Şriftin ölçüsü:
24.04.2010 08:29 | Oxunma sayı: 522
Aprelin 23-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Avrasiya Qida, Kənd Təsərrüfatı, Meşə və Turizm İşçiləri Həmkarlar İttifaqı Federasiyası rəhbər heyətinin 4-cü toplantısı işə başlamışdır. Toplantıda Türkiyənin "TOLEYİS", "TEKGİDA İŞ", "ORMAN-İŞ" həmkarlar ittifaqlarının məsul işçiləri, Azərbaycan, Özbəkistan və Gürcüstanın müvafiq həmkarlar ittifaqlarının rəhbərləri, həmçinin sahə həmkarlar ittifaqının Qax, Qəbələ, Oğuz, Zərdab və Tovuz rayon komitələrinin, eləcə də ölkəmizin qida sənayesində önəmli mövqeyi olan "Azərsun Holdinq" Şirkətlər Qrupuna daxil olan müəssisələrin həmkarlar ittifaqı komitələrinin sədrləri və fəalları iştirak edirlər.
Tədbirin iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri qoymuşlar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üstünə çiçəklər düzülmüşdür. Sonra Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi yad olunmuşdur.
Toplantını giriş sözü ilə açan AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev son zamanlar respublikamızda aparılan quruculuq işlərindən, sosial-iqtisadi inkişaf və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə yönəldilmiş dövlət tədbirlərindən danışmış, Prezident İlham Əliyevin Azərbaycanda həmkarlar ittifaqlarının inkişafına göstərdiyi qayğı, həmkarlar ittifaqlarının səlahiyyətlərinin artırılması ilə bağlı ölkənin qanunvericilik aktlarına edilmiş əlavə və dəyişikliklər barədə məlumat vermişdir.
S.Mehbalıyev bildirmişdir ki, hazırda öz sıralarında 26 sahə həmkarlar ittifaqını və 160 min ittifaq üzvünü birləşdirən AHİK Azərbaycanın dövlət orqanları və parlamentlə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Milli Məclisdə müzakirəyə çıxarılan bütün sosialyönümlü qanun layihələri əvvəlcədən AHİK-ə göndərilir və bu sənədlərin qəbulu prosesində həmkarlar ittifaqlarının rəy və təklifləri nəzərə alınır. Son iki ildə Əmək Məcəlləsinə 107 əlavə və dəyişikliklərin edildiyini diqqətə çatdıran AHİK sədri, bütün bunların işçilərin əmək hüquqlarının daha etibarlı qorunmasına, həmkarlar ittifaqlarının nüfuzunun yüksəlməsinə xidmət etdiyini söyləmişdir.
Avrasiya Qida, Kənd Təsərrüfatı, Meşə və Turizm İşçiləri Həmkarlar İttifaqı Federasiyasının prezidenti Cemail Bakındı Azərbaycanın bu tədbirə ev sahibliyi etməsini xüsusi vurğulayaraq, qurumun fəaliyyətinə göstərilən mənəvi dəstəyə görə minnətdarlığını bildirmişdir. Bakıda sonuncu dəfə il yarım bundan əvvəl olduğunu deyən qonaq Azərbaycan paytaxtının bu müddətdə tanınmaz dərəcədə dəyişdiyini xüsusi vurğulamış, Cənubi Qafqazın ən gözəl, ən abad və müasir dünya standartlarına tamamilə cavab verən bu şəhərində müşahidə etdiyi tərəqqidən çox məmnun qaldığını diqqətə çatdırmışdır. Azərbaycanda qida sənayesinin, kənd təsərrüfatının, meşəçiliyin inkişafı istiqamətində görülmüş işləri yüksək qiymətləndirən türkiyəli qonaq, son vaxtlar Prezident İlham Əliyevin ölkəmizdə turizm sektorunun aparıcı mövqeyə çıxması üçün atdığı addımların tezliklə uğurlu nəticələr verəcəyinə inandığını bildirmişdir.
Azərbaycan Kənd Təssərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının sədri, Avrasiya Qida, Kənd Təsərrüfatı, Meşə və Turizm İşçiləri Həmkarlar İttifaqı Federasiyasının vitse-prezidenti Tofiq Quliyev rəhbərlik etdiyi sahə həmkarlar ittifaqının həyata keçirdiyi tədbirlər barədə məlumat vermişdir. Sonra toplantının gündəliyində olan məsələlərin müzakirəsinə başlanılmışdır. Əvvəlcə Avrasiya Qida, Kənd Təsərrüfatı, Meşə və Turizm İşçiləri Həmkarlar İttifaqı Federasiyasının gördüyü işlər və qarşıda duran vəzifələr barədə federasiyanın prezidenti Cemail Bakındının məruzəsi dinlənilmişdir.
Daha sonra Avrasiya Federasiyasının 2010-2015-ci illər üçün fəaliyyət proqramı müzakirə edilərək təsdiq olunmuşdur. Toplantı aprelin 24-də Oğuz şəhərində "Ərzaq təhlükəsizliyi - genetik dəyişikli qida məhsullarının əhalinin sağlamlığına təsiri" mövzusunda beynəlxalq seminarla işini davam etdirəcəkdir.{nl}
AzərTAc
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.