Ölkəmizdə yüksək səviyyəli informasiya almaq və beynəlxalq aləmdə gedən proseslərlə tanış olmaq imkanı yaradanların atasına min dəfələrlə rəhmət oxuyuram. Çünki mən – Astarada oturan sadə bir fermer, çörəyi torpaqdan çıxan adam televiziya ilə dünyanın az qala bütün ölkələrindəki fermerlərin həyatı, fəaliyyəti, qazanc sahələri, əkin-biçinin istiqamətləri barədə kifayət qədər məlumat ala bilirəm. Həmin məlumatların bəzilərini eşidəndə ürəyimdən bir hiss keçirdi ki, görəsən o imkanlar bizdə nə üçün yoxdur?
Bəs həmin məlumatlar nədən ibarət idi? Öyrənirdim ki, inkişaf etmiş ölkələrin fermerləri, aqrar sahədə çalışan sahibkarlar yetişdirdikləri məhsul üçün bazar axtarmaq məcburiyyəti ilə üz-üzə qalmırlar. Çünki onların məhsulunu dövlət və ya ayrı-ayrı şirkətlər yerində və dərhal alırlar. Yəni sahibkar ancaq əkin-biçinlə, məhsulu yetişdirmək və toplamaqla məşğul olur. Onun bazar axtarmaq kimi problemi yoxdur. Tütünçü tütünçülüyü ilə, maldar heyvandarlığı ilə, arıçı da sırf arıçılıqla məşğul olur. Fermer haradasa quru tütününü, yağ-pendirini və yaxud balını satmaqla məşğul olmur.
Allaha min şükür ki, indi Azərbaycanda da bu problem məhz inkişaf etmiş ölkələrdə olduğu kimi, öz həllini tapmaq üzrədir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Saatlıda, Yevlaxda və Qaxda keçirilən sırf aqrar istiqamətli respublika müşavirələrində dönə-dönə deyib ki, ölkəmizdə kənd təsərrüfatı məhsulu istehsal edən sahibkarın, fermerin bazar sarıdan heç bir problemi olmamalıdır və olmayacaq. Halbuki, beş-altı il əvvələ qədər kütləvi informasiya vasitələri, hətta dövlət televiziyası belə, bazar tapmaq dərdindən xarab olmuş yüz tonlarla Quba almasını, Astara limonunu və ya Bərdə soğanını dağa-dərəyə tullayan sahibkarın təəssüflü və hüznlü çöhrəsini göstərirdi. Prezident İlham Əliyevin “Sahibkarın bazar sarıdan heç bir problemi olmayacaq” qətiyyətini eşidəndə, mən, az qala, xarab olmuş məhsulunu tullayan həmin sahibkarlardan muştuluq istəmək qərarına gəldim.
Başqa bir məqamı da yada salmaq istəyirəm. Cənab Prezidentin tütünçülüyün inkişafına dövlət dəstəyini gücləndirmək məqsədilə imzaladığı sərəncamın icrası olaraq ölkədə istehsal edilmiş tütün məhsulunun bilavasitə bölgələrdə emal edilməsini təmin etmək üçün yeni emal müəssisələri yaradılacaq. Təsəvvür edin, hər üç rayonda istehsal edilən tütünün emalı üçün bir fabrik – zavod və ya emal müəssisəsi yaradılsa, həmin müəssisələrdə nə qədər yeni iş yerləri açılacaq? Astaradan gedib Bakıdakı zavodda işləmək istəyən cavan elə Lənkərandakı zavodda işləyər də.
Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı ilə bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin bir məlumatını oxudum. Orada deyilir ki, Prezidentin bu sərəncamı, tütün istehsalı ilə məşğul olan əhalinin sosial rifahını daha da yaxşılaşdırmaq, sahənin potensial imkanlarından səmərəli istifadə etmək, rəqabət qabiliyyətini yüksəltmək üçün də faydalı olacaqdır. Belə ki, emal müəssisələrinə satılmış quru tütünün hər bir kiloqramına, yaş tütünün isə hər on kiloqramına görə tütün istehsalçılarına 0,05 manat məbləğində subsidiya verilməsi nəzərdə tutulur ki, bu da istehsalçilara dövlət dəstəyini əks etdirir. Nəzərdə tutulan subsidiya 2016-cı ildə istehsal olunmuş və emal müəssisələrinə satılmış quru və yaş tütünə də şamil ediləcəkdir.
Bir sözlə, Azərbaycan Prezidentinin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün atdığı addımlar, əhalinin həssas qruplarının problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər kimi, son bir neçə ildə reallaşdırdığı aqrar siyasət də ölkə əhalisinin bütün zümrələri, xüsusən, mənim həmkarlarım olan fermerlər tərəfindən yüksək qiymətləndirilir və qətiyyətlə dəstəklənir. Biz dövlət başçımızın bütün tövsiyə və tapşırıqlarını yüksək səviyyədə həyata keçirməyə hazırıq.
Hacı İntiqam KAZIMOV,
Astara rayonu,
fermer
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.