Azərbaycan Prezidenti cənab İlham Əliyev respublikada pambıqçılığın inkişaf etdirilməsi, bu sahədə ixrac potensialının artırılması və kənd əhalisinin məşğulluğunun təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 13 iyul 2017-ci il tarixli sərəncam imzalayıb. Sərəncamda Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası üçün Nazirlər Kabineti, Maliyyə, İqtisadiyyat, Kənd təsərrüfatı nazirliklərinə müəyyən tapşırıqlar verilib.
“Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nda bildirilir ki, ölkənin iqtisadi potensialından səmərəli istifadə və ixracyönümlü məhsul istehsalının təşviqi istiqamətində həyata keçirilən tədbirlər ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələr əldə etməyə imkan verib. Son illərdə bu istiqamətdə qəbul edilən dövlət proqramlarının icrası aqrar sahədə sahibkarlığın inkişafını sürətləndirib, regionlarda əmək ehtiyatlarından, təbii iqtisadi resurslardan daha səmərəli istifadə olunmasına, infrastrukturun müasirləşdirilməsinə və əhalinin məşğulluğunun artmasına zəmin yaradıb.
Aqrar sektorun strateji və ölkəyə valyuta gətirən mühüm sahələrindən biri olan pambıqçılıq əməktutumluluğuna və ümumi məhsul buraxılışının həcminə görə yüksək göstəriciləri ilə seçilir. Azərbaycanda pambıq istehsalı üçün əlverişli təbii iqlim şəraitinin və ənənələrin mövcudluğu, emal sənayesinin xammala tələbatının yerli istehsal hesabına ödənilməsi imkanları, həmçinin pambıq və ondan hazırlanan son məhsullar üzrə ixrac potensialı pambıqçılığın daha da inkişaf etdirilməsini zərurətə çevirir. Məhz buna görə ölkədə pambıqçılığın inkişafına əlverişli şəraitin yaradılması aqrar siyasətin prioritet vəzifələrindən biri kimi müəyyən edilib. “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı” pambıqçılığa dövlət dəstəyinin gücləndirilməsinə və bu sahədə problemlərin həllinə yönəldilib.
Sənəddə, eyni zamanda, xatırladılır ki, respublikada pambıqçılığın kompleks inkişafı ötən əsrin 70-ci illərinin əvvəllərinə təsadüf edir. Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969–1982-ci illərdə reallaşdırılan uğurlu aqrar siyasət nəticəsində pambıqçılıq çox sürətlə inkişaf edib, bu sahədə böyük sənaye potensialı yaradılıb, torpaqlarda meliorativ tədbirlər həyata keçirilib, irriqasiya sistemləri qurulub və pambıqçılığın elmi bazası gücləndirilib. Təkcə 1981-ci ildə respublika üzrə pambıq istehsalı rekord həddə – 1 milyon 15 min tona çatdırılıb, xammal və emal sənayesi üzrə regional ixtisaslaşma həyata keçirilib və güclü maddi-texniki baza yaradılıb.
Dövlət proqramında, eyni zamanda qeyd edilir ki, torpaqların mövcud vəziyyəti, təbii iqlim şəraiti, su ehtiyatları, əmək resursları və aqrotexniki servis xidmətinin səviyyəsi bir sıra bölgələrdə pambıq əkininin həyata keçirilməsinə imkan verir. Bununla belə, rəsmi statistik məlumatlara əsasən, 1990-2015-ci illərdə pambıq əkini sahəsi və istehsalı azalıb. Təkcə 2015-ci ildə pambıq əkini sahələri 18,7 min hektar, məhsul istehsalı 35,2 min ton təşkil edib. Lakin 2016-cı ildən etibarən pambıqçılığın inkişafı istiqamətində görülən əsaslı tədbirlər nəticəsində pambıq əkini sahəsi əvvəlki illə müqayisədə 2,7 dəfə artaraq 51,4 min hektara, pambıq istehsalı 2,5 dəfə artaraq 89,4 min tona çatdırılıb. “Pambıqçılıq haqqında" Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli qanunu pambıqçılığın hüquqi, təşkilati və iqtisadi əsaslarının müəyyən edilməsi, xam pambıq və pambıq məhsullarının dövriyyəsi ilə əlaqədar münasibətlərin tənzimlənməsi sahəsində mühüm addım olub.
Son illər ərzində kənd təsərrüfatı məhsulları istehsalçıları üçün tətbiq olunan güzəştlər pambıqçılığın inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində mühüm rol oynayıb, bu sahəyə investisiyaların cəlb olunmasına və pambıq istehsalına marağı artırıb. Belə ki, Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında” 2016-cı il 22 sentyabr tarixli sərəncamına uyğun olaraq, təhvil verdikləri hər kiloqram xam pambığa görə pambıq istehsalçılarına 0,1 manat subsidiyanın verilməsi və eyni zamanda, şirkətlər tərəfindən xam pambığın tədarük qiymətinin artırılması bu sahənin inkişafına əlavə stimul verib.
“Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”, şübhəsiz ki, ölkədə müvafiq istiqamətdə aparılan işlərin daha da gücləndirilməsinə və pambıqçılığın sürətli inkişafına təkan verəcək. Başqa sözlə, adıçəkilən Dövlət Proqramının məqsədi məhz ölkədə pambıqçılıq məhsullarına tələbatın ödənilməsi, pambıq emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, emal sənayesinin inkişaf etdirilməsi, pambıq məhsullarının ixracının artırılması, kənd yerlərində əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün pambıqçılığa dövlət dəstəyinin gücləndirilməsi və bu sahənin inkişafının stimullaşdırılmasından ibarətdir.
Dövlət proqramında qarşıya qoyulan məqsədə nail olmaq üçün bir sıra vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur. Həmin vəzifələr sırasında pambıqçılığın inkişaf etdirilməsi üzrə institusional tədbirlərin həyata keçirilməsi, bu sahədə fəaliyyəti tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi, elmi təminatın və kadr potensialının daha da gücləndirilməsi, infrastruktur təminatının yaxşılaşdırılması, pambıq istehsalı və emalı sahəsində innovativ texnologiyaların tətbiqinin dəstəklənməsi, pambıq istehsalçıları ilə emal müəssisələri arasında səmərəli iqtisadi əlaqələrin qurulması kimi mühüm məsələlər diqqət çəkir.
Yuxarıda sadalananlarla yanaşı, yaxın gələcəkdə pambıq istehsalı və emalı sahələrinə yerli və xarici investisiyaların cəlb olunmasının təşviqi, pambıqçılıq məhsullarının rəqabətqabiliyyətliliyinin artırılması və bu sahədə kooperasiyanın inkişaf etdirilməsi vəzifələrinə də xüsusi önəm veriləcək.
Bütün bunlarla yanaşı, Azərbaycanda pambıqçılığın inkişafı sahəsində qarşıya qoyulan məqsəd və vəzifələrin reallaşdırılması üçün bir sıra istiqamətlər üzrə müvafiq tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur. Belə ki, Dövlət Proqramında qabaqcıl idarəetmə təcrübəsinin, intensiv becərmə-suvarma texnologiyalarının tətbiqi hesabına xam pambıq istehsalının artırılması, habelə bu sahədə səmərəliliyin təmin edilməsi, pambıqçılığın müasir texnika ilə təminatının yaxşılaşdırılması, pambıq istehsalında növbəli əkin sisteminin tətbiqi, rayonlar üzrə pambığın optimal əkin sahəsinin müəyyənləşdirilməsi və ixtisaslaşmanın dərinləşdirilməsi hesabına müsbət göstəricilər əldə olunması nəzərdə tutulur. Eyni zamanda, mövcud pambıq emalı müəssisələrinin fəaliyyətinin bərpası, modernləşdirilməsi, mütərəqqi texnika və texnologiyalar əsasında yeni pambıq emalı müəssisələri yaradılmasının dəstəklənməsi, dünya pambıq bazarında müşahidə edilən konyunktur dəyişikliklərinin, o cümlədən kimyəvi liflərin tekstil sənayesində istifadəsinin genişlənməsinin nəzərə alınması, pambıq toxumçuluğu təsərrüfatlarının maddi-texniki bazasının gücləndirilməsi və lifsiz toxum istehsalının təşkili və s. məsələlər də sözügedən proqramda öz aydın ifadəsini tapıb.
Xatırladaq ki, Dövlət Proqramında Azərbaycanda pambıqçılığın inkişafı sahəsində qarşıya qoyulan məqsəd və vəzifələrin reallaşdırılması üçün maliyyələşmə mənbələri də müəyyənləşdirilib.
Bununla yanaşı, adıçəkilən sənəddə Dövlət Proqramının icrasından gözlənilən nəticələr də xatırladılıb. Bildirilib ki, həyata keçirilən tədbirlər sayəsində Azərbaycanda pambıqçılıq ənənələri bərpa olunacaq, pambıq emalı məhsulları üzrə idxaldan asılılığ azaldılacaq, kənd yerlərində əhalinin məşğulluğuna, aqrar sənaye potensialının artırılmasına, ixrac imkanlarının genişləndirilməsinə və ölkəyə əlavə valyuta daxilolmalarına şərait yaranacaq. Beləliklə, görülən tədbirlər nəticəsində qabaqcıl texnologiyaların geniş tətbiqinə əsaslanan pambıq istehsalı və emalı kompleksi təşəkkül tapacaq, yerli pambıq xammalına əsaslanan tekstil sənayesi formalaşacaq və 2022-ci ildə xam pambıq istehsalı 500 min ton təşkil edəcək.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.