Azərbaycanda aparılan uğurlu, məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatın formalaşdırılması ölkədə işgüzar fəallığın daha da yüksəldilməsini, qeyri-neft sektorunun sürətli inkişafını təmin edib. Bununla yanaşı, elmi əsaslara söykənərək hazırlanan regional dövlət proqramlarının uğurla reallaşdırılması da respublikamızın dünyadakı nüfuzunu artırıb, regionun siyasi, iqtisadi və mədəni mərkəzlərindən birinə çevirib.
Ölkə rəhbəri İlham Əliyevin intensiv metodlara əsaslanan aqrar sektorun yaradılmasına yönələn siyasəti, həyata keçirilən dövlət dəstəyi tədbirləri də öz uğurlu nəticəsini verib, bu, kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olub.
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd edilən məsələlərlə bağlı ətraflı danışılıb. Dövlətimizin başçısı çıxışında bildirib ki, kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin və institusional dəyişikliklərin müəyyənləşdirilməsi sözügedən sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoyub.
Cənab İlham Əliyev, eyni zamanda, xatırladıb ki, hazırda əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədi ilə ölkəmizdə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində bölgələrdə müasir infrastruktur qurulur, kəndlərarası avtomobil yollarının şəbəkəsi genişləndirilir.
Azərbaycan Prezidenti aqrar sahədə yeni aqroparkların yaradılmasına xüsusi önəm verildiyini, bu prosesin geniş vüsət aldığını, indiyədək 32 iri fermer təsərrüfatı yaradıldığını da vurğulayıb. Dövlətimizin başçısı daha sonra deyib: “İndi 38 böyük aqropark yaradılır. Özəl sektor bizim təşəbbüsümüzə çox məsuliyyətlə yanaşdı. Tezliklə 38 aqroparkın yaradılması bizim ixrac potensialımızı böyük dərəcədə artıracaqdır”.
Dövlət başçısının tapşırığına uyğun olaraq, Azərbaycanın ixrac potensialının və yerli məhsulların xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi məqsədilə son illər bir sıra tədbirlər həyata keçirilib. Xarici ticarətin strukturunda kənd təsərrüfatı məhsullarının üstünlük təşkil etməsi və bu sahədə logistik mərkəzlərin rolu xüsusilə əhəmiyyətli dərəcədə artıb.
İxrac imkanlarının genişləndirilməsi məqsədilə hazırda ölkə daxilində və xaricdə logistik mərkəzlərin yaradılması nəzərdə tutulur. Artıq Qazaxıstanın Aktau şəhərində Azərbaycanın ilk logistik mərkəzi yaradılıb. Xatırladım ki, bu mərkəzin inşasına dair razılıq 2013-cü ildə Azərbaycan və Qazaxıstan prezidentlərinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı çərçivəsində keçirilmiş görüşü zamanı əldə edilib.
İclasda özəl bölmənin inkişafına göstərilən diqqət və qayğıdan da ətraflı danışılıb. Ölkə rəhbəri sahibkarlara 6 ayda güzəştli şərtlərlə 63 milyon manat kredit verildiyini, investisiya təşviqi mexanizminin özünü tam doğrultduğunu diqqətə çatdırıb: “İnvestisiya təşviqi mexanizminin işə düşməsindən sonra məhz bu təşəbbüsə görə Azərbaycana 1,6 milyard manat dəyərində investisiya qoyulduğunu deyən dövlətimizin başçısı qeyd edib ki, əgər bu mexanizm olmasaydı, bu 1,6 milyard manat investisiya da olmayacaqdı. Biz bunu etdik. Baxmayaraq ki, bu məsələ ilə bağlı müxtəlif fikirlər var idi. Amma mən dedim ki, biz buna getməliyik və nəticə də göz qabağındadır. İnvestisiya təşviqi mexanizmi qədər bizə investisiya gətirən ikinci amil yoxdur. Ona görə, sahibkarlar da bunu yüksək qiymətləndirirlər. İş yerləri də açılır və gözəl iqtisadi sənaye potensialı yaranır. İxracın təşviqi mexanizmi də fəaliyyət göstərir. Bunun da yaxşı təsiri var”.
Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Bu baxımdan, dövlət başçısının respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı məqsədilə vaxtaşırı verdiyi tapşırıqlar, tövsiyələr, imzaladığı fərman və sərəncamlar, dövlət proqramları bundan sonra da Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsində müstəsna əhəmiyyət kəsb edəcək və qarşıya qoyulmuş vəzifələr uğurla icra olunacaqdır.
Səbuhi ABBASOV,
Azərbaycan – Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyinin sədri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.