Yaşlı insanların və uşaqların qətlə yetirilməsi Ermənistanda terrorun dövlət siyasəti səviyyəsinə yüksəldiyini bir daha təsdiq etdi

Bu il iyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun cəbhəyanı ərazidə yerləşən Alxanlı kəndini artilleriya qurğuları, minaatanlar və digər iriçaplı silahlardan intensiv atəşə tutmaları nəticəsində kənd sakinləri – Quliyeva Sahibə İdris qızının və Quliyeva Zəhra Elnur qızının həlak olmaları və Quliyeva Sərvinaz İltifat qızının isə qəlpə yarası alması Ermənistanda terrorun dövlət siyasəti səviyyəsinə yüksəldiyini bir daha təsdiq etdi.

Mülki əhalinin hədəfə alınaraq qətlə yetirilməsi, onların məskunlaşdığı yaşayış məntəqələrinin dağıdılması müvafiq beynəlxalq konvensiyalara zidd olmaqla yanaşı, terrorçu Ermənistan rejiminin qaniçən mahiyyətini, şəxsən prezident Serj Sarkisyanın Azərbaycan xalqına qarşı düşmənçilik münasibətini əyani şəkildə nümayiş etdirir.

Ermənistanın Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə qəsdən hücumları beynəlxalq humanitar hüququn və insan hüquqları ilə bağlı beynəlxalq təşkilatların qərar və konvensiyalarının ciddi şəkildə pozulmasıdır.

Onu da xatırladaq ki, terrorçu rejimin bu vəhşi addımı Ermənistanın illərdir ki, cəzasız qalmasının nəticəsidir. Belə ki, işğalçı ölkə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin – Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz boşaldılması, dinc əhalinin geri qaytarılması ilə bağlı tələbini nəinki yerinə yetirmir, əksinə, öz işğalçılıq siyasətini dinc əhalini qətlə yetirməklə daha da möhkəmləndirməyə çalışır. Ermənistanın hüquqa zidd əməllərinə görə indiyədək beynəlxalq təşkilatlar tərəfindən məsuliyyətə cəlb olunmaması onun cinayətkar əməllərini davam etdirməsinə şərait yaradır.

Ümumiyyətlə, beynəlxalq təşkilatlar tərəfindən Ermənistan silahlı qüvvələrinin bu günə kimi törətdikləri beynəlxalq humanitar hüququn ciddi pozuntularına ciddi münasibət bəslənilməyib, Ermənistan barəsində müvafiq sanksiyalar tətbiq edilməyib. Elə buna görə də işğalçı ölkə   mənfur niyyətindən əl çəkmir, təcavüzə son qoymur, dinc sakinlərin, xüsusilə yaşlı insanların və uşaqların məqsədyönlü şəkildə öldürülməsini davam etdirir. Halbuki Ermənistanın qaniçən rejimi bu cür vəhşiliklər törətdiyinə görə çoxdan Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən   məsuliyyətə cəlb olunmalı idi.

Ermənilərin son təxribatı nəticəsində Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərin qətlə yetirilməsi beynəlxalq ictimaiyyətdə çox ciddi rezonans doğurub. “Associated Press”, BBC, “Euronews”, “New York Times”, “Washington Post”, “Le Monde” və digər bu kimi aparıcı media orqanları hadisəni obyektiv işıqlandırıb, Azərbaycanın haqlı mövqeyini dəstəkləyib, işğalçı Ermənistanın dinc əhaliyə qarşı yönəlmiş qanlı cinayətini pisləyən materiallar yayıblar. Aparıcı beynəlxalq təşkilatlar, ATƏT, Avropa İttifaqı, Avropa Parlamenti, Avronest, həmçinin ABŞ Dövlət Departamenti bəyanatlarla çıxış edərək əsas günahkarın məhz Ermənistan olduğunu göstəriblər.

Məsələn, ATƏT-in Minsk qrupu həmsədrlərinin ikinci bəyanatında təxribatların Ermənistan tərəfindən törədildiyi, bu ölkənin Cenevrə konvensiyalarının, digər beynəlxalq qanunvericilik aktlarının tələblərini və danışıqlar prosesini pozduğu aydın şəkildə görünür. Minsk qrupunun həmsədrləri faktiki olaraq qeyd edirlər ki, Ermənistan silahlı qüvvələrinin son təxribatı danışıqlar prosesinin və həmsədrlərinin səylərinin pozulmasına hesablanıb.

Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid Makallister, Avronest Parlament Assambleyasının həmsədri Rebekka Harms və Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Səyyad Kərimin birgə bəyanatında da Füzuli rayonunda mülki şəxslərin ölümü ilə nəticələnən zorakılıq hadisəsindən ciddi narahatlıq qeyd olunub. Bəyanatda münaqişənin tez bir zamanda siyasi yolla, beynəlxalq hüquq normalarına uyğun nizamlanmasına çağırış edilir, Avropa Parlamentinin ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərinə və təkliflərinə tam dəstək ifadə olunur.

Göründüyü kimi, AP, Aİ və Avronest Ermənistanın mülki əhalinin qətlinə səbəb olan növbəti qanlı aksiyasından ciddi narahatdırlar. Bu qurumlar faktiki olaraq Azərbaycanın bu günə kimi səsləndirdiyi mövqeni dəstəkləyərək münaqişənin qısa zamanda, beynəlxalq hüququn normalarına uyğun həllinə çağırış ediblər. ATƏT-in son bəyanatının xarakterini nəzərə alaraq, bu qurumların ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərinə və təkliflərinə tam dəstək ifadə etməsi, həm də Ermənistanı təxribatçı əməllərdən çəkinməyə, beynəlxalq hüquqa hörmətlə yanaşmağa dəvət etmək anlamına gəlir.

ABŞ Dövlət Departamenti də Dağlıq Qarabağ münaqişəsində atəşkəs rejiminin pozulması nəticəsində bir neçə dinc sakinin, o cümlədən iki yaşlı uşağın həlak olmasına görə dərin narahatlığını ifadə edib. Bununla bağlı bəyanatda münaqişənin ərazi bütövlüyü prinsipi və beynəlxalq hüququn normalarına uyğun tənzimlənməsi xüsusi qeyd edilir.

ABŞ-ın ATƏT-in Minsk qrupu həmsədrlərinin mövqeyinə tərəfdar çıxması və tərəfləri hərbi əməliyyatları dayandırmağa, danışıqlar prosesini bərpa etməyə çağırması onu göstərir ki, Vaşinqton Ermənistanı pozucu və təxribatçı fəaliyyətdən çəkinməyə çağırır. Vaşinqton münaqişənin ərazi bütövlüyü prinsipinə və beynəlxalq hüququn normalarına uyğun tənzimlənməsini vurğulamaqla münaqişənin ədalətli həlli ilə bağlı konkret mövqe ortaya qoyur.

Beynəlxalq birliyin reaksiyası, xüsusilə Minsk qrupunun ikinci dəfə bəyanat yayaraq baş vermiş hadisəyə dair obyektiv mövqe ifadə etməsi, həm də Azərbaycan dövlətinin artan beynəlxalq nüfuzunun, gücünün, haqlı mövqeyinin, öz mənafelərini lazımi şəkildə müdafiə etmək imkanlarının və bacarığının etiraf olunması deməkdir.

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) direktoru Lionel Zetterin “The Times”, “The Guardian”, “The Economist” və “New York Times” kimi milyonlarla oxucu auditoriyası olan nüfuzlu qəzet və dərgilərə ünvanlanan müraciətində də bu barədə ətraflı danışılır. Müraciətdə bildirilir ki, təmas xəttində qanunsuz yerləşən erməni silahlı qüvvələri tərəfindən Azərbaycan kəndlərində yaşayan dinc sakinlər mütəmadi olaraq atəşə tutulur. Belə vəhşiliklərdən biri də iyulun 4-ü axşam saatlarında Füzuli rayonunun Alxanlı kəndində törədilib: Sahibə Quliyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyeva qətlə yetiriliblər. Bu fakt dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə qəbul olunan 12 avqust 1949-cu il tarixli Cenevrə konvensiyalarının və digər beynəlxalq sazişlərin tələblərinə ziddir. Belə əməli törədənlər Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunmalıdırlar.

Bəli, artıq 29 ildir ki, erməni silahlı qüvvələri Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonu işğal altında saxlayırlar. Birləşmiş Millətlər Təşkilatının erməni silahlı qüvvələrinin münaqişə ərazisindən çıxarılmasını tələb edən dörd qətnaməsinə əməl olunmasının vaxtı isə çoxdan çatıb.

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) direktorunun müraciətində, həmçinin vurğulanır ki, Cənubi Qafqaz və Xəzər hövzəsi regionları çox böyük iqtisadi potensiala malikdir: “Bu potensial Azərbaycan və Ermənistan arasında sülh olmayanadək tam reallaşa bilməz. Son hadisə bunu bir daha təsdiq etdi. Təmas xəttində qanunsuz yerləşən erməni silahlı qüvvələri tərəfindən Azərbaycan kəndlərində yaşayan dinc sakinlər mütəmadi olaraq atəşə tutulur. Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi də bu ölkənin iqtisadiyyatını çökdürüb. Heç bir təbii sərvətə malik olmayan Ermənistan BP-nin rəhbərliyi ilə Azərbaycanda gedən neft məhsulları bumundan faydalana bilərdi. Azərbaycanla münaqişədə olduğu üçün bütün neft kəmərləri Ermənistan ərazisindən yan keçir. Ermənistan iqtisadiyyatı bütövlüklə Metsamor Atom Elektrik Stansiyasından asılıdır. Bu sovet dönəmindən qalma AES Çernobıl AES kimi bir çox çatışmazlığa malikdir. Ermənistanın Azərbaycan və Türkiyə kimi qonşuları ilə sərhədləri bağlıdır. Ermənistan ərazisində Rusiyanın hərbi bazaları yerləşir. Beynəlxalq qurumlar münaqişənin sülh yolu ilə həllini tələb etməlidirlər. Onlar erməni silahlılarının dinc Azərbaycan insanlarını öldürdüklərini   unutmamalı və qanunsuz işğalın dayandırılması üçün Ermənistana təzyiq göstərməlidirlər”.

İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut da Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı ilə bağlı “News From Israel” portalına müsahibəsində bildirib ki, Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində baş verən dəhşətli faciədən sonra təmas xəttində məsuliyyət bütünlüklə Serj Sarkisyanın cinayətkar rejiminin üzərinə düşür. Bu cinayətkar klan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanmasında maraqlıdır.

“Cəbhə bölgəsində baş verən son hadisələr bir daha göstərir ki, işğalçı ölkə - Ermənistan sülhün əldə edilməsində maraqlı deyil. Antiazərbaycançılıq, antisemitizm, şovinizm, millətçilik Ermənistanın siyasətinin tərkib hissəsidir. Belə olan halda sülhdən danışmaq mümkün deyil. Sarkisyan və onun rüşvətxor, separatçılardan ibarət dəstəsi Azərbaycan torpaqlarının işğalını davam etdirməklə öz hakimiyyətlərini qoruyub saxlamağa çalışırlar”,- deyə israilli ekspert qeyd edib.

A.Qut, eyni zamanda, vurğulayıb ki, nənə və onun 18 aylıq nəvəsi erməni terrorçuluğunun və faşizminin qurbanları olublar. Bu, Dağlıq Qarabağ münaqişəsi tarixində Ermənistan tərəfindən qadın və körpələrin qətlə yetirilməsi ilə bağlı ilk fakt deyil. Xocalı faciəsi isə hamıya yaxşı məlumdur.

Tanınmış misirli politoloq və publisist, “Al-Diplomacy” qəzetinin baş redaktoru Məhəmməd Salama mətbuata müsahibəsində dinc azərbaycanlı sakinlərin – nənə və nəvəsinin erməni vəhşiliyi nəticəsində həlak olmaları faktı ilə bağlı deyib: “Bir neçə il əvvəl dinc azərbaycanlı sakinlərə hücum nəticəsində 14 yaşlı qız öldürülüb, mülki əhaliyə qarşı başqa cinayətlər törədilib. Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyi və Xocalıda soyqırımı törətdiyi vaxtdan bu günə qədər özünün təcavüzkar siyasətini və Azərbaycan xalqına qarşı cinayətlərini davam etdirir”.

Məhəmməd Salama daha sonra bildirib ki, Ermənistanın Azərbaycanın mülki əhalisinə qəsdən və məqsədyönlü hücumları beynəlxalq humanitar hüququn və bütövlükdə insan hüquqlarının kobud şəkildə pozulması deməkdir. Özü də bu hücumlar sistemli xarakter daşıyır. Misirli politoloq vurğulayıb ki, istənilən halda dinc sakinlərə hücum etmək yolverilməzdir. Azərbaycanın təcavüzkara bütün mümkün vasitələrlə - siyasi, diplomatik və hərbi yolla cavab verməyə tam hüququ var. O deyib: “Ermənistan BMT Təhlükəsizlik Şurası başda olmaqla, dünyanın nüfuzlu təşkilatlarının tələblərinə və çağırışlarına məhəl qoymur, beynəlxalq qanunvericiliyi pozur və 25 ildir Azərbaycan ərazilərini işğal altında saxlayır”. Onun sözlərinə görə, beynəlxalq birlik və Birləşmiş Millətlər Təşkilatı, BMT Təhlükəsizlik Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Birliyi və s. kimi beynəlxalq təşkilatlar bu amansız cinayəti yekdilliklə və kəskin pisləməli, Ermənistanın işğalçı siyasətinə son qoymaq üçün qətiyyət nümayiş etdirməlidirlər.

Terrorçu Ermənistan rejiminin qaniçən mahiyyətindən danışarkən, bir məqama da diqqət yetirməliyik. Belə ki, ən qanlı, dəhşətli müharibələrdə belə körpələrə, qadınlara, qocalara toxunulmayıb. Erməni faşistləri isə Azərbaycan torpaqlarını işğal etdikləri bütün zamanlarda dinc sakinləri hədəfə alıblar, uşaqlara, yaşlılara qənim kəsiliblər. Onlar, hətta atəşkəs dövründə belə mülki obyektləri atəşə tutmaqdan, dinc əhalini, xüsusən də qadınları və körpələri öldürməkdən çəkinməyiblər. Əlbəttə, bu, heç bir qanuna və ya əxlaqa sığmır. Fikrimizcə, beynəlxalq təşkilatlar, dünya birliyi iyulun 4-də cəbhə xəttində baş verən hadisələrə kəskin münasibət bildirməlidirlər. Azərbaycanın torpaqları işğaldan azad olunmalı, insanlar azad və sülh şəraitində yaşamalıdırlar.

Ermənistanın Azərbaycana qarşı vəhşi hərəkətləri cavabsız qaldıqca, işğalçı rejim daha da azğınlaşır, beynəlxalq hüquq normalarını kobudcasına pozmaqdan belə çəkinmir. Bütün sivil dünyanın insan haqlarını müdafiə edən norma və qanunlarına laqeyd münasibət bəsləyir.

Cinayətkar erməni dövlətinin dinc Azərbaycan əhalisinə qarşı məqsədyönlü təcavüzü davam etdirməsi bunun bariz ifadəsidir.

Sonda acı da olsa, etiraf edək ki, dünya ictimaiyyəti beynəlxalq hüquq norma və prinsiplərinə, beynəlxalq təşkilatların qərar və qətnamələrinə əsaslanaraq erməni silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmağa məcbur etməyənədək mülki əhali risk altında və erməni cinayətkarların, təcavüzkarların hədəfində olacaq, onların vəhşilikləri, o cümlədən uşaqların qətli davam edəcək. Ona görə də dünya birliyi öz sözünü qətiyyətlə deməlidir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında