölgələrin aqrar-sənaye potensialının artırılmasına, xüsusilə regionlarda yaşayan əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, habelə tütün və tütün məmulatı üzrə idxaldan asılılığın azaldılmasına, ixracın inkişafına mühüm töhfə verəcəkdir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında