Prezident İlham Əliyev: Biz Azərbaycan dövlətinin və xalqın inkişaf etməsi, normal yaşaması üçün ardıcıl tədbirlər görürük

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların strateji hədəfləri sırasında sosialyönümlü siyasət əsas yer tutur. Sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması məqsədilə reallaşdırılan tədbirlər yoxsulluğun səviyyəsinin azaldılmasına, əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eləcə də ölkənin məşğulluq strategiyasının səmərəliliyinə müsbət təsir göstərir. Məhz bunun nəticəsidir ki, son 14 ildə ölkədə işsizlik və yoxsulluq 5 faizə düşüb, 1,5 milyondan artıq yeni iş yeri açılıb, üç mindən çox məktəb, altı yüzdən çox tibb ocağı tikilib və ya əsaslı şəkildə təmir edilib.

Ölkə əhalisinin bütün kommunal problemləri demək olar ki, həll olunub. Belə ki, 2400 meqavat  istehsal gücü olan 26 elektrik stansiyası istifadəyə verilib, bununla da respublikanın enerji təhlükəsizliyi tam təmin edilib. Qazlaşdırma 51 faiz səviyyəsindən 92 faizə qalxıb, 11 min kilometrdən çox avtomobil yolu tikilib. Bakıya yeni su xətti çəkilib, paytaxtın fasiləsiz su təminatı 80 faizə çatıb. Həmçinin regionlarda modul tipli sutəmizləyici qurğular quraşdırılıb, əhalinin içməli su ilə təminatı yaxşılaşdırılıb.   

Bütün bunlarla yanaşı, məcburi köçkünlər üçün 100-ə yaxın qəsəbə salınıb, 200 mindən çox məcburi köçkün yeni müasir mənzillərlə təmin edilib, beləliklə, Azərbaycanda bütün çadır şəhərcikləri ləğv olunub.  

Yuxarıda qeyd edilənlərlə bağlı Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ətraflı danışılıb. Bildirilib ki, hesabat dövründə sosialyönümlü tədbirlərin həyata keçirilməsi, onların maliyyə təminatı üzrə dövlətin siyasətinin prioritetliyi təmin edilib. Prezident İlham Əliyev deyib: “Azərbaycanda bütün sosial-iqtisadi məsələlər uğurla öz həllini tapır, ölkəmizdə təhlükəsizlik tədbirləri yüksək səviyyədədir. Azərbaycan bu bölgədə və dünyada sabitlik məkanı kimi tanınır. Əlbəttə ki, belə bir şəraitdə həm investisiyaların qoyuluşu üçün maraq göstərilir, eyni zamanda, xalqımız rahat yaşayır, əhalimizin rifah halı yaxşılaşır. Azərbaycan xalqı öz gələcəyini təhlükəsizlik, əmin-amanlıq şəraitində qurur”.

Azərbaycanda həyata keçirilən sosialyönümlü siyasətdən danışarkən, əvvəlcə bir məqama toxunmaq istərdik. Müstəqilliyinin ilk günlərindən dövlətimizin qarşısında duran vəzifələrdən biri qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli olub. Bu təbəqədən olan insanlara sistemli, məqsədyönlü dövlət qayğısı məhz ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirilməyə başlanıb.

Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yönələn tədbirlər bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində uğurla davam etdirilir. Ölkə rəhbərliyinin bu qəbildən olan insanlara xüsusi diqqət və qayğısının nəticəsidir ki, qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olan insanların həyat səviyyəsi, mənzil-məişət şəraitləri əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Ölkəmiz MDB, eləcə də Avropa məkanında qaçqın və məcburi köçkünlərin sayına görə ilk yerlərdə qərarlaşır. Buna baxmayaraq, Azərbaycan bu kateqoriyadan olan insanların həyat səviyyəsinin yaxşılaşdırılması baxımından ən fəal siyasət yürüdən və yüksək nəticələr əldə edən ölkədir.

Cənab İlham Əliyev hələ 2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınan yeni qəsəbələrdə keçirərkən bir dənə də olsun çadır düşərgəsinin qalmayacağını bəyan etmişdi. 2006-cı ildə Bərdə və Ağcabədi rayonlarındakı 4 çadır düşərgəsinin, 2007-ci ilin dekabrında isə Saatlı və Sabirabad rayonları ərazisindəki 3 çadır düşərgəsinin ləğvi   təmin edilərək, Prezident İlham Əliyevin tapşırığı vaxtından bir il əvvəl yerinə yetirildi.

Nazirlər Kabinetinin sonuncu iclasında dövlətimizin başçısı deyib: “Məcburi köçkünlərin problemləri həmişəki kimi bu il də diqqət mərkəzində olubdur. Son illər yüzə yaxın qəsəbə salınmışdır. Ancaq onların arasında bu il açdığımız Cocuq Mərcanlı qəsəbəsi xüsusi yer tutur. Bu, tarixi hadisədir. Bu, bizim şanlı tariximizə qızıl hərflərlə yazılan hadisədir. Biz işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndini bərpa etdik. Orada 50 ev, məktəb, Şuşa məscidinin bənzəri olan məscid tikilib, yol çəkilib, bütün ­infrastruktur yaradılıb. Ailələr oraya qayıdır. Açılışdan sonra mən növbəti sərəncam imzaladım. Növbəti 100 evin, tibb məntəqəsinin və digər lazımi obyektlərin tikintisi üçün də vəsait ayrılmışdır. Əminəm ki, gələcək aylarda Cocuq Mərcanlı kəndi tam bərpa ediləcək və bu kəndə həyat tam qayıdacaqdır.

Digər layihələr icra edilir. Tərtər rayonunda böyük şəhərcik salınır. Sumqayıt və Bakı şəhərlərində həm yeni şəhərciklər tikilir, həm köçkünlər üçün mənzillər alınır və onlara verilir. Masazırda, Sumqayıtda, Qaradağ rayonunda belə təşəbbüslər irəli sürülür. Onların arasında Qaradağ layihəsini xüsusilə qeyd etmək istərdim. Çünki bu, bir yenilikdir, yeni təşəbbüsdür. Bu, özəl sektor tərəfindən inşa edilən böyük şəhərcikdir. Orada min köçkün ailəsi məskunlaşacaq və bu, çox gözəl nümunədir”.

Azərbaycan iqtisadiyyatında əldə olunan uğurların son nəticədə sosial ədalət prinsiplərinin möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayan dövlət başçısı İlham Əliyev sosial sahədə həyata keçirilən ciddi proqramların mahiyyətini izah edərək deyib: “...Əlbəttə ki, ­bütün bu məsələlərin həll edilməsi bir daha bizim dövlətimizin siyasətini, niyyətini ortaya qoyur. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Ona görə sosial məsələlərin həlli daim diqqət mərkəzindədir. Bu il bu məsələlərlə bağlı ciddi addımlar atılmışdır. Beş milyondan çox insan bu il pulsuz müayinədən keçmişdir. Bilmirəm, hansı ölkədə belə bir təşəbbüs var ki, insanlar, əhalinin böyük əksəriyyəti il ərzində pulsuz müayinədən keçsin.

Sosial infrastruktur obyektlərinin tikintisi aparılmışdır və aparılır. Birinci altı ayda 26 tibb müəssisəsi tikilmiş və təmir edilmişdir. İyirmidən çox modul tipli məktəb tikilmişdir. İlin sonuna qədər onların sayı 100-ə çatmalıdır. Yəni, sosial infrastruktur məsələlərinin həlli daim diqqət mərkəzindədir... Bu il 122 min yeni iş yeri açılmışdır ki, onlardan 101 mini daimi iş yeridir. Onu da qeyd etməliyəm ki, 24 min iş yeri bağlandı. Bunun da həm obyektiv, həm də subyektiv səbəbləri var. Bu, əslində daimi prosesdir. Ancaq biz rəqəmlərə baxanda, – 122 min iş yeri açılıb, 24 min iş yeri isə bağlanıb, – əlbəttə, görürük ki, yenə də iş yerlərinin açılması prosesi uğurla gedir. Ona görə də bizdə işsizlik aşağı səviyyədədir”.

Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması tədbirləri çərçivəsində Azərbaycan Prezidentinin müvafiq sərəncamına əsasən, cari ilin ötən aylarında 100 yaşayış məntəqəsində modul tipli qurğuların quraşdırılması məqsədi ilə bütün layihələndirmə işləri başa çatdırılıb. Hazırda 47 obyekt üzrə tikinti işləri həyata keçirilir. Bu işlər tamamlandıqdan sonra ümumilikdə 484 yaşayış məntəqəsində keyfiyyətli içməli su ilə təmin edilən əhalinin sayı 700 mini keçəcək.

İnşaat sektorunda böyük canlanma müşahidə olunur. İndi Bakıda 100-dən çox hündürmərtəbəli bina tikilir. Qəzalı binaların yerində yeni evlər ucaldılır. Onların sayı 80-ə yaxındır. Bu, şəhərimizi daha da gözəlləşdirir, abadlaşdırır. Yararsız, qəzalı binalardan vətəndaşlar köçürülür. Müvəqqəti olaraq onlara kirayə pulu verilir. Tikiləcək yeni binalarda onlara daha da böyük ölçüdə mənzillər veriləcək. Həmin qəzalı binaların hər birinin yerində tikilən binanın birinci mərtəbəsində uşaq bağçası da nəzərdə tutulur. Bu, dövlət başçısının xüsusi göstərişidir. 

Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq görülən böyük quruculuq işləri vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına, onların qayğı və problemlərinin həllinə, cəmiyyətdə mənfi halların kökünün kəsilməsinə, vətəndaşların gündəlik tələblərinin yerinə yetirilməsinə şərait yaradır. Eyni zamanda, dövlət orqanlarında və idarələrində vətəndaş müraciətlərinə daha diqqətlə yanaşılması, dövlət məmurlarının onlara qayğısının artırılması, hər bir vətəndaşın dövlətin və cəmiyyətin mövcud imkanlarından daha yaxşı bəhrələnməsi təmin edilir.

Dövlətimizin başçısı mütəmadi olaraq görüşlərində vətəndaşları narahat edən problemlərə xüsusi diqqət yetirir, bəzi mənfi hallar barədə daha təsirli tədbirlər görülməsini tələb edir. Nazirlər Kabinetinin sonuncu iclasında qeyd edilən məsələyə də toxunulub. Azərbaycan Prezidenti bununla bağlı danışarkən deyib ki: mən dövlət məmurlarının davranış normaları ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm və bir daha demək istəyirəm. Hər bir dövlət məmurunu işə təyin edəndə verdiyim tapşırıqlar arasında bunlar da var ki, məmur təvazökar olmalı, xalqa xidmət etməli, xalqla bir yerdə olmalı, özünü xalqdan yuxarı tutmamalıdır. Məmur özü və onun ailə üzvləri təkəbbürlü davranmamalıdırlar. Ancaq buna baxmayaraq, bəzən hələ də görürük ki, həm məmurlar özlərini apara bilmirlər, kobud səhvlər buraxırlar və həm də ailə üzvləri hesab edirlər ki, onların xüsusi imtiyazı var. Azərbaycanda heç kimin heç bir imtiyazı yoxdur. Mən demişəm ki, o dövlət məmuru öz ailə üzvlərini idarə edə bilmirsə vəzifədən çıxarılacaq və belə də oldu. Azərbaycanda xuliqanlıqla, özbaşınalıqla məşğul olanlar cəzalandırılır və cəzalandırılmalıdır. Heç kimə heç bir güzəşt edilmir və mənim son qərarlarım onu bir daha təsdiqləyir, hamı nəticə çıxarsın.

Məhz elə bunun nəticəsidir ki, Azərbaycan vətəndaşları gündəlik həyatda qarşılaşdıqları hər bir problemin həllində dövlət orqanlarının qayğı və diqqətindən bəhrələnir, onlar üçün yaradılan həyat şəraitinin kifayət qədər yüksək olduğunu görür və hiss edirlər.

Yazının sonunda deyilənləri yekunlaşdırıb belə qənaətə gəlmək olar ki, bu gün Azərbaycanın qarşısında duran ən mühüm strateji məqsəd ölkəmizin müstəqilliyini bundan sonra da gücləndirmək və respublikamızı dünyanın ən inkişaf edən dövlətləri səviyyəsinə yüksəltməkdir. Buna görə də hazırda respublikamızda sosial–iqtisadi inkişafla bağlı böyük layihələrin icrası diqqət mərkəzində saxlanılır, qeyri-neft sektorunun davamlı inkişafına mühüm önəm verilir, ictimai xidmətlər və sosial infrastruktur daha da təkmilləşdirilir. Bu isə əhalinin sosial durumunun yüksəlməsinə öz müsbət təsirini göstərir. 

Beləliklə, Azərbaycan Respublikasının sosial-iqtisadi həyatında görülən işlər ölkəmizdə iqtisadi islahatların dərinləşməsini və Vətənimizin bazar iqtisadiyyatı istiqamətində müvəffəqiyyətlə irəliləməsini, xalqın həyat səviyyəsinin dinamik olaraq yaxşılaşmasını bir daha sübut edir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında