Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq bu sahədə mühüm əhəmiyyət kəsb edir. Taxılçılıq əhalinin çörək və un məmulatına tələbatını ödəməklə yanaşı, həm də heyvandarlığın qüvvəli və qaba yemə olan tələbatının ödənilməsində mühüm rol oynayır. Odur ki, taxılçılığın inkişafı daim dövlətimizin diqqət mərkəzindədir.
Dünyada davam edən qlobal çətinliklər fonunda ölkəmizdə kənd təsərrüfatının inkişafı ilk növbədə əhalinin ərzaq təhlükəsizliyinin tam yerli istehsal hesabına təmin edilməsi baxımından böyük önəm daşıyır. Son illərdə ölkəmizdə ərzaq təminatının daxili istehsal hesabına təmin olunması istiqamətində davamlı tədbirlər həyata keçirilmiş, bu sahədə mükəmməl normativ-hüquqi baza yaradılmışdır. Prezident İlham Əliyevin 25 avqust 2008-ci il tarixli müvafiq sərəncamı ilə “2008–2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” təsdiq edilmişdir
2014-cü il yanvarın 16-da isə dövlət başçısı “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalamışdır. Sənəddə respublikanın ərzaq təhlükəsizliyinə yönəldilmiş dövlət proqramının icrası sahəsində əlavə tədbirlərin görülməsi, kənd təsərrüfatı ixracının artırılması, aqrar sahədə istehsalçıların və istehlakçıların maraqlarının qorunması, ərzaq bazarının səmərəli fəaliyyətinin təşkili ilə bağlı qarşıya mühüm vəzifələr qoyulmuşdur.
Ərzaq təminatında misilsiz rolu olan taxılçılıq hazırda intensiv metodlarla inkişaf etdirilir. Ölkənin etibarlı ərzaq təminatına nail olunmasında taxılçılıq strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyev ölkəmizdə taxıla olan tələbatın daxili istehsal hesabına ödənilməsinin perspektivdə 100 faizə çatdırılması ilə bağlı qarşıda önəmli vəzifə qoymuşdur: “Azərbaycana hər il bir milyon tondan çox taxıl, buğda gətirilir. Ona görə indi yeni layihələr işə düşür və çalışmalıyıq ki, biz özümüzü 100 faiz səviyyəsində taxılla təmin edək. Bu, mümkündür”. Kənd Təsərrüfatı Nazirliyi əminliklə bildirmişdir ki, intensiv metodlarla məhsuldarlığı artırmaqla, ölkədə taxıl istehsalını əhəmiyyətli dərəcədə genişləndirmək mümkündür. Bunun üçün respublika üzrə əkin sahəsini 700-800 min hektara, məhsuldarlığı isə 4-4,5 tona çatdırmaq kifayətdir.
Respublikamızın regionlarında taxılçılıq sahəsində dünya miqyasında qabaqcıl təcrübənin tətbiqi, o cümlədən də iri fermer təsərrüfatlarının yaradılması uğurla həyata keçirilir. Ölkənin müxtəlif bölgələrində iri fermer təsərrüfatlarının yaradılmasına Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bir neçə il bundan qabaq start verilib. Dövlət Torpaq Fondunun hesabına iri fermer təsərrüfatlarının yaradılması respublikamızda kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasını stimullaşdırmaq və əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədi daşıyır. Aparılan uğurlu aqrar siyasət, dövlət tərəfindən fermerlərə göstərilən dəstək, subsidiyaların verilməsi, texnika və gübrələrlə təminat kənd təsərrüfatının, o cümlədən taxılçılığın inkişafına xidmət edir.
Bölgələrdə taxılçılıqla məşğul olan fermerlər dövlətin fəal dəstəyindən yararlanaraq ölkəmizin ərzaq təhlükəsizliyinə öz töhfələrini verir, intensiv becərmə texnologiyalarının tətbiqi ilə hər hektarın məhsuldarlığının yüksəldilməsi hesabına taxıl istehsalını ilbəil artırırlar.
Respublikamızda 2014-cü ildə 2,3 milyon ton, 2015-ci ildə isə 2,7 milyon ton taxıl istehsal olunmuşdur. Ötən taxıl yığımı mövsümündə respublika üzrə 927,4 min hektar sahədə biçin böyük uğurla başa çatdırılmış, 2,8 milyon ton taxıl yığılmışdır. Bu il daha yüksək nəticələr qeydə alınır. Hazırda istehsal edilmiş taxılın satışında və ayrı-ayrı dəyirmanlar tərəfindən tədarükündə heç bir problem müşahidə olunmur. Proqnozlara görə, cari ildə ölkədə tədarük olunan taxılın həcmi 3 milyon ton həcmində olacaq.
2008--2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramına uyğun olaraq, atılan addımlardan biri də müasir taxıl anbarı komplekslərinin yaradılmasıdır. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu taxıl məhsullarının saxlanılması üçün ümumi tutumu 352 min tona yaxın olan 23 taxıl anbarı kompleksinin yaradılmasına 191,8 milyon manat kredit verib. Bu istiqamətdə tədbirlər Qarabağ bölgəsində də uğurla həyata keçirilməkdədir.
Taxıl istehsalının artırılmasında məhsuldar, yerli iqlim şəraitinə və xəstəliklərə davamlı toxumların istehsalı və səpin zamanı bundan istifadə olunması böyük əhəmiyyət kəsb edir. Taxıl istehsalçılarının yüksək reproduksiyalı toxumlarla təmin edilməsində dövlət və özəl toxumçuluq təsərrüfatlarının rolu böyükdür. Toxumçuluğun inkişafına dövlət tərəfindən son illərdə göstərilən dəstək bu sahəyə marağı artırıb, istər orijinal, super elit və elit, istərsə də 1-ci və 2-ci reproduksiyalı toxumların istehsalının genişləndirilməsi imkanları yüksəlib. Görülən tədbirlər nəticəsində taxıl toxumuna olan tələbat əsasən daxili istehsal hesabına təmin edilir.
Yeri gəlmişkən, qeyd edək ki, yeni taxıl sortlarının yaradılması və toxumçuluğun inkişafı məhsuldarlığın artmasına müsbət təsir göstərir. Aparılan toxumçuluq siyasətinin əsas məqsədi daxili toxum bazarını keyfıyyətli, yüksək məhsuldar bitki sortlarının toxumları və tingləri ilə təmin etməkdən ibarətdir. "Toxumçuluq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Nazirlər Kabineti tərəfindən təsdiq olunan kvota əsasında elmi tədqiqat və digər müvafıq strukturların təcrübə təsərrüfatlarında tələb olunan miqdarda orijinal, superelit və elit toxumlarına çəkilən xərclər dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. 2007-ci ildən başlayaraq 1-ci və 2-ci reproduksiyalı toxumlar və ting istehsalına görə dövlət büdcəsinin vəsaiti hesabına subsidiya verilir. Bu tədbir respublikanın regionlarmda toxumçuluq və tingçilik işlərinin genişləndirilməsi, kənd təsərrüfatı bitkilərinin toxumlarının və tinglərinin artırılması, toxumçuluq təsərrüfatlarının maddi-texniki bazalarının yaxşılaşdırılması istiqamətində öz müsbət təsirini göstərir.
Azərbaycan Prezidentinin 2 mart 2015-ci il tarixli sərəncamı ilə yaradılan Dövlət Toxum Fondu məhsul istehsalçılarını keyfiyyətli toxumla təmin etmək, dövlətin beynəlxalq müqavilələrini yerinə yetirmək, habelə təbii fəlakətə məruz qalmış bölgələrə köməklik göstərmək funksiyalarını həyata keçirir. Bu fəaliyyətlərin təmin olunması məqsədilə respublikada dövlət reyestrinə daxil edilmiş bitki sortlarının toxumları dövlət, yerli və sığorta fondlarına tədarük olunur. Bu da əhalinin ərzaq təhlükəsizliyinin təmin olunmasında vacib amildir.
Son illərdə Qarabağ bölgəsində onlarla yeni toxumçuluq təsərrüfatları yaradılmış və müasir kənd təsərrüfatı texnikası ilə təmin olunmuşdur. Belə müəssisələrdən biri 2015-ci ilin oktyabrında Beyləqan və Füzuli rayonları ərazisində yaradılmış “Kraun KO-1” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Tərtər rayonunda yaradılan “Tərtər” MMC özəl toxumçuluq təsərrüfatında isə buğdanın “Azəri”, “Murov 2”, “Qırmızı gül”, “Şəfəq 2” sortları, arpanın “Qarabağ 22”, “Qarabağ 33” sortları becərilir. Tirəli və adi səpin texnologiyaları əsasında becərilən taxıl sahələrindən bol məhsul əldə edilir. İstehsal olunan yüksək reproduksiyalı taxıl təmizlənərək çeşidlənir, laboratoriya müayinəsindən keçirilərək, dərmanlanır, kisələrə yığılaraq fermerlərə satılır.
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasında dənli bitkilərin seleksiyası, toxumçuluq və becərmə texnologiyası istiqamətlərində üç şöbə fəaliyyət göstərir. Stansiyanın fəaliyyətinin məqsədi Qarabağın suvarma zonası üçün məhsuldar və xəstəliyə davamlı sortların yaradılması, yüksək reproduksiyalı toxum istehsalıdır. Respublikada əkilib-becərilən yumşaq buğdanın “Zirvə 85”, “Tale 38”, “Qırmızı gül”, “Əzəmətli 95”, “Aran”, “Azəri”, “Murov 2”, “Əkinçi 84”, bərk buğdanın “Bərəkətli 95”, “Qarabağ”, arpanın “Qarabağ 22”, “Qarabağ 33” sortları Elmi-Tədqiqat Əkinçilik İnstitutunun əməkdaşlarının iştirakı ilə Tərtər Bölgə Təcrübə Stansiyasında yetişdirilmişdir.
Bu toxumlar Kənd Təsərrüfatı Nazirliyinin bölgüsü əsasında respublikada fəaliyyət göstərən dövlət və özəl toxumçuluq təsərrüfatlarına, həmçinin fermerlərə verilir.
Respublikada taxıla olan tələbatı daxili istehsal hesabına tam ödəmək üçün qarşıya qoyulan hədəf məhsuldarlığın yüksəldilməsidir. Odur ki, toxumçuluq təsərrüfatlarında intensiv texnologiyaların (tirəli səpin, sıfır becərmə və minimal becərmə) tətbiqinə geniş yer verilir. Rəhbərlik etdiyim “Azərtoxum” MMC toxumçuluq müəssisəsi də taxılçılıqla məşğul olan fermerlərin yüksək reproduksiyalı toxumla təmin edilməsində mühüm rol oynayır. İnşasına 2009-cu ilin iyununda başlanmış bu müasir toxumçuluq mərkəzi 80 tonluq qapandan, tutumları 1000, 1500 və 2500 ton olan 12 anbardan, toxum laboratoriyasından, təmir sexindən, yanacaqdoldurma məntəqəsindən və evlərdən ibarətdir.
Prezident İlham Əliyevin iştirakı ilə 2010-cu ildə Yevlaxda istifadəyə verilən müəssisə taxılçılıqla məşğul olan fermerlərin yüksək reproduksiyalı toxumla təmin edilməsində mühüm rol oynayır. Müxtəlif növ dənli bitki toxumlarının istehsalı və hazırlanması ilə məşğul olan müəssisənin yaradılmasında əsas məqsəd rayonlaşdırılmış sortlar, super elit və yüksək məhsuldar toxum hazırlamaq və taxılçılıqla məşğul olan fermerləri keyfiyyətli toxumla təmin etməkdir.
Ölkəmizdə toxumçuluğun daha da inkişaf etdirilməsi, taxıl istehsalçılarının yüksək reproduksiyalı toxumlarla təmin olunması istiqamətində fəaliyyətini 7 ildir ki, uğurla davam etdirən “Azərtoxum” MMC toxumçuluq müəssisəsi respublikanın ərzaq təhlükəsizliyinin təmin edilməsinə layiqli töhfəsini verir. Burada dünyanın ən mükəmməl və modern sistemləri, texnologiya, maşın və avadanlıq tətbiq edilir. Müəssisənin 281 ən müasir kənd təsərüffatı texnikası var.
Bu müasir toxumçuluq mərkəzi mövsüm ərzində 20--25 min hektar sahədə əkin və becərmə aparmağa, 60 min ton toxum istehsal etməyə və əkinə hazırlamağa imkan verir. 110 nəfər işçi heyəti toxum hazırlığı prosesini yüksək standartlar səviyyəsində aparır. Müəssisədə toxumların təmizlənməsi, paketlənməsi, sertifikatlanması həyata keçirilir. Toxumçuluq idarəsinin laboratoriyası da burada qurulub. Kənd Təsərrüfatı Nazirliyi işimizi xüsusi diqqətdə saxlayır, toxumçuluğun inkişaf etdirilməsi üçün vaxtaşırı mütəxəssis, texnika, gübrə və s. baxımdan lazımi köməklik göstərir.
Əvvəlki illərdə müəssisə 5--6 min hektar sahədə orta hesabla 20--22 sentner məhsul yetişdirirdi. Bu mövsümdə isə fəaliyyətimizi daha da genişləndirmişik. Tərtər, Şəmkir, Kürdəmir , Yevlax, Sabirabad, Göyçay, Qəbələ, Şəki, Zaqatala, Qax, Balakən və İsmayıllı rayonları ərazisində 10 min hektarda taxıl, 1500 hektarda qarğıdalı, 100 hektada soya əkilmişdi. Artıq taxıl biçini yekunlaşmış və hər hektardan 30 sentner olmaqla, 30 min tona yaxın yüksək reproduksiyalı toxum tədarük edilmişdir.
Gələcəkdə əkin sahələrinin artırılaraq 50 min hektara çatdırılması nəzərdə tutulur. Toxum seçimində yüksək məhsuldarlığı ilə fərqlənən “Qarabağ-22”, “Krasnodar-99”, "Tanya", "Şəki-1", "Azəri", "Aran", "Əzəmətli", “Əzəmətli-95” və s. sortlara üstünlük veririk. Kollektivimizin taxılçılıqla məşğul olan fermerlərlə işgüzar əlaqələri formalaşıb. Onlara toxumların növləri barədə məlumat verilir, əkindən biçinə qədər texnoloji proses izah edilir. Müqavilə bağlanmış fermerlər keyfiyyətli toxumla təmin edilir . Bugünlərdə fermerlərə toxum paylanışına başlanacaq.
Əminliklə demək olar ki, toxumçuluğun daha da inkişaf etdirilməsi, taxıl istehsalçıılarının yüksək reproduksiyalı toxumlarla təmin olunması istiqamətində fəaliyyətini uğurla davam etdirən “Azərtoxum” MMC toxumçuluq müəssisəsi ölkəmizin ərzaq təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsində üzərinə düşən məsul vəzifəni şərəflə yerinə yetirəcəkdir.
Məzahir QASIMOV,
Azərtoxum MMC-nin icraçı direktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.