2004-cü ildə mənim təşəbbüsümlə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul edilmişdir və bu proqramın ölkə tarixində çox böyük rolu vardır. İndi təsəvvür edin, əgər o proqram qəbul edilməsəydi, bizim bölgələrimiz hansı problemlərlə üzləşə bilərdi. Məhz bu birinci proqramın, ondan sonra ikinci, üçüncü proqramların qəbulu nəticəsində bölgələr dirçəldi, inkişaf etdi, böyük investisiya təmin edildi. 2004-cü ildən bu günə qədər Azərbaycan bölgələrinin inkişafı hesab edirəm ki, tarixi nailiyyətdir. Heç vaxt Azərbaycan tarixində belə qısa müddət ərzində bu qədər işlər görülməmişdir. Bu gün Azərbaycan bölgələrində lazım olan bütün infrastruktur layihələri icra edilib və biz sürətli inkişaf dövrünü yaşayırıq.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Regionların sosilal-iqtisadi inkişafına dair dövlət proqramlarının qəbulu və qarşıya qoyulan vəzifələrin uğurlu icrası sayəsində respublikamızın bütün bölgələrinin siması tamamilə dəyişmiş, kənd yolları asfatlaşdırılmış, rayonların ucqar kəndləri belə qazlaşdırılmış, yaşayış məntəqələri içməli su ilə təmin olunmuş, rabitə sistemi yüksək səviyyədə qurulmuş və demək olar ki, şəhərlə kənd arasındakı fərq aradan qaldırılmışdır. Regionlarda ən müasir tələblərə cavab verən yeni iş yerlərinin açılması, qeyri-neft sektorunun inkişafı, daha çox valyuta gətirən strateji əhəmiyyətli kənd təsərrüfatı məhsullarının istehsalının artırılması üçün bütün imkanlardan istfadə edilməsi əhalinin məşğulluğunu daha da artırmışdır.
Müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkədə siyasi və makroiqtisadi sabitliyə nail olunmuş, bütün sahələr üzrə köklü islahatlar aparılmış, davamlı sosial-iqtisadi inkişafın möhkəm təməli yaradılmışdır. 2003-cü ildə keçirilmiş prezident seçkilərində seçicilərin böyük əksəriyyətinin etimadını qazanmış Prezident İlham Əliyevin andiçmə mərasimindəki bir fikri diqqətə çatdırmaq yerinə düşərdi. Dövlət başçısı bəyan etmişdir ki, Azərbaycan iqtisadiyyatının əsas istiqaməti onun neft strategiyasının həyata keçirilməsi, əldə olunan gəlirlər əsasında qeyri-neft sektorunun inkişafıdır. Ölkə rəhbəri hələ seçicilərlə keçirdiyi görüşlərdə vəd edirdi ki, onun qarşıya qoyduğu əsas vəzifələrdən biri də işsizlik probleminin aradan qaldırılması, qısa zamanda ölkədə 600 min yeni iş yerinin yaradılmasıdır.
Verilən vədlərin yerinə yetirilməsinin ilk təməli 2004-cü ildə qoyuldu. O vaxtdan regionlarda həyat yeni mərhələyə qədəm qoydu, ölkədə əsaslı yenidənqurma, iş yerlərinin yaradılması istiqamətində ciddi dönüş yaradıldı. Azərbaycan Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli fərmanı ilə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” təsdiq edildi. Bu əhəmiyyətli sənədin əsas məqsədi qeyri-neft sektorunun davamlı inkişafı, ölkə regionlarının tarazlı inkişafının təmin edilməsi, regionlarda kommunal xidmət və sosial infrastruktur təminatının yaxşılaşdırılması, yeni iş yerlərinin və müəssisələrin yaradılması nəticəsində əhalinin məşğulluq səviyyəsinin artırılması və həyat səviyyəsinin yüksəldilməsindən ibarət olmuşdur. 2004-2008-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında 600 mindən artıq yeni iş yerinin açılması prioritet məqsəd kimi qarşıya qoyuldu. Proqramdan irəli gələn vəzifələr çox qısa zamanda icra olunaraq, qeyri-neft sektorunun inkişafına, iqtisadiyyatın şaxələndirilməsinə geniş imkanlar yaratdı. Nəzərdə tutulan dövr ərzində 700 mindən artıq yeni iş yerinin açılması işsizlik və məşğulluq problemlərinin həllinə stimul verdi.
İqtisadi tərəqqi, yeni iş yerlərinin yaradılması, müstəqilliyimizin ilk illərində ölkədə yaranmış hərc-mərclik, özbaşınalıq və dövlət idarəçiliyindəkilərin naşılığı nəticəsində fəliyyətini dayandırmış fabrik və zavodlarda aparılan əsaslı yenidənqurma xalqın gələcəyə olan inamını daha da artırırdı. Ölkədə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər – əmək haqlarının, pensiyaların artması, aztəminatlı ailələrə ünvanlı sosial yardımların verilməsi, yoxsulluğun aşağı salınmasına xidmət edən dövlət proqramlarının uğurlu icrası özünü qabarıq şəkildə büruzə verirdi. Beynəlxalq ekspertlər də etiraf edirdilər ki, Azərbaycanda həyata keçirilən məqsədyönlü tədbirlər əhalinin həyat səviyyəsinin yüksəldilməsində böyük rol oynayır. Ölkə başçısının həyata keçirdiyi siyasətin prioritetində, həyata keçirdiyi iqtisadi islahatların təməlində Azərbaycan vətəndaşının dayandığı diqqəti cəlb edir. "Ölkədə yoxsul olmamalıdır" prinsipini inadla həyata keçirən dövlət başçısının 2009-2013-cü illər üçün növbəti Dövlət Proqramını təsdiqləməsini zərurətə çevirdi. Təbii ki, bütün bunların əsasını daim təkmilləşən iqtisadi islahatlar və onların əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət etməsi dayanırdı. Bu proqramın icrası Bakı və ətraf qəsəbələrin, həmçinin regionların sosial-iqtisadi inkişafını daha da sürətləndirdi və respublikamızı əsl quruculuq meydançasına çevirdi.
Avqustun 4-də Qaxda Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində dövlətimizin başçısı öz nitqində də regionların sosial – iqtisadi inkişafının yekunlarını yüksək qiymətləndirmişdir: “Sosial infrastruktur yaradıldı, 3 mindən çox məktəb, 600-dən çox xəstəxana, bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi tikildi. Eyni zamanda, sahibkarlara verilən kreditlər hesabına yüz minlərlə yeni iş yeri yaradılmışdır. Bütövlükdə, 2004-cü ildən bu günə qədər 1,5 milyon iş yeri açılmışdır ki, bunun böyük əksəriyyəti daimi iş yeridir. Hazırda Azərbaycanda işsizlik 5 faiz səviyyəsindədir. Bu gün işləmək istəyən özü üçün iş tapa bilər. Son iki il ərzində, xüsusilə, kənd təsərrüfatı, sənaye sahələrində çox böyük işlərin görüldüyünü nəzərə alsaq, Azərbaycanda işsizliyin və yoxsulluğun səviyyəsi daha da aşağı düşəcək. Biz xalqımızı, dövlətimizi bu böyük bəlalardan qurtara bildik”.
Bu gün Azərbaycan yeni iqtisadi və sosial cağırışların müzakirəsi, mötəbər idman tədbirlərinin, həmçinin nüfuzlu beynəlxalq qurumların öz tədbirlərini keçirmək üçün əsas məkan kimi seçilirsə, dünyaya özünü demokratik ənənələrə sadiq, eyni zamanda, sosial dövlət kimi təqdim edirsə, deməli, qarşıya qoyulan vəzifələr, qəbul edilən dövlət proqramları öz bəhrəsini verir. Artıq Azərbaycan iri və mürəkkəb infrastruktur layihələrin reallaşdırılmasında böyük təcrübəsi olan dövlət kimi nüfuz sahibidir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, inkişafın Azərbaycan modelinin mövcudluğu ən böyük uğurumuzdur və dünyaya nümunədir.
Xalqın etimadını qazanan, bu inam və etimaddan böyük dəstək alan dövlətimizin başçısı regionlara səfərləri zamanı ictimaiyyətin nümayəndələri ilə keçirdiyi görüşlərdə bəyan edir ki, qazanılan uğurları şərtləndirən əsas amillərdən biri bütün sahələri əhatə edən dövlət proqramlarının xalq tərəfindən yüksək səviyyədə dəstəklənməsi və uğurlu icrasıdır.
Regionların hərtərəfli inkişafı sahəsində 2004-cü ildən əsası qoyulmuş məqsədyönlü siyasətin davamı olaraq “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiqi və icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etmişdir. Xalq bu inkişafı gündəlik həyatında açıq şəkildə hiss edir. Artıq hamıya bəllidir ki, həyata keçirilən dövlət proqramları regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynayır.
Dövlətimizin başçısı bütün bu nailiyyətləri Qaxda keçirilən müşavirədə diqqətə çatdırmışdır. Ölkə başçısı Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini faktlara əsaslanaraq demişdir: “Qeyri-neft iqtisadiyyatımız, qeyri-neft sənayemiz artdı. İxrac 36 faiz, qeyri-neft ixracı 27 faiz artıb. Kənd təsərrüfatı ixracı 40 faizdən çox artıb. Biz 6 ayda valyuta ehtiyatlarını nəinki qoruya bilmişik, görülmüş tədbirlər, düşünülmüş iqtisadi siyasət nəticəsində 3 milyard dollar əlavə valyuta gəlib. Azərbaycana birinci altı ayda 5 milyard investisiya qoyulub. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumu ölkə iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə 37-ci yerə layiq görüb. Bu, MDB məkanında birinci göstəricidir. Bu, sadəcə olaraq, görülmüş işlərin təzahürüdür. Makroiqtisadi sabitlik təmin edilib. Manatın məzənnəsi sabitdir. Dövlət xətti ilə ölkə iqtisadiyyatına sərmayə qoyulur. Özəl sektor da buna qoşulub. Qırxa yaxın aqropark yaradılır. Yaxın 1-2 il ərzində bu aqroparklarda istehsal olunacaq məhsul böyük bazarlara ixrac ediləcək, daxili ərzaq təhlükəsizliyi təmin ediləcəkdir”.
Son 15 ildə respublikamızın bütün sahələrdə böyük uğurlar qazanması, maliyyə imkanlarının artması, ölkəmizin transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış etməsi, müasir tələblərə cavab verən infrastrukturun yaradılması, ən yeni texnologiyalara əsaslanan müəssisələrin fəaliyyətə başlaması Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini getdikcə möhkəmləndirmişdir. Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, onlara uzunmüddətli kreditlərin verilməsi, biznes mühitinin yaxşılaşdırılması ölkəmizin dünya birliyndə nüfuzunun daha da artmasına, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəlməsinə, əhalinin həyat səviyyəsinin davamlı olaraq yaxşılaşdırılmasına zəmin yaratmışdır.
Bir vaxtlar tamamilə unudulmuş pambıqçılıq, tütünçülük, baramaçılıq, fındıqçılıq və ölkəyə daha çox valyuta gətirən kənd təsərrüfatı məhsullarının istehsalının artırılması istiqamətində böyük canlanma yaranıb. Dövlət başçısının rəhbərliyi ilə regionlarda keçirilən respublika müşavirələri bu sahələrdə ciddi dönüş yaradıb. Faktlar da bunu təsdiqləyir. Məsələn, pambıq istehsalı cəmi iki il ərzində təxminən 10 dəfə artıb. Nəinki xam pambıq, eyni zamanda, mahlıc istehsalı da artıb. Mingəçevir şəhərində yaradılmış yüngül sənaye kompleksinin fəaliyyətə başlaması nəticəsində respublikamızda hazır məhsul ixrac ediləcək. Bu uğurlar fındıqçılıq, tütünçülük, baramaçılıq və digər sahələrdə də özünü büruzə verir. Son iki il ərzində 18 min hektar fındıq bağının salınması, baramaçılığın inkişaf etdirilməsi üçün rayonlarda yeni intensiv tipli tut (çəkil) bağlarının salınması məqsədilə Çin Xalq Respublikasından 1,5 milyon ədəd ting ölkəmizə gətirilib.
Dövlət proqramlarının qarşıya qoyduğu vəzifələrin uğurlu icrası və qeyri-neft sektoruna xüsusi diqqət və qayğı nəticəsində ölkəyə daha çox valyuta gətirən məhsulların istehsalında rekord göstəricilərə nail olunmuşdur. Baramaçılıq sahəsindəki uğurlar da bundan xəbər verir. Bu da ipəkçiliyin inkişafına yenidən təkan verib. 2015-ci ildə cəmi bir rayonda 725 kiloqram yaş barama istehsal edildiyi halda, 2016-cı ildə 24 rayon üzrə 70 ton, 2017-ci ildə isə 30 rayonu əhatə etməklə, 244 ton yüksək keyfiyyətli yaş barama istehsal olunub. Başqa sözlə, bu il 2015-ci ilə nisbətən 337 dəfə çox yaş barama istehsal edilib. Bununla bərabər, keçən il baramaçılığın coğrafiyasının genişləndirilməsi məqsədilə çox ciddi addımlar atılıb: 37 rayonda 1,7 milyon tut tingi əkilib. Bu da 2019-cu ildə 1300 ton yaş barama istehsalına imkan yaratmaqla yanaşı, yerli müəssisələrin tam gücü ilə işləməsini təmin edəcəkdir.
Dövlət başçısı müşavirədə qeyd etmişdir ki, digər infrastruktur layihələrimiz də kənd təsərrüfatının inkişafına xidmət göstərir. Təbii ki, elektrik enerjisi, su təminatı olmasa, heç kim heç bir yerdə investisiya qoymaz. Ona görə, kənd təsərrüfatının inkişafı üçün çox böyük işlər görülür. Ölkə başçısı fermerlərə yüksək səviyyədə diqqət və qayğı göstərildiyini də vurğulamışdır: “Qeyd etdiyim kimi, fermerlər bütün vergilərdən azaddırlar. Ölkəmizə, xüsusilə son illər ərzində ən müasir texnika alınıb gətirilir. Bu il ölkəmizə 10 min texnika gətiriləcək. Onlardan 7 mini artıq gətirilib, cəmi bir il ərzində. Azərbaycan dövləti bu məqsədlər üçün 100 milyonlarla dollar vəsait ayırır, sonra da lizinq yolu ilə güzəştli şərtlərlə fermerlərə verir ki, onlar bu texnikadan istifadə etsinlər”.
Ölkə rəhbəri qarşıdakı illərdə də yeni texnikaların alınacağını bildirmişdir. Qeyd etmişdir ki, əsas çətinlik aradan qaldırılmışdır. Fermerlərə subsidiyaların, güzəştli şərtlərlə gübrələrin, yanacağın verilməsi qeyri-neft sektorunun inkişafında böyük rol oynamışdır: “Sahibkarlara 2 milyard manat səviyyəsində güzəştli şərtlərlə kreditlər verilir, onların da böyük əksəriyyəti fermerlərin işini yüngülləşdirmək üçün kəndlərə gedir. Sahibkarlara metodik tövsiyələr verilir ki, onlar işlərini daha da yaxşı qursunlar. Yəni, Azərbaycanda kənd təsərrüfatının, sahibkarlığın inkişafı üçün görülən işlər, inanmıram ki, hansısa başqa ölkədə görülsün. Bəlkə də var, mən eşitməmişəm. Ən gözəl şərait Azərbaycandadır və biz bunun hesabına regionların sosial-iqtisadi inkişafına nail ola bilmişik”.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.