Bölgələrdə aqrar sektorun inkişafı həm də əhalinin sosial şəraitini yaxşılaşdırır

Son illərdə kənd təsərrüfatının inkişafında mühüm göstəricilər əldə edilib. Bölgələrdə müasir infrastruktur qurulub, kəndlərarası avtomobil yollarının şəbəkəsi genişləndirilib, aqrar sahədə ixrac potensialının artırılması məqsədilə müasir aqroparklar və iri fermer təsərrüfatları qurulub.

Kənd təsərrüfatı istehsalçıları üçün bir sıra güzəştlər müəyyənləşdirilib. Onlara güzəştli şərtlərlə kredit, toxum,  lizinq yolu ilə gübrə, texnika, damazlıq mal-qara, əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq üçün subsidiya almaq imkanı yaradılıb. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad ediliblər.  

Azərbaycan Prezidenti İlham Əliyevin Balakən, Qax və Zaqatala rayonlarına səfəri çərçivəsində kənd təsərrüfatı istehsalçıları ilə keçirdiyi görüşlərdə bir daha aydın oldu ki, respublikamızda reallaşdırılan aqrar islahatlar nəticəsində bu sahənin dinamik inkişafına əlverişli zəmin yaradılıb. Eyni zamanda, kənd təsərrüfatının yüksək tərəqqisinə dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin və institusional dəyişikliklərin müəyyənləşdirilməsi sayəsində aqrar sektorda keyfiyyətcə yeni mərhələ başlanıb.

Bu mərhələ üçün xarakterik olan bir neçə göstəriciyə nəzər salaq. Aqrar sahənin intensiv metodlarla inkişafının stimullaşdırılması hesabına əksər kənd təsərrüfatı məhsulunun istehsal həcminin artım sürəti ölkədə kənd əhalisinin sayının artım sürətini dəfələrlə üstələyib. Bitkiçilikdə istehsalın artımı əlavə əkin sahələrinin dövriyyəyə cəlb edilməsi sürətindən yüksək olub. Mal-qaranın baş sayı 21 faiz artdığı halda, ət istehsalında artım 46,4 faiz, süd istehsalında isə 53 faiz olub.

Burada diqqəti bir məqama da yönəltmək istərdim. Respublikada kənd təsərrüfatı texnikasının dəyərinin 40 faizinin dövlət tərəfindən ödənilməsi, güzəştlə satılan mineral gübrələrin həcminin hər hektar üzrə 50 manatdan 80 manata qədər artırılması məhsulun maya dəyərini əhəmiyyətli dərəcədə aşağı salmaqla bərabər, gəlirlərin yüksəlməsinə və investisiya imkanlarının genişlənməsinə müsbət təsir göstərib.  

Son illərdə müasir quşçuluq və heyvandarlıq komplekslərinin, intensiv bağçılıq və üzümçülük təsərrüfatlarının, logistik mərkəzlərin və taxıl anbarları kompleksinin yaradılması da aqrar sektorda canlanmaya, istehlak bazarının sabitləşməsinə, ixrac potensialının artmasına, idxaldan asılılığın azalmasına, ümumilikdə ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə səbəb olub. Fikrimin təsdiqi kimi, diqqəti bir fakta yönəltmək istərdim. Ölkə Prezidentinin tapşırığına əsasən, rayonlarda 40 min hektardan artıq sahədə 30-dan çox iri fermer təsərrüfatı yaradılıb, 40 min hektar yeni torpaq sahəsi dövriyyəyə buraxılıb. Əlbəttə, bu, məhsul istehsalında artıma təsirsiz ötüşməyib.

Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Bu baxımdan, möhtərəm dövlət başçımızın respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı məqsədilə vaxtaşırı verdiyi tapşırıqlar, tövsiyələr, imzaladığı fərman və sərəncamlar, dövlət proqramları bundan sonra da  Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsində müstəsna əhəmiyyət kəsb edəcək, əhalinin sosial  durumuna öz müsbət təsirini göstərəcək.

Qafar İSMAYILOV,
kənd təsərrüfatı üzrə
fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında