Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Prezidenti İlham Əliyev hesabat dövründə dünyada təhlükəli meyillərin hökm sürməsinə baxmayaraq, ölkəmizin uğurla inkişaf etdiyini, sabitliyin möhkəmləndiyini vurğulayıb. Dövlətimizin başçısı ilin ilk altı ayında qeyri-neft sənayesində məhsul istehsalının 4,4 faiz, kənd təsərrüfatının 2,2 faiz, ixracın 36 faiz, o cümlədən qeyri-neft ixracının 27 faiz artdığını, müsbət saldonun 1,9 milyard ABŞ dolları təşkil etdiyini diqqətə çatdırıb. Eyni zamanda, bu dövrdə ölkə iqtisadiyyatına 5 milyard ABŞ dolları həcmində investisiya yatırıldığını, valyuta ehtiyatlarımızın artaraq 40,6 milyard ABŞ dolları təşkil etdiyini xatırladıb.
İclasda Prezident İlham Əliyev tərəfindən böyük ixrac potensialına və ölkəyə valyuta gətirmək imkanına malik olan ənənəvi sahələrin inkişaf etdirilməsi məqsədilə qarşıya mühüm vəzifələr də qoyulub. Həmçinin qeyri-neft məhsulları ixracının stimullaşdırılması, ixrac məhsullarının çeşidinin və həcminin artırılması, eləcə də ixrac coğrafiyasının genişləndirilməsi kimi məsələlərin mühüm önəm daşıdığı qeyd edilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, hesabat dövründə sözügedən sahədə bir sıra tədbirlər həyata keçirilib. “Made in Azerbaijan” brendinin təşviqi ilə bağlı Honqkonq da daxil olmaqla Çinə, Birləşmiş Ərəb Əmirliklərinə, Almaniyaya, Əfqanıstana, Pakistana, Qətərə, Qazaxıstana 8 ixrac missiyası reallaşdırılıb. Bununla yanaşı, Pakistanda tikiləcək 71 kilometr qaz boru kəmərinin layihəsi üçün tenderdə (boruların təchizatı) Azərbaycan və Pakistan şirkətlərinin birgə iştirakı barədə ilkin razılaşmalar əldə edilib.
İndiyədək təşkil edilən ixrac missiyalarının nəticəsi olaraq Çinə şərab, Birləşmiş Ərəb Əmirliklərinə, Səudiyyə Ərəbistanına, Oman və Malayziyaya alma və nar şirəsi, Qazaxıstana sənaye boyası ixrac olunub.
Hazırda Astanada Azərbaycan şərab ticarət evinin yaradılması barədə Qazaxıstandakı azərbaycanlı iş adamları ilə danışıqlar aparılır.
Azərbaycan şirkətlərinin vahid ölkə stendi ilə iştirakı məqsədilə görülən işlərin nəticəsi olaraq, Dubayda keçirilən “Gulfood” beynəlxalq ərzaq sərgisində “Made in Azerbaijan” vahid ölkə stendində 24 şirkətin məhsulları sərgilənib, Dubaya diri qoyun və ət ixracına dair 2 müqavilə imzalanıb, İspaniyaya fındıq ixracı üzrə sifariş qəbul edilib.
Yuxarıda sadalananlarla yanaşı, Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən iri marketlər şəbəkəsinə Azərbaycan məhsullarının satışı barədə razılaşmalar, eləcə də Küveytə meyvə-tərəvəz və nar şirəsinin, Misir, Əfqanıstan və Səudiyyə Ərəbistanına fındıq, Dubaya çay, bal və quru süd, Səudiyyə Ərəbistanına ət ixracına dair ilkin razılaşmalar əldə olunub. Bu ilin martında Almaniyanın Düsseldorf şəhərində keçirilən “Prowein” beynəlxalq şərab sərgisində “Made in Azerbaijan” vahid ölkə stendi ilə 9 şirkətin iştirakı təmin olunub, Azərbaycan şərablarının Litvaya və növbəti mərhələlərdə digər Baltikyanı ölkələrə ixracı barədə razılıq əldə edilib.
Hazırda sahibkarlara ixrac etdikləri qeyri-neft məhsullarının gömrük dəyərinin 3 faizdən 6 faizədək hissəsi büdcə vəsaitləri hesabına təşviq verilir. Bu çərçivədə ixrac təşviqinin ödənilməsi davam etdirilib, qeyri-neft məhsulları ixracatçılarına 2016-cı ildə 2,3 milyon dollar həcmində ixrac qarşılığında 200,4 min manat, 2017-ci ilin ilk 6 ayında isə 13,9 milyon dollar həcmində ixraca uyğun olaraq, 1,312 milyon manat olmaqla ümumilikdə indiyədək 1,5 milyon manat ödənib.
İxrac təşviqindən yararlanan ixracatçılar məhsullarını, əsasən, Rusiya, ABŞ, Çin, Belarus, Gürcüstan, Ukrayna, Latviya, Almaniya, Türkiyə, Polşa, Qazaxıstan, İraq, Yunanıstan, Malayziya, Kanada, Moldova, Rumıniya və Fransa bazarlarına ixrac ediblər. Hesabat dövründə ödənilən ixrac təşviqinin 70,2 faizi üzüm şərabları və digər spirtli içkilər, 14,6 faizi konserv məhsulları, şirələr, mürəbbələr və s. təşkil edib. Bununla bərabər, sahibkarlardan daxil olan müraciətlər və aparılan təhlillər nəzərə alınmaqla təşviqin ödənilməsi mexanizminin təkmilləşdirilməsi, bir sıra məhsulların ixrac təşviqi ödənilən məhsulların siyahısına daxil edilməsi istiqamətində tədbirlər həyata keçirilib.
İxrac potensialından daha səmərəli istifadə edilməsi məqsədilə ixrac bazarlarında ölkəmizin və yerli ixracatçıların iqtisadi-ticarət maraqlarının daha dolğun qorunması və təmsil edilməsi üçün Rusiya Federasiyası, Çin Xalq Respublikası, Birləşmiş Ərəb Əmirliklərində ticarət nümayəndələri təyin edilib. Azərbaycanın ixracyönümlü məhsullarının xarici bazarlarda təşviqi məqsədilə Belarusda Azərbaycan Ticarət Evi açılıb, hazırda Ukraynada bu istiqamətdə işlər davam etdirilir.
Bu gün Azərbaycan məhsullarının təbliği üçün xarici KİV-də reklamların yerləşdirilməsi istiqamətində görülən işlər də xüsusi əhəmiyyətə malikdir. Belə ki, Azərbaycan şirələri barədə videoçarxın hazırlanması ilə bağlı işlər başa çatmaq üzrədir. Bundan başqa, “Azərbaycan meyvə və tərəvəzləri” ilə bağlı videoçarxın hazırlanmasına başlanılıb. Videoçarxın sentyabr və oktyabr aylarında Rusiyanın bir sıra aparıcı federal televiziya kanallarında yerləşdirilməsi nəzərdə tutulur.
Xarici ölkələrdə fəaliyyət göstərən ticarət müəssisələrində və “Duty Free” mağazalarında “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə Rusiyanın ən böyük pərakəndə satış şəbəkəsi ilə danışıqlara başlanılıb. Bununla yanaşı, Moskva, Kiyev, Minsk, İstanbul, Frankfurt və digər şəhərlərin hava limanlarındakı “Duty Free” mağazalarında məhsulların yerləşdirilməsi ilə bağlı müzakirələr aparılır.
SOCAR-ın xarici ölkələrdəki yanacaq doldurma məntəqələrində Azərbaycan mənşəli məhsulların satışının təşkil edilməsi məqsədilə “Made in Azerbaijan” rəflərinin yerləşdirilməsi ilə bağlı işlər görülür. “Made in Azerbaijan” brendinin AZAL şirkəti vasitəsilə təşviq edilməsi də qarşıda duran mühüm vəzifələrdən biridir.
İxraca dəstəklə bağlı respublikamızda görülən işlərdən danışarkən, onu da qeyd edə bilərik ki, bu ilin ilk yarısında AZPROMO tərəfindən 110 ixrac və investisiya yönümlü tədbir keçirilib, İxracatçılar Klubunun, habelə onun komitələrinin 10-dək iclası təşkil olunub, 125-dən çox şirkətə ixrac xidmətləri göstərilib, 15 şirkət üçün “Go Export” seminarı təşkil edilib, “Export.az” ixrac portalı istifadəyə verilib. Ölkədə arıçılar, şərab, nar, meyvə-tərəvəz, fındıq, tekstil, qablaşdırma sənayesi, mebel istehsalçıları assosiasiyaları fəaliyyətə başlayıb.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, rəqabətqabiliyyətli və ixracyönümlü yerli məhsulların xarici bazarlarda “Made in Azerbaijan” brendi adı altında təşviqi istiqamətində hazırda aidiyyəti dövlət qurumları tərəfindən kompleks tədbirlər davam etdirilir. Dövlət başçısının “Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” 21 sentyabr 2016-cı ildə imzalanan sərəncamı əsasında İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nəzdində fəaliyyətə başlayan Azexport.az sayt da bu baxımdan əhəmiyyətli missiya həyata keçirir. Bu gün adıçəkilən portal dünyanın ən populyar elektron satış şəbəkələri ilə inteqrasiya olunaraq, Azərbaycan mallarını bütün dünyaya nümayiş etdirir. Mütəmadi yenilənən, istifadəyə rahat, əlçatan, təhlükəsiz, sürətli olan Azexport.az portalı “Made in Azerbaijan” brendini alıcılara yaxınlaşdırılır.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.