“Doing Business” hesabatında ölkəmiz daşınmaz əmlakın qeydiyyatı sisteminə görə dünyada qabaqcıl ölkələr sırasındadır

“Doing Business 2017” hesabatına görə, 2009-2016-cı illərdə Azərbaycanda aparılan 27 islahatdan 7-si qeydiyyat sahəsi, 5-i isə vergitutma ilə bağlı olub.

“Biznesə başlama” indikatorunda Azərbaycan üçün müəyyən edilmiş “Etalon qanunvericiliyə yaxınlıq” (DTF) indeksi 97,75 faiz təşkil edib ki, bu da dünya üzrə kifayət qədər yüksək standartlara uyğundur.

Hazırda Azərbaycan “Biznesə başlama” indikatoru üzrə dünyada 5-ci, postsovet ölkələri arasında isə 1-ci yerdə qərarlaşıb.

Azərbaycanda 2009-2016-cı illərdə qeydiyyat sahəsi ilə bağlı islahatlara xüsusi önəm verilməsi təsadüfi deyil. Bu, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən şəffaflıq və operativlik, korrupsiya ilə mübarizə, ictimai aşkarlıq, sosial məmnunluq kimi prinsiplərin ölkəmizin sosial-iqtisadi inkişafının prioritetləri kimi elan edilməsilə əlaqədardır. Elə buna görə də hazırda respublikamızda müasir informasiya-kommunikasiya texnologiyalarının, sosial xidmətlərdə innovativ və operativ üsulların tətbiqi, bu xidmətlərin əhaliyə rahat şəkildə çatdırılması, bürokratik meyillərin və hüquqi maneələrin tamamilə aradan qaldırılması, xidmətlərdə vaxt aparan prosedurların maksimum sadələşdirilməsi kimi məsələlərə xüsusi önəm verilir. Göstərilən xidmətlərdə şəffaflıq, rahatlıq, əlçatanlıq, vətəndaş məmnunluğu və maarifləndirmə kimi məsələlər mühüm prinsiplər kimi daim önə çəkilir.

Bu fikrin təsdiqi kimi bəzi məqamlara diqqət yetirək. Məsələn, hazırda daşınmaz əmlakın qeydiyyatı sahəsində əlçatanlıq və şəffaflıq prinsipləri tam təmin edilib. Başqa sözlə, vətəndaşlar daşınmaz əmlaklarına dair sənədi öz arzularına  görə elektron və ya kağız formada ala bilərlər. Belə ki, əmlak sahibi müvafiq idarəyə gəlmədən, “Elektron hökumət” portalında yaradılacaq şəxsi kabinetindən elektron formada çıxarışı əldə edə bilər. Odur ki, müasir yanaşmaların tətbiq edildiyi bu sistem vasitəsilə vətəndaş daha operativ şəkildə çıxarışa sahib olur.

Daşınmaz əmlakın elektron qeydiyyatı üçün ən vacib şərtlərdən biri elektron arxivin və rəqəmsal elektron məlumat bazasının yaradılmasıdır. Bu isə daşınmaz əmlakın qeydiyyatı və bununla bağlı digər xidmətlərin göstərilməsində vaxt itkisini aradan qaldırmağa, operativliyi dəfələrlə artırmağa imkan verir. Bununla əlaqədar olaraq respublikada elektron arxivin yaradılması istiqamətində mühüm addımlar atılıb. Belə ki,   daşınmaz əmlaklar üzərində əvvəllər yaranmış hüquqlar üzrə 1,5 milyondan artıq əmlaka dair kağız formada olan sənədlər və texniki sənədlərdə olan mətn məlumatları elektronlaşdırılaraq Milli Qeydiyyat Sisteminin elektron məlumat bazasına daxil edilib.

Mülkiyyət münasibətlərinin tənzimlənməsində vahid idarəçiliyin təmin olunması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Bu istiqamətdə mütərəqqi addım daşınmaz əmlakın qeydiyyatı və torpaq idarəçiliyində “bir pəncərə” prinsipinin tətbiqidir. Həm çıxarışların verilməsi, texniki sənədlərin tərtibi, həm də torpaqların istifadəsi, icarəsi, mülkiyyətə verilməsi, koordinatların uyğunluğu kimi torpaq məsələlərində rəylərin alınması “bir pəncərə”də həll olunur.

Daşınmaz əmlakın qeydiyyatı sahəsində prosedurların sadələşməsi istiqamətində də işlər aparılır. Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə çıxarışın verilmə müddəti 10 iş gününə endirilib. İpoteka qeydiyyatı 3-5 gün ərzində həyata keçirilir.

Daşınmaz əmlakın qeydiyyatı sahəsində şəffaflıq və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə “əmlakın qeydiyyatı kalkulyatoru” istifadəyə verilib. Bunun sayəsində vətəndaşlar onlara məxsus daşınmaz əmlakların sənədləşdirilməsi prosesində dövlət rüsumu və xidmət haqqı barədə elektron qaydada əvvəlcədən məlumat ala bilirlər. Bura mənzilin, fərdi evin, torpaq sahələrinin qeydiyyatı ilə bağlı çıxarışın alınması, texniki pasportun əldə edilməsi, əmlakla bağlı sadə və məhdudlaşdırıcı arayışlar, əmlakın qabaqcadan qeydiyyatı, yüklülükdən azadetmə, daşınmaz əmlaka ünvan təyin edilməsi, ünvan məlumatlarının verilməsi xidmətləri aiddir. Bu isə öz növbəsində daşınmaz əmlakın dövlət qeydiyyatı sahəsində göstərilən xidmətlərin daha da sadələşməsi deməkdir.

Qeyd edək ki, ümumilikdə 2017-ci il ərzində ölkə üzrə 93 min 302 daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb, bu göstəricinin 28 min 348-i ilkin, 64 min 954-ü isə təkrar qeydiyyata aid olub.

Daşınmaz əmlakın qeydiyyatı sisteminə, qeydiyyatda müddət və rüsumların optimallığına görə Azərbaycan dünyada qabaqcıl ölkələr sırasındadır. Bunu “Doing Business” reytinqləri də təsdiq edir. “Doing Business” hesabatında Azərbaycan Respublikası daşınmaz əmlakın qeydiyyatı üzrə 190 ölkə arasında 82.52 bal toplayaraq 22-ci yeri tutub.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında