Azərbaycanda insanların güzəranının daha da yaxşılaşdırılması istiqamətində ən vacib məsələlərdən biri əhalinin məşğulluğunun təmin edilməsidir. Fərəhli haldır ki, son bir neçə ildə iqtisadiyyatın inkişafında əldə olunan müsbət göstəricilər bu məqsədin uğurla reallaşmasına əlverişli şərait yaradıb.
Prezident İlham Əliyev deyib: “Biz ölkə iqtisadiyyatının uzunmüddətli və dayanıqlı inkişafını güclü sosial siyasət aparmadan təmin edə bilməzdik. Bu məqsədlə Azərbaycanda çox güclü sosial siyasət aparılır. Bu siyasət isə özünü müxtəlif istiqamətlərdə büruzə verir”. Belə istiqamətlərdən əsası isə sözsüz ki, yeni iş yerlərinin açılmasıdır.
Hazırda respublikada işsizliklə bağlı məsələlər uğurla reallaşır, bu sahədə önəmli addımlar atılır. Belə ki, 2004-cü ildən başlayaraq Azərbaycanın sosial-iqtisadi inkişafı ilə əlaqədar qəbul edilən dövlət proqramlarında nəzərdə tutulan müddəaların uğurla yerinə yetirilməsi nəticəsində iqtisadiyyatın qeyri-neft sektorunun dayanıqlı inkişafı təmin olunub, prioritet sahələrə irihəcmli investisiyaların yönəldilməsi yeni müəssisələrin və iş yerlərinin açılmasına müsbət təsir göstərib. Məhz elə bunun nəticəsidir ki, cari ilin birinci yarısında tikinti materialları, kağız və karton, tekstil, rezin və plastmas məmulatlarının, qida məhsullarının istehsalı və s. sahələrdə müasir texnologiyalara əsaslanan, rəqabətqabiliyyətli və ixracyönümlü onlarca sənaye müəssisəsi fəaliyyətə başlayıb.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında əhalinin işlə təmin edilməsinin əhəmiyyətini qeyd edərək vurğulayıb: “Bu il 122 min yeni iş yeri açılmışdır ki, onlardan 101 mini daimi iş yeridir. Onu da qeyd etməliyəm ki, 24 min iş yeri bağlandı. Bunun da həm obyektiv, həm də subyektiv səbəbləri var. Bu, əslində, daimi prosesdir. Ancaq biz rəqəmlərə baxanda, - 122 min iş yeri açılıb, 24 min iş yeri isə bağlanıb, - əlbəttə, görürük ki, yenə də iş yerlərinin açılması prosesi uğurla davam edir. Ona görə də bizdə işsizlik aşağı səviyyədədir”.
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari il iyulun 1-i vəziyyətinə əsasən, iqtisadi fəal əhalinin sayı 5044,2 min nəfər olub. Onlardan 4792,7 min nəfəri məşğul əhali təşkil edib, həmin dövrdə muzdla işləyənlərin sayı 1525,2 min nəfər olub. Statistik rəqəmlərdən də görünür ki, əhali daha çox dövlət sektorunda çalışır. Müəssisə və təşkilatlarda muzdla çalışanların 22,8 faizi məhsul istehsalı sahələrində işləyir ki, bu da yüksək rəqəmdir. Sonrakı yerlərdə tikinti, emal, kənd təsərrüfatı, mədənçıxarma və digər sahələr gəlir. Xidmət sahələrində işləyənlərin çoxu isə təhsil, ticarət, nəqliyyat vasitələrinin təmiri, səhiyyə və sosial xidmətlərin göstərilməsi, istirahət və əyləncə sahələrində çalışır.
Yeni iş yerlərinin açılmasına dövlət başçısının uğurlu sənayeləşmə siyasəti də öz müsbət təsirini göstərib. Belə ki, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə sənaye parkları və sənaye zonalarının yaradılması davam etdirilib. Artıq ölkəmizdə Sumqayıt Kimya Sənaye, Balaxanı, Qaradağ, Mingəçevir və Pirallahı sənaye parkları yaradılıb.
Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiyalarının həcmi 1,2 milyard dollar təşkil edən 10 müəssisəyə rezident statusu verilib. 2013-cü ildə fəaliyyətə başlayan və 760 nəfərdən çox işçinın çalışdığı “Azertexnolayn” zavodunda təkcə bu ilin 6 ayı ərzində 65 milyon manatlıq məhsul istehsal olunub.
Sözügedən sənaye parkında bu il daha 5 müəssisə, 2018-ci ildə isə 3 müəssisə fəaliyyətə başlayacaq. Bu müəssisələrdə 900-ə yaxın yeni iş yerinin açılması nəzərdə tutulur.
“Yaşıl iqtisadiyyat”ın, təkrar emal sənayesinin inkişafında əhəmiyyətli rola malik olan Balaxanı Sənaye Parkında 23 milyon manat investisiya yatırmaqla tullantıların təkrar emalı üzrə 5 müəssisə fəaliyyətə başlamağa hazırdır və bu müəssisələrdə
400-ə yaxın yeni iş yeri yaradılıb.
Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən ayaqqabı, tibbi kosmetika, iplik, boyama, toxuma, tikiş və corab istehsalı üzrə 9 fabrikin yaradılması və 5 mindən çox yeni iş yerinin açılması nəzərdə tutulur. Artıq həmin sənaye parkının rezidenti “Mingəçevir Tekstil” MMC 2 növdə ipliklərin istehsalı fabrikinin tikintisinə başlayıb. Dəyəri 46 milyon ABŞ dolları olan layihə çərçivəsində 550 yeni iş yerinin açılması və müəssisənin bu ilin sonunda istismara verilməsi nəzərdə tutulur.
Hazırda ölkəmiz üçün yeni sənaye sahəsi olan əczaçılıq məhsulları istehsalının yaradılması da iş yerlərinin açılmasına mühüm töhfə verəcək. Pirallahı Sənaye Parkında artıq 2 dərman zavodunun təməli qoyulub. Dəyəri 4 milyon ABŞ dolları olan və birdəfəlik şprislərin istehsalını nəzərdə tutan “Diamed Co” zavodunun tikintisinə isə yaxın zamanlarda başlanılacaq və müəssisə 2018-ci ilin birinci yarısında istismara veriləcək. Dərman zavodlarında 350-yə yaxın yeni iş yerinin açılması gözlənilir.
Ənənəvi sənaye sahələrindən olan xalçaçılığın inkişafı məqsədilə “Azərxalça” ASC tərəfindən 10 rayonda xalça müəssisələrinin tikintisinə başlanıb və artıq Füzuli rayonunun Horadiz qəsəbəsində xalça müəssisəsi fəaliyyət göstərir. Şəmkir rayonunda isə bu cür müəssisə artıq fəaliyyətə başlamağa hazırdır. Səkkiz müəssisənin tikintisinin isə bu il başa çatdırılacağı nəzərdə tutulur. Bu müəssisələr işə başladıqdan sonra ümumilikdə 1600 yeni iş yerinin açılması reallaşacaq.
Özəl sektorun inkişafının diqqət mərkəzində saxlanılması da yeni iş yerlərinin yaradılmasına təsirsiz ötüşmür. Sahibkarlığa uzunmüddətli və əlverişli şərtlərlə maliyyə dəstəyinin göstərilməsi məqsədilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən bu ilin altı ayı ərzində 690 sahibkara 63,3 milyon manat güzəştli kredit verilib və bu investisiya layihələrinin reallaşdırılması 2300-dən çox yeni iş yerinin açılmasına şərait yaradır.
Onu da xatırladaq ki, Azərbaycanda investisiya təşviqi mexaniziminin uğurla həyata keçirilməsi nəticəsində indiyədək verilən 173 investisiya təşviqi sənədi üzrə 1,6 milyard manatlıq investisiya qoyuluşu nəzərdə tutulur. Bu layihələrin reallaşdırılması nəticəsində 11 mindən çox yeni iş yeri açılacaq. Ümumilikdə təqdim olunan sənədlərin 37 faizi kənd təsərrüfatını, 63 faizi isə sənaye sahələrini əhatə edir. İnvestisiya təşviqi sənədi alan 83 müəssisə artıq fəaliyyət göstərir, digərlərinin isə gələn ilin sonuna qədər fəaliyyətə başlayacağı gözlənilir.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.