Prezident İlham ƏLİYEV: Əsas məqsədimiz Azərbaycanı güclü sənaye ölkəsinə çevirmək üçün bütün imkanlardan istifadə etməkdir

Dünyada dərin iqtisadi və maliyyə böhranının davam etməsi ölkəmizin dinamik inkişafına öz mənfi təsirini göstərə bilməyib. Çünki qeyri-neft sektorunun yüksəlişinə xüsusi önəm verilməsi, şaxələndirmə siyasəti, bununla bağlı həyata keçirilən tədbirlər Azərbaycanın bu vəziyyətdən minimum itkilərlə çıxmasına münbit şərait yaradıb. Şübhəsiz, dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi gəlirləri azaldıb. Bununla bağlı Prezident İlham Əliyev deyib: “Neftin qiyməti kəskin şəkildə aşağı düşüb. Ancaq biz çalışırıq və çalışacağıq ki, Azərbaycan xalqı bundan əziyyət çəkməsin. Bütün sosial proqramlar, sosial infrastruktur layihələri icra edilir və insanların təhlükəsizliyi, sosial müdafiəsi təmin olunur”.

Son illərdə ölkəmizin gələcək inkişaf dinamikasını müəyyənləşdirən qeyri-neft sənayesinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən texnoparkların, sənaye məhəllələrinin qurulması, ixracyönümlü sənaye məhsulları istehsalının genişləndirilməsi, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaradılması diqqətdə saxlanılıb. Məhz bunun nəticəsidir ki, cari ilin yanvar-iyun aylarında  sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4,4 faiz artıb. Sənaye məhsulunun 70,1 faizi mədənçıxarma sektorunda, 24,6 faizi emal sektorunda, 4,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. 

Sadalanan bütün bu müsbət göstəricilər, əlbəttə, yeni istifadəyə verilən müxtəlif təyinatlı sənaye müəssisələrinin qısa müddətdə uğurlu fəaliyyəti sayəsində reallaşıb. Məsələn, Bakıda iri qabaritli transformatorlar, Ağdaş gips və oksigen zavodları, Ağstafada “Modern” mebel fabriki, “Karvan-L EKO” Sənaye Parkında 9 müəssisə və istixana kompleksi, Xaçmazda Yalama Aqroparkı həmin obyektlərin yalnız bir hissəsidir.

Xatırladaq ki, sənaye obyektlərinin böyük bir hissəsi bölgələrdə işə salınıb. Bu da təsadüfi deyil. Çünki dövlət başçısı tərəfindən ölkə regionlarında müasir tələblərə cavab verən qeyri-neft sənayesi müəssisələrinin yaradılması istiqamətində göstərişlər verilib. Artıq regionlarda sənaye parklarının və məhəllələrinin tikintisi yüksək sürət götürüb. Görülən işlər nəticəsində hazırda 270-dək sənaye müəssisəsi, o cümlədən texniki avadanlıqlar, iri qabaritli transformatorlar, metal konstruksiyalar, beton məmulatları zavodları, tekstil fabriki və digər müəssisələr uğurla fəaliyyət göstərir. Bir sıra müəssisələrin tikintisi isə davam edir. Məsələn, Qaradağda “AzeriSteel” şirkəti tərəfindən rəqabətqabiliyyətli sənaye avadanlığı istehsalı zavodunun inşası sürətlə aparılır. Gələcəkdə burada qabaqcıl texnologiyalar əsasında neft-qaz və kimya sənayesi ilə yanaşı, əczaçılıq və yeyinti sənayesi üçün müxtəlif avadanlıqlar istehsal ediləcək.

Müəssisənin dəyəri təqribən 32 milyon avrodur. Layihə çərçivəsində 700-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur. Zavodun layihələndirmə və mühəndislik işləri Almaniyanın bu sahədə böyük təcrübəyə malik olan “EPC Group” şirkəti tərəfindən həyata keçirilir. “EPC Group” müəssisənin fəaliyyəti dövründə də zavoda texnoloji dəstək göstərəcək. Burada buraxılacaq rəqabətqabiliyyətli sənaye məhsulları yerli bazarla yanaşı, xarici ölkələrə də ixrac olunacaq.

Dövlət Neft Şirkətinin Sumqayıtda inşa edilən karbamid zavodunun tikintisi də sürətlə aparılır. Prezident İlham Əliyevin 2008-ci ilin avqustunda imzaladığı sərəncamla təsdiq edilən “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na və 2014-cü ilin dekabrında imzaladığı sərəncamla təsdiq edilən “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na əsasən, icra edilən 750 milyon avro dəyərində olan karbamid zavodu layihəsi ölkəmizin sənaye potensialının artırılmasına mühüm töhfələr verəcək.

Gələn il işə salınması nəzərdə tutulan müəssisə ammonyak, karbamid istehsalı və karbamidin qranulyasiyası sahələrindən ibarət olacaq. Zavodda gündəlik 1200 ton ammonyak və 2000 ton karbamid istehsal ediləcək. Ölkə iqtisadiyyatının əsas sektorlarından biri olan kənd təsərrüfatına böyük dəstək verəcək zavodda il ərzində təxminən 650-660 min ton karbamid istehsal olunacağı nəzərdə tutulur ki, bu da daxili tələbatı tam ödəməyə imkan verəcək. Bununla yanaşı, gələcəkdə məhsulun dəmir yolu ilə Türkiyə, habelə Qara dəniz limanları vasitəsilə dünya bazarlarına çıxarılması Azərbaycanın qeyri-neft sənayesi sahəsində ixrac potensialının artmasına səbəb olacaq. 

Hazırda ölkəmizdə sənaye istehsalı ilə bağlı həm iri layihələr icra edilir, həm də bu məqsədlə orta və kiçik sahibkarlığın inkişafına diqqət artırılır. Bu isə onu deməyə əsas verir ki, yaxın zamanlarda Azərbaycanda sənayenin inkişafı idxaldan asılılığı tamamilə aradan qaldıracaq və böyük ixrac potensialı yaradacaq. Cənubi Qafqazın ən böyük sənaye mərkəzi olan paytaxtımız Bakıda, eləcə də Gəncə, Sumqayıt və Mingəçevir şəhərlərində çox böyük sənaye mərkəzləri yaradılması da bu fikrin reallığından xəbər verir.

Sənayenin dinamik inkişafını Sumqayıt şəhərinin timsalında daha aydın nəzərdən keçirək. Ölkə Prezidenti cənab İlham Əliyev son illərdə bir neçə dəfə Sumqayıt şəhərində olub, burada sənaye potensialının möhkəmləndirilməsinin, yeni iş yerlərinin açılmasının vacibliyi ilə bağlı dəyərli fikirlər söyləyib. Cənab İlham Əliyev Sumqayıtın müasir sənaye mərkəzinə çevrilməsi üçün konkret planların olduğunu bildirib: “Biz Sumqayıtın inkişafına çox böyük diqqət göstəririk. Sumqayıtı müasir sənaye mərkəzinə çevirmək üçün konkret planlar vardır. Əslində, Sumqayıt sənaye şəhəri kimi yaradılıb, formalaşıb. İndi isə Sumqayıt müasir sənaye şəhəri kimi inkişaf edir. Burada yaradılan və tikilməkdə olan, tikiləcək sənaye müəssisələri Azərbaycanda sənayeləşmə proqramının icrası üçün çox vacib rol oynayacaqdır. Artıq bu proqramın icrasının birinci mərhələsindəyik. Burada böyük Sumqayıt Texnologiya Parkı yaradılıb, ona yaxın müasir müəssisə fəaliyyət göstərir. Bu müəssisələrdə istehsal olunan məhsullar xaricə də ixrac edilir, ölkə daxilində də istehlak olunur. Növbəti dövrdə Sumqayıtda yeni kimya müəssisələrindən ibarət sənaye şəhərciyi yaradılacaqdır. Bu məqsədlə müvafiq göstərişlər verilmişdir. Burada həm dövlət, həm özəl sektorun iştirakı ilə böyük müəssisələr, eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı üçün gözəl şərait yaradılacaqdır”.

Qeyri-neft sənayesinin inkişafına mühüm təsir göstərəcək texnoparkların, sənaye məhəllələrinin yaradılması da diqqət mərkəzində saxlanılır. Elə buna görə də yaxın və uzunmüddətli perspektivdə texnoparkların inkişafını stimullaşdırmaq üçün ölkənin vergi qanunvericiliyində sənaye və texnologiyalar parkında çalışan fiziki və hüquqi şəxslərə, eləcə də parkların idarəedici təşkilat və operatorlarına gəlir, mənfəət, ƏDV, əmlak və torpaq vergiləri üzrə 7 illik güzəştlər nəzərdə tutulub. 

Prezident İlham Əliyev deyib ki, sənayenin inkişafı ilə bağlı hazırda texnoparklar yaradılır, dövlət burada da öz üzərinə böyük məsuliyyət götürür, böyük maliyyə töhfəsini verir. Çünki texnoparkların yaradılması, infrastrukturun qurulması, yollar çəkilməsi dövlət hesabına olan məsələlərdir. Bütün bunlar dövlət büdcəsi hesabına özəl sektorun səmərəli fəaliyyəti məqsədilə reallaşdırılır. 

“Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın  əsas istiqamətlərindən biri də sənaye və texnologiyalar parklarının, eləcə də sənaye məhəllələrinin yaradılmasıdır. Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları ilə son illərdə Sumqayıt Kimya Sənaye Parkı və Balaxanı Sənaye Parkı, habelə Yüksək Texnologiyalar Parkı təşkil edilib, yeni sənaye zonalarının yaradılması ilə bağlı tədbirlər həyata keçirilib. Hazırda da bu istiqamətdə işlər davam etdirilir. 

İqtisadiyyat Nazirliyi tərəfindən sənaye parklarına yeni investorların cəlb olunması istiqamətində zəruri tədbirlər də uğurla reallaşdırılır.   Artıq Sumqayıt Kimya Sənaye Parkında, habelə Balaxanı və Qaradağ  sənaye parklarında qeydiyyatdan keçən rezidentlər uğurla fəaliyyət göstərirlər.  

Sumqayıt Kimya Sənaye Parkında rezidentlər tərəfindən istehsal müəssisələrinin qurulmasına 1 milyard manatdan çox investisiya yatırılması nəzərdə tutulur. Parkın rezidenti “Azertexnolayn” MMC tərəfindən artıq dəyəri 45 milyon ABŞ dolları olan 60 min ton boru məhsulunun Türkmənistana ixracı üzrə müqavilə bağlanıb.

Qaradağ Sənaye Parkının rezidenti olan Bakı Gəmiqayırma Zavodu tərəfindən müqavilə dəyəri 40 milyon ABŞ dolları olan sifariş əsasında yarımdalma qazma qurğusunun pantonlarının tikintisi başa çatdırılaraq təhvil verilib. Hazırda isə ümumi dəyəri 404 milyon ABŞ dollarından çox olan iki sifariş əsasında sualtı tikinti gəmisinin və üç ədəd 80 nəfərlik sərnişin gəmisinin inşası  reallaşdırılır. 

Tullantıların təkrar emalı sahəsində regionda ilk sənaye parkı olan və ölkəmizdə “yaşıl biznes”in inkişafında əhəmiyyətli rola malik Balaxanı Sənaye Parkına rezidentlər tərəfindən ilkin mərhələdə 10 milyon manatdan artıq investisiya yatırımı nəzərdə tutulur.

“Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda Gəncə şəhərində sənaye parkının yaradılması, infrastrukturunun formalaşdırılması və fəaliyyətinin təşkili ilə bağlı tədbirlərin görülməsi də nəzərdə tutulur. Bununla əlaqədar şəhərdə metallurgiya sənayesi üzrə ixtisaslaşmış sənaye parkının yaradılması planlaşdırılır.

Prezident İlham Əliyev ölkəmizdə texnologiya parkları ilə yanaşı, sənaye klasterlərinin yaradılmasının vacibliyinə də diqqət çəkərək deyib: “Bu da dünyada uğur gətirən bir təcrübədir. İnkişaf etmiş ölkələrdə bu, vardır. Bütün məhsulun tsikli bir yerdə cəmləşməlidir - xüsusilə bu layihənin icrası nəticəsində poladtökmə, metallurgiya kombinatının, alüminium sənayesinin inkişafı sahəsində biz bütün bu zənciri - istehsal, emal, kiçik və orta sahibkarlığın inkişafını təmin etməliyik ki, Azərbaycanda son məhsul buraxılsın. Hesab edirəm ki, bu istiqamətdə əlavə tədbirlər də görülməlidir”.

Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi göstərir ki, iqtisadiyyatın, o cümlədən sənayenin inkişafında klasterlərin rolu böyükdür. Bu baxımdan, Sumqayıt Kimya Sənaye Parkı da daxil olmaqla, kimya sənayesi üzrə klasterin formalaşması üçün ölkəmizdə geniş imkanlar var. Sumqayıt Kimya Sənaye Parkında həyata keçirilən “SOCAR Polymer” layihəsi çərçivəsində ölkənin polimer materiallarına olan tələbatının ödənilməsi, rəqabətqabiliyyətli məhsul istehsalı və ixrac potensialının artırılması nəzərdə tutulur. “SOCAR Polymer” layihəsi başa çatdıqdan sonra zavod bu sahədə əsas xammal təchizatçısı kimi çıxış edəcək.

Dövlətimizin başçısı vurğulayıb ki, bu gün Azərbaycanın qarşısında duran ən mühüm strateji məqsəd ölkəmizin müstəqilliyini bundan sonra da gücləndirmək və respublikamızı  dünyanın ən inkişaf etmiş və rəqabətə davamlı dövlətləri səviyyəsinə yüksəltməkdir. Buna görə də müasir dünyanın çağırışları da nəzərə alınmaqla, regionlardakı sürətli inkişaf davam etdiriləcəkdir. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı”nın və digər böyük layihələrin icrası qeyri-neft sektorunun davamlı inkişafına şərait yaradacaq, ictimai xidmətlər və sosial infrastruktur daha da təkmilləşəcək və Azərbaycan dünyanın aparıcı ölkələri sırasına çıxacaqdır.

Ölkəmizdə uğurla həyata keçirilən sənayeləşmə siyasəti və dövlət başçısının 26 dekabr 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” ölkədə sənayeləşmə prosesinin sürətləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir və hazırda uğurla icra olunur. Dövlət Proqramında qeyd olunan məqsədlərə nail olmaq üçün mövcud istehsal sahələrinin genişləndirilməsi və yeni sahələrin təşkili, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, elmtutumlu və innovativ istehsalın inkişaf etdirilməsi, sənaye zonalarının və klasterlərinin yaradılması və s. nəzərdə tutulur. 

Qeyd olunanlar bir daha göstərir ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün bütün sahələrdə real bəhrələrini verir. Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılan bu strategiya Azərbaycanın iqtisadi-sosial həyatında mühüm nailiyyətlərin gerçəkləşməsinə imkan yaradıb. Respublikamız postsovet məkanında keçid dövrünü uğurla başa vuran ilk ölkə olaraq, bununla əslində, yürütdüyü iqtisadi-sosial islahatların dünyada ən mükəmməl inkişaf modellərindən biri olduğunu təsdiq edib. Hazırda dünyanın tədqiqatçı-mütəxəssisləri, həmçinin iqtisadiyyat elmi “İnkişafın Azərbaycan modeli”ni inkaredilməz fakt kimi qəbul edir, araşdırır və öyrənir.

“Güclü dövlət, yüksək rifah” prinsipinə əsaslanan, uğurları dünyada yüksək qiymətləndirilən Azərbaycan dövlətinin düşünülmüş və uzaqgörən siyasəti gələcəkdə də ölkəmizin davamlı inkişafını təmin edəcəkdir. Heç şübhəsiz ki, əvvəlki illərdə olduğu kimi, bu siyasətin ana xətti yenə də vətəndaşlarımızın həyat səviyyəsinin daha da yüksəldilməsi olacaqdır. Bütün bunlar isə ölkənin gələcək sosial-iqtisadi inkişafına yeni yanaşma tələb edir. Bu baxımdan Azərbaycanın perspektiv inkişafının hədəf və istiqamətlərini müəyyənləşdirən  “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası müstəsna əhəmiyyət kəsb edir.

Konsepsiyada nəzərdə tutulan hədəflər bir daha göstərir ki, bütün sahələri əhatə edən irimiqyaslı tədbirlərin həyata keçirilməsi bundan sonra da ölkəmizin davamlı inkişafını, onun dünyada mövqeyinin daha da möhkəmlənməsini və xalqımızın rifahının yaxşılaşmasını təmin edəcək və 2017-ci il də əvvəlki illər kimi, milli inkişaf strategiyasının ən uğurlu dövrlərindən olacaqdır. Bir sözlə, hazırda  inkişafın yeni mərhələsinin əsas hədəfi milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla, uzunmüddətli perspektivdə Azərbaycanda dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında