Azərbaycan həm bölgə, həm də Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır

Dünya Neft Konqresinin əsas təşkilatçısı olan Dünya Neft Şurası neft və qaz sənayesi üzrə mühüm məsələlərin müzakirə olunduğu və vacib qərarların qəbul edildiyi beynəlxalq platformadır. Bitərəf və qeyri-siyasi qurum olan Dünya Neft Şurası bu sahədə elmi yeniliklərin tətbiqi, texnologiya və informasiya mübadiləsi, dünyanın neft ehtiyatlarından davamlı, eyni zamanda, hamının rifahına xidmət edəcək şəkildə istifadə olunması istiqamətlərində fəaliyyət göstərir. Yetmiş üzv ölkəni birləşdirən adıçəkilən şura dünyada neft-qaz istehsalçıları və istehlakçılarının 96 faizini əhatə edir.

Xatırladaq ki, bu il iyulun 9-da İstanbulda rəsmi açılışı olan, dörd gün davam edən 22-ci Dünya Neft Konqresində Azərbaycan Prezidenti cənab İlham Əliyev də iştirak edib. Dövlətimizin başçısı konqresdən əvvəl bir sıra mühüm görüşlər keçirib. Qardaş ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ilə görüşdə Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanıb, siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin yüksək səviyyədə olduğu bildirilib.

Söhbət zamanı ölkələrimiz arasında energetika sahəsində strateji əhəmiyyətli layihələrin uğurla reallaşdığı qeyd edilib, xüsusilə TANAP layihəsinin gələn il başa çatacağı məmnunluqla vurğulanıb. Bununla yanaşı, Azərbaycan və Türkiyə prezidentləri ölkələrimizin hərbi sahədə əməkdaşlığının daha da genişləndirilməsi və möhkəmləndirilməsi haqqında söhbət ediblər. 

Prezident İlham Əliyevin İstanbulda ABŞ-ın dövlət katibi Reks Tillerson ilə görüşü də diqqətçəkən olub. Görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrdə, o cümlədən siyasi və enerji sahələrində uğurla inkişaf etdiyi qeyd olunub. Söhbət zamanı dövlətimizin başçısı “Cənub” qaz dəhlizi layihəsinin icrası ilə bağlı görülən işlərdən ətraflı danışıb, XXIV Beynəlxalq Xəzər Neft və Qaz Sərgi və Konfransının açılışı münasibətilə göndərdiyi təbrik məktubuna görə ABŞ Prezidenti Donald Trampa minnətdarlığının çatdırılmasını Reks Tillersondan xahiş edib. Cənab İlham Əliyev bu məktubu ABŞ-ın Azərbaycanın enerji siyasətinə, xüsusilə “Cənub” qaz dəhlizi layihəsinə dəstəyi kimi dəyərləndirib. Reks Tillerson isə qeyd edib ki, ABŞ bu layihənin həyata keçirilməsinə bundan sonra da dəstək verəcək. O, eyni zamanda, Azərbaycanın Əfqanıstandakı sülhməramlı əməliyyatlarda fəaliyyətini, həmçinin ölkəmizin bu əməliyyatlarda logistik və nəqliyyat dəhlizi rolunu yüksək qiymətləndirib.

Prezident İlham Əliyev tədbirdə çıxış edərək qardaş Türkiyə torpağında yenidən olmağından məmnunluğunu, konqresə dəvət edildiyinə görə, Prezident Ərdoğana minnətdarlığını bildirib. Dövlətimizin başçısı  daha sonra deyib: “Türkiyə bu gün dünya miqyasında böyük bir gücdür. Türkiyə dünya gündəliyinin bir çox məsələlərində həlledici sözə malikdir. Bütün bu uğurlar mənim qardaşım Prezident Ərdoğanın liderliyi ilə əldə edilibdir. Bu gün Türkiyə uğurla, sürətlə inkişaf edir. Türkiyə Prezident Ərdoğanın liderliyi ilə çox böyük və şərəfli yol keçmişdir. Bugünkü toplantı bunun təzahürüdür. Türkiyə gücləndikcə biz də güclənirik, biz də sevinirik. Fürsətdən istifadə edərək qardaş türk xalqına bütün Azərbaycan bacı-qardaşlarının səmimi salamlarını çatdırıram.

Türkiyə və Azərbaycan bütün məsələlərdə bir-birinin yanındadır. Bizim əməkdaşlığımız çoxşaxəlidir və bütün sahələri əhatə edir. O cümlədən enerji sahəsində Türkiyə-Azərbaycan əməkdaşlığı, işbirliyi bir çox önəmli strateji layihələrin icrasına imkan verdi. Onların arasında Bakı-Tbilisi-Ceyhan neft kəmərini, Bakı-Tbilisi-Ərzurum qaz kəmərini və TANAP layihəsini xüsusi qeyd etmək istərdim. Bu layihələr nəinki regionumuzun, dünyanın enerji xəritəsini yenidən tərtib etdi”.

Azərbaycan Prezidenti konqres iştirakçılarının diqqətinə Azərbaycanın qədim neft vətəni olmasını, dünyada sənaye üsulu ilə ilk dəfə “qara qızıl”ın 1846-cı ildə məhz Azərbaycanda, Bakıda çıxarılmasını, bundan bir əsr sonra - XX əsrin ortalarında isə yenə də dünyada ilk dəfə dənizdə, Xəzərin Azərbaycan sektorunda neftçilərimiz tərəfindən neft hasil edildiyini xatırladıb. Bildirib ki, o vaxt Azərbaycan müstəqil deyildi və xalqımız təbii sərvətlərindən tam yararlana bilmirdi. Ancaq müstəqillik dövründə xalqımız öz təbii sərvətlərinin sahibi oldu, bu təbii sərvətlər ölkəmizin inkişafına, xalqın rifah halının yaxşılaşmasına xidmət etməyə başladı. Müstəqilliyimizin ilk illərində - 1994-cü ildə Azərbaycan ilk dəfə olaraq Xəzər dənizindəki karbohidrogen yataqlarını xarici sərmayədarların üzünə açdı.

Ölkə Prezidenti çıxışında, həmçinin 1994-cü ildən etibarən, Azərbaycanın neft sənayesinə böyük sərmayə qoyulmağa başlandığını, həmin ildə “Əsrin kontraktı”nın imzalandığını, bu kontraktın Bakı-Tbilisi-Ceyhan kəmərinin neftlə doldurulmasında əsas rol oynadığını diqqətə çatdırıb. Cənab İlham Əliyev deyib ki, yalnız bundan sonra Azərbaycanda çox zəngin “Şahdəniz” qaz yatağı aşkar edilib. Həmin yatağın qaz ehtiyatlarının həcmi isə 1,2 trilyon kubmetrdir. Bu, dünya miqyasında ən böyük qaz yataqlarından biridir və hazırda “Cənub” qaz dəhlizinin resurs bazasının əsasını təşkil edir.

Dövlətimizin başçısı artıq Azərbaycanın müasir dövrdə neft və qazı hasil və ixrac edən ölkəyə çevrildiyini, respublikamızın dünya bazarlarına çıxış əldə etmək üçün 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri və 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istismara verildiyini, bundan bir neçə il əvvəl isə Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəmərinin tikildiyini də vurğulayıb.

Azərbaycan Prezidenti proqram xarakterli çıxışında “Cənub” qaz dəhlizinin inşası məsələsinə də diqqət çəkərək, deyib: “Azərbaycanın təbii resurslarının dünya bazarlarına çıxarılması üçün kifayət qədər böyük şəbəkə yaradılmışdır. 2006-cı ildə Ceyhanda qardaşım Prezident Ərdoğanla bir yerdə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışında iştirak edirdik və o vaxt da biz gələcək planlar haqqında düşünürdük, fikir mübadiləsi aparırdıq. O vaxtdan bu günə qədər bizim bütün planlarımız uğurla reallaşır. Çünki biz bu gün “Cənub” qaz dəhlizi kimi meqalayihənin üzərində çalışırıq, onun da təməli Türkiyədə, bu gözəl İstanbul şəhərində qoyulmuşdur. 2012-ci ildə qardaşım Prezident Ərdoğanla TANAP layihəsi haqqında müqaviləni imzaladıq. TANAP layihəsi “Cənub” qaz dəhlizinin özəyidir. Məhz ondan sonra bütün digər istiqamətlər üzrə işlər başlamışdır. Bu gün “Cənub” qaz dəhlizi layihəsi uğurla icra edilir. Bu layihə 4 hissədən ibarətdir. Birinci hissə “Şahdəniz” qaz yatağıdır, orada “Şahdəniz-2” layihəsinin icrası artıq 93 faizə çatıbdır, yaxın aylarda tam başa çatacaqdır. İkinci hissə Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz qaz boru kəməridir. Orada da işlər 87 faiz səviyyəsində tamamlanmışdır. Üçüncü və ən əsas hissə TANAP qaz kəməridir. Burada da tamamlanma səviyyəsi 77 faizdir və biz gələn il bu layihənin icrasını qeyd edəcəyik. Nəhayət, dördüncü hissə TAP – Trans-Adriatik kəməridir. Burada da icra 44 faiz səviyyəsindədir. Bütün bu dörd önəmli layihə “Cənub” qaz dəhlizini təşkil edir. Bu layihənin icrası üçün 40 milyard dollar sərmayə tələb olunur, onun böyük hissəsi artıq qoyulubdur”.

Göründüyü kimi, “Cənub” qaz dəhlizi layihəsinin hər bir komponenti üzrə işlər qrafikə uyğun davam edir. Bu enerji dəhlizinin işə düşməsi nəticəsində Azərbaycan Avropanın enerji təchizatının şaxələndirilməsində və yüksəldilməsində daha yaxından iştirak edəcək. Çünki sözügedən dəhliz Azərbaycan qazını ilk dəfə Türkiyə, Yunanıstan və Albaniya ərazilərindən keçməklə, minlərlə kilometrlik məsafəni qət etməklə Avropanın mərkəzinə çatdıracaq, dünyanın enerji xəritəsinə ciddi dəyişiklik gətirəcək. Ən əsası isə bu layihənin tam gücü ilə işə düşməsi Azərbaycanın beynəlxalq imicinə müsbət təsiri ilə yanaşı, ölkəmizin gələcək inkişafına, siyasi və iqtisadi maraqlarının daha dolğun şəkildə təmin edilməsinə mühüm töhfələr verəcək.

Dövlətimizin başçısı çıxışında, eyni zamanda, Azərbaycanın təsdiqlənən qaz ehtiyatlarının 2,6 trilyon kubmetr olduğunu, gələcək onilliklər ərzində Azərbaycan qazının həm region, həm də Avropa ölkələrinin tələbatını ödəyəcəyini, respublikamızda hasil edilən “qara qızıl”ın insan kapitalına çevrildiyini, neft gəlirlərinin çox şəffaf şəkildə qorunduğunu, düzgün istifadə olunduğunu diqqətə çatdırıb.

Vaqif BAYRAMOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında