Bol məhsulun etibarlı su təminatı yaradılıb

Yer üzündə həyatın əsası sayılan Günəş, Su, Torpaq ulu Yaradanın insana misilsiz və əvəzsiz töhfəsidir. Tarixən, “həyat ağac”ı bu “üç əsas”ın yetərli olduğu yerlərdə göyərib, yayılıb, boy atıb. İnsan üçün əfsanəvi “dirilik iksiri” axtarışı lap qədimlərdən günümüzədək boş bir xəyal olsa da, bu möhtəşəm üçlük həyatın özünün əbədiliyi üçün əsl ölməzlik iksiridir. İnsan bu iksirdən bacarıqla istifadə edəndə bolluq yaradır, ehtiyacını qədərincə ödəyir.

Dünyanın ən qədim yaşayış məskənlərindən olan Azərbaycanda ulu əcdadlarımız bol günəşli, münbit torpaqlı, çeşməli-axarlı ərazilərdə yaşamış, tarixən yüksək əkinçilik və heyvandarlıq mədəniyyəti yaratmışlar. Lakin elə geniş ərazilər olmuşdur ki, ora su çıxarmaq, əkin-biçin aparmaq, mal-heyvan saxlamaq min illər babalarımızın xoş arzusu olaraq qalmışdır. Tarixi inkişafa uyğun olaraq, ötən əsrdə respublikamızda da dəmyə əkinlərə, istifadəsiz ərazilərə su çıxarmaq üçün dəryaçalar tikilmiş, kanallar çəkilmiş, geniş meliorasiya şəbəkəsi yaradılmışdır. Sovet dövründə bu tədbirlər yüksək gəlirli texniki bitkilər əkini üçün əlverişli olan Azərbaycanın ittifaq büdcəsinə daha çox gəlir verməsinə yönəldilsə də, sonda xalqımıza böyük bir tarixi təcrübə, geniş və müasir suvarma sistemləri vermiş oldu.

Təəssüf ki, müstəqilliyimizin ilk illərində keçmiş irsə yaramaz münasibət və səriştəsizlik ucbatından ölkəmizin qiymətli sərvəti olan meliorasiya şəbəkəsi də xeyli ziyan çəkdi, ondan səmərəsiz istifadə olundu. Yeri gəlmişkən deyək ki, sovet dövründə meliorasiya və irriqasiyanın bolluq, tərəqqi üçün nə demək olduğunu yüksək səviyyədə dəyərləndirən ümummilli lider Heydər Əliyev 15 illik bir dövrdə respublikanın meliorasiya şəbəkəsinin daha da genişləndirilməsinə nail olmuş, bu əsasda Azərbaycanı dünya əkinçiliyinin ön sıralarına çıxarmışdı. 1993-cü ildə xalqın istəyi və iradəsi ilə hakimiyyətə qayıdıb müstəqil dövlət quruculuğunun əsaslarını yaradan ulu öndər meliorasiya sahəsində də dağıdıcı proseslərin qarşısını qətiyyətlə aldı, sistemin bərpa və inkişaf etdirilməsi üçün zəruri tədbirlər həyata keçirdi.

Bu yaxınlarda melioratorlar günü münasibətilə keçirilən ümumrespublika toplantısında bu barədə geniş söbhət açan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə də ölkədə meliorasiya və su təsərrüfatının inkişafında ulu öndər Heydər Əliyevin böyük və tarixi xidmətlərinin olduğunu bir daha qeyd edərək bildirdi ki, qədim suvarma əkinçiliyi ölkəsi olan respublikamızda meliorasiya və irriqasiya işlərinə keçən əsrin əvvəllərində başlanılsa da, bu sahənin əsas inkişafına ulu öndərin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərdə və onun Moskvada sovet dövlətinin ali rəhbərliyində çalışdığı vaxtda nail olunub. Həmin illərdə meliorasiya və su təsərrüfatı sahəsində quruculuq işləri geniş vüsət alıb, iri su anbarları, bir çox hidroqovşaqlar, nasos stansiyaları, müasir meliorasiya və irriqasiya sistemləri tikilib istifadəyə verilib. Suvarılan torpaqların ümumi sahəsi 1,5 dəfədən çox artıb.

Müstəqillik illərində də ümummilli liderin qərar və göstərişləri əsasında meliorasiya və su təsərrüfatına iri investisiyalar yatırılıb. Hazırda bu tədbirləri daha geniş miqyasda davam etdirən Prezident İlham Əliyevin böyük diqqət və qayğısı nəticəsində sahəyə ayrılan vəsaitin və yerinə yetirilən işlərin həcmi ildən-ilə artır. Həmin konfransda mövcud meliorasiya və irriqasiya obyektlərinin istismarının xeyli yaxşılaşdığını qeyd edən Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri sahənin maddi-texniki bazasının gücləndirildiyini də vurğuladı. Son illər 2100-dən çox maşın və mexanizm alınıb. 3736 kilometr suvarma kanallarının, 2251 kilometr kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi işləri həyata keçirilib. 348 min hektar suvarılan torpaqların su təminatı və 239 min hektar sahədə meliorativ vəziyyət yaxşılaşdırılıb.

Ötən illərdə ölkəmizdə 55 min hektar yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilib, 1804 subartezian quyusu qazılıb, sel və daşqınlara qarşı dağ çaylarında 199 kilometr sahilbərkitmə işləri, Kür-Araz çaylarında isə 900 kilometr uzunluğunda bəndlərin möhkəmləndirilməsi işləri yerinə yetirilib. Aqrar sektorun inkişafında mühüm rol oynayan üç nəhəng infrastruktur layihəsi – Taxtakörpü və Şəmkirçay su anbarlarının (SES-lə birlikdə), Tovuzçay Su Anbarının, Baş Mil-Muğan kollektorunun tikintisi və digər iri layihələr qısa müddətdə başa çatdırılıb.

Dünya Bankının krediti ilə həyata keçirilən “Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi” çərçivəsində 9606 hektar torpaq sahəsində- Saatlıda 3240, Sabirabadda 3137 və Zərdabda 3229 hektar suvarma və drenaj şəbəkələrinin bərpası və yenidən qurulması işləri başa çatdırılıb. Bu bankın krediti ilə “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə” çərçivəsində Şabran, Siyəzən, Masallı, Yardımlı, Cəlilabad, Lerik rayonlarında içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi işləri davam etdirilib. Layihə çərçivəsində 86,4 kilometr içməli su xətləri və 43,9 kilometr kanalizasiya xətləri çəkilib. Masallı və Cəlilabad şəhərlərini içməli su ilə təmin etmək məqsədi ilə sutkalıq gücü 22 min kubmetr olan sutəmizləyici qurğunun tikintisi, mexaniki və elektromexaniki avadanlıqların quraşdırılması üzrə işlər tam başa çatdırılıb.

Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına Qusarçay və Caqacuqçay üzərində sugötürücü qurğuların və 14653 metr nəqledici kanalların qurğularla birlikdə tikintisi başa çatdırılaraq, Samur-Abşeron kanalına əlavə su verilməsi təmin olunub. Xızı və Şabran rayonlarında isə 2863 hektar yeni suvarılan torpaqların istifadəyə verilməsi üçün kompleks meliorativ tədbirlərin aparılması və 740 hektar mövcud suvarılan torpaqlarda su təminatının yaxşılaşdırılması üçün tikinti işləri tamamlanıb.

Şəmkirçay üzərində dəryaçanın tikintisi kompleks layihəsi üzrə Göygöl rayonunda 3000 hektarda mütərəqqi suvarma texnikasının tətbiqinə imkan verən 24,74 kilometr müxtəlif diametrli şüşə lifli paylayıcı və polietilen suvarma boru kəmərlərinin tikintisi işləri yerinə yetirilib. Şəmkirçay Su Anbarının istismara verilməsi ətraf rayonlarda 16 min hektardan çox əkin sahələrinin su təminatını yaxşılaşdırıb. Bu layihə çərçivəsində Goranboy və Samux rayonlarının 8000 hektar torpaq sahəsinə su çatdırılması üçün Şəmkir maşın kanalının ikinci növbəsinin 8,55 kilometrlik hissənin üzərindəki hidrotexniki qurğularla birlikdə tikintisi tamamlanıb. Tovuzçay Su Anbarının tikilməsi isə 18465 hektar, o cümlədən Tovuzda 15526 hektar, Şəmkirdə isə 2939 hektar torpaqların su təminatını yaxşılaşdırıb.

Bu gün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ümumi sututumu 21,5 milyard kubmetr olan 135 su anbarından istifadə edir. Belə ki, 19 hidroqovşaq, 51800 kilometr suvarma kanalı, 31700 kilometr kollektor-drenaj şəbəkəsi, 921 nasos stansiyası, 131 min müxtəlif hidrotexniki qurğu, 7279 subartezian quyusu, 2073 kilometrdən artıq sel və daşqınlardan mühafizə bəndi, 1025 min hektar qış otlaq sahələrinin su təminatına xidmət edən digər mühüm dövlət əhəmiyyətli su təsərrüfatı sistemləri və qurğuları istismar olunur.

Son 2 ildə respublikanın 34 rayonunun 320 yaşayış məntəqəsində əkin və həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 550 subartezian quyusu istifadəyə verilib. Qazılmış subartezian quyuları vasitəsi ilə 10000 hektara yaxın torpaq sahəsinin su təminatı yaxşılaşdırılıb, əhalinin içməli və kommunal-məişət suyuna olan tələbatı ödənilib. Respublikanın su anbarlarında yığılan 15,5 milyard kubmetr su bu mövsümdə respublika üzrə 1 milyon 386 min hektar sahədə kənd təsərrüfatı əkinlərini 3-4 dəfə və daha çox suvarmağa imkan yaradır.

Rəhbərlik etdiyim Yuxarı Şirvan Kanalının kollektivi də Böyük Qafqazın cənub səmtindəki münbit torpaqlara kifayət qədər su çıxarmaq üçün yaradılmış əlverişli şəraitdən bacarıqla istifadə edir, təmir-bərpa və istismar tədbirlərini yüksək səviyyədə həyata keçirir. Son iki ildə Prezident İlham Əliyevin ölkədə ənənəvi əkinçilik sahələrinin yeni inkişafına yönəlik çağırışları və gerçəkləşdirdiyi əsaslı tədbirlər kollektivimizi daha səmərəli işləməyə səfərbər edib.

 Məlumat üçün deyim ki, Yuxarı Şirvan Kanalı 1958-ci ildə istismara verilib. 1961-ci ildə kanalın ikinci hissəsi işə salınmaqla maksimal su sərfi saniyədə 78 kubmetrə və ümumi uzunluğu isə 122 kilometrə çatırılıb. Bizim şəbəkə respublikanın ikinci ən böyük magistral suvarma kanalı sistemidir. Kanal mənbəyini Mingəçevir Su Anbarından götürür, Kür çayının sol sahilindən Bozdağın cənub yamaclarından keçərək Şirvan düzünün 108 min hektar əkin sahələrinin suvarılmasını təmin edir. Kanalın istismara verilməsi ilə tarixdə ilk dəfə Şirvan düzünün susuz əkin sahələrinin öz axını ilə suvarılmasına şərait yaranıb.

Kanal nisbətən az su ilə təmin olunan Yevlax, Ağdaş, Göyçay, Ucar, Kürdəmir, Ağsu, Zərdab, İsmayıllı, Hacıqabul və Şamaxı rayonlarının 108 min hektar əkin sahələrinin suvarılmasını təmin edir. Bundan əlavə, Şamaxı və İsmayıllı rayonlarının qış otlaqlarına su çıxarılır. Kanalın Əlicançay, Türyançay, Göyçay, Girdimançay, Dəvəbatançayla kəsişdiyi yerlərdə mürəkkəb konstruksiyalı 6 düker, Nəzirçay və Ağsuçayla kəsişdiyi yerdə isə 2 akveduk tikilmişdir. Ümumiyyətlə, kanal üzərində sadə və mürəkkəb konstruksiyalı 129 qurğu yaradılıb. Bunun 29-u körpü, 52-si selötürücü, digərləri isə normal iş rejimini təmin edən axıdıcı, qəzasutulayıcı, səviyyəqaldırıcı, qidalandırıcı və suburaxıcı qurğulardır. Kanalın son 30 kilometrlik hissəsi monolit dəmir-betonla üzlənib. Sistemin balans dəyəri 1,1 milyon manatdır.

Bu iri suvarma şəbəkəsinin istismarını və iş rejimini 1958-ci ildə Yevlax rayonun Xanabad kəndi ərazisində yerləşən Yuxarı Şirvan Kanalı İstismarı İdarəsi həyata keçirir. Kollektiv zəngin təcrübəsinə əsasən bu mövsümdə də üzərinə düşən vəzifəni böyük məsuliyyətlə yerinə yetirir. İlin birinci yarısında Mingəçevir Su Anbarından plan üzrə 550,62 milyon kubmetr əvəzinə, 556,65 milyon kubmetr (101,1 faiz) su qəbul edilib, suayrıcılarından rayonlara 441,59 milyon kubmetr əvəzinə 448,78 milyon kubmetr (101,6 faiz) su verilib.

Bu ilin əvvəlindən istismar tədbirləri planına uyğun olaraq, 296 milyon 88 min manat cari, 37 min 502 manat əsaslı təmir işləri yerinə yetirilib. Girdimançay dükerinin sutullayıcısı və səviyyəqaldırıcısının sağ səddi, kanalın Göyçay rayonu ərazisində sağ berması da əsaslı təmir olunur. 108 min kubmetr lildəntəmizləmə işi aparılıb. 24 hidrotexniki qurğu,1 kilometr istismar yolu, 2 kilometr beton üzlük, 3 hidrometrik post və inzibati bina təmir edilib. 2 kilometr kanal yamacı bərpa olunub, 29 min kubmetr çay məcralarında tənzimləmə işləri yerinə yetirilib.

Ölkə Prezidentinin kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı həyata keçirdiyi əsaslı tədbirlər, strateji əhəmiyyətli, ixracyönümlü bitkilərin əkilməsi məqsədi ilə yeni torpaqların dövriyyəyə daxil edilməsi bizim xidmət ərazimizdə də suya təlabatı xeyli artırıb. Bununla bağlı ASC rəhbərliyi və idarəmiz qabaqlayıcı tədbirlər gerçəkləşdirib, kanalın suburaxma qabiliyyətində artım əldə olunub.

Hazırda öhdəmizdə olan rayonların əkin suyu ilə təminatında problem yoxdur. Normal iş rejimini təmin etmək üçün idarəmizin kollektivi gecəli-gündüzlü fəaliyyət göstərir. Kanalın keçdiyi beş rayonda sahələr təşkil edilib, bu bölmələr texnika, yanacaq, maşın-mexanizmlərlə və işçi qüvvəsi ilə təchiz edilib. Gecə növbətçiliyi təşkil olunub, suyun daimi axım hesabatı aparılır. Suvarmanaın mütəşəkkil və qəzasız keçirilməsində xətt işçilərinin əməyi danılmazdır. Onlardan Nəriman Bayramovun, Akif Cəfərovun, Şahid Cabbarovun, Ramazan Qurbanovun, Vüsal Mayılovun fədakar işi kollektivimizə üzağlığı gətirir.       

Sonda bildirim ki, Şirvan düzündə suya böyük ehtiyacı olan geniş sahələrin əkin dövriyyəsinə qaytarılması üçün başlanan önəmli işlər əlavə 40-70 min hektar sahənin suvarılmasına imkan yaradacaq. Növbəti illərdə dövriyyəyə qatılacaq bu əkin sahələrini suvarma suyu ilə təmin etmək bizim öhdəmizə düşəcək. Bununla bağlı mütəxəssislər Yuxarı Şirvan Kanalını yenidən qurmaqla onun suvarma qabiliyyətinin iki dəfədən çox artırılması layihəsi üzərində işləyirlər. Yaxın gələcəkdə bu tədbirlər özünü doğruldacaq, kollektivimizin ölkədə aqrar sahənin inkişafına köməyi də ikiqat artacaq.

İlyas SƏFƏROV,
Yuxarı Şirvan Kanalı
 İstismarı İdarəsinin rəisi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında