Pambıqçılığın inkişafında yeni mərhələ başlanır

Dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması əksər şirkətlərin, bir sıra dövlətlərin iqtisadi gücünü zəiflətsə də,  respublikamlız bir o qədər də ciddi problemlərlə üzləşməmişdir. Son illər qeyri-neft sektorunun, xüsusilə ölkəmizə daha çox valyuta gətirən kənd təsərrüfatı məhsullarının istehasalının artırılması iqtisadiyyatımızın möhkəmləndirilməsində böyük rol oynamışdır. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da bu məsələ xüsusi vurğulanmışdır. Dövlətimizin başçısı qeyd etmişdir ki, qeyri-neft sahəsində iqtisadiyyatımız altı ayda 1,7 faiz artıb. Bu, çox yaxşı göstəricidir.

Sosial məsələlərin həlli ilə bağlı ölkədə çoxsaylı dövlət proqramları, böyük layihələr həyata keçirilmiş və bu gün də həmin proses davam etdirilir. Belə  mühüm sənədlərdən biri də Prezident İlham Əliyevin 13 iyul 2017-ci il tarixli sərəncamı ilə  təsdiqlənmiş “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı"dır. Pambıqçılıq ölkəyə daha çox valyuta gətirən kənd təsərrüfatı məhsullarındandır. Keçən ildən başlayaraq, respublikamızda pambıqçılığa çox böyük dövlət dəstəyi göstərilir.

Dövlət proqramının pambıqçılığın inkişafındakı rolu və kənd təsərrüfatının bu zəruri sahəsinin inkişafına göstərəcəyi  təsir barədə  məlumat əldə etmək üçün “CTS Aqro” MMC-nin Saatlı rayonundakı pambıq zavodunun direktoru Qismətəli Mirzəyevə müraciət etdik.

– Mən dövlət proqramını bənd-bənd, sətirbəsətir oxudum. Bir daha əmin oldum ki,  dövlətimizin başçısı pambıqçılığın əvvəlki şöhrətini qaytarmaq üçün bütün imkanlardan istifadə edir. Yeni proqram Azərbaycanda pambıqçılığın inkişaf etdirilməsi, bu sahədə ixrac potensialının artırılması və kənd əhalisinin məşğulluğunun təmin edilməsi məqsədi ilə təsdiqlənib. Bununla yanaşı, Azərbaycanda pambıqçılığın inkişafı sahəsində qarşıya qoyulan vəzifələrin reallaşdırılması üçün maliyyələşmə mənbələri də sənəddə öz əksini tapıb. Dövlət proqramında qarşıya qoyulan məqsədə çatmaq üçün bir sıra vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur. Həmin vəzifələri yerinə yetirəcək əlaqədar təşkilatlar da artıq müəyyənləşdirilib. Qarşıya qoyulan vəzifələr  sırasına  pambıqçılığın inkişaf etdirilməsi üzrə zəruri tədbirlərin həyata keçirilməsi və bu sahədə fəaliyyəti tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi daxildir. Bunlarla yanaşı,  kadr potensialının daha da gücləndirilməsi, pambıq istehsalı və emalı sahəsində ən müasir texnologiyaların tətbiqinin dəstəklənməsi, pambıq istehsalçıları ilə emal müəssisələri arasında səmərəli iqtisadi əlaqələrin qurulması kimi mühüm məsələlər də əsas vəzifələrdəndəndir.

Q.Mirzəyev qeyd etdi ki, son illər dövlət başçısının göstərişi ilə  pambıqçılığın inkişafı, əkin sahələrinin, məhsul istehsalının artırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Pambıqçılıqla bağlı iki müşavirənin keçirilməsi də bunun nəticəsidir. Bu müşavirələrin keçirilməsi özlüyündə pambıq istehsalçılarına dövlət dəstəyinin təzahürüdür. Bununla yanaşı, həm fermerləri, həm də vətəndaşları pambıq əkininə həvəsləndirmək üçün  pambığın alış qiyməti keçən il 41 qəpikdən 50 qəpiyə qaldırılmışdır. Bundan başqa, 10 qəpik də subsidiya verilir. Xatırladım ki, “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 sentyabr 2016-cı il tarixli sərəncamı ilə ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, pambıq istehsalına əhalinin marağının artırılması və sosial rifahının daha da yaxşılaşdırılması məqsədi ilə emal müəssisələrinə satılmış hər kiloqram xam pambığa görə pambıq istehsalçılarına 0,1 manat subsidiya nəzərdə tutulur.

Vətəndaşların  hər gün topladıqları məhsulun pulunu tarla başında almaları bu sahəyə çox böyük maraq yaradıb.  Dövlət başçısının pambıq istehsalçılarına göstərdiyi bu qayğı strateji əhəmiyyətli kənd təsərrüfatı sahəsinin inkişafında əsaslı dönüş yaratdı. Axı, pambıqçılığın Azərbaycanda qədim ənənələri olub. Xalqımız uzun müddətdir ki, pambıqçılıqla məşğul olub və insanlarımız  özlərinə yüksək səviyyəli həyət-baca, ev-eşik qurub, dövlət mükafatları, orden və medallar alıblar.

Pambıqçılığın ən sürətli və uğurlu inkişaf dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1970-ci illərdə və eyni zamanda, 1980-ci illərin əvvəllərində Azərbaycanda pambıqçılıq sürətlə inkişaf edib. Bunu statistik məlumatlar da təsdiqləyir. Ulu öndərin  respublikamıza rəhbərliyi dövründə Azərbaycanda pambıq tədarükü bir neçə dəfə artıb. 1980-ci illərin əvvəllərində 800 min ton, hətta, 1 milyon tondan çox  pambıq tədarük edilmişdir. 

Azərbaycan müstəqiliyini bərpa etdiyi ilk illərdə digər sahələrdə olduğu kimi, pambıqçılıq da tənəzzülə uğradı. Ancaq ulu öndərin siyasi kursunu yüksək səviyyədə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı nəticəsində pambıqçılığın əvvəlki şöhrəti tədricən özünə qaytarılır. Bunu əkin sahələrinin ildən-ilə genişləndirilməsi də təsdiqləyir.

Pambığın əkilib – becərilməsində fermerlərə köməkdən və yığılmış məhsulun pulunun vaxtında verilməsindən söhbət salan Q.Mirzəyev dedi ki, bu sahədə çox ciddi dönüş yaradılıb. Bu iş şəffaf təşkil olunub. Buna görə “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri Məmməd Musayevə minnətdarıq. Çünki hər bir fermerin əkin sahəsi  mütəxəssislər tərəfindən diqqətlə yoxlanılır, görülən işlərin dəyəri hesablanılır və dərhal da pulu ödənilir. Bu işə heç kim müdaxilə edə bilməz. Fermerlərə köməyə gəlincə isə, “CTS Aqro” MMC-nin rəhbəri Zakir Əzimov bunu xüsusi nəzarətdə saxlayıb. Pambıq istehsalçıları əkin sahələrinin şumlanması üçün lazım olan texnika, toxumluq çiyidlə təmin olunur. Pambığın becərilməsində istifadə ediləcək kimyəvi preparatlar isə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə güzəştli qiymətlərlə verilir. Sahibkarlar becərmə üçün tələb olunan digər kimyəvi preparatlarla da təmin olunurlar.

Məlumat üçün bildirim ki, bu il respublikamızda 136 min hektar sahəyə yüksək keyfiyyətli çiyid toxumu səpilib. Ötən il isə cəmi 50 min hektar sahəyə pambıq əkilmişdi. Göründüyü kimi, ötən illə müqayisədə əkin sahələri 2,5 dəfə artırılıb. Ən çox pambıq əkilmiş sahə Saatlı rayonunun payına düşür. Yeri gəlmişkən, qeyd edim ki, son illər Saatlı rayonu respublikada ən çox pambıq istehsal edən rayondur. Bu işdə rayon rəhbərliyinin gərgin əməyi xüsusi qeyd olunmalıdır.

Pambıqçılıq ən çox gəlir gətirən və ən çox işçi tələb edən sahədir. Bu məhsulun xarici bazarlarda da müştərisi çoxdur. Dövlət başçımızın bu zəruri kənd təsərrüfatı məhsulunun istehsalının daha da artırılması istiqamətində həyata keçirdiyi tədbirlər və  bu sahəni əhatə edən dövlət proqramının qəbul edilməsi biz pambıqçıları daha böyük həvəslə işləməyə ruhlandırır. İnanıram ki, bu həvəs qarşıya qoyulan məqsədlərə çatmaqda böyük rol oynayacaq.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında