Məlum olduğu kimi, avqustun 4-də Prezident İlham Əliyevin sədrliyi ilə Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirildi. Mən də bir fermer kimi bu müşavirədə iştirak edirdim. Cənab İlham Əliyevin proqram xarakterli, dərin məzmunlu nitqini diqqətlə dinlədim. Cənab Prezident bu müşavirədə təkcə bu üç sahənin deyil, ümumiyyətlə kənd təsərrüfatının daha da inkişafı ilə bağlı öz dəyərli fikirlərini tədbir iştirakçıları ilə bölüşdü və bizi işlədiyimiz bütün sahələrdə daha ürəkdən çalışmağa, məhsul bolluğu yaratmağa həvəsləndirdi.
Möhtərəm Prezidentimiz bildirdi ki, ulu öndər Heydər Əliyev Azərbaycandan Moskvaya gedəndən sonra bu sahələrdə də, bütün digər sahələrdə də Azərbaycan tənəzzüllə qarşılaşdı, nəticədə müstəqilliyimizin ərəfəsində ölkə iqtisadiyyatı və sənayesi, demək olar ki, çox ağır vəziyyətdə idi. Ənənəvi kənd təsərrüfatı sahələri tənəzzülə uğradı. Ulu öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıdandan sonra– 1993-cü ildən başlayaraq ölkəmizdə sabitlik təmin edildi, bütün qanunsuz silahlı birləşmələr tərksilah edildi, hərc-mərcliyə son qoyuldu və Azərbaycan sabitlik dövrünə qədəm qoydu.
Dövlət başçısı qeyd etdi ki, tütünçülüyün, baramaçılığın, fındıqçılığın ən uğurlu və sürətli inkişaf dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun fəaliyyəti nəticəsində 1970-1980-ci illərin əvvəllərində bu sahələrdə böyük inkişaf təmin edilmişdir. O vaxt bu sahələrdə görülən işlər deməyə əsas verir ki, biz bu gün həmin sahələri uğurla bərpa edə bilərik. Nəinki bu sahələr, kənd təsərrüfatının pambıqçılıq, üzümçülük və digər sahələri də Heydər Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etmişdir. Biz bu ənənəvi sahələri bu gün bərpa edirik.
Ancaq müstəqillik dövründə ilk növbədə ərzaq təhlükəsizliyi məsələləri ön plana çıxdı. Ona görə də biz əsas diqqəti bu sahəyə yönəltdik. Bunun nəticəsində bu gün taxılçılıqda böyük inkişaf var. Ət istehsalı Azərbaycanın tələbatını, demək olar ki, ödəyir. Biz özümüzü toyuq əti ilə 100 faiz, süd və süd məmulatları ilə təqribən 80 faiz səviyyəsində təmin edirik. Azərbaycandan böyük həcmdə meyvə-tərəvəz ixrac edilir. Yəni, ərzaq təhlükəsizliyi məsələləri prioritetdir. Növbəti illərdə daha böyük nəticələr olacaq. O ki qaldı, texniki bitkilərə, bu sahəyə o qədər də diqqət göstərilməmişdir. Bunun da səbəbləri onunla bağlı idi ki, investisiyalar, ilk növbədə, infrastruktura, ərzaq təhlükəsizliyi məsələlərinə qoyulmalı idi. Dövlət başçısı xüsusi olaraq vurğuladı ki, pambıqçılıq sıradan çıxmaqda idi. O cümlədən tütünçülüyə maraq göstərilmirdi, baramaçılıq isə ümumiyyətlə, gündəlikdən çıxarılmışdı. Ona görə, bu sahələrə göstərilən diqqət nəticəsində cəmi iki il ərzində dönüş yarandı. Pambıq istehsalı artdı. 2015-ci ildə cəmi 17 min hektarda pambıq əkilirdisə, bu il əkin sahələri 136 min hektara çatdı, yəni iki il ərzində təxminən 10 dəfə artdı.
Qeyd edim ki, cənab Prezident əvvəlcə tütünçülüyün inkişafına toxundu. Qeyd olunan sahələrlə bağlı sovet və müstəqillik dövrlərində əldə olunan nəticələrin statistikasına nəzər salaraq artıq 13 rayonda tütün əkininin aparıldığını bildirdi. Qeyd etdi ki, tütün istehsalçılarına güzəştli kreditlər verilməli, hər rayonda tütün qəbulu məntəqələri və qurutma kameraları yaradılmalı, tütünün ixracı ilə bağlı bazarlar müəyyən olunmalı, ölkədə müasir siqaret istehsal edən fabriklər fəaliyyətə başlamalı, 2021-ci ilə qədər tütün əkini genişləndirilməlidir.
Cənab Prezident Azərbaycanda insanların siqaret çəkməsinin əleyhinə olduğunu xüsusi vurğuladı. Lakin ölkədə siqaretə tələbat azalmadığından siqaretin alınmasına hər il külli miqdarda valyuta sərf olunduğunu bildirdi. Söylədi ki, bu səbəbdən tütünçülük gəlirli bir sahə kimi inkişaf etdirilməlidir.
Fındıqçılıqda da müəyyən inkişafın getdiyini, lakin hələ istənilən səviyyəyə çatmaq üçün çox işlərin görülməsinin vacibliyini bildirən cənab İlham Əliyev 80 min hektar sahədə fındıq bağlarının salınmasının qarşıdakı dövrdə əsas hədəf olduğunu bildirdi. Fındıqçılığın çox gəlirli və valyuta gətirən bir sahə olduğunu deyən dövlətimizin başçısı fındıq istehsalı ilə bağlı bütün proseslərin ölkəmizdə aparılmasının vacibliyini vurğuladı.
Bununla yanaşı , cənab Prezident pomidorun da ölkəyə yaxşı valyuta gətirdiyini söylədi. Və əlavə etdi ki, bu il pomidor satışından daha çox valyuta gələcəyi gözlənilir. Buna görə istixana şəraitində faraş pomidor yetişdirilməsinə diqqətin artırılmasının vacibliyini diqqətə çatdırdı.
Baramaçılığın inkişafından da danışan dövlətimizin başçısı hazırda 30 rayonda barama istehsal olunduğunu bildirdi. Gələn il 500 ton barama tədarükünün gözlənildiyini deyən Prezident İlham Əliyev 2025-ci ilə qədər bu həcmin 6 min tona çatdırılmasının mümkünlüyünü vurğuladı. Ötən il ölkəmizə 1,5 milyon tut tinginin gətirildiyini söyləyən dövlət başçısı bu sahədə dövlət dəstəyinin davam edəcəyini, növbəti mərhələdə 8 milyon tut tinginin əkiləcəyini və bu rəqəmin ümumilikdə 10 milyona çatdırılmasının planlaşdırıldığını qeyd etdi. Bununla yanaşı, damazlıq barama təsərrüfatlarının fəaliyyətinin yaxşılaşdırılması, qəbul məntəqələrinin və yeni ipək kombinatının yaradılması, “Şəki İpək” ASC-nin fəaliyyətinin daha da gücləndirilməsi ilə bağlı tapşırıqlarını verdi.
Baramaçılığın inkişafı ilə bağlı Prezidentin çıxışı daha çox diqqətimi cəlb etdi. Çünki ötən il ölkəyə gətirilən 1,5 milyon ədəd tut tingindən 10 min 150 ədədi rəhbəri olduğum “Yaşıl çay “ fermer təsərrüfatında əkilib. 1,2 hektarda salınan tut bağı yüksək aqrotexniki qulluq sayəsində sürətlə inkişaf edir. Bu müddətdə tut bağında 5 dəfə becərmə, 7 dəfə suvarma, 2 dəfə gübrələmə tədbirləri aparılıb. Və tut tingləri sağlam inkişaf edir. Gələcəkdə ölkəyə yeni tut tingləri gətiriləcəyi halda, daha 40 min ədəd tut tingi əkməyi nəzərdə tutmuşuq. Bu olmasa, becərdiyimiz çin sortu olan tut ağaclarından tut tinglərini calaq vasitəsilə artırıb yeni bağlar salmağı düşünürük. Dövlətimizin bu qayğısı bizi çayçılıq kimi baramaçılığı da inkişaf etdirməyə həvəsləndirir. Çalışacağıq ki, çay emalı sexi kimi, yaş barama emal edən seximizi də tikib istifadəyə verək. Bu, daha çox gəlir gətirməklə yanaşı, kənd yerində yeni iş yerləri, ölkənin isə daha çox valyuta qazanmasına bizim töhfəmiz olacaqdır.
Bu müşavirə məndə böyük təəssüratlar yaratdı. Bir daha möhtərəm Prezidentimiz İlham Əliyevin ölkə iqtisadiyyatının, əhalinin bütün təbəqələrinin rifahının yüksəldilməsi naminə nə qədər böyük zəhmət çəkdiyinin şahidi oldum. Məndə dərin əminlik yarandı ki, pambıqçılıq, tütünçülük və baramaçılığın inkişafına həsr olunmuş müşavirələr kimi, növbəti ildə çayçılıq və sitrusçuluğun inkişafına həsr edilən belə bir möhtəşəm tədbirlər rayonumuzda– Lənkəranda da təşkil olunacadır. Belə bir müşavirənin keçirilməsi, inanıram ki, bölgəmizin ənənəvi sahələri olan çayçılıq və sitrus meyvəçiliyinin inkişafına güclü təkan verəcəkdir.
Araz Yağubov,
“Yaşıl çay” FT MMC-nin direktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.