Vergi güzəştlərinin tətbiqi aqrar sahənin inkişafına mühüm təsir göstərir

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, ölkəmizdə kənd təsərrüfatının tərəqqisinə xüsusi diqqət göstərilir, bu istiqamətdə kompleks dövlət dəstəyi tədbirləri reallaşdırılır. Məhz bunun nəticəsidir ki, 2017-ci ilin birinci yarısında aqrar sektorda 2,2 faiz artım qeydə alınıb. Taxılçılıqda məhsuldarlığın artırılması, pambıq, kartof, şəkər çuğunduru, soya, çəltik, çay, fındıq istehsalının yüksəldilməsi, baramaçılığın, tütünçülüyün, zeytunçuluğun, heyvandarlığın, habelə süd və ət məhsulları ilə özünütəminat səviyyəsinin yüksəldilməsi, ixracın coğrafiyasının genişləndirilməsi, Azərbaycan məhsullarının Avropa İttifaqı ölkələrinin bazarlarına çıxarılması  və digər istiqamətlərdə müsbət göstəricilər əldə edilib. 

Prezident İlham Əliyev tərəfindən böyük ixrac potensialına və ölkəyə valyuta gətirmək imkanına malik olan ənənəvi sahələrin inkişafı məqsədilə qarşıya mühüm vəzifələr qoyulub. Bu tapşırıqların icrası üçün sahibkarlara güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılıb, əkin sahələri genişləndirilib, mütəmadi olaraq istehsalçılarla görüşlər təşkil edilib. Eyni zamanda,   dövlət başçısının tapşırığına əsasən, suvarma işlərinin maksimum dərəcədə yüksək səviyyədə aparılması üçün layihələr həyata keçirilib. Həmin məqsədlə Dövlət İnvestisiya Proqramına uyğun olaraq, müvafiq vəsaitlər ayrılıb. Məsələn, bu ilin ilk yarısında dövlət başçısının müvafiq sərəncamları ilə 98 subartezian quyusu qazılaraq istifadəyə verilib, ilin sonuna qədər isə daha 150 quyunun qazılması nəzərdə tutulub.

Ölkədə kənd təsərrüfatı məhsullarının inkişafına xidmət edəcək bu layihələr sayəsində cari ildə 99 min hektar, o cümlədən 72 min hektar yeni suvarılan torpaqlar suvarma suyu ilə təmin ediləcək və 27 min hektar əkin sahələrinin su təminatı yaxşılaşdırılacaq.

Suvarma su mənbəyi yaradılan ərazilərdə investorlar və torpaq mülkiyyətçiləri tərəfindən mütərəqqi suvarma texnikası tətbiq edilməklə və torpaqların meliorasiyası işləri aparılmaqla intensiv texnologiyalar əsasında yüksək keyfiyyətli kənd təsərrüfatı məhsulları istehsalına geniş imkanlar yaranacaq.

Hazırda ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının, aqroparkların, intensiv metodlara əsaslanan müasir təsərrüfatların yaradılması davam etdirilir. Əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədilə Azərbaycan Prezidentinın tapşırığına uyğun olaraq, 20 rayon ərazisində 44 min hektar sahədə 32 iri fermer təsərrüfatı yaradılıb. Dəyəri 193 milyon manat olan həmin fermer təsərrüfatlarının təşkilinə  70,5 milyon manat güzəştli kredit verilib. Bu təsərrüfatlarda məhsuldarlıq arpa və buğda üzrə hər hektardan 60, qarğıdalıda 120, soyada isə 35 sentnerədək təşkil edib.

Bu gün qabaqcıl texnologiyalara əsaslanan istehsal və emal sahələrinin qurulması, infrastrukturun təkmilləşdirilməsi, eyni zamanda, yeni aqroparkların yaradılması istiqamətində işlər davam etdirilir. Xaçmaz rayonundakı Yalama aqroparkında 1-ci mərhələ üzrə işlər başa çatdırılıb, Şəmkir aqroparkında isə 1-ci mərhələ üzrə işlər davam etdirilir.

Bütün bunlarla yanaşı, Samux, Goranboy, Ağcabədi, Şabran, Salyan, Şamaxı, Füzuli, Cəlilabad və İsmayıllı rayonlarında da aqroparklar yaradılır. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumi dəyəri 207 milyon manat olan bu aqroparkların təşkilinə 76,1 milyon manat güzəştli kredit verilib.

Hazırda 157,6 min hektar ərazidə 38 aqroparkın, o cümlədən 12 rayonda 37,3 min hektar ərazidə 14 müasir cins heyvandarlıq kompleksinin (yem bazası ilə birlikdə) və 17 rayonda 120,3 min hektar ərazidə 24 iri taxılçılıq təsərrüfatının yaradılması təşviq olunur. Bu tədbirlər regionlarda ixracyönümlü və rəqabətədavamlı məhsul istehsalının artmasına, sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə səbəb olacaq.

Aqrar sektorda uğurların əldə edilməsində vergi güzəştlərinin tətbiqi də mühüm rol oynayıb. Vergilər Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumatda bildirilir ki, artıq 15 ildən çoxdur ki,  dövlət səmərəli vergi rejimi tətbiq etməklə kənd təsərrüfatının inkişafını stimullaşdırır. 1999-cu ildən aqrar sektor torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddır. Bu isə təxminən hər il 130-140 milyon manat vəsaitin istehsalçıda qalması deməkdir.

Ümumilikdə, səmərəli vergi siyasətinin həyata keçirilməsi nəticəsində son 17 ildə 2 milyard manata yaxın vəsait fermerlərin sərəncamında qalıb. Bu isə kənd təsərrüfatı sahəsində çalışan istehsalçılar üçün əlavə maliyyə, investisiya mənbəyi deməkdir. 

Mətbuat xidmətinin məlumatında, eyni zamanda, xatırladılır ki, bu  ildən etibarən, qüvvəyə minən Vergi Məcəlləsinə əlavə və dəyişikliklərin mühüm istiqamətlərindən biri də aqrar sahə ilə bağlı olan kiçik və orta sahibkarlığın fəaliyyətini stimullaşdırmaq, onların vergi yükünü optimallaşdırmaqdır. Bu məqsədlə buğda ununun və çörəyin istehsalı və satışı, quş ətinin satışı 3 il müddətinə ƏDV-dən azad edilib. Kənd təsərrüfatı istehsalçıları isə 2019-cu il yanvarın 1-dək vergi güzəştləri ilə əhatə olunacaqlar.

Aqrar sahənin əsas sektorları üzrə strateji yol xəritəsində stimullaşdırıcı vergi-gömrük siyasətinin həyata keçirilməsi, güzəştli kreditlərin verilməsi sisteminin təkmilləşdirilməsi, xarici bazarlara çıxış üçün bir sıra məhsullara tətbiq edilən gömrük-idxal tarif dərəcələrinə yenidən baxılması, o cümlədən mövsümi rüsumların reallaşdırılması da nəzərdə tutulur.

Aqrar sektorun maliyyə resurslarına tələbatının ödənilməsi və girovsuz kreditlərin tətbiqi, sektorun kreditləşməsinə yönəlik stimullaşdırma tədbirləri də əsas prioritetlərdəndir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında