İqtisadiyyat sahəsində elmi potensial ümumi tərəqqini sürətləndirməyə yönəldilməlidir

Müstəqil Azərbaycan dövləti ölkənin zəngin təbii-iqlim şəraitinin, əlverişli coğrafi mövqeyinin və investisiya mühitinin, beynəlxalq əhəmiyyətli nəqliyyat sisteminin, xalqın tarixən toplanmış mütərəqqi istehsal təcrübəsinin və əmək ənənələrinin yaratdığı böyük imkanlardan müasir texnika və texnologiya əsasında istifadə etməklə uzunmüddətli, davamlı və rəqabətqabiliyyətli inkişafa təminat yaratmaqdadır. Bu yolda respublikamızın daha böyük müvəffəqiyyət qazanması elmi potensialdan, xüsusilə iqtisadçı alim töhfəsindən, yaradıcı, sağlam düşüncədən səmərəli istifadə edilməsindən çox asılıdır.

Şübhəsiz ki, müstəqillik illərində elmin və təhsilin inkişafında,bir-biri ilə sıx bağlı olan bu iki sahənin demokratik prinsiplər üzərində qurulmasında xeyli irəliləyiş əldə etmişik. Güclü elmi potensial yaranıb, elmi əlaqələrimiz genişlənib, elmimizin və təhsilimizin inteqrasiyası güclənməkdədir. Elmi dərəcəsi olan kadr hazırlığı, alim əməyindən, yaradıcı düşüncədən elmin təkliflərindən iqtisadiyyatımızın inkişafı üçün istifadə sahəsində də nailliyətlər var.

Müstəqil Azərbaycanın gələcək inkişafı üçün həyatın bütün sahələrində zəruri əsaslar yaratmış ümummilli lider Heydər Əliyevin və onun siyasi xəttinin ən layiqli davamçısı Prezident İlham Əliyevin gerçəkləşdirdikləri kompleks tədbirlər, təsdiqlədikləri hüquqi sənədlər və imzaladıqları qərarlar ölkəmizdə elmin və təhsilin sıx əlaqə şəratində inkişafı üçün əlverişli şərait yardıb. “Elm haqqında” Qanun, Prezident sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyası” elm və təhsilin inteqrasiya şəraitində inkişafı üçün hüquqi bazanı möhkəmləndirmişdir.

Ötən ilin dekabrında AMEA-nın və Təhsil Nazirliyinin birgə yığıncağında son dövrlərdə elm və təhsilin inteqrasiyası sahəsində əldə edilmiş nailliyyətlər ümumiləşdirilib. Qəbul edilən qərarda postneft dövründə bu iki taleyüklü sahənin inkişafı və inteqrasiyasının gücləndirilməsi üçün həyata keçirilməsi vacib tədbirlər müəyyənləşdirilib.

Həmin sənəddə göstərilir ki, bu dövrün (postneft dövrünün) əsas vəzifəsi intellektual inkişaf modelinə əsaslanan biliklər cəmiyyətinin qurulmasıdır. Bunun üçün ən vacib vəzifə olaraq “elm-təhsil-istehsalat qızıl üçbucağının qurulması” və müvafiq tədbirlər kompleksinin həyata keçirilməsi nəzərdə tutulub. Göstərilən müddəalar elmin və təhsilin sıx əlaqə şəraitində inkişafı, birgə nailliyyətlərin istehsalata tətbiqi üçün böyük meydan açır. Bu imkanlardan istifadə etmək üçün elmin bütün sahələrində yaşlı nəslin təcrübəsinin, orta nəslin təşkilatçılıq qabiliyyətinin və gənc nəslin işgüzar, yaradıcı fəaliyyətinin sıx əlaqələndirilməsi olduqca vacibdir.

Bununla bərabər, nəzərə almaq lazımdır ki, hər bir elm sahəsinin özünəməxsus dəyərləri var. Həmin sahələrdə elmin və təhsilin inteqrasiyasının güclənməsi üçün əlavə tədbirlər görülməsinə ehtiyac duyulur. Bu baxımdan iqtisad elminin də özünəməxsusluğu qeyd edilməlidir. Əvvəla, iqtisad elmi başqa elm sahələrinə nisbətən insanların maraqları ilə, xüsusilə yarandığı ölkənin əhalisinin mənafeyi, tələbatı ilə birbaşa bağlıdır. İkincisi, iqtisad elminin tədqiqat obyekti olan iqtisadiyyat daim dəyişir, inkişaf edir. İqtisadçı alim bu dəyişikliyi görməyi və gələcəyi haqqında düşünməyi bacarmalıdır. Beləliklə, bu elm sahəsinin həyatın tələbləri baxımından həmişə çevik olması, daim dəyişən gerçəkliyə daha çevik cavab verməsi, onun təmsilçilərinə isə həssas münasibət zəruridir.

Sevindirici haldır ki, son iki-üç ildə iqtisad elminə münasibət hər iki istiqamətdə müsbət mənada dəyişməkdədir. Son 15 ildə AMEA-ya seçkilərdə ilk dəfə olaraq iqtisadiyyata yer verilməsi, milli iqtisadiyyatın inkişafının yol xəritəsinin hazırlanması zamanı AMEA-nın İqtisadiyyat İnstitutuna göstərilmiş etimad, iqtisadi tədqiqatların riyazi əsaslarının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər və s. bunu əyani surətdə göstərir və bizi sevindirir. Eyni zamanda, belə hesab edirik ki, bunlar yalnız böyük işin başlanğıcıdır.

İqtisad elmi və iqtisadçı alimlər qarşısında önəmli tələblər qoyulması bu elm sahəsinin ölkəmizin inkişafındakı yeri və rolu, verməli olduğu töhfələr daha aydın müəyyənləşdirilməlidir. İndi inkişafın ağırlıq mərkəzinin qeyri-neft sektorunun üzərinə keçməsi, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyilə davam etdirilən əsaslı islahatlar, dövlət başçısının iqtisadiyyatımızın inkişafı sahəsində elmin qarşısına qoyduğu vəzifələr, Strateji yol xəritəsinin hazırlanması və təsdiq edilməsi – bütün bunlar iqtisadçı alimlərin sağlam düşüncəsinin dövlətin sosial-iqtisadi siyasətinin hazırlanmasında daha yaxından iştirakına tələbatı artırır. Çünki bu strateji xarakterli tədbirlər, sənədlər inkişafın ümumi istiqamətlərini müəyyən edir.

Hər bir regionda iqtisadiyyatın ixtisaslaşması istiqamətlərinin və postneft dövrünün tələblərinə uyğun inkişaf imkanlarının müəyyən edilməsi və digər çoxsaylı problemlərin tətbiqi biz alimlərin öhdəsinə düşür. İndi yeni inkişaf dövrünün strategiyasının hazırlanmasında, aqrar-sənaye kompleksinin yeni istiqamətlərdə, yeni kəmiyyət və keyfiyyətdə inkişafının elmi cəhətdən əsaslandırılmasında və geniş kütlələrə çatdırılmasında alimlərə, xüsusilə regionşünas alimlərə, onların yaradıcı təşəbbüskarlığına tələbat daha yüksəkdir. Bu ehtiyacın ödənilməsi yalnız iqtisadçı alimlərdən deyil, həm də dövlət və hökumət orqanları, sahibkarlar arasında münasibətlərin necə təşkilindən, başqa sözlə, alimlərə öz yaradıcı təşəbbüs və təkliflərini reallaşdırmaq üçün yaradılmış şəraitdən də asılıdır.

Lakin hazırda iqtisadçı alimlərin yaradıcı qabiliyyətlərindən istifadə səviyyəsi bu artan tələblərə kifayət qədər cavab vermir. Fikrimizcə, bunun obyektiv və subyektiv səbəbləri var: əvvəla bazar iqtisadiyyatı xüsusi mənafe üzərində qurulmuşdur. Hər kəsin, hər bir təşkilatın öz xüsusi mənafeyi var. Hər kəs üçün bu xüsusi mənafe ictimai mənafedən öndə durur, onun daşıyıcısına çevrilir. Bu xüsusi mənafeyi (gəlir əldə etmək, özünün həyat qabiliyyətini təmin etmək və s.) qoruyub saxlamaq, əmək fəaliyyətinin nəticələrini qiymətləndirməyi bacarmaq üçün hər kəs iqtisadiyyatı özü öyrənməyə çalışır. Bununla da o öz gəlir və xərcini qiymətləndirməyi bacaran bir iqtisadçıya çevrilir.

İqtisadçı peşəsi ümumiləşir, sanki, hamı iqtisadiyyatla məşğul olur. İqtisadçı alim peşəsinə də birinci növbədə, xüsusi mənafeyə xidmət edən bir vasitə kimi baxılır. Alim əsasən böyük inhisarlara, sahibkarlığa xidmət edən, ondan da gəlir əldə edən bir vasitəyə çevrilir. Beləliklə, iqtisadçı alim də əsasən öz məhsulunu satmaq hesabına yaşamalı, varlanmalı, cəmiyyətdə nüfuz qazanmalıdır. Alimin ictimai mənafenin təmsilçisi olması, dövlət, xalq və xüsusi maraqları əlaqələndirməli olması, cəmiyyətin iqtisadi dünyagörüşünün formalaşmasında mühüm rol oynaması funksiyası diqqətdən kənarda qalır.

Nəticə etibarilə, birbaşa ictimai mənafe ilə bağlı iqtisadçı alim əməyinə soyuq münasibət elə bu cəmiyyətin öz təbiətindən irəli gəlir. Respublikamızda iqtisadçı alimlərin ictimai mənafe ilə bağlı əməyinə münasibətə başqa bir mühüm amil də təsir göstərir. Hazırda dövlət strukturlarında, böyük şirkətlərdə çoxsaylı alimlər işləyir. Bəzən bir böyük şirkətdə alimlərin sayı 35--40 nəfərə çatır. Ölkəmiqyaslı konsepsiyanı, proqramı, strategiyanı da müvafiq strukturun mütəxəssisləri, alimləri hazırlayırlar. Kənar təşkilatlardan, elm və təhsil müəssisələrindən bu işə elmi qüvvələr, demək olar ki, cəlb olunmur.

Dövlət strukturlarında, qeyri- elm və tədris müəssisələrində işləyən alimlər respublika alimlərinin yalnız bir hissəsini təşkil edir. Alimlərin böyük əksəriyyəti ali məktəblərdə təhsil sistemində, elmi-tədqiqat müəssisələrində işləyir. Lakin onlar dövlət siyasətinin, konsepsiya, proqram və planların işlənib hazırlanmasında, demək olar ki, iştirak etmir. Apardıqları elmi-tədqiqat işlərinin nəticələri üzrə onların dövlət və özünüidarəetmə orqanlarına öz təşəbbüslərilə göndərdikləri təkliflər də müxtəlif səbəblərdən heç də həmişə istənilən faydanı vermir. Nəticədə, onların fəaliyyətinin ölkənin, iqtisadiyyatın inkişafı üçün faydalılıq səviyyəsi aşağıdır.

Alimlərin bir hissəsi bu səbəbdən həvəsdən düşür. Dövlət strukturlarında isə belə bir təsəvvür formalaşır ki, alimlərimizin bir hissəsi cəmiyyətimizin inkişafına kifayət qədər fayda vermir. Heç də təsadüfi deyil ki, elmi- tədqiqat müəssisələrində işləyən elmi işçilərin maaşlarının artırılmasından söhbət gedəndə, bəzən belə deyənlər də olur ki, axı bu alimlər nə iş görür ki, onlara yüksək maaş da verilsin? Bundan isə xalqımız, elmimiz, iqtisadiyyatımız itirir.

Yalnız belə bir faktı qeyd etmək istərdim ki, müstəqillik illərində iqtisadiyyatımızın inkişafında böyük uğurlar qazanmış olsaq da, onun gələcək inkişaf istiqamətlərinin düzgün müəyyən edilməsi, regionlarımızda iqtisadiyyatın real sektorunun inkişafının sürətlənməsi həllivacib problem kimi qarşıda durur. Bunu yalnız dövlət strukturlarında, şirkətlərdə işləyən alimlər, mütəxəssislər həll edə bilməz. Problemi yalnız bütün elmi qüvvələrin dövlət və digər strukturlarda olan işçilərin (mütəxəssislərin) səylərinin birləşdirilməsi yolu ilə həll etmək olar.

Dövlət strukturlarında, qeyri- elm və tədris müəssisələrində işləyən alimlərin zəkasına, əməyinə, təcrübəsinə yüksək qiymət verməklə yanaşı, belə bir mühüm cəhəti də nəzərə almaq lazımdır ki, qeyri- elm və tədris müəssisələrində işləyən alimlərin işlədiyi təşkilatla bağlı vəzifə borcları var və onlar öz əsas düşüncə və vaxtlarını bu borcların ödənilməsinə sərf etməlidirlər.

Elmi-tədqiqat institutlarında işləyən alimlərin vəzifə borcu ölkəmizin inkişaf imkanlarını aşkara çıxarmaq və ondan səmərəli istifadə yollarını göstərməkdir. Xüsusilə AMEA-nın institutları öz tədqiqatlarında hər hansı bir təşkilatın deyil, dövlətin və xalqın mənafeyinin təmsilçisi kimi çıxış etməlidirlər. Bu institutlar, elmi-tədqiqat mərkəzləri məhz bu məqsəd üçün yaradılıb. Ölkə iqtisadiyyatının inkişafına aid konsepsiya hazırlamaq təklif-tövsiyə vemək onların bir növ vəzifə borcudur. Buna nail olmaq üçün bütün alimlərin fəaliyyəti sıx əlaqələndirilməli və ölkə iqtisadiyyatının səmərəli, davamlı inkişafı mənafeyinə uyğun istifadə olunmalıdır.

Unutmaq olmaz ki, peşəkar tədqiqatçı-iqtisadçı alimlər cəmiyyətdəki mövqeyinə görə yuxarı pillə idarəetmə strukturları ilə idarəedilənlərin arasında durmaq və bütövlükdə, xalqın mənafeyinin təmsilçisi kimi çıxış etməklə, xalqın və hökumətin üst-üstə düşən mənafelərinin reallaşmasına xidmət etməlidirlər. Öz fəaliyyətində ümumxalq mənafeyinin təmsilçisi olmaqla onlar, birinci növbədə, ölkənin siyasətinin, konsepsiya, plan və proqramlarının işlənib hazırlanmasında iştirak etməlidirlər.

İqtisadçı alimlər bu siyasəti öz yaradıcı fəaliyyətilə zənginləşdirərək icraçılara çatdırmalı, xalqı qarşıdakı vəzifələrin yerinə yetirilməsinə səfərbər edən maddi qüvvəyə çevrilməsinə kömək göstərməlidirlər. Eyni zamanda, xalqla birbaşa təmasda olan alim özü də zənginləşir, xalqı narahat edən, inkişafa mane olan problemləri öyrənir, əsərlərində bunları nəzərə alır və ya əks etdirir, növbəti siyasət konsepsiya və i.a. hazırlanan zaman nəzərə alınması üçün öz təklif və tövsiyələrini bildirir. Yaddan çıxarmaq olmaz ki, ölkə iqtisadiyyatının inkişafını təkcə siyasətçilər, dövlət xadimləri deyil, həm də peşəkar tədqiqatçı alimlər öz mütərəqqi ideyaları, təklif və tövsiyələri ilə idarə edirlər.

Beləliklə, ölkə iqtisadiyyatının inkişaf imkanları, istiqamətləri ilə əlaqədar obyektiv fikri, ilk növbədə, məhz elmi-tədqiqat institutlarının, ali məktəblərin alimləri deməlidirlər. Onlar ümumxalq mənafeyinin, bu mənafe ilə bağlı cəsarətli ideyaların təmsilçisi, təşəbbüskarı olmalıdırlar. Azərbaycan iqtisadiyyatının yaxın 10 ildə inkişafının yol xəritəsinin 2016-cı ilin avqust-sentyabr aylarında müzakirəsində elmi-tədqiqat institutu və ali təhsil müəssisələri alimlərinin fəal iştirakı, iqtisadiyyatımızın inkişafı ilə əlaqədar maraqlı təklif və tövsiyələr vermələri də bu alimlərin yaradıcı əməyindən səmərəli istifadə etməyin vacibliyini bir daha təsdiq etdi.

Əlbəttə, elmi qüvvələrdən səmərəli istifadə yolları haqqında alimlərin mövqeləri müxtəlif ola bilər. Biz alim əməyindən, sağlam yaradıcı düşüncədən səmərəli istifadənin məqbul bildiyimiz, vaxtılə praktikada özünü doğrultmuş yollarını xatırlada bilərik.

Belə yollardan biri respublikanın elmi-tədqiqat müəssisələrində, ali məktəblərdə işləyən tanınmış alim və mütəxəssislərin müvafiq dövlət strukturlarında, şirkətlərdə yaranmış komissiyalara işlədiyi təşkilatın nümayəndəsi kimi cəlb edilməsi, onların proqram, strategiya, strateji planların hazırlanmasında fəal iştirakının təmin edilməsi ola bilər. Başqa, bir daha əsaslı yol strategiyanın, məqsədli proqram, strateji planların, konsepsiyaların hazırlanması üçün iki müstəqil komissiyanın yaradılmasıdır. Bunlardan biri dövlət strukturlarında, şirkətlərdə işləyən alim və mütəxəssislərdən, digəri isə elmi- tədqiqat institutlarında, ali məktəblərdə işləyən, habelə pensiyaya çıxmış əməkqabiliyyətli alim və mütəxəssislərdən təşkil olunur.

Hər iki komissiya özünün strategiyasını, konsepsiyasını müstəqil hazırlayır. Təbiidir ki, bu sənədlərdən biri, həm də əksər hallarda dövlət strukturlarının hazırladığı sənəd əsas götürüləcəkdir. İkinci komissiyanın hazırladığı sənədin qəbul edilməsi mütləq deyil. Lakin həmin sənəddə olan əhəmiyyətli fikirlərin, təkliflərin ölkənin ümumi inkişaf konsepsiyasında, strategiyada nəzərə alınması mümkün və vacibdir. Ölkənin elmi qüvvələri ilə işin belə qurulması elm və təhsil müəssisələrində işləyən alimlərin dövlət siyasəti ətrafında daha sıx birləşməsinə, onların yaradıcı qüvvəsindən ölkəmizin, iqtisadiyyatımızın inkişafı üçün daha səmərəli istifadə edilməsinə əhəmiyyətli dərəcədə müsbət təsir edə bilər.

Regionlarımız keçən əsrin 70-80-ci illərində gördüyümüzə nisbətən əsaslı dəyişikliyə uğramışdır. Sonrakı illərdə yeni yollar çəkilmiş, şəhərlərin, inzibati rayonların və kəndlərin əvvəllər boş olan ərazisinin çox hissəsi yeni tikintilər altında qalmışdır. İstifadəsiz torpaqların bir hissəsi şoranlaşmış, keçmiş mütərəqqi əmək təcrübəsi və vərdişlərinin bir hissəsi itirilmiş, sıradan çıxmışdır. Regionların inkişaf istiqamətlərini və imkanlarını müəyyən etmək üçün peşəkar alimlərdən və praktiki işçilərdən ibarət xüsusi komissiyaların yaradılması, ayrı-ayrı regionların inkişafı ilə əlaqədar konsepsiyaların işlənib hazırlanması məqsədyönlü olardı. Azərbaycanın peşəkar tədqiqatçı alimlərinin rayonlara məsləhətçi kimi təhkim olunması, ayrı-ayrı problemlərin tədqiqi və həlli üzrə sahibkarlarla alimlərimiz arasında müqavilələr bağlanması və icrası da ümumi inkişafa müsbət təsir edə bilər.

Hazırda elmi fəaliyyəti qiymətləndirərkən xaricdə nəşr olunmuş əsərlərə üstünlük verilir. Əlbəttə, bu məntiqin üstün cəhətlərinin olması inkaredilməzdir. İndi dünya qloballaşır, dövlətlərarası qarşılıqlı əlaqə, geniş informasiya, elmi-texniki əməkdaşlıq inkişafın əsas amilinə çevrilir. Belə bir vaxtda mədəniyyətimizi, elmdə və təhsildəki nailiyyətlərimizi xaricdə tanıdan, təbliğ edən hər kəsin əməyi yüksək qiymətə layiqdir. Eyni zamanda, xaricdə nəşr edilən əsərlərə yerli-yersiz üstünlük verilməsi ölkədə nəşr edilən əsərlərin keyfiyyətinə tələbkarlığın nisbətən aşağı düşməsinə şərait yaradır.

Biz ölkəmizdə verilən çox da yüksək olmayan maaşla elmimizə, təhsilimizə ləyaqətlə xidmət edən, xaricdə yüksək qiymətlə oxuya bilən tələbə, alim yetişdirən, yüksək səviyyəli əsər yazıb tələbələrə, bütövlükdə xalqa zəngin bilik verən alimin-müəllimin zəhmətinin də eyni dərəcədə faydalı, əhəmiyyətli olduğunu unutmamalıyıq. Heç vaxt yaddan çıxarmaq olmaz ki, xaricdə elmimizi, təhsilimizi ləyaqətlə təmsil edən tələbələri biz yetişdiririk, onların səviyyəsi təhsilimizin, müəllim və alimlərimizin səviyyəsindən asılıdır. Bizim elmimizi, təhsilimizi xaricdə təbliğ və təmsil edənlərə də, ölkəmizdə elmin və təhsilin inkişafına ləyaqətlə xidmət edənlərə də eyni dərəcədə qiymət verməyin vacibliyini unutmamalıyıq.

Hansı əsərin hansı jurnalda, mətbuatda nəşr edilməsi də o qədər vacib məsələ deyil, əsas tələb məqalənin keyfiyyəti, ictimaiyyətin diqqətini nə dərəcədə cəlb etməsi olmalıdır. Hər bir jurnalda il ərzində nəşr olunmuş məqalələrin müsabiqəsinin keçirilməsi və ən əhəmiyyətli, orijinal məqalə sahiblərinin mükafatlandırılması da bu işdə müsbət rol oynaya bilər.

Ayrı-ayrı elm sahələrində onların müasir cəmiyyətin və iqtisadiyyatın inkişafındakı roluna müvafiq münasibət formalaşdırılmalıdır. Bu baxımdan hazırda regionşünaslıq elminin daha sürətlə inkişafına, regional tədqiqatlara, bu sahə üzrə elmi dərəcəsi olan kadr hazırlığına diqqətin artırılmasına ehtiyac var. Respublikamızda postneft dövrünün başlanması, inkişafın ağırlıq mərkəzinin qeyri-neft sektorunun üzərinə keçirilməsi mahiyyət etibarı ilə iqtisadi inkişafın ağırlıq mərkəzinin məhz regionlara keçirilməsi deməkdir. Hazırda və yaxın gələcəkdə Azərbaycan iqtisadiyyatının taleyi regionlarda qeyri-neft sektorunun çoxşaxəli, səmərəli inkişafından asılı olacaq.

Belə şəraitdə regionların iqtisadiyyatının daxili və xarici bazarın tələblərinə uyğun inkişaf imkanlarının öyrənilməsi, iqtisadiyyatın inkişaf istiqamətlərinin düzgün müəyyənləşdirilməsi, rayonlara bələd olan yüksək ixtisaslı kadrlar hazırlanması vacib vəzifə kimi qarşıya çıxır. Təəssüf ki, bu gün regionşünaslıq elminin, elmi tədqiqatların, kadr hazırlığının vəziyyəti bu tələblərə kifayət qədər cavab vermir. Regional iqtisadiyyat, regional idarəetmə bir ixtisas kimi müəssisələrin təşkili və idarə olunması ixtisasının tərkibinə daxil edilib.

Regionşünaslıq müstəqil elm sahəsi kimi ya unudulub, ya da diqqət azalıb. Halbuki müəssisə kollektiv münasibətləri, region ərazi münasibətlər sistemini özündə birləşdirir. Buna görə də regional iqtisadiyyatı, regional idarəetməni müəssisələrin təşkili və idarə olunması ixtisasları ilə birləşdirmək düzgün deyil.

Regional iqtisadiyyat ayrıca bir bölmə kimi ümumi iqtisadiyyat ixtisasının tərkibinə (əgər regionda bir neçə təsərrüfat sahəsinin inkişafı eyni zamanda tədqiq olunursa) daxil edilməlidir. Əgər regionda bir təsərrüfat sahəsinin (sənaye, kənd təsərrüfatı və s.) inkişafı tədqiq olunursa onu sahə iqtisadiyyatı ixtisasına da aid etmək olar. Bütün hallarda regional tədqiqatlara həm qayğı, həm də tələbkarlıq artırılmalıdır.

Əlbəttə, elmi potensialdan səmərəli istifadə etməyin başqa yollarını da təklif etmək olar. İqtisad elminin və müvafiq təşkilati qurumların vəzifəsi bu yolları araşdırmaq və daha düzgün olanlarından istifadə etməkdir.

Əli NURİYEV,
AMEA-nın müxbir üzvü,
Əməkdar elm xadimi,
professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında