Tütünçülüklə bağlı qəbul olunmuş Dövlət Proqramı on minlərlə yeni iş yerinin yaradılmasını təmin edəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 3-də Balakən, Zaqatala və Qax rayonlarına səfərindən, xüsusilə, ayın 4-də Qaxda keçirilən baramaçılığın, tütünçülüyün və fındıqçılığın inkişaf etdirilməsinə həsr olunmuş respublika müşavirəsindən sonra  bu qəbildən olan sərəncamların imzalanmasını, Dövlət Proqramının təsdiq edilməsini hamı kimi mən də gözləyirdim. Nə gözləyirdiksə, o da baş verdi. Cənab Prezident avqustun 10-da  “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında  sərəncam imzaladı.

Tütünçülüyün inkişaf etdirilməsi, tütün emalı sahəsinin dərinləşdirilməsi, bu istiqamətdə fəaliyyət göstərən emal müəssisələrinin xammala olan tələbatının yerli məhsul istehsalı hesabına təmin olunması, gəlirliliyin və ixrac potensialının artırılması, kənd əhalisinin məşğulluğunun yüksəldilməsi məqsədi ilə qəbul edilən Dövlət Proqramının bizim fəaliyyətimizə nə qədər stimul olacağını, zəhmətimizin səmərəliliyinin hansı səviyyədə artacağını söyləməyə ehtiyac yoxdur. Bir onu deyə bilərəm ki, on minlərlə yeni iş yerinin yaranacağı gün lap yaxındadır.

Sərəncamda qeyd edilir ki, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə və İqtisadiyyat nazirlikləri, müvafiq olaraq, hər il dövlət büdcəsinin və dövlət investisiya proqramının tərtibi proseslərində maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görsünlər. Bundan başqa, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə tapşırılır ki,  məhsul istehsalçılarının kənd təsərrüfatı texnikası və aqrokimyəvi vasitələrlə təmin edilməsi, seleksiya və toxumçuluq işlərinin, fitosanitar və informasiya-məsləhət xidmətlərinin gücləndirilməsi ilə bağlı zəruri tədbirlər görsün. Biz tütünçülüyə göstərilən bu diqqətdən çox məmnunuq.

Yeri gəlmişkən, cənab Prezidentin bizim bölgəyə səfəri barədə də bir neçə kəlmə demək istərdim.  Cənab İlham Əliyevin dövri olaraq ölkənin  şəhər və rayonlarına səfər etmək, müxtəlif sosial obyektlərin açılış və ya təməlqoyma mərasimlərinə qatılmaq, təkcə mütəxəssislər və ya iş adamları ilə deyil, eləcə də sadə vətəndaşlarla görüşüb həmsöhbət olmaq ənənəsi ölkə əhalisi tərəfindən böyük məmnunluqla  qarşılanır.  Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş həmin ənənə,  sözün həqiqi mənasında,  zəhmət adamlarının fəaliyyətinə stimul olur. 

Bu gün ölkədə hamıya gün kimi aydındır ki, cənab Prezidentin  dövlət başçısı seçildiyi ilk illərdən etibarən reallaşdırmağa başladığı  regionların sosial-iqtisadi inkişafı dövlət proqramları və  postneft dövrünün iqtisadi inkişafını təmin edəcək strateji yol xəritələri  ölkədə  bütün  bölgələrin  bərabər səviyyədə  müasirləşməsini  və  qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək məqsədi daşıyır. Xüsusilə vurğulanmalı məqamlardan biri də odur ki, cənab Prezident həmin proseslərin hamısını ciddi nəzarət altında saxlayır və yuxarıda qeyd etdiyimiz bölgələrə səfərlər də məhz həmin mərama xidmət edir.

Dövlət başçımızın avqustun 3-də Balakən, Zaqatala və Qax rayonlarına etdiyi səfərlər də  əvvəlki səfərlərin hamısı kimi bölgə əhalisi tərəfindən böyük maraq və həssaslıqla qarşılandı.   Prezident bölgəyə gəlmişdi ki, onun tövsiyə və tapşırıqları əsasında reallaşdırılan layihə və proqramların icra səviyyəsi ilə tanış olsun. Tanış oldu və gördü ki, Şəki – Zaqatala iqtisadi rayonunda işlər bilavasitə onun istədiyi səviyyədə qurulub.  Şəxsən,  mən özüm iştirak etdiyim tədbirdə şahidi oldum ki, dövlət başçımız bölgələrdə həyata keçirilən sosial-iqtisadi tədbirlərin səviyyəsindən məmnundur.

Yeri gəlmişkən, cənab Prezident  Zaqatalaya səfəri zamanı bizim təsis etdiyimiz “Azərtütün” Məhdud Məsuliyyətli Cəmiyyətin tütün emalı zavodunun fəaliyyəti ilə də tanış oldu. Dövlət başçısına məlumat verildi ki,  müəssisənin illik gücü bir növbədə 3300-3600 tondur. “Azərtütün” MMC 2007-ci ildə təsis edilib. Cəmiyyətin bu zavodu isə 2010-cu ildə istifadəyə verilib. Zavod ABŞ, İtaliya və Bolqarıstan istehsalı olan müasir avadanlıqlarla təchiz olunub. Hazırda Zaqatala, Şəki və Qax rayonlarında Bolqarıstandan alınmış hər birinin tutumu 10 ton yaş tütün olan cəmi 180 tütünqurutma kamerasından ibarət 3 tütün qəbulu-qurudulması məntəqəsi fəaliyyət göstərir. Hər məntəqə mövsüm ərzində 10 min ton yaş tütün qəbulu və 1000 tona yaxın quru tütün əldə etmək gücünə malikdir. Məntəqələrdə qurudulmuş tütün emal olunmaq üçün “Azərtütün” MMC-nin tütün emalı zavoduna təhvil verilir. Hər bir məntəqədə 90 nəfər çalışır ki, onların da 25 nəfəri daimi işçidir.

Biz fəxr edirik  ki, son illərdə ölkəmizdə həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının ənənəvi sahələri yeni inkişaf mərhələsinə qədəm qoyub.  Azərbaycan dövlətinin iş adamlarına göstərdiyi diqqət və qayğıya cavab olaraq bildiririk ki,  biz bundan sonra da ölkə iqtisadiyyatının daha da qüdrətləndirilməsi,  əhalinin sosial-rifah halının yaxşlaşdırılması istiqamətində həyata keçirilən istənilən tədbiri dəstəkləyəcəyik.  Hələlik, yuxarıda qeyd etdiyimiz qədər iş yeri yaratmışıq. Ancaq yaxın gələcəkdə bu iş yerlərinin dəfələrlə artırılmasına imkanımız olacaq. Fəxr etmək istədiyimiz başqa bir fakt isə odur ki, biz ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsinə öz töhfələrimizi vermək şansı qazanmışıq. Bu şansı bizə cənab Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyası verib. O strategiya ki, hər bir addımı məhz Azərbaycan insanına  xidmət  etmək məqsədi ilə atılır.

Fazil RÜSTƏMOV,
“Azərtütün” MMC İdarə Heyətinin sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında