Azərbaycanda aqrar sektorun inkişaf etdirilməsi dövlət siyasətinin prioritetlərindəndir

Ölkəmizdə post-neft dövrünün tələblərinə uyğun olaraq qeyri-neft sektorunun şaxələndirilməsi, xüsusən aqrar sektorun inkişaf etdirilməsi dövlət siyasətinin prioritetlərindən birini təşkil edir. Hazırda qarşıda emal müəssisələri şəbəkəsinin inkişaf etdirilməsi, fermer təsərrüfatlarının maddi-texniki bazasının gücləndirilməsi, xidmət servislərinin yaradılması, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, eləcə də ixracın artırılması kimi mühüm vəzifələr dayanır.

Onu da deyim ki, kənd təsərrüfatı sahəsində sadalanan tədbirlərin reallaşdırılması artıq öz bəhrəsini verməkdədir. Prezident İlham Əliyevin idxaldan asılılığın azaldılmasına və qeyri-neft məhsullarının ixracının genişləndirilməsinə dair tapşırıqları da uğurla yerinə yetirilir. O cümlədən, aqrar sektorun istər ixrac, istərsə də məşğulluq sahəsində böyük potensialından getdikcə daha səmərəli istifadə olunur. Bu sıraya torpaqlardan səmərəli istifadə, ekoloji təmiz məhsulların istehsalı, ixracın şaxələndirilməsi, “Made in Azerbaijan” brendi ilə xarici bazarlara çıxış kimi amilləri əlavə etsək, göz önündə müasir aqrar-sənaye kompleksinin aydın mənzərəsi yaranacaq.

Cənab İlham Əliyevin Balakən, Zaqatala və Qax rayonlarına səfəri də bir daha göstərdi ki, ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasını iqtisadi strategiyanın əsas hədəflərindən biri hesab edən dövlətimiz aqrar sahədə istehsal imkanlarının daha da yaxşılaşdırılması üçün davamlı addımlar atır. Həyata keçirilən islahatlar, aqrar sektora dövlət dəstəyi, imzalanan fərman və sərəncamlar, qəbul edilən qanun və qərarlar kənd təsərrüfatında ciddi inkişaf dinamikasına, mühüm kəmiyyət və keyfiyyət dəyişikliklərinə səbəb olur.

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 3-də Zaqatalada “AzRose” MMC-nin tikintisi davam edən qızılgül yağı istehsalı müəssisəsi ilə tanışlığı zamanı bildirib ki, respublikamızda ənənəvi kənd təsərrüfatı sahələri bərpa edilir, o cümlədən tütünçülük, baramaçılıq, fındıqçılıq geniş vüsət alıb. Respublikamızda gələcək illərdə dövlət proqramlarının qəbulu və icrası nəticəsində əkin sahələri böyük dərəcədə artırılacaq və beləliklə, çox güclü kənd təsərrüfatı potensialı yaradılacaq.

Yeri gəlmişkən, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nda da güclü kənd təsərrüfatı potensialı yaradılması qarşıya mühüm vəzifə kimi qoyulub. Adıçəkilən sənəddə bildirilir ki, kənd təsərrüfatı kooperativlərinin fəaliyyəti üçün ilkin hüquqi baza mövcud olsa da, aqrar sahədə kooperasiya zəif inkişaf edib. Fermerlərin fərdiyyətçiliyə üstünlük verməsi, kooperasiya hərəkatı üçün istehsalçıların təşəbbüskarlıq göstərməməsi, iqtisadi mexanizmlərin birgə təsərrüfatçılıq formasını yetərincə stimullaşdırmaması və bu sahədə xüsusi pilot layihələrin həyata keçirilməməsi, torpaqların xırda hissələrə bölünərək pərakəndə yerləşməsi, kooperasiya barədə biliklərin azlığı və onun üstünlüklərinin geniş təbliğ olunmaması, aqrar informasiya sisteminin zəif qurulması kənd təsərrüfatı kooperativlərinin inkişafını ləngidib. Ona görə də proqramın məqsədi kənd təsərrüfatı məhsulları istehsalçılarının birgə təsərrüfatçılıq fəaliyyətini təşviq etmək, könüllülük əsasında kənd təsərrüfatı kooperativlərinin təşkilinə əlverişli şərait yaratmaq, kooperativlərin dayanıqlı fəaliyyətini reallaşdırmaq, həmçinin aqrar sahədə kooperasiyanın formalaşmasına və inkişafına dəstək verməkdir.

Xatırladım ki, Dövlət Proqramının icrası kooperasiya hərəkatının geniş yayılmasına, kənd təsərrüfatının inkişafı istiqamətində qarşıya qoyulmuş məqsədlərə nail olunmasına imkan yaradacaq. Proqram çərçivəsində görülən işlər kənd yerlərində birgə təsərrüfatçılıq formalarının inkişafına təkan verməklə yanaşı, kooperativ üzvlərinin gəlirlərinin artmasına, həmin təsərrüfatlara investisiyaların cəlb edilməsinə gətirib çıxaracaq. Bu da kəndlərdə yaşayan əhalinin sosial rifah halının yüksəlməsinə, məşğulluq səviyyəsinin artmasına səbəb olacaq.

Azərbaycan Prezidentinin Balakən, Zaqatala və Qax rayonlarına səfəri zamanı bir məqam da özünü qabarıq büruzə verdi. Bu da təsərrüfatların maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı idi. Qeyd edim ki, respublikada bu məsələnin diqqət mərkəzində saxlanılmasının nəticəsidir ki, hazırda aqrar sektorda istehsalın həcmi dinamik şəkildə artır.

Fikrimin təsdiqi kimi, bir neçə faktı diqqətə çatdırmaq istərdim. Belə ki, son 11 il ərzində “Aqrolizinq” ASC-nin xətti ilə 1869 taxılyığan kombayn, 94 pambıqyığan kombayn, 8636 traktor və 17483 digər texnikalar alınaraq, istehsalçılara xidmət üçün rayonlardakı aqrotexniki servis mərkəzlərinə verilib və ya lizinq yolu ilə sahibkarlara satılıb.

“Aqrolizinq” ASC-nin fəaliyyət göstərdiyi 12 illik dövrdə alınan kənd təsərrüfatı texnikasının 40 faizi, o cümlədən taxılyığan kombaynların 36,2 faizi, pambıqyığan kombaynların 100 faizi, traktorların 42 faizi və digər texnikaların 39 faizi son iki ilin  payına düşüb. Bununla da son bir neçə ildə fermerlərin kənd təsərrüfatı texnikası ilə təminat məsələsi köklü şəkildə həll olunub, texnika çatışmazlığı problemi aradan qalxıb. Həmçinin 2016-cı ildə gübrə və pestisidlərdən istifadənin səviyyəsi 2013-cü illə müqayisədə təqribən 2 dəfə artıb.

Bu gün tam əminliklə demək olar ki, kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq məqsədilə atılan addımlar artıq öz müsbət nəticəsini verməkdədir. Kənd təsərrüfatı məhsulları istehsalının getdikcə artması, ərzaq məhsullarının keyfiyyətinin daha da yüksəlməsi, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşması, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi məhz bunun bariz ifadəsidir.

Əli NURİYEV,
AMEA-nın müxbir üzvü,
Əməkdar elm xadimi, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında