Prezident İlham ƏLİYEV: Azərbaycanda kənd təsərrüfatının inkişafına xüsusi diqqət göstərilir

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


2004-cü ildən bu günə qədər Azərbaycan bölgələrinin inkişafı hesab edirəm ki, tarixi nailiyyətdir. Heç vaxt Azərbaycan tarixində belə qısa müddət ərzində bu qədər işlər görülməmişdir. Bu gün Azərbaycan bölgələrində lazım olan bütün infrastruktur layihələri icra edilib və biz sürətli inkişaf dövrünü yaşayırıq.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Qaxda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində dövlətimizin başçısı səfərdə olduğu Balakən, Zaqatala, Qax rayonlarında son illər ərzində sürətli inkişaf getdiyini, sözügedən bölgəyə yolların, elektrik stansiyalarının tikintisi, qazlaşdırma, su təchizatı, suvarma məsələləri, sosial obyektlərin inşası ilə bağlı  büdcə hesabına böyük həcmdə investisiyalar qoyulduğunu, verilən tapşırıqların yerinə yetirilməsi nəticəsində gələcəkdə bu müsbət dinamikanın daha da güclənəcəyini diqqətə çatdırıb.  

Prezident İlham Əliyev müşavirənin adıçəkilən bölgəyə xas olan ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına həsr olunduğunu bildirərək burada tütünçülük, baramaçılıq və  fındıqçılığın əsrlər boyu inkişaf etdiyini xatırladıb. Eyni zamanda, bölgənin  mövcud torpaq şəraitinin, coğrafi vəziyyətinin, xarici bazarlara yaxın olmasının və qədim İpək yolu üzərində yerləşməsinin məhsul istehsalının artımına müsbət təsir göstərdiyini xüsusi vurğulayıb.

Dövlətimizin başçısı daha sonra deyib: “Azərbaycan xalqı əsrlər boyu bu sahələrdə çalışırdı və yaxşı nəticələr əldə edirdi. Statistikaya baxdıqda görürük ki, tütünçülüyün, baramaçılığın, fındıqçılığın ən uğurlu və sürətli inkişaf dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun fəaliyyəti nəticəsində 1970-1980-ci illərin əvvəllərində bu sahələrdə böyük inkişaf təmin edilmişdir. O vaxt bu sahələrdə görülən işlər deməyə əsas verir ki, biz bu gün bu sahələri uğurla bərpa edə bilərik. Nəinki bu sahələr, kənd təsərrüfatının pambıqçılıq, üzümçülük və digər sahələri də Heydər Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etmişdir. Biz bu ənənəvi sahələri bu gün bərpa edirik”.

Azərbaycan Prezidenti tədbir iştirakçılarına müşavirənin əsas məqsədini də xatırladıb. Bildirib ki, burada görülən işlərə yekun vurmaq, eyni zamanda, gələcək fəaliyyət  üçün konkret tədbirlər planı hazırlamaq nəzərdə tutulub. Sözügedən ənənəvi sahələrin Azərbaycanda daha geniş inkişafı üçün müvafiq dövlət proqramlarının qəbul edilməsi də əsas vəzifə kimi qarşıya qoyulub. 

Dövlətimizin başçısı bölgənin ənənəvi sahələri olan tütünçülük, baramaçılıq və  fındıqçılığın inkişafını ləngidən məqamlara da toxunub: “Ulu öndər Heydər Əliyev Azərbaycandan Moskvaya gedəndən sonra bu sahələrdə də, bütün digər sahələrdə də Azərbaycan tənəzzüllə qarşılaşdı, iqtisadi, sənaye potensialımız yavaş-yavaş aşağı düşməyə başladı və nəticədə müstəqilliyimizin ərəfəsində ölkə iqtisadiyyatı və sənayesi demək olar ki, çox ağır vəziyyətdə idi. Müstəqilliyimizin ilk illərində isə antimilli qüvvələr - AXC-Müsavat cütlüyü ölkəmizi demək olar ki, məhvə aparırdı. Həm siyasi böhran, hərbi böhran, vətəndaş müharibəsi, torpaqlarımızın işğal altına düşməsi, eyni zamanda, onların səriştəsizliyi və savadsızlığı ucbatından ənənəvi kənd təsərrüfatı sahələri artıq tənəzzülə uğradı, sənaye istehsalı da həmçinin. O vaxt inflyasiya min faizlərlə ölçülürdü və ölkənin perspektivləri çox qaranlıq idi. Ulu öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıdandan sonra 1993-cü ildən başlayaraq ölkəmizdə sabitlik təmin edildi, bütün qanunsuz silahlı birləşmələr tərksilah edildi, qayda-qanun yaradıldı, xaosa, anarxiyaya, hərc-mərcliyə son qoyuldu və Azərbaycan sabitlik dövrünə qədəm qoydu”.

Lakin o dövrdə cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan ciddi maliyyə çətinlikləri ilə üzləşmişdi, respublikamız dünyada riskli bir ölkə kimi tanınırdı. Ona görə, ilk növbədə, Azərbaycanı dünyada tanıtmaq, investisiyaları cəlb etmək məqsədi qarşıda mühüm vəzifə kimi dururdu. Belə bir şəraitdə   ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ciddi islahatlara başlanıldı. “Əsrin müqaviləsi” imzalandı. Bu, Azərbaycan tarixinə böyük investisiya axınını reallaşdıran mühüm bir layihə kimi yazıldı. Eyni zamanda, sənaye istehsalı ilə bağlı çox ciddi tədbirlər həyata keçirildi. Xüsusilə kənd təsərrüfatının inkişafı ilə bağlı önəmli qərarlar qəbul edildi. Dahi öndərin göstərişi ilə fermerlər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad olundu, torpaq islahatı aparıldı. Beləliklə, inkişafa, tərəqqiyə gedən yolda ilk uğurlu addımlar atıldı. 

Dövlətimizin başçısı cənab İlham Əliyev Azərbaycanda prezidentlik fəaliyyətinə başladığı ilk gündən sosial-iqtisadi sahələrdə islahatlar sürətlə davam etdirildi. Ölkə rəhbəri müşavirədəki çıxışında bununla bağlı deyib: “2004-cü ildə mənim təşəbbüsümlə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul edilmişdir və bu proqramın ölkə tarixində çox böyük rolu vardır. İndi təsəvvür edin, əgər o proqram qəbul edilməsəydi, bizim bölgələrimiz hansı problemlərlə üzləşə bilərdi. Məhz bu birinci proqramın, ondan sonra ikinci, üçüncü proqramların qəbulu nəticəsində bölgələr dirçəldi, inkişaf etdi, böyük investisiya təmin edildi. 2004-cü ildən bu günə qədər Azərbaycan bölgələrinin inkişafı hesab edirəm ki, tarixi nailiyyətdir. Heç vaxt Azərbaycan tarixində belə qısa müddət ərzində bu qədər işlər görülməmişdir. Bu gün Azərbaycan bölgələrində lazım olan bütün infrastruktur layihələri icra edilib və biz sürətli inkişaf dövrünü yaşayırıq”.

Müşavirədə 2004-cü ildən ötən müddətdə görülən işlərin real ifadəsi olan göstəricilərə də nəzər salınıb. Bildirilib ki, bu gün Azərbaycanın elektrik enerjisi ilə təminatı tam reallaşıb, bununla bərabər həm də xaricə böyük həcmdə ixrac edir və vəsait qazanır. Azərbaycanda tikilən 20-dən çox yeni elektrik stansiyası bu imkanı  yaradıb. Hazırda Azərbaycanda qazlaşdırma 93 faiz səviyyəsindədir və respublikamız indi dünyada etibarlı qaz təchizatçısı kimi tanınıb. 2004-cü ildən indiyədək 11 min kilometr yeni yollar - həm magistral, həm də kənd yolları salınıb, böyük meliorasiya layihələri reallaşdırılıb, Taxtakörpü, Şəmkirçay su anbarları, digər dəryaçalar yaradılıb, kanallar çəkilib və bu proses hazırda da davam etdirilir. 

Sosial infrastruktur uğurla həyata keçirilib, 3 mindən çox məktəb, 600-dən çox xəstəxana, bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi tikilib. Eyni zamanda, sahibkarlara verilən kreditlər hesabına yüz minlərlə yeni iş yeri açılıb. Bütövlükdə 2004-cü ildən indiyədək  1 milyon yarım iş yeri yaradılıb ki, bunun da böyük hissəsi daimi iş yeridir. Demək olar ki, hazırda Azərbaycanda işsizlik kimi bir çox ölkələri ciddi narahat edən sosial amil yoxdur. İşsizlik 5 faiz səviyyəsindədir. Son iki il ərzində xüsusilə kənd təsərrüfatı, sənaye sahələrində çox böyük işlərin görüldüyü də nəzərə alınsa, işsizliyin, habelə   yoxsulluğun səviyyəsinin nə qədər aşağı düşdüyünü təsəvvür etmək o qədər də çətin deyil.

Müşavirədə ərzaq təhlükəsizliyinin 2004-cü ildən başlayaraq prioritet istiqamət kimi qəbul edildiyi də diqqətə çatdırılıb və ötən zaman ərzində bununla bağlı görülən işlərə nəzər salınıb. Bildirilib ki, taxılçılıqda inkişaf artıq yeni mərhələyə daxil olub. Ət istehsalı  tələbatı tamamilə ödəmək səviyyəsinə yüksəlib. Bununla yanaşı, toyuq əti ilə 100 faiz, süd və süd məmulatları ilə təqribən 80 faiz səviyyəsində təminata nail olunub.

Kənd təsərrüfatının digər sahələrində də uğurlu göstəricilər əldə edilməyə başlanılıb. Pambıqçılıq, tütünçülük və baramaçılıqda son iki ildə göstərilən diqqət nəticəsində tənəzzül aradan qaldırılıb. Pambıq istehsalı artıb. Belə ki, əgər 2015-ci ildə cəmi 17 min hektarda pambıq əkilirdisə, bu il əkin sahələri 136 min hektara çatdırılıb. Ötən il ölkədə fındıq istehsalı 34,3 min ton olub, 55,1 min hektar bağ sahələrində məhsuldarlıq orta hesabla hər hektara 1 ton təşkil edib. Keçən il Azərbaycanda 70,7 ton yaş barama, 8,3 ton xam ipək istehsal olunub. Bu ilin sentyabrından isə ipək xalçaları üçün ipliyin istehsalına başlanılması nəzərdə tutulub. Tütünçülükdə də inkişaf meyilləri sürətlənib. Belə ki, 2016-cı ildə 3,6 min ton tütün tədarük olunub. Bu il isə tütün əkini sahələrinin 3 min hektara çatdırılması planlaşdırılıb.

Bəli, hazırda Azərbaycan iqtisadiyyatı, xüsusilə qeyri-neft sektoru dinamik inkişaf edir. Cari ilin altı ayının nəticələri bunu deməyə əsas verir. Bu dövrdə ixracın 36 faiz, qeyri-neft ixracının 27 faiz, kənd təsərrüfatı ixracının isə 40 faizdən çox artması bunun bariz ifadəsidir. 

İqtisadi inkişafın digər bir mühüm göstəricisinə də nəzər salaq. Hesabat dövründə valyuta ehtiyatları nəinki qorunub, eyni zamanda, görülən tədbirlər, düzgün strategiya nəticəsində 3 milyard dollar əlavə valyuta toplanıb. Bununla bərabər, Azərbaycana birinci altı ayda 5 milyard investisiya qoyulub. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumu ölkəmizin iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə 37-ci yerə layiq görüb. Bu, MDB məkanında ilk göstəricidir, həmçinin reallaşdırılan islahatların məntiqi nəticəsidir. 

Yuxarıda sadalananlarla yanaşı, ilin ilk altı ayında makroiqtisadi sabitlik təmin edilib. Manatın məzənnəsi sabit qalıb. Qırxa yaxın aqropark yaradılır. Yaxın 1-2 il ərzində bu aqroparklarda istehsal olunacaq məhsul ixrac ediləcək, daxili ərzaq təhlükəsizliyi təmin olunacaq.

Dövlətimizin başçısı müşavirədə qarşıda duran vəzifələrdən də ətraflı danışıb. Prezident İlham Əliyev vurğulayıb ki, dövlət  kənd təsərrüfatı sahələrinin inkişafı üçün bundan sonra da öz dəstəyini davam etdirəcək. Qeyd olunan sahələrlə bağlı sovet və müstəqillik dövrlərində əldə edilən nəticələrin statistikasına nəzər salan cənab İlham Əliyev artıq 13 rayonda tütün əkininin aparıldığını bildirib və tütün istehsalçılarına güzəştli kreditlər verilməsinin, hər rayonda tütün qəbulu məntəqələri və qurutma kameraları yaradılmasının, tütünün ixracı ilə bağlı bazarların müəyyənləşdirilməsinin, ölkədə müasir siqaret istehsal edən fabriklərin fəaliyyətə başlamasının, 2021-ci ilə qədər tütün əkini sahələrinin genişləndirilməsinin zəruriliyini də diqqətə çatdırıb.

Baramaçılığın inkişafından danışan dövlətimizin başçısı hazırda 30 rayonda barama istehsal olunduğunu bildirib. Gələn il 500 ton barama tədarükünün gözlənildiyini deyən Prezident İlham Əliyev 2025-ci ilə qədər bu həcmin 6 min tona çatdırılmasının mümkünlüyünü vurğulayıb, bu sahədə dövlət dəstəyinin davam edəcəyini, növbəti mərhələdə 8 milyon tut tinginin əkiləcəyini və həmin rəqəmin ümumilikdə 10 milyona çatdırılmasının planlaşdırıldığını qeyd edib. Bununla yanaşı, damazlıq barama təsərrüfatlarının fəaliyyətinin yaxşılaşdırılması, qəbul məntəqələrinin və yeni ipək kombinatının yaradılması, “Şəki İpək” ASC-nin fəaliyyətinin daha da gücləndirilməsi ilə bağlı tapşırıqlarını verib.

Fındıqçılıqda da müəyyən inkişafın getdiyini, lakin hələ istənilən səviyyəyə çatmaq üçün çox işlərin görülməsinin vacibliyini bildirən dövlətimizin başçısı cənab İlham Əliyev 80 min hektar sahədə fındıq bağlarının salınmasının qarşıdakı dövrdə əsas hədəf olduğunu diqqətə çatdırıb. Fındıqçılığın çox gəlirli və valyuta gətirən bir sahə olduğunu deyən Azərbaycan Prezidenti fındıq istehsalı ilə bağlı bütün proseslərin ölkəmizdə aparılmasının vacibliyini xatırladıb.

Həyata keçirilən bu tədbirlərin ilk növbədə əhalinin rifah halının yaxşılaşmasına və qeyri-neft sektorunun inkişafına xidmət etdiyini bildirən ölkə rəhbəri kənd təsərrüfatının inkişafı ilə bağlı görülən işlərin əhəmiyyətindən danışıb, bu müşavirənin də nəticələrinin müsbət olacağına əminliyini ifadə edib.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında