Kənd təsərrüfatı kooperasiyasının inkişafına dair Dövlət Proqramı əhalinin məşğulluq səviyyəsinin artmasına səbəb olacaq

Ölkə rəhbəri İlham Əliyevin son illərdə intensiv metodlara əsaslanan aqrar sektorun yaradılmasına yönələn siyasəti, həyata keçirilən dövlət dəstəyi tədbirləri artıq kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olub.

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı çıxışında bildirib ki, kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin və institusional dəyişikliklərin müəyyənləşdirilməsi sözügedən sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin  təməlini qoyub.

Cənab İlham Əliyev, eyni zamanda, xatırladıb ki, bu gün aqrar sahədə yeni aqroparkların yaradılması diqqət mərkəzində saxlanılır, 38 böyük aqropark təşkil edilir. Bu, ixrac potensialının artırılmasına müsbət təsir göstərəcək. Bundan başqa, dövlətin maliyyə dəstəyi ilə 32 iri fermer təsərrüfatının fəaliyyətə başlaması, ümumiyyətlə, aqrar sektorda həyata keçirilən tədbirlər nəticəsində hesabat dövründə kənd təsərrüfatı 2,2 faiz artıb.

Xatırladaq ki, hazırda əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsinin stimullaşdırılması, ixrac potensialının artırılması məqsədilə müasir aqroparkların və iri fermer təsərrüfatlarının, xüsusilə kooperativlərin yaradılması mühüm önəm daşıyır. Azərbaycan Prezidenti cənab İlham Əliyev  “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında bu il iyulun  14-də müvafiq sərəncam imzalaması da bunun bariz ifadəsidir.

Adıçəkilən  dövlət proqramında bildirilir ki,  90-cı illərin ortalarında ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən aqrar islahatlar nəticəsində torpaqların xüsusi mülkiyyətə verilməsi ilə ölkədə fermer təsərrüfatları təşəkkül tapıb və yeni iqtisadi münasibətlərin əsası qoyulub. Belə ki,  1995-1996-cı illərdə qəbul edilən “Aqrar islahatın əsasları haqqında”, “Sovxoz və kolxozların islahatı haqqında” və “Torpaq islahatı haqqında” qanunlar torpaq üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət formalarını təsbit edib, müasir aqrobiznesin formalaşmasına, təsərrüfat fəaliyyətinin nəticələrinə marağın və məsuliyyətin artmasına, habelə kooperasiyanın perspektiv dövrdə inkişafına şərait yaradıb. 

Əvvəllər formal olaraq “kooperativ” modelinə əsaslanan, reallıqda isə dövlət təsisatları kimi fəaliyyət göstərən kolxozların, habelə sovxozların mülkiyyətində olan torpaqların və əmlakın xüsusi mülkiyyətə verilməsi ilə tarixi ədalət bərpa olunub, fermerlərin könüllü surətdə kooperativlərdə birləşmələri üçün institusional zəmin yaradılıb. 

Yeri gəlmişkən, müvafiq qanunvericiliyə uyğun olaraq, sovxoz və kolxozların islahatı həm də torpaq və əmlak üzərində xüsusi mülkiyyətə əsaslanan birgə təsərrüfatların yaradılmasını, onların istehsal kooperativlərinə çevrilməsini nəzərdə tutur, eyni zamanda, təsərrüfatların kooperasiyasına təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində də kooperativlərin fəaliyyətini tənzimləyən müddəalar öz əksini tapıb. Müvafiq normativ hüquqi aktlarda kooperasiya ilə bağlı məsələlərin geniş yer alması bir tərəfdən kooperativlərin ilkin hüquqi bazaya malik olduğunu, digər tərəfdən də dövlətin birgə təsərrüfatçılıq üsullarına önəm verdiyini göstərir.

Aqrar sektorun inkişafının indiki mərhələsi istehsalın səmərəli təşkilini, torpaqdan düzgün istifadəni, fermerlərin gəlirlərinin artırılmasını tələb edir. Bu vəzifələrin reallaşdırılmasında birgə təsərrüfatçılıq forması kimi kənd təsərrüfatı kooperativləri xüsusi rol oynayır. Təcrübə göstərir ki, kənd təsərrüfatında xırda əmtəə istehsalından rəqabətqabiliyyətli məhsul istehsalına keçmək, yeni texnika və texnologiyaların tətbiqi ilə məhsuldarlığı artırmaq və xarici bazarlara çıxışı reallaşdırmaq üçün ən optimal yol kooperasiyanın inkişaf etdirilməsidir.

“Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nda o da xatırladılır ki, kənd təsərrüfatı kooperasiyasının formalaşması və inkişafına əlverişli şərait yaradılması məqsədilə son illərdə dövlət müvafiq tədbirlər həyata keçirib. Belə ki, “Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli  qanunu qəbul edilib və həmin qanunun tətbiqi barədə dövlət başçısının 2016-cı il 18 iyul tarixli fərmanının icrası ilə əlaqədar “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” hazırlanıb.

Bəs hazırda mövcud sahədə vəziyyət necədir? Dövlət Proqramında bu sualın cavabı da aydın ifadə edilib. Bildirilir ki, hazırda kənd təsərrüfatı kooperativlərinin fəaliyyəti üçün ilkin hüquqi baza mövcud olsa da, aqrar sahədə kooperasiya zəif inkişaf edib. Fermerlərin fərdiyyətçiliyə üstünlük verməsi, kooperasiya hərəkatı üçün istehsalçıların təşəbbüskarlıq göstərməməsi, iqtisadi mexanizmlərin birgə təsərrüfatçılıq formasını yetərincə stimullaşdırmaması və bu sahədə xüsusi pilot layihələrin həyata keçirilməməsi, torpaqların xırda hissələrə bölünərək pərakəndə yerləşməsi, kooperasiya barədə biliklərin azlığı, habelə onun üstünlüklərinin geniş təbliğ olunmaması, aqrar informasiya sisteminin zəif qurulması kənd təsərrüfatı kooperativlərinin inkişafını ləngidib. 

Kooperativlərin fəaliyyəti barədə göstəricilər də kooperasiya meyillərinin qənaətbəxş səviyyədə olmadığından xəbər verir. Rəsmi statistik məlumatlara görə, Azərbaycanda kooperativ əsaslarla yaradılan kənd təsərrüfatı müəssisələrinin sayı 2000-ci ildə 250 olduğu halda, 2016-cı ildə 55-ə enib. Eyni zamanda, mövcud kənd təsərrüfatı kooperativlərinin müvafiq fəaliyyət göstəriciləri də (istehsal həcmi, satış dövriyyəsi, işçi sayı) potensial imkanlardan xeyli aşağıdır.

Hazırda xırda təsərrüfatların üstünlük təşkil etməsi aqrar sahənin əsas problemlərindən biridir. Bu təsərrüfatların əksəriyyətində torpaq sahəsi 1,5-2 hektardan çox deyil. Fermerlərin sərəncamında torpaq sahəsi az olduqda onlar rentabelli işləyə bilmirlər, müasir kənd təsərrüfatı texnikası tətbiq etmək, səmərəli meliorasiya və irriqasiya sistemləri qurmaq, əlverişli şərtlərlə kredit əldə etmək imkanları məhdudlaşır, istehsalçılar məhsulun satışı və ixracında ciddi çətinliklərlə üzləşirlər.

Təcrübə göstərir ki, xırda təsərrüfatlarda maliyyə imkanları məhdud olduğundan fermerlər istehsalı genişləndirə bilmirlər, növbəli əkin sisteminin tətbiqi mümkün olmur, torpaqlarda rekultivasiya və suvarma işlərinin aparılması çətinləşir. Buna görə də birgə təsərrüfatların yaradılması, o cümlədən kənd təsərrüfatı kooperasiyasının inkişaf etdirilməsi aqrar siyasətin aktual vəzifələrindən birinə çevrilir.

“Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nda, həmçinin diqqətə çatdırılır ki, respublikada kənd təsərrüfatı məhsulları istehsalçılarının əksəriyyəti xırda təsərrüfatlar formasında fəaliyyət göstərir. Belə ki, rəsmi statistik məlumatlara əsasən, 2005-ci ildə ölkədə ümumi kənd təsərrüfatı məhsulu istehsalının 96,3 faizi ailə kəndli, ev təsərrüfatları və fərdi sahibkarlar, 3,7 faizi isə nisbətən böyük torpaq sahələrinə malik kənd təsərrüfatı müəssisələri və digər təşkilatlar tərəfindən həyata keçirilirdisə, ötən il bu göstəricilər müvafiq surətdə 92 faiz və 8 faiz olub. Eyni zamanda, kənd təsərrüfatı müəssisələrinin və digər təşkilatların payı bitkiçilik məhsullarının istehsalında 1,4 faizdən 5,7 faizə, heyvandarlıq məhsullarının istehsalında isə 6,4 faizdən 9,9 faizə yüksəlib. Az da olsa müsbət dinamikanın yaranmasına baxmayaraq, kənd təsərrüfatı məhsulları istehsalının əsas hissəsi hələ də xırda təsərrüfatların payına düşür.

Ötən il 1,2 milyon hektar sahədə aparılan əkinlər üçün yanacaq və motor yağlarına görə dövlət yardımı almaq məqsədilə Kənd Təsərrüfatı Nazirliyinə müraciət edən 385,2 min istehsalçının 74,1 faizi 3 hektara qədər, 15,5 faizi 3-4,9 hektar, 7,4 faizi 5-9,9 hektar, 1,9 faizi 10-19,9 hektar, 0,9 faizi 20-49,9 hektar, 0,4 faizi 50 hektar və daha çox torpaq sahəsinə malikdir. Orta hesabla bir istehsalçıya düşən əkin sahəsinin 3,1 hektar təşkil etməsinə baxmayaraq, əksər istehsalçılara məxsus əkin sahələri orta göstəricidən aşağıdır. Təsərrüfatların 5 hektara qədər torpağa malik olan 89,6 faizi ümumi subsidiya alan təsərrüfatların istifadəsində olan torpaqların 51,5 faizinə sahiblik edir.

Analoji hal heyvandarlıq təsərrüfatlarının fəaliyyətində də nəzərə çarpır. Həmin təsərrüfatların bir hissəsinin birləşməsi isə həm investorlar üçün cəlbedici ola bilər, həm də həmin təsərrüfatların bazasında müəyyən istehsal və emal müəssisələrinin təşkili üçün imkan yaradar. 

Dövlət proqramında vurğulanır ki, hazırda həyata keçirilən bir sıra tədbirlər kənd təsərrüfatı kooperasiyasının formalaşmasına müəyyən şərait yaradır. Xüsusilə də kənd təsərrüfatı məhsulları üzrə bazar infrastrukturunun inkişaf etdirilməsi, istehsalçıların müvafiq istehsal vasitələri ilə təminatının gücləndirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçıları üçün dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi, emal sənayesinin inkişaf etdirilməsi kooperasiya meyillərinin dərinləşməsinə təkan verməkdədir.

Azərbaycanda kənd təsərrüfatı kooperasiyasının inkişafına mühüm önəm verilməsi təsadüfi deyil. Belə ki, təsərrüfatçılığın kooperativ forması dünyada geniş yayılıb və bu, aqrar sektorda iqtisadi səmərəliliyə nail olmağın başlıca şərti sayılır. Kooperativlər və Sosial Müəssisələr üzrə Avropa Tədqiqat İnstitutunun Beynəlxalq Kooperativlər Alyansı ilə birgə hazırladığı “Dünya Kooperativ Monitoru” hesabatına əsasən, 76 ölkədə fəaliyyət göstərən 2800-dən çox kooperativ təşkilat və birlik arasında aparılan sorğu nəticəsində bu qurumların 2013-cü ildə ümumi dövriyyəsinin 2,9 trilyon ABŞ dollarından çox olduğu müəyyən edilib. Kooperativlər dünya üzrə 250 milyon nəfərdən çox insanın məşğulluğunu təmin edir. Dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrinin birləşdiyi “Böyük iyirmilik” (G20) üzrə ümumi məşğulluğun 12 faizi kooperativ təşkilatların payına düşür. Belə olduğu halda təbii ki, respublikamızda da kooperasiyanın rolu və üstünlükləri diqqət mərkəzində saxlanılır. Şübhəsiz ki,   dövlət proqramı da bu sahənin inkişafını yeni mərhələyə qaldırmaq, eyni zamanda, sürətləndirmək məqsədi daşıyır.

Proqramın əsas vəzifəsi də kənd təsərrüfatı məhsulları istehsalçılarının birgə təsərrüfatçılıq fəaliyyətini təşviq etmək, könüllülük əsasında kənd təsərrüfatı kooperativlərinin təşkilinə əlverişli şərait yaratmaq, kooperativlərin dayanıqlı fəaliyyətini reallaşdırmaq, həmçinin aqrar sahədə kooperasiyanın formalaşmasına və inkişafına dəstək verməkdir.

Azərbaycanda kənd təsərrüfatı kooperasiyasının inkişafı sahəsində qarşıya qoyulan məqsədlərə nail olmaq üçün dövlət proqramında müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Belə ki, həmin tədbirlər sırasında sözügedən sahədə kooperativlərin və onların ittifaqlarının (assosiasiyalarının) yaradılmasının və inkişafının dəstəklənməsi, bu məqsədlə əlverişli sosial-iqtisadi və hüquqi mühitin formalaşdırılması, kənd təsərrüfatı istehsalçılarının kooperativlərdə birləşməsinin stimullaşdırılması ilə bağlı tədbirlər görülməsi qarşıya mühüm vəzifə kimi qoyulub. Bütün bunlarla bərabər,  kooperativlərdən hazır məhsulun qısa müddətdə tədarükünü, daxili və xarici bazara çıxışını reallaşdıran mexanizmin yaradılması, kooperativlərinin istehsal bazasının modernləşdirilməsi, onların istehsal vasitələrinə tələbatının güzəştli lizinq şərtləri hesabına təmin olunması və s. tədbirlərin görülməsi də təxirəsalınmaz vəzifələr sırasına aid edilib.

Xatırladaq ki, dövlət proqramında kənd təsərrüfatı kooperasiyasının inkişafı sahəsində qarşıya qoyulan məqsəd və vəzifələrin reallaşdırılması üçün maliyyələşmə mənbələri də müəyyənləşdirilib.

Adıçəkilən sənəddə, eyni zamanda, dövlət proqramının icrasından gözlənilən nəticələr də xatırladılır. Bildirilir ki, həyata keçirilən tədbirlər kooperasiya hərəkatını sürətləndirəcək,  kənd yerlərində birgə təsərrüfatçılıq formalarının inkişafına təkan verəcək, kooperativ üzvlərinin gəlirlərinin artmasına, həmin təsərrüfatlara investisiyaların cəlb edilməsinə əlverişli şərait yaradacaq. Bu da kəndlərdə yaşayan əhalinin sosial rifah halının yüksəlməsinə, məşğulluq səviyyəsinin artmasına gətirib çıxaracaq. Eyni zamanda, kənd təsərrüfatı kooperativləri üzrə istehsal və satış həcminin artmasına, konsolidə olunmuş torpaq sahələrinin genişlənməsinə, iri torpaq sahələrində müasir irriqasiya sistemlərinin qurulmasına, emal və ixracının artırılmasına, yeni iş yerlərinin yaradılmasına müsbət təsir göstərəcək.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında