Trans-Anadolu qaz boru kəmərinin (TANAP) tikintisi Avropanın enerji təhlükəsizliyinə mühüm töhfədir

Ölkə Prezidenti İlham Əliyev bu il avqustun 4-də Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində kənd təsərrüfatının inkişafı perspektivləri barədə ətraflı danışmaqla yanaşı, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verdiyini də diqqətə çatdırıb.

Dövlətimizin başçısı deyib: “Bu gün Azərbaycan nəinki özünü elektrik enerjisi ilə təmin edir, hətta xaricə də böyük miqdarda ixrac edir və böyük vəsait qazanır. Azərbaycanda tikilmiş 20-dən çox yeni elektrik stansiyası bu imkanları bizə yaratdı. Qazlaşdırma Azərbaycanda hazırda 93 faiz səviyyəsindədir və biz indi dünya üçün, Avropa üçün, qonşu ölkələr üçün qaz təchiz edən etibarlı ölkəyə çevrilmişik”.

Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə kimi qiymətləndirilən Trans-Anadolu qaz boru kəmərinin (TANAP) tikintisi başa çatandan sonra Azərbaycanın beynəlxalq aləmdəki mövqeyi daha da möhkəmlənəcək.

Xatırladaq ki,  Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub” qaz dəhlizinin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur. 

Bu boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1334 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 450 kilometrdir. Bundan başqa, TANAP 2x36 düym diametrli 19 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir.

TANAP-ın tikintisi üzrə ilk mərhələ artıq sona çatdırılıb və hazırda ikinci mərhələ üzrə işlər uğurla davam etdirilir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.

Yeri gəlmişkən, TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub” qaz dəhlizi QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.

Azərbaycan Prezidenti İlham Əliyev TANAP-ın əhəmiyyətindən danışarkən deyib: “TANAP ölkəmiz, region və ümumiyyətlə, Avropa üçün çox əhəmiyyətli layihədir, strateji əhəmiyyət daşıyan bir layihədir. Bu layihə bizə imkan verəcək ki, zəngin qaz resurslarımızı dünya bazarlarına çıxaraq. Avropa isə alternativ qaz mənbəyi əldə edəcək. Tranzit ölkələr, - eyni zamanda, onlar istehlakçı ölkələrdir, - bundan böyük mənfəət götürəcəklər. Yəni, bu layihənin bütün iştirakçıları böyük siyasi və iqtisadi dividend əldə edəcəklər”.

Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində əldə olunan qazın ildə 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropa ölkələrinə satılacaq.  Azərbaycan qazını Avropaya aparan yollar məhz Türkiyədən keçəcək. Azərbaycanla Avropa arasında körpü yaratmaq rolu TANAP-ın üzərinə düşəcək.  Başqa sözlə, bu kəmərin şərq ucunda dünyanın ən iri qaz yataqları, qərb hissəsində isə ən iri bazarlar dayanacaq. Beləliklə, TANAP dünyada ən mühüm strateji kəmərlərdən biri olacaq.

TANAP-ı haqlı olaraq BTC-dən sonra regionda ən böyük layihə adlandırırlar. Bu kəmər, eyni zamanda, ərazisindən keçdiyi Türkiyəni önəmli enerji dəhlizinə çevirəcək.

TANAP Türkiyənin 20-dən çox iri bölgəsinin, o cümlədən Ərdəhan, Qars, Ərzurum, Gümüşhanə, Ərzincan, Ankara və Bursanın ərazisindən keçəcək. Təxminən 1900 kilometr məsafə qət edən TANAP Türkiyənin qərb sərhədində TAP-la (Trans-Adriatik qaz boru kəməri) birləşəcək. “Şahdəniz-2”dən hasil olunacaq qazın Türkiyədəki istehlakçılar üçün nəzərdə tutulan həcmi 56 düymlük boru xətti vasitəsilə Əskişəhərə nəql ediləcək, eləcə də Trakyada yerləşən ikinci çatdırılma məntəqəsinə ötürüləcək. Əskişəhərdə boru kəmərinin diametri daralaraq 48 düym olacaq.

Yunanıstanın Türkiyə ilə sərhədində yerləşən Kipoi ərazisində TANAP-la birləşəcək TAP şərqdə Yunanıstan və Albaniya ərazilərindən keçərək qərbə doğru Adriatik dənizinin sahilinə uzanacaq. Bu boru kəmərinin sualtı hissəsi Albaniyanın Fiyer şəhəri yaxınlığından başlayacaq və Adriatik dənizinin altından keçərək İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. Bundan sonra  İtaliyanın qaz nəqletmə şəbəkəsinə qoşulacaq. Yəni bir tərəfdən Cənubi Qafqaz boru kəmərinə, digər tərəfdən isə TAP-a qovuşan TANAP “Cənub” qaz dəhlizinin ortasında yerləşən mühüm bir hissədir.

Hazırda Türkiyə qaza olan tələbatının 15 faizə qədərini “Şahdəniz”dən aldığı mavi yanacaqla təmin edirsə, ikinci mərhələ çərçivəsində hasilata başlanandan sonra bu göstərici 25 faizədək artacaq. “Şahdəniz-2” qazının Türkiyəyə 2018-ci ilin sonlarında çatdırılacağı gözlənilir. Odur ki, TANAP-ın tikintisinə başlanması və onun uğurla sona çatdırılması mühüm əhəmiyyət daşıyır.

Bəs hazırda TANAP-ın tikintisində işlər hansı mərhələdədir? Layihənin baş direktoru Saltuk Düzyolun mətbuata verdiyi açıqlamada bildirilir ki, TANAP üzrə Faza-0, yəni 2018-ci ilin iyununda Türkiyəyə ilk təbii qazın verilməsi üçün görüləcək işlər çərçivəsində 56 düym diametrində və təxminən 1334 kilometr uzunluğunda boru kəməri ilə yanaşı, 2 ədəd ölçmə və bir kompressor stansiyasının, eləcə də çoxlu sayda blok klapan və digər stansiyaların tikintisi qrafikə uyğun davam etdirilir. Faza-0 üzrə tikinti işləri Türkiyə-Gürcüstan sərhədindən başlayaraq Əskişəhərə qədər uzanan marşrut boyunca həyata keçirilir. Bundan başqa, Faza-1, yəni 2019-cu ilin sonunda Türkiyədən keçməklə Avropaya təbii qazın verilməsi üçün isə 48 düym diametrində yerüstü boru kəmərinin, iki kompressor və iki ölçmə stansiyasının inşası cədvəl üzrə aparılır. Stansiya meydançalarında tikinti, elektrik, mexaniki, borulama və sahə infrastruktur işləri, material və avadanlıqların çatdırılması, quraşdırılması və mühafizəsi, eləcə də polad emalı və sahələrdə quraşdırılması işləri, borulama emalatxanası və qaynaq işləri aparılır.

Xatırladaq ki, indiyədək Faza-0 çərçivəsində 1364 kilometr, Faza-1 üzrə isə 440 uzunluğunda xəndək qazılıb. TANAP-ın tikintisi çərçivəsində ümumilikdə 1804 kilometr uzunluğunda xəndək qazılıb. Faza-0 üzrə 1346 kilometr, Faza-1 çərçivəsində isə 347 boru marşrut xətti boyunca düzülüb. Bundan başqa, Faza-0 çərçivəsində 1342 kilometr, Faza-1 üzrə isə 283 uzunluğunda borunun qaynağı tamamlanıb. Ümumilikdə TANAP-ın əsas xətti üzrə 1694 kilometr boru marşrut boyunca düzülüb, 1626 kilometr boru qaynaqlanıb.

TANAP ilə Azərbaycan təbii qazının Türkiyəyə çatdırılması üçün işlərin 87,8 faizi görülüb. 2018-ci il iyun ayının sonuna qədər Faza-0 çərçivəsində işlərin tamamlanması, “Botaş” şirkəti vasitəsilə Türkiyəyə Azərbaycan təbii qazının verilməsi planlaşdırılır. Faza-1 üzrə nəzərdə tutulan işlərin isə 59,6 faizi tamamlanıb. Ümumilikdə TANAP layihəsi çərçivəsində bütün işlərin təxminən 80 faizi icra olunub.

Kəmərin tikintisində hazırda 9 min 581 işçi çalışır. Əlavə işlər və podratçılar da daxil olmaqla boru kəmərinin inşasına 10 min 357 nəfər cəlb olunub. TANAP-ın Dardanel boğazından keçəcək 36 düymlük 18 kilometr uzunluğundakı dəniz hissəsi üçün qoşa boru kəmərinin tikintisi layihə üzrə qrafikə uyğun davam edir. Asiya və Avropa qitələrində sahilboyu yerləşən tikinti meydançalarının və ofislərin inşası artıq başa çatıb. Həmçinin quruda boru kəməri üzrə marşrut xətti artıq tamamlanıb. Bundan başqa, Asiya və Avropa qitələrində sahilboyu xəndəklər qazılıb, dənizin 8-25 metr dərinliyində kanalın qazılması da artıq yekunlaşıb.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında